Xəbər lenti

 
Böyük Britaniyanın yeni təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasət strategiyası "Qlobal Britaniya Rəqabət Çağında" başlığı altında yayımlanıb.
 
Ovqat.com xəbər verir ki, London hökuməti tərəfindən son illərdə dərc edilmiş ən əhatəli xarici siyasət və milli təhlükəsizlik strategiyalarının cəmləşdiyi 114 səhifəlik sənəddə açıq qeyd olunmasa da, Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı 44 günlük müharibənin nəticələri öz əksini tapıb.
 
Belə ki, Böyük Britaniya ordusunun arsenalı barədə təklif olunan planda əsas diqqət yeni nəsil silahlanma proqramı nəzərdə tutulur, əsasən nüvə gücünü artırmağa diqqət ayrılır. Ordunun arsenalındakı 180 nüvə başlığının sayını 260-a yüksəltməyi ön görən proqramda əsgər sayının 10 minə endirilməsi nəzərdə tutulur. Ən diqqət çəkən məqam isə “Challenger 2” tankının üçdə birinə endirilməsinin planlaşdırılmasıdır. 


 
Sənəddə həmçinin yeni texnologiyaların inkişafına üstünlük veriləcəyinə, ənənəvi və bahalı hərbi texnikadan uzaqlaşacağına işarə edilərək vurğulanıb: "Yüksək texnoloji imkanların yaratdığı avantajlarla pilotsuz təyyarələr (dron) və əldə düzəldilən partlayıcılar kimi ucuz və asan əldə edilə bilən aşağı texnoloji təhdidlər aradan qaldırıla bilər".
 
Zənnimizcə, Böyük Britaniyanın yeni hərbi doktrinasında irəli sürülən bu xüsuslar, xüsusilə tankların sayının azaldılması Dağlıq Qarabağdakı 44 günlük müharibədən çıxarılan dərslə əlaqədardır. Zira 44 günlük müharibə zamanı rus silahları Azərbaycan ordusunun dronları qarşısında aciz qalmış, düşmənin 200-dən artıq tankı vurulmuş və ələ keçirilmişdi. Beləcə, tankların yeni nəsil silahlar qarşısında asan yem olduğu aydınlaşmışdı.
 
Ordumuzun bu texniki üstünlüyü hərbi taktikalarla bağlı anlayışları da büsbütün dəyişdirmişdi. Təsadüfi deyil ki, müharibə hələ başa çatmamış İran Rusiyadan tank alışı ilə bağlı imzaladığı müqaviləni ləğv etmiş, ABŞ Quru Qoşunları Komandanlığı “artıq tank dövrünün bitdiyini” açıq şəkildə dilə gətirmişdi.
 
Böyük Britaniyanın hərbi doktrinasında “Challenger 2” tanklarının sayını 2 dəfə azaltma qərarı da bu mənada xeyli düşündürücüdür. Baxmayaraq ki, Böyük Britaniyanın əsas quru texnikası kimi tanınan “Challenger 2”-lər həmcinsləri arasında ən qüdrətli tanklardan sayılır. Bu tanklar “Chobham” zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikası kimi də ad qazanıb. Bildirilir ki, onun ekipajı yüngül çaplı silahlardan atılan atəşlərə qarşı tam təhlükəsizdir. 


 
Dünyanın ən uzaqvuran tankı şöhrəti də  “Challenger 2”-lərə məxsusdur. “Challenger 2”-lərin 120 mm-lik mərmisi 5 kilometrədək hədəfi yüksək sərrastlıqla vurur. Bu göstərici ilə “Challenger 2” tankları həmcinsləri arasında ən uzaq məsafəyə vurma rekordunu təzələyib. Hazırda Britaniya ordusunda 386, Oman ordusunda isə 38 belə tank var. 
 
Yeri gəlmişkən, yeni hərbi strategiyasında 386 ədəd “Challenger 2”-ni belə özünə çox görən İngiltərə ümumiyyətlə tankların ilk istehsalçılarından sayılır. II Dünya Müharibəsində Almaniyaya qarşı daha yaxşı mübarizə aparması üçün minlərlə tank istehsal edib SSRİ-yə hədiyyə edən London savaşın seyrini dəyişmiş və faşizm üzərində qələbəyə ən böyük dəstəyi vermişdi. Eyni qaydada həmin illərdə ABŞ və başqa ölkələrin də əsas tank təhcizatçısı yenə İngiltərə olmuşdu. 1940-cı illərin ən güclü texnikası sayılan və bu üstünlüyünü II Qarabağ savaşına qədər davam etdirən tankların əksəriyyətini anti-faşist dövlətlərə müftə verən Böyük Britaniya faşizmlə mübarizədəki göstərdiyi bu comərdliyin bədəlini də ağır ödədi. Bu siyasət onun ciddi şəkildə borclanması ilə nəticələndi və dünya liderliyini ABŞ-a buraxdı.
 
Üzərindən 80 il keçdikdən sonra London deyəsən öz “səhvini” düzəltməyə çalışır. Özü də iki istiqamətdə: həm icad etdiyi tankları, həm də bir zamanlar məhvoluşdan xilas etdiyi Rusiyanı tarixə göndərməyə çalışır. Təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz “Qlobal Britaniya Rəqabət Çağında" adlı doktrinada Rusiya “ən böyük düşmən (təhdid)” elan olunub və önümüzdəki 10 ildə onun regional təsir gücünün azaldılması üçün heç nəyin əsirgənməyəcəyi vurğulanıb.


 
Onu da yada salaq ki, İngiltərə 44 günlük müharibədə Azərbaycana ən böyük dəstəyi verən ölkə kimi də tarixə düşdü. Ötən il oktyabrın ortalarında Fransanın çağırışı ilə toplanan BM TŞ-nın qapalı toplantısı ermənilərin xeyrinə hazırlanmış qətnamə layihəsini müzakirə etməyib. Erməni rəsmilərinin iddiasına görə, bunun səbəbi isə İngiltərənin həmin layihənin müzakirəsinə veto qoyması olub. Rəsmi Londonun öz hərbi doktrinasına II Qarabağ döyüşlərindən aldığı dərsləri salması və Rusiyanı “ən böyük təhdid” ünsürü elan etməsi bu baxımdan da təsadüfi görünmür.
 
Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 023          Tarix: 17-03-2021, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma