Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
ABŞ prezidenti Cozef Bayden dünən qəflətən mətbuat konfransı keçirərək pusiyalı həmkarı Vladimir Putinlə son telefon danışıqlarının detallarından danışıb.
Ovqat.com-un məlumatına görə, ABŞ lideri bu telefon danışığını “hörmətli” və “səmimi” adlandırıb və Rusiya ilə münasibətlərdə deeskalasiyanın (gərginliyi azaltma, yumşalma) vaxtının çatdığını bildirib.
"Söhbətimiz səmimi və hörmətli keçdi. Rusiya və ABŞ qlobal sabitliyə görə məsuliyyət daşıyan iki böyük dövlətdir. Rusiya və ABŞ sakinləri qürurlu və vətənpərvər insanlardır, sülh və təhlükəsiz bir gələcək üçün çalışırlar", - Bayden belə deyib.
O, həmçinin ABŞ-ın Rusiya ilə münasibətlərdə gərginliyə can atmasa da, yeni sanksiyaların tətbiqinə hazır olduğunu da gizlətməyib.
Baydenin sözlərinə görə, Vaşinqton Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edə bilərdi, lakin o, bunu etməməyə üstünlük verdi. "Mən prezident Putinə aydın şəkildə dedim ki, biz daha da irəli gedə bilərik, amma bunu etməməyə qərar verdim. Mən mütənasibliyi seçdim", - deyə ABŞ prezidenti bildirib.
Bayden yayda Avropada Vladimir Putinlə şəxsən görüşmək istədiyini deyərək qeyd edib ki, bu sammitdə ABŞ və Rusiya silahlara və təhlükəsizliyə nəzarət sahəsində əməkdaşlıq üçün strateji sabitlik üzrə dialoqa başlaya bilərlər.
Maraqlıdır ki, Bayden həmkarı ilə telefon danışığından bir gün sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda ABŞ şirkətlərinə 14 iyun 2021-ci il tarixindən etibarən Rusiya Mərkəzi Bankın, Milli Rifah Fondunun və ya Maliyyə Nazirliyinin borc öhdəliklərini və istiqraz vərəqələrini almağı qadağan edir. Sənəddə həmçinin Rusiyanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 10 diplomatın geri göndərilməsi nəzərdə tutulur. Məhz bu fərmandan sonra Baydenin ürəyi bir xeyli “yumşalmış” və deeskalasiya qərarını bəyan etmək üçün mətbuat konfransı keçirmişdi.
Əslində Baydenin sanksiya fərmanı ilə deeskalasiya siyasəti arasında yaxın əlaqələr var. Mütəxəssislərə görə, Rusiyanın istiqrazlarına tətbiq edilən sanksiyalar onların dəyərini aşağı salacaq və Rusiya həmin sənədləri su qiymətinə ala biləcək. Bəzi ekspertlər bu arqumentə əsaslanıb Baydenin son sanksiyalarını “öz ayağına güllə sıxmaq” kimi dəyərləndiriblər.
Vaşinqtonun deeskalasiya (“yumşalma”) siyasətinin Rusiyaya qarşı tətbiq etdiyi digər ən canalıcı sanksiyalarında da özünü büruzə verib. Belə ki, sözügedən fərmanda nədənsə “Şimal axını-2” layihəsi öz əksini tapmayıb. Bu da Baydenin “biz daha irəli gedə bilərdik, amma bunu etməməyə qərar verdim” deyərkən nəzərdə tutduğu tədbirlərdən birinin “Şimal axını-2” layihəsi ilə əlaqədar ola biləcəyi ehtimalını ağla gətirir.
Bu ehtimal dünən Ağ Evin mətbuat katibi Cen Psakinin də əsas gündəm maddələrindən idi. Məlumata görə, dünən jurnalistlərin suallarını cavablandıran Psaki "Şimal Axını-2" layihəsinə əlavə sanksiyaların tətbiq edilməsi imkanını saxlayır”, - deməklə əsl mətləbdən yayınmağa çalışıb.
"Mən əmin etmək istərdim ki, biz əlavə tədbirlərin görülməsi imkanını özümüzdə saxlayırıq. Bu o demək deyil ki, onlar artıq təqib olunmayacaq. Lakin mən hansı sanksiyaların razılaşdırıldığını və ya razılaşdırılmadığını şərh etməyəcəyəm", – deyə Psaki cavabında bildirib.
Dərd burasındadır ki, “Şimal axını-2” layihəsi Ukraynadan keçən qaz kəmərinə alternativ olaraq nəzərdə tutulurdu. Məqsəd Avropaya Ukrayna üzərindən qaz nəqlini tamamilə dayandırmaq və Kiyevi enerji qıtlığı ilə imtahana çəkməkdir.
ABŞ bundan əvvəl Rusiyanın həmin layihəsini çəkilməsində maraqlı olan Almaniya ilə danışıqlarında sözügedən plana yalnız bir şərtlə razılıq verəcəyini bildirmişdi: Ukrayna üzərindən Avropaya qaz nəqli dayandırılmayacaq. Rusiya isə Avropaya qaz nəqlində bəlli bir həcm limitin mövcudluğunu əsas gətirir, istər-istəməz layihələrdən birinin təxirə salınacağını və ona sərf etməyən kəmərin isə Ukrayna üzərindən keçən xətt olduğunu bildirirdi. Bununla da Ukraynaya qaz nəqlini dayandıracağını açıq şəkildə etiraf edirdi. Təsadüfi deyil ki, aprelin ilk günlərindən Ukraynaya verilən qaz həcmi ciddi şəkldə azaldılmış və bu da Kiyev administrasiyasının sərt təpkisinə yol açmışdı. 95%-i artıq çəkilən “Şimal axını-2” layihəsi işə düşdükdən sonra isə Ukrayna ümumiyyətlə rus qazına tamarzı qala bilər.
Sözsüz ki, Kiyev öz enerji tələbatını ABŞ-ın təklif etdiyi LNG qazı hesabına təmin edib böhrandan çıxa biləcək. Amma Ukrayna üzərindən nəql olunan qaz ona həm də milyardlarla dollar qazanc gətirirdi. Bu qazancı geri qaytarmaq isə mümkün olmayacaq.
Görünən budur ki, Baydenlə Putinin son telefon sövdələşməsinin ilkin nəticəsini Kiyev artıq öz dərisinində hiss etməyə başlayıb. Lakin bu, hələ sonuncu da deyil. Böyük ehtimalla, Ukrayna üzərində gedən NATO-Rusiya gərginliyinin Kiyev üçün daha ağır bədəlləri də olacaq. Özü də bu bədəllər təkcə iqtisadi itki ilə də nəticələnməyəcək. Açıq demək gərəkirsə, Ukraynadakı bir sıra vilayətlərin də separatizm bayrağı qaldırmaq ehtimalı var və əslində 2014-cü il hadisələrində bu baş vermişdi. Sadəcə Donbass separatçılarının böyük bir yanlışı Ukraynanı həmin vaxt parçalanmaqdan qorudu. Söhbət Malayziyaya aid bir sərnişin təyyarəsinin vurulmasından gedir. Rusiyanın separatçılara verdiyi bir hava hücumundan müdafiə sistemi ilə vurulan bu təyyarədən sonra bütün dünyanın təpkisi ilə qarşılaşan Moskva bölgədən dərhal ağır silahlarını çıxarmalı oldu və dövriyəyə girən Qərb ölkələrinin vasitəçiliyi ilə Ukraynada atəşkəs elan edildi. Di gəl ki, atəşkəsin elan olunması hələ sülhə nail olmaq anlamına gəlmir. Ukraynadakı separatizm dalğası həmin illərdə Rusiya tərəfindən sadəcə donduruldu və uyğun zamana saxlanıldı. Uyğun zaman isə artıq yetişib. Rusiyanın qarşısından geri çəkilən NATO qüvvələri indi Moskvanın iradəsi ilə hesablaşmağa başlayıblar.
Məlum olduğu kimi, Ukrayna böhranını özünün milli təhlükəsizlik məsələsi olduğunu açıq bəyan edən Rusiya bölgəyə 100 mindən artıq əsgərini göndərib. Xəzər və Baltik dənizlərindəki hərbi donanmalarını da Qara dənizə göndərən Moskva NATO-ya qarşı açıq-aşkar meydan oxuyur. NATO isə Ukraynaya sadəcə vədlər verməklə kifayətlənir. Hətta ABŞ belə, onu müdafiə etmək üçün Qara dənizə göndərdiyi hərbi gəmilərinin səfərini təxirə saldı. Ardınca Cozef Bayden rusiyalı həmkarına zəng edib deeskalasiya təklifində bulundu. Dünən keçirdiyi mətbuat konfransında isə Rusiyanı da ABŞ kimi dünyanın ən böyük hərbi qüdrəti kimi tanıdı və onu qlobal sabitliyə qərar verəcək qüvvə olaraq səciyyələndirdi. Moskvanı bu məsələlərin müzakirəsi üçün danışıqlara, başqa təbirlərlə desək, bir növ dünyanın yenidən bölüşdürməyə çağırdı. Baxmayaraq ki, Rusiya tərəfi ABŞ-ın bu çağırışına hələ müsbət cavab verməyib, amma bu heç də Moskvanın istəksizliyinin göstəricisi deyil. Böyük ehtimalla, Rusiya daha böyük güzəşt qoparmaq üçün özünü bir növ naza qoyur.
Sual oluna bilər: Rusiya ilə Qərb dövlətləri arasında qalan Ukraynanı nə gözləyir?
Zənnimcə, indiki şəraitdə iki ehtimal var: ya Ukraynadakı Qərbyönümlü hakimiyyət yıxılıb onun idarəçiliyi ruspərəst qüvvələrə veriləcək, ya da Moskva bu ölkənin bəzi bölgələri də ayırıb özünə birləşdirəcək. Başqa sözlə desək, Ukrayna bölünəcək.
Bir çoxlarına bu iddia inandırıcı gəlməyə bilər. Nə yazıq ki, hələ 2014-cü ildə Ukrayna böhranı ərəfəsində bu ehtimal müzakirə edilirdi. Özü də təkcə Rusiyada yox, həm də ABŞ-da. Dünyanın ən məşhur media orqanlarından olan “Vaşinqton Post”-un müəllifi Maks Fişer qəzetin 30 yanvar 2014-cü il buraxılışında dərc olunan “Ukrayna barəsində verməyə utandığınız 9 sual” sərlövhəli məqaləsində yazırdı:
“Burada bir şeyi anlamaq lazımdır: Ukrayna artıq bölünüb. Dil, tarix və siyasət sahəsində dərin, həm də çox dərin bölünüb. Ukraynalıların üçdə biri rus dilində danışır və bu, onların ana dilidir, praktikada isə bu dildən daha çox istifadə olunur. Rusdilli vətəndaşlar əsasən ölkənin bir hissəsində, ukraynadilli vətəndaşlar isə digər hissəsində yaşayırlar. Siz xəritədə də bunu gün kimi aydın görə bilərsiniz”.
Fişerin hələ böhran çıxmamışdan əvvəl qələmə aldığı bu məqalədə istinad etdiyi iki dəlil vardı. 2001-ci ildə Ukraynada keçirilən əhalinin siyahiyaalınmasının və 2010-cu il prezident seçkilərinin nəticələri. Müəllifin təsbitinə görə, Ukraynanın rus dilli əhalisinin məskunlaşdığı Şərq hissəsində seçicilərin böyük əksəriyyəti Viktor Yanukoviçə, Qərb hissəsi isə Yuliya Timoşenkoya səs vermişdi. Bu da ölkənin iki müxtəlif kəsiminin bir-birindən ayrı düşündüyünə, fərqli məsələləri prioritet kimi gördüyünə dəlalət edir. İstənilən kiçik bir insident Ukraynanı Qərbə və Şərqə parçalaya bilər. Məqalənin üzərindən az keçməmiş biz həqiqətən də bu parçalanmanın şahidi olduq.
Bəs, Ukraynanın hansı bölgələri separatizmə meyllənə bilərlər və burada rus əhalinin sayı nə qədərdir?
Gəlin, ən yaxşısı, 2001 siyahıyaalınmasının nəticələrinə nəzər salaq:
2001 il siyahıyaalınmasına görə, Ukraynada 8334,1 min rus yaşayırdı və bu ölkə əhalisinin 17,2%-nə bərabərdir. Ruslar Sevastopolda (71,7 %) və Krım Muxtar Respublikasında (58%) ən böyük etnik qrupdur, eləcə də bəzi orta səviyyəli inzibati vahidlərdə: Donetsk (48,2%), Makeyevka (50,8%), Enakievo (51,44%, Donetsk rayonu), Ternovka (52,9%, Dnepropetrovskaya vilayəti), Krasnodar (63,3%), Staxanov (50,1%), Sverdoniya (51,7%), 51,7%), Luqansk vilayəti, İzmail (43,7%, Odessa vilayəti), Vilkovo (70,54%, Odessa vilayəti), Putivl rayonu (51,6%, Sumskaya Vilayəti) rayonlarında…
Vilayətlərdə rusdillilərin sayı
Donetsk vilayətində (38,2%),
Luqansk vilayətində (39,0%),
Xarkov vilayətində (25,6%),
Zaporijye vilayətində (24,7%),
Odessa vilayətlərində (20,7 %);
Şəhərlər
Dnepropetrovsk vilayətinin şəhərlərində: (Dnepropetrovsk (23,5 %), Oronikopol, (22, 0%), Krivoy Roq (23, 0%), Pavloqrad (24, 9%), perşotravensk (34,0 %);
Zaporojye vilayəti: Zaporojyedə (25,4 %);
Xarkov vilayəti: Xarkov şəhərində (33,2 %);
Kiyev vilayəti: Slavutiç şəhəri (30,0 %);
Odessa vilayəti: Odessa şəhərində (29,0 %); Nikolaev şəhərində (23,1%);
Xerson vilayəti: Xerson şəhərində (20,0%), Yeni Kahovka (23,44%);
Sumskaya vilayəti: Bolşoyevski rayonu (26,7%).
Yuxarıdakı siyahıda əhali sayının 20-30% arasında dəyişilməsinə baxmayın. Rus separatçıları iddia edirlər ki, Ukrayna Konstitusiyasına əsasən, əhalinin 20 faizini təşkil edən azlıqlara muxtar hüquqlar verilməli və federativ quruluş yaradılmalıdır. Bu da Ukraynada gələcək bölünmələrin əsasını qoymaq üçün yetərli səbəbdir.
Xəritədən də göründüyü kimi, Ukraynanın ən azı daha 6 vilayəti Rusiyanın təşviqi ilə separatçı iddialarla çıxış edə bilərlər və yəqin ki, Qərbi küncə sıxışdıran Kreml bu addımları atmağa çalışacaq.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar