Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Aprelin 13-14-də Azərbaycana səfər edən Belarus lideri Aleksandr Lukaşenko rəsmilərimizlə 3 mühüm anlaşma memorandumu imzalayaraq geri qayıtdı. Sənədlərdən biri kənd təsərrüfatı, digəri turizm, sonuncusu isə energetika sahəsində əməkdaşlıq məsələləri ilə əlaqədar idi. İmzalanan sənədlərin məğzi tam açıqlanmasa da, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu”nda Minskin ölkəmizdən böyük həcmdə neft almaq niyyətinin nəzərdə tutulduğu aydındır. Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun Lukaşenkonun səfərindən öncə “BelTA” xəbər agentliyinə verdiyi açıqlamasından aydın olur ki, ötən il bizdən 1 milyon ton neft alan Minsk bu ildə eyni nəticəni təkrarlamaq niyyətindədir.
“Bu il üçün də Azərbaycandan bir milyon ton neft almaq planlaşdırılır. Bu tədarüklər bərabər şəkildə davam edir”, - Ravkov açıqlamasında belə deyib.
Səfirin sözlərinə görə, bu il səfər baş tutana qədər 270 min ton neft artıq tədarük olunub. “Hazırda 90 min tonluq bir tanker yoldadır. Ümumiyyətlə, Belarusiya neftayırma zavodları üçün xammal əvvəl Odessaya, ordan isə Ukraynanın Odessa-Brodı boru kəməri ilə Mozır Neft Emalı Zavoduna tədarük olunur”, - BelTA həmin xəbərində bunu bildirirdi.
Maraqlıdır ki, ötən il “Socar Trading” vasitəsilə Belarusa nəql olunan neftin ümumi həcmi 1 milyon ton olsa da, bunun hamısı Azərbaycanda istehsal edilməmişdi. Şirkət, bu il də Belarus istehlakçılarına təxminən 1 milyon ton xammal satmaq niyyətindədir və yəqin ki, bunun böyük qismini Azərbaycan nefti təşkil edəcək.
Statistik məlumatlara görə, Belarusa bu həcmdə neft yalnız 2011-ci ildə nəql olunub. Ondan sonra neft ixracı ciddi şəkildə azalıb, bir də 2016-ci ildən etibarən davamlı artmağa başlayıb. 2016-cı ildə Belarusa 560 min ton xam neft idxal edən Azərbaycan şirkəti ötən il bu göstəricini hardasa iki qata çıxarıb.
Sual oluna bilər: Birdən birə nə baş verdi ki, neftimiz yenidən rəvaca mindi?
Bəzi ekspertlər bu sualı neftimizin keyfiyyəti ilə əlaqələdirirlər. Bu mülahizəyə görə, ““Azeri Light” markalı neft emal prosesi üçün əlverişli və bu markadan alınan neft məhsulları yüksək keyfiyyətə malik olduğundan” Belarusu yenidən özünə cəlb edə bilib. Arqumentin əsassız olduğu isə ortadadır. Axı, 2012-ci ildə də Azərbaycan quyularından eyni neft çıxırdı. 2011-ci ildə bizdən 1 milyon ton neft alan Belarus isə bir ildən sonra demək olar ki, alışı dayandırmışdı. Niyə?
Zənnimizcə, Belarusun Azərbaycan neftinə ziqzaqvari məhəbbətinin əsl səbəbi Rusiya ilə münsibətlərində gizlidir. Belə ki, 2010-cu ilin iyun ayında “Qazprom”la Belarus arasında anlaşmazlıq başlamış, Moskva Minskin ona xeyli atdığını irəli sürmüşdü. Rusiyanın qaz inhisarçısı olan şirkət rəsmi açıqlamasında Belarusun ona 2010-cu ilin yanvar-aprel aylarında verilmiş qaza görə 192 milyon $ borcu olduğunu bəyan etmişdi. "Qazprom"un iddiasına görə, borc Belarusun 2010-cu ildə qazın hər min kubmetri üçün 150 $-dan, yəni 2009-cu ilin orta qiyməti ilə ödəniş etməsi üzündən yaranıb, halbuki kontrakt qiyməti ilə o, hər ton üçün 174 $ ödəniş edilməli idi.
Beləcə, Rusiya Belarusa neft tədarükünü dayandırmış və Lukaşenko ehtiyat yastığı kimi gördüyü Bakıya üz tutmuşdu. Atalar demişkən: “Gözəlim, sən burda gözlə, gedim gəzim, səndən gözəlini tapsam heç, tapmasam da elə gözəlimsən ki, gözəlim”. Bu “gözəlim” məntiqinin nəticəsində Belarusa neft ixracatımız birdən-birə ən yüksək səviyyəyə çatmışdı. 2012-ci ildə isə Minsk Moskva ilə dil tapmış və Azərbaycandan neft tədarükü kəsilmişdi.
2015-ci ildə Rusiya yenidən Belarusa dişlərini qıcamağa başlamış, tədricən artan tələblər 2019-cu ildə “ya mənə birləş, ya da neftimi Avropa qiymətlərindən al” şəklinə dönüşmüşdü. Moskvanın tələbləri gücləndikcə Belarusun Azərbaycandan tədarük etdiyi neftin həcmi də artmışdı. Sonunda ötən il Rusiya yenidən Belarusa nəql olunan neft kəmərinin musluğunu (krant) bağlayanda Azərbaycandan idxal edilən “qara qızıl”ın həcmi 1 milyona yüksəlmişdi.
Belarusla Rusiya arasında münasibətlər ötən il keçirilən prezident seçkilərindən sonra yenidən düzəlib. Seçkilərdən sonra müxalif etirazları ilə qarşı-qarşıya qalan Lukaşenkonu himayəsi altına alan Putin ona istədiyi şərtləri qəbul etdirə bilib. Bununla belə, Azərbaycandan maksimum qaz tələbi azalmayıb. Bəs, bunu nə ilə izah etmək olar?
Zənnimizcə, iki dövlət arasında münasibətlər normallaşsa da, Belarusun Rusiyadan neft almaq problemi hələ də öz həllini tapmayıb. Üstəlik, bu dəfəki böhranın səbəbi Moskvadan yox, ABŞ və Avropadan qaynaqlanır. Vaşinqton və Brüssel Ukrayna problemi yoluna qoyulmayacağı təqdirdə həm Moskvaya, həm də Minskə qarşı sanksiyalar tətbiq etmək barədə düşünür. Faktiki olaraq Rusiyanı SWİFT ödəmə sistemindən çıxarmağı düşünən Qərb ölkələri Rusiyanın ixrac potensialını sıfıra yaxınlaşdırmağı planlaşdırır. Rusiyanın yanından əl çəkə bilməyən Belarusu da yaxın zamanlarda eyni tale gözləyə bilər.
Bildirildiyinə görə, ABŞ hələ 2006-2008-ci illərdə Belarus neft-kimya müəssisələrinə mərhələli şəkildə sanksiyalar tətbiq etmişdi. Səbəb 2006-cı ildə keçirilmiş prezident seçkisi idi; 2020-ci ildə olduğu kimi, bu seçkidə də Aleksandr Lukaşenko qələbə qazandığını elan etmişdi. O zaman da Vaşinqton rəsmi Minski insan hüquq və azadlıqlarını pozmaqda, səsvermənin nəticələrini saxtalaşdırmaqda və Belarus liderinin siyasi opponentlərinə qarşı repressiyalarda günahlandırırdı. İqtisadi sanksiyalar isə əsasən Belarusun 9 müəssisəsinə şamil olunmuşdu: "Nafttan" Novopolotski NEZ, "Belneftexim" Konserni və onun "Belneftexim ABŞ", “Belarus” neft ticarət evi, "Belşina", "Qrodno azot", "Qrodno Ximvolokno", "Lakokraski" və "Polotsk Steklovolko”. Daha sonra “Belneftexim”in Almaniya, Ukrayna, Latviya, Rusiya və Çindəki bütün nümayəndəlikləri, habelə konsernin Amerika törəmə şirkəti də hesabları “bloklanmış” şəxslər və qurumlar siyahısına daxil edildi.
2014-cü ildə Ukraynada baş verən hadisələrdən sonra Belarus-Rusiya münasibətlərində müəyyən çətinliklər yarandı və bu da Lukaşenkonun işinə yaradı. Vaşinqton birdən-birə Belarus hakimiyyətinə qarşı mövqeyini dəyişdirdi. 2015-ci ilin oktyabr ayından etibarən, xüsusilə "Belneftexim" konserninə və onun tərkibinə daxil olan müəssisələrə tətbiq olunan məhdudiyyətlərə moratorium qoyuldu və məhdudiyyət sonradan hər il uzadıldı. Bu, Belarus istehsalçılarına okeanın o tayında qızğın fəaliyyət göstərməsinə imkan verdi.
2020-ci ilin prezident seçkiləri isə Belarus-Amerika əməkdaşlığında həm yüksəliş, həm də qırılma nöqtəsi oldu. İlin ilk rübündə Belarus neft emalı zavodlarına Rusiya xammalının tədarükünün dayandırılması ilə bağlı növbəti böhranı yaşananda Vaşinqton Minski yanına çəkməyə çalışdı. Əli hər yerdən üzülən Minsk də ABŞ-dan neft almağa razılıq verib. İyun ayında Litvanın Klaypeda limanına Amerika xammalının ilk partiyası gəldi, bundan sonra Belarusun xarici işlər naziri Vladimir Makey bildirdi ki, ABŞ-dan respublikaya neft tədarükü birdəfəlik addım deyil, uzunmüddətli proqramdır. İkinci tanker avqustun 9-da keçirilmiş prezident seçkisi gününə kimi Belarusa çatdırıldı, lakin seçkilərdən sonra ixrac tamamilə dayandırıldı. Seçkilərin saxtalaşdırılması nəticəsində ABŞ səsvermənin nəticələrini tanımaması da bu qərarın alınmasında ciddi rol oynadı. Vaşinqton bununla da kifayətlənmədi, Lukaşenkonu qeyri-legitim dövlət başçısı adlandırdı və rəsmi Minskə qarşı yeni sanksiyalar tətbiq ediləcəyini bildirdi.
Lukaşenko üçün ən dəhşətli hadisə Bakıya son səfəri ərəfəsində yaşandı. Aprelin 19-da ABŞ Maliyyə Nazirliyi (Xəzinədarlığı) Dövlət Departamentinin təklifi ilə Belarusun 9 neft-kimya müəssisəsinə qarşı tətbiq olunan sanksiyalara moratoriumu ləğv etdi. Ölkədə 300-dən artıq siyasi məhbusun olması və insan hüquqlarının pozulması sanksiyaların rəsmi səbəbi kimi irəli sürüldü. Eyni zamanda, ABŞ rəsmiləri Belarus rəhbərliyinin Lukaşenkanın əleyhdarlarını sərbəst buraxmayacağı təqdirdə yeni sanksiyalarla hədələdi. Bununla da yetinmədi, Minskin 2G ümumi lisenziyasını 2H ilə əvəzlədi. Bu lisenziyaya görə, sanksiyalara məruz qalan 9 şirkətdən hər hansı birinin tərəf müqabilləri onlarla bütün əməliyyatları 45 gün ərzində dayandırmalıdır. Əks halda 3 iyun 2021-ci ildən etibarən onlar da sanksiyaya məruz qalacaqlar.
Aprelin 27-də Minks üçün daha vahiməli xəbər yayıldı: Rusiya Neft şirkətləri Yeni Polotski NEZ-ə (NAFTAN - ОАО «Нафтан» Новополоцкий НПЗ) tədarükü dayandıra bilərlər, çünki bu müəssisə də ABŞ-ın sanksiya siyahısına düşüb. "Naftan" gündə təxminən 200 min barrel istehsal gücünə malik olan Belarusun iki neft emalı zavodundan biridir və ildə 9-10 milyon ton neft və ya ölkəyə daxil olan bütün xammalın təxminən yarısını emal edir. Onun məhsulları həm daxili, həm də xarici bazarlarda satılır. Bu Belarus müəssisəsi üçün əsas xammal tədarükçüləri "Rosneft","Surqutnefteqaz", "Tatneft", "Russneft" və "Neftys"dir (Lukaşenko ilə yaxın münasibətləri olan biznesmen Mixail Qutseriyevə məxsusdur). Rusiya KİV bildirirlər ki, bu şirkətlər belə, ABŞ-ın ikinci sanksiyalarına məruz qalmaqdan ehtiyat edirlər, buna görə də Belarusla gələcək işlər barədə suala cavab verməyə hazır deyillər.
Belə bir vəziyyətdə Lukaşenkonun gözlənilmədən Bakıda peyda olmasının əsl səbəbi aydın olur. Görünür, bu zamanadək bizə sığorta yastığı kimi baxan Minsk indi də bizim timsalımızda cəhənnəmə getməyə “könüllü yol yoldaşı” axtarır.
Uzun sözün kəsəsi, Azərbaycan yetkililəri ABŞ-ın sanksiyalarına düşmə riskini nəzərə alıb Lukaşenko ilə imzaladıqları razılıq memoranduma yenidən göz gəzdirməlidirlər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar