Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı namazında həqiqətləri təhrif edərək, 44 günlük savaşda Azərbaycan ordusunun qazandığı qələbəni İranın ali dini lideri ayətullah Xameneinin əslində mövcud olmayan fitvasının quyruğuna bağlaması gözlənilməz deyildi. İran rəsmiləri hələ 2 il əvvəl media açıqlamalarında açıq şəkildə şeyxülislama Tehran qarşısında hesabat verəcək öhdəliyinin olduğunu xatırladır və bir növ öz missiyasını yerinə yetirmədiyinə görə onu qamçılayırdılar. Görünür, Allahşükür Paşazadə həzrətləri də bu qınaqlardan yaxa qurtarmaq üçün İranın açıq təbliğatçısına çevrilməyi özünün mənəvi borcu sayıb və bu açıqlamanı verib.
Ovqat.com və bir sıra partiya sədrləri İranın 2 il əvvəldən başlayan bu həqarətdolu basqılarına dəfələrlə etiraz etsələr də, nədənsə Qafqaz Müsəlmanları İdarəsindən heç bir reaksiya verilmirdi. Aydın görünürdü ki, şeyx həzrətləri İranın danlaqlarını haqlı görür və bundan sonrakı fəaliyyətində öz səhvini düzəltməyə çalışır. Bəlkə bu səbəbdən də biz 44 günlük savaşda Allahşükür Paşazadənin Azərbaycan ordusuna verdiyi xeyir-duanı, əsgərləri döyüşə səsləyən çağırışlarını, şəhidlərin ruhuna oxuduğu surələri, onların ailələrinə verdiyi başsağlıqlarını eşitmədik. Çünki Bakıya gəlib İran səfirliyində şeyxdən hesabat tələb istəyən və ona bundan sonrakı fəaliyyəti barədə təlimat məruzələri oxuyan qonşu dövlətin rəsmiləri Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsinə birmənalı yanaşmır, müxtəlif eyhamlı bəyanatlarla düşmənlərimizi olaraq dəstəkləyir, bununla da kifayətlənməyib hətta müharibə boyu erməniləri silahla, hərbi texnikalarla təchiz edirdi. Sözsüz ki, bizim şeyx də hesabat verdiyi İranın bu mövqeyini bildiyi halda, onun iradəsinə qarşı gedə bilməzdi.
Soruşa bilərsiniz: Şeyxülislam Allahşükür Paşazadənin İran qarşısında öhdəliyi olduğu fikrini hardan çıxarırıq?
Çox uzatmadan cavab verək: 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə bu fakt bütün çılpaqlığı ilə ortaya çıxmışdı. Zira həmin sammitdə iştirak edənlərdən biri də İran Prezidenti Həsən Ruhani idi. Ruhani səfər zamanı İranın Azərbaycan səfirliyində Allahşükür Paşazadəni qəbul etmiş, özünün rəsmi saytı President.ir-in bildirdiyinə görə, “ona dini təməllərin möhkəmləndirilməsinin vacibliyi ilə əlaqədar məruzə söyləmiş və şeyxdən hesabat istəmişdi”. Saytda İran Prezidenti ilə Allahşükür Paşazadənin dərc olunan şəkilləri bu hesabat-təlimat mübadiləsini əyani şəkildə əks etdirirdi: zalın tam mərkəzində İran prezidenti Həsən Ruhani, onun qarşısında isə əmrə amadə dayanan şeyxülislam. Üstəlik, Ruhanin arxasında İran bayrağı, Azərbaycan bayrağına isə hətta Bakıda keçirilən görüşdə belə yer verilməmişdi.
Açığı, Azərbaycan şeyxülislamının bu şəkildə qəbul olunması və görüşün məzmunu barədə açıqlanan rəsmi mövqe bir vətəndaş kimi bizim qürurumuza toxunmuş, həqarətə məruz qaldığını düşündüyümüz şeyxin müdafiəsinə başlamışdıq. Bizim bu təpkimizə bəzi siyasi partiyalar da dəstək vermişdi. Ən sərt reaksiya isə AMİP sədri Arzuxan Əliyevdən gəlmişdi. Partiya sədri Ovqat.com-a verdiyi açıqlamada baltanı kökündən vuraraq demişdi: “Xüsusilə Ruhaninin rəsmi saytında yazılanlar heç bir diplomatik normalara sığmır. Axı sən kimsən ki, Qafqazın şeyxülislamına məruzə oxuyasan və ondan hesabat istəyəsən? Sən ki heç dini vəzifə belə daşımırsan. İranın siyasi hakimiyyətinin rəhbəri kimi ancaq siyasi kimliyin var, o da yarımçıq. Allahşükür Paşazadə isə təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın şeyxidir. Yəni onun rəhbərlik etdiyi dindar kütləsi ən azı Gürcüstan, Rusiya və Azərbaycanda məskunlaşıb. Deməli səlahiyyət etibarilə o, sənin dini lider deyib az qala əlini öpdüyün Xameneyidən belə üstün şəxsiyyətdir”.
AMİP liderinin bu üsyanına İranın reaksiyası özünü çox gözlətməmiş, bu ölkədə bəslənən siyasi legionerlər adından sərt cavab verilmişdi. İdeoloji savaş legionerlərinin mətbuat ruporu olan Qafqaz.ir saytı 9-11-2019 tarixli buraxılışında dərc olunan “Azərbaycan Respublikasında xırda məmurun toz-torpağı-Məhəmmədrza Kəffaş Cəmşid” sərlövhəli məqalədə AMİP liderinə qarşı səlib yürüşünə start vermişdi. Maraqlıdır ki, həmin məqalədə müəllif şeyxülislam həzrətlərinə də yüngülcə “sığal çəkməyi” unutmamışdı.
“Aydındır ki, Şeyxülislam Paşazadənin məqam və dərəcəsi heç vaxt hökumətə bağlı bir dini idarənin sədrliyi vəzifəsindən artıq olmayıb. Belə ki, öz ölkəsinin və digər İslam ölkələrinin mühüm və həssas məsələlərində öz vəzifəsini dini bir idarənin sədrliyi səviyyəsindən yuxarı bilməyib, müsəlmanların düçar olduğu məsələlər barədə öz narahatlığını ifadə etməli bir idarənin rəhbəri kimi vəzifəsinə yetərincə əməl etməyib. Azərbaycan Respublikasında hicab qadağası, məscidlərin dağıdılması, islami müqəddəslərə hörmətsizlik, islamçılara qarşı repressiyalar kimi məsələlər barədə şeyxin zəif və təsirsiz mövqei onun məqamının hansı səviyyədə olduğunu aydın göstərir”.
Bu da azmış kimi, Allahşükür Paşazadənin İran qarşısında hesabat verməsi faktı İranın yarırəsmi Qafqaz.ir saytı tərəfindən də etiraf olunmuşdu. “Azərbaycan Respublikasının bir dini idarə sədrinin eyni dindən olan, özü də şeyx və ruhani olan digər bir ölkənin başçısına hesabat verməsinin heç bir iradı yoxdur və bu adi bir məsələ sayılır”, - məqalədə belə deyilirdi.
Dərd burasındadır ki, bizim bütün çağırışlarımıza, hətta Qafqaz Müsəlmanlar İdarəsinə göndərdiyimiz sorğulara rəğmən, şeyxülislam İranın bu həqarət dolu iddialarına cavab verməmişdi. Sanki İrandan gələn bütün basqılara, iradlara, danlaqlara haqq qazandıraraq susmaq yolunu tutmuşdu. Şeyxin bu susqunluğu, “deyəsən torbada həqiqətən də pişik var” deyimini yada salırdı.
Üzərindən hardasa bir il keçəndən sonra Azərbaycan zorla cəlb olunduğu 44 günlük savaşda tarixi qələbə qazandı. İran bu müddət ərzində heç də bizim yanımızda dayanmadı. Cənub qonşumuzdan Ermənistana maşın-maşın hərbi yardımların göndərilməsi hətta Cənubi Azərbaycanda böyük etirazlara səbəb oldu və bu da Tehranın kimin tərəfində dayandığına öz vətəndaşlarının etirafı və təpkisi kimi tarixin səhifələrinə silinməz hərflərlə yazıldı. Özünün İran tərəfindən şəxsən aşağılanmasına belə cavab verməyə cəsarəti çatmayan şeyx həmin dövrdə də susqunluğunu davam etdirdi. Üzərindən 8 ay keçəndən sonra biz onu Şuşa məscidində İran dini liderinin Azərbaycandakı nümayəndəsi Ələkbər Ocaqnijatın arxasında durub namaz qılan gördük. Halbuki, şeyxə namaz qıldıran Ocaqnijat İran səfirliyinin sıravi bir müşaviri idi. Bizim 4 dövlətin (Azərbaycan, Gürcüstan, Ermənistan (nəzəri olsa belə) və Rusiya) şeyxülislamı isə onun peşnamazlığında namaz qılmağa razı olmuşdu. Şeyxin bu aşağılanmasını təvazökarlıq və qonağa hörmət əlaməti sayıb sinəmizə çəkdik. Bir neçə gündən sonra şeyxülislam Qurban bayramı münasibətilə Təzəpir məscidində qıldırdığı bayram namazı əsnasında mediaya verdiyi açıqlamasında öz əsl simasını gizlətməyərək İran dini liderinə bağlılığını təsdiqləyən məlum bəyanatı səsləndirdi. Bəyanatda nə deyilsə yaxşıdır: “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”. Şeyxin sözlərindən belə çıxır ki, 3 min əsgərimizin şəhadəti, ermənilərin başı üstündə partlatdığımız hərbi texnikalar, Azərbaycan xalqının döyüş əzmi yox, Xamaneinin hansısa quru fitvası 30 ildir erməni tapdağı altında inildəyən ərazilərimizi işğaldan xilas edib. Bəs bilirsinizmi, şeyxülislamın “fitva” deyərək göylərə qaldırdığı həmin bəyanat nə zaman verilmiş, hansı mesajları ehtiva edirdi?
44 günlük müharibənin sona çatmasına bir neçə gün qalmış, Azərbaycanın qəti qələbəsi mütləq şəkildə aydın olduğu bir zamanda, daha konkret desək, 3 noyabr 2020-ci ildə İran dini lideri Ayətullah Seyid Əli Xamenei Məhəmməd (ə.s) peyğəmbər və İmam Sadiq (ə.s.) həzrətlərinin doğum günü münasibəti ilə televiziyada çıxış etmiş, çıxışının sonunda isə Qarabağ məsələsinə ötəri toxunmuşdu. Bu o zaman idi ki, Azərbaycan əsgərləri əli yalın halda Şuşaya dırmaşmağı bacarmış və həlledici döyüşlərə başlamaq üçün Ali Baş Komandandan əmr gözləyirdi. Müharibənin aqibətinin tam bəlli olduğu bir zamanda Xamenei televiziya çıxışında problemlə bağlı İranın mövqeyini açıqlayaraq 4 müddəa irəli sürmüşdü:
- “Bu hərbi toqquşmaya çox tez bir zamanda son qoyulmalıdır. Təbii ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bütün torpaqları azad edilərək Azərbaycana qaytarılmalıdır”;
- “Bu torpaqlardakı ermənilərin təhlükəsizliyi təmin olunmalıdır;;
- “Beynəlxalq sərhədlərin hər iki ölkə tərəfindən qorunması vacibdir”;
- “Əldə edilən etibarlı məlumatlara əsasən, regiona daxil olmuş terrorçular İran sərhəddinə heç bir vəchlə yaxınlaşmamalıdırlar. Əgər onlar sərhədə yaxınlaşarlarsa, mütləq qətiyyətli reaksiya ilə üzləşəcəklər”.
Çıxışdan da aydın görünür ki, Allahşükürün təbirilə desək, Xameneinin “fitvası”nın yalnız bir tezisi Azərbaycanın xeyrinə idi, o da ermənilərə bütün hərbi və mənəvi yardımlarına baxmayaraq, Azərbaycanın qəti qələbəsinin etirafından başqa bir şey deyildi. “Fitva”dakı digər 3 teziş isə ya ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşamasını, ya beynəlxalq sərhədlərin pozulmamasını, dolayısıyla rus işğalı zamanı zorla müsəlman azərbaycanlılardan alınıb ermənilərə verilən əraziləri geri qaytarmaq əməliyyatına girməməyi tələb edir, ya da düşmənlərimizin uydurma yalanlarına haqq qazandıraraq, guya bizim tərəfimizdə vuruşan “terrorçuların” İran sərhədinə yaxınlaşmaması, əks halda sərt cavab veriləcəyi təhdidi irəli sürülürdü. Dolayısıyla 3-1 hesabı ilə ermənilərin tərəfi tutulurdu. Bizim bayramdan-bayrama danışan, hər danışanda da özünü və Azərbaycanı çətin vəziyyətə qoyan şeyx həzrətlərimiz isə bunu minlərlə gəncimizin qanı hesabına qazandığımız qələbənin əsas rəhni kimi təqdim edir.
Şeyxüslam Paşazadənin faktiki İranın məddahına çevrildiyini, Həsən Ruhani demişkən, ona hesabat verdiyini təsdiqləyən bu açıqlamasının zamanlaması da xeyli düşündürücüdür. Məlum olduğu kimi, İran hələ də Qarabağ ermənilərinə şübhəli yüklər daşıyır və bu məsələ Azərbaycanın ən yüksək qurum və rəsmi şəxsləri tərəfindən etirazla qarşılanır. Heç uzağa getməyək, ötən gün Prezident İlham Əliyev AzTv-yə verdiyi açıqlamada bu həqiqətə eyham vuraraq demişdir: “Biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora? Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir”.
Prezidentin “xaricdən gələn maşın” deyərkən nəzərdə tutduğu ölkə bəllidir – İran. Çünki Ermənistan 4 dövlətlə həmsərhəddir – Azərbaycan, Türkiyə, İran və Gürcüstan. Gürcüstanla sərhədləri bağlı olduğundan Rusiyadan Qarabağa maşınla getmək faktiki mümkün deyil. Gürcüstanın isə buna nə həvəsi var, nə də imkanı. Təbii ki, Ermənistana, ordan isə Laçın dəhlizi ilə Dağlıq Qarabağa şübhəli yük daşıyanın Türkiyə olmayacağı da gün qədər aydındır. Deməli yerdə kim qalır? – Əlbəttə, İran.
Prezidentin mövqeyi bu qədər aydın olduğu halda, Allahşükür Paşazadənin Xamenei məddahlığı etməsi ağıllara bu sualı gətirir: Cənab şeyx, siz bir zamanlar, İslamın şeyxi (Şeyxülislam ərəbcə “İslamın şeyxi” deməkdir) olduğunuzu unudaraq, “mən Heydər Əliyevin şeyxiyəm”, - demişdiniz. Əslində hər kəsin bildiyi həqiqəti etiraf etmişdiniz. İndi isə mərhum Heydər Əliyevin yerində onun siyasi və genetik varisi İlham Əliyev əyləşib. Siz isə nədənsə onun dediyini yox, İran dini lideri Xameneinin mövqeyini müdafiə edirsiniz. Əcəba, səfmi dəyişibsiniz, yoxsa bizim bilmədiyimiz başqa mətləblər var? Ümumiyyətlə, siz kimin şeyxisiniz, cənab Şeyx – Azərbaycanın və Qafqaz müsəlmanlarının, yoxsa İranın?
Heydər Oğuz,
Ovqat.com
P.S. Cənab şeyx, işdir, şayət mənim dediklərimlə razılaşmadığınız hansısa bir məqam varsa, bəndənizi məhkəməyə verə bilərsiniz. Mən dövlətçi bir adamam və boynum Azərbaycan qanunları qarşısında qıldan incədir. Buna baxmayaraq, məhkəməyə verilmək durumu ortaya çıxarsa, mən də sizin kim olduğunuzu daha dolğun şəkildə araşdırıb qarşınıza qoymaq fürsəti qazana bilərəm. Məhkəmə qəbul etməsə də, ümid edirəm ki, siz vicdanən bəndənizə haqq verəcəksiniz. Baxmayaraq ki, hələ bir neçə il əvvəl 30 ildir çalışıb vicdanın nə olduğunu anlaya bilmədiyinizi etiraf etmisiniz. Amma bu qədər də bu nəsnədən yoxsul olduğunuza inanmaq istəmirəm.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar