Xəbər lenti

Mürvət Həsənli

İslamın ən böyük cəngavərlərindən olan Həzrət Həmzənin məşhur bir fikri var: “Allah məni gözümün görmədiyi düşmənlərdən qorusun. Gözümün gördüyü düşmənlərimlə özüm də bacararam”.

Sözsüz ki, bu fikirlər təkcə özünəinamdan irəli gəlmir, həm də hansı düşmənin daha qorxunc olduğunu ifadə edir. Doğrudan da Həzrət Həmzə Uhud savaşında gözünün görmədiyi uzaq məsafədən atılan nizə ilə şəhadətə qovuşdu və bu, İslamın ilk çağlarında dinimizin ən böyük itkilərindən sayılır.

Dövlətlər də insanlar kimidir. Onun da gözlə görünən və görünməyən düşmənləri var. Xarici düşmənlər - dövlətin görünən düşmənləridir. Azərbaycan 44 günlük savaşda xarici düşmənlərə qarşı necə böyük igidliklə, fədakarlıqla döyüşə bildiyini sübuta yetirdi. Dövlətlərin gözlə görünməyən düşmənləri isə adətən onun daxilində gizlənirlər. Əsasən xarici dövlətlərə bağlı olan və onların “5-ci kolonu” kimi fəaliyyət göstərən bu düşmənləri müəyyənləşdirmək, zərərsizləşdirmək isə qüdrətindən, təcrübəsindən asılı olmayaraq, bütün ölkələrin, onun liderlərin mübarizə aparmağa çətinlik çəkdiyi qüvvələrdir. Çünki dövlət aparatının vacib strukturlarını öz əlində saxlayan “5-ci kolon”un mənsublarını zərərsizləşdirməlk ölkədə ciddi problemlərə gətirib çıxara bilər. Onların əllərindəki mexanizmi işə salaraq sabotajlar, müxtəlif təxribatlar törətmək imkanı var və “5-ci kolon”la mübarizə ciddi diqqətlilik, təmkin, incə hesablanmış siyasətlər tələb edir. 2016-ci ilin 15 iyul tarixində Türkiyədə FETÖ qruplaşmasının həyata keçirmək istədiyi dövlət çevrilişi bunun ən bariz örnəklərindəndir. Türkiyə xalqı böyük əzmkarlıq və cəsarətlə həmin hərbi qiyamın qarşısını aldı və o gündən indiyədək ölkədəki FETÖ qruplaşmalarına qarşı mübarizə dayanmadan davam edir. On illərlə Türkiyə dövlətinin canına hormuş bu ünsürlərə qarşı mübarizənin nə qədər çəkəcəyi isə bilinmir.

Azərbaycan da getdikcə böyüyən ölkə kimi “5-ci kolon”un təxribatlarından sığortalanmayıb. Uğurumuzu istəməyən, bizi özündən asılı vəziyyətdə saxlamaq istəyən xarici güc mərkəzləri, təbii ki, hər an böyük təxribatlar yaradaraq ölkəmizi ağır vəziyyətə sala bilərlər.

Əslində 30 ildən uzun müstəqillik tariximizdə Azərbaycanı daxilən çökdürməyə çalışan “5-ci kolon”a bağlı qüvvələrin təxribatçı fəaliyyətləri bir an belə dayanmayıb. Onlar təkcə rüşvətxor, korrupsioner xarakterləri ilə ölkədə sosial narazılığı artırmırlar. Həm də Azərbaycan xalqının boğazından kəsib mənimsədikləri sərvətlərimizi də xaricə daşıyıb öz varidatlarını böyüdürlər. Məmurdan çox, xarici dövlətlərin Azərbaycandakı xərac toplayanları kimi özünü aparan bu qüvvələrdən elələri var ki, utanmadan adlarını əlil, işsiz və s. yazdırıb dövlətin sosial yardıma möhtac vətəndaşlar üçün ayırdığı cüzi vəsaitə belə tamah salırlar. Dövlət büdcəsindən oğurladıqları vəsaitin bir qəpiyini belə, Azərbaycanda xərcləməməyə səy göstərirlər. Öz ölkəsinə qənim kəsilən bu insanların vətən xainlərindən fərqi yoxdur və hüquq mühafizə orqanları onları cəzalandırmaqla qalmamalı, xaricə çıxardıqları kapitalın ölkəyə qaytarılması uğrunda əlindən gələni əsirgəməməlidir. Məhz o pulların kredit şəklində həqiqi işgüzarlıq qabiliyyəti olan insanlara verilməsi hesabına Azərbaycan öz iqtisadiyyatını böyüdə, nəinki regionunun, həm də sayılıb seçilən ölkəsinə çevrilə bilər.

Təbii ki, “5-ci kolon”a və onun ünsürlərinə qarşı mübarizədə biz düşündüyümüz qədər də asan deyil. Mübarizəni çətinləşdirən başlıca səbəb bu daxili düşmənlərin xarici güc mərkəzləri tərəfindən dəstəklənməsidir. Xarici himayədarlarından dəstək alan bu qüvvələrin başlıca məqsədi isə Azərbaycanın iqtisadiyyatını ağır vəziyyətə salmaq, onu bağlı olduqları dövlətlərin himayəsinə sığındırmaqdır. Bu işdə post sovet məkanının bütün “5-ci kolon”ları hətta paslaşa, yardımlaşa, bir-birinin əlinə oynaya bilirlər. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev “5-ci kolon”a qarşı mübarizəni gücləndirən kimi, ermənilərin də ölkəmizə hücumları artır. Bu hücumların əsas hədəfi olaraq ölkə iqtisadiyyatı seçilir.

Necə ki, ölkə başçısının korrupsioner məmurlara qarşı mübarizəsinin kəskinləşdiyi dövrdə - ilk dəfə ötən ilin iyul ayının ilk yarısında Tovuz rayonunun müxtəlif mövqelərinə başlayan erməni hücumlarının da əsas hədəfi Azərbaycanın transmilli neft və qaz kəmərləri idi. Ölkə iqtisadiyyatının böyük qisminin asılı olduğu bu kəmərlərin sıradan çıxarılması ciddi fəlakətlərə yol aça, bəlkə də Azərbaycan defolta sürüklənə bilərdi. Məmləkətimiz bizi gözləyən bu acınacaqlı taledən Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi dühası sayəsində xilas oldu.

İyul döyüşlərindən 44 günlük savaşa qədər keçən bir neçə ay ərzində, elə II Qarabağ müharibəsi zamanı da cənab Prezidentin döyüşü hərbi meydanından əvvəl diplomatik sahəsində qazanmağa çalışdığını görə bilərik. İyul hücumlarında Prezidentin ilk kadr islahatı kimi keçmiş Xarici İşlər nazirini işdən uzaqlaşdırması bunun nəticəsi idi. Çünki müasir çağımızda diplomatik sahədə əldə edilməyən qələbənin döyüş meydanında arzulanan uğura gətirib çıxarmadığı bəllidir. Hətta ABŞ kimi dünyanın ən qüdrətli ölkəsi belə Əfqanıstanda 20 il apardığı müharibədə “Taliban” kimi qeyri-nizami hərbi qüvvələrə məğlub oldu. Nədən ki, bu qələbə diplomatik sahədə qazanılmamışdı.

Ali Baş Komandanın 44 günlük savaşda və ondan əvvəl ilk növbədə beynəlxalq arenada necə bir savaş verdiyini bütün dünya, o cümlədən Azərbaycan xalqı ən incə nöqtələrinə qədər gördü. Məhz bu üstünlükdən sonra Ordumuzun ayyarımlıq fədakarlığı nəticəsində 30 ildən bəri torpaqlarımızda möhkəmlənən düşmən qüvvələrini kənara ata bildik.

Bununla belə, Azərbaycanın öz dövlətinin qorunması uğrunda mübarizəsi birməyib. Qarabağdan gələn xəbərlər ermənilərin yeni döyüşlərə hazırlaşdığını göstərir. Halbuki, rəsmi Bakı onlara savaş əvəzinə iqtisadi əməkdaşlıq, beynəlxalq layihələrdə iştirak, sülh yolu ilə problemləri yoluna qoymaq təklifləri təqdim edir. Düşmənlərimiz isə deyəsən, xarici havadarlarına güvənərək zordan başqa dildə anlamadıqlarını göstərirlər. Bu da Ordumuzu yenə əməliyyatlara başlamağa vadar edə bilər.Azərbaycan bu döyüşə hazırlaşmalı, ilk işə isə daxilimizdə qınına çəkilən “5-ci kolon”u təmizləməkdən başlamıdır. O səbəbdən ki, xarici güc mərkəzlərinə bağlı olan bu qüvvələrin bizə arxadan zərbə endirmək ehtimalları istisna edilmir.



Ana səhifəyə qayıt        Baxış: 4 508          Tarix: 24-08-2021, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma