Xəbər lenti
Bu gün, 19:58
Bu gün, 17:30
Bu gün, 16:18
Bu gün, 15:45
Bu gün, 13:36
Bu gün, 09:49
Dünən, 22:50
Dünən, 22:12
Dünən, 17:14
Dünən, 16:16
Dünən, 15:51
Dünən, 14:32
Dünən, 13:40
“Paytaxt Beyrutda şiələrə atəş açanlar Livan Xristian Qüvvələri Koalisiyasının üzvləridir və bu hadisə ABŞ tərəfindən həyata keçirilən və bəzi ərəb ölkələri tərəfindən dəstəklənən bir planın tərkib hissəsidir”.
Ovqat.com-un məlumatına görə, bu sözləri Livan Hizbullah partiyasının İcra Şurasının sədri Haşim Səfiyuddin 2 gün öncə Beyrutun Təyyunə bölgəsindəkı Ədliyyə Sarayı qarşısında etiraz aksiyası keçirərkən qətlə yetirilənin dəfn mərasimində söyləyib.
Hücumun əsas səbəbinin ölkəni vətəndaş müharibəsinə sürükləmək olduğunu bildirən Səfiyuddinin fikrincə, "bu gün Livan Xristian Qüvvələri Koalisiyasının ölkədə yenidən vətəndaş müharibəsi başlatmaq üçün səbəb axtardığını söyləmək mübaliğə deyil”.
Məlumata görə,Təyyunə hücumunda həyatını itirənlərdən 4-nün dəfn mərasimi sonra minlərlə insanın iştirakı ilə keçirilib. Mərasimdə iştirak edən Hizbullahçılar əllərindəki ağır silahlarla Beyrut şəhərinin mərkəzində havaya atəş açıblar. Bununla da vətəndaş müharibəsinə hazır olduqlarını nümayiş etdiriblər.
Xatırladaq ki, oktyabrın 14-də Livanın 2 şiə təşkilatı Hizbullah və Amal Hərəkatının tərəfdarları Beyrut Ədliyyə Sarayı qarşısında etiraz aksiyası keçirərək, keçən il Beyrut Limanında baş verən partlayışı işinin məhkəməsini aparan xristian hakim Tariq əl-Bitarın yerinə başqasının təyin olunmasını tələb edirdilər. Onların fikrincə, hakim xristian olduğundan məhkəmə işinə düzgün baxa bilməz.
Müşahidəçilərin fikrincə, Hizbullah və Amal hərəkatının bu narahatlığı səbəbsiz deyil. İddialara görə, Beyrut limanındakı partlayış Hizbullahın gizli silah istehsalında yol verdiyi texniki səhv üzündən baş verib, bu səbəbdən də təşkilat əsl həqiqətlərin üzə çıxmasını istəmir və məlum aksiya ilə hakimi dəyişdirərək özlərinə yaxın birini onun yerinə təyin etdirməyə çalışırdılar. Etiraz aksiyasının keçirildiyi sırada yaxınlıqdakı binalardan iştirakçılara əvvəl snayper atəşi açılmış, daha sonra peyda olan bəzi şəxslər hizbullahçıları avtomat atəşinə tutmuşdu. Nəticədə 7 nəfər ölmüş, 31 nəfər yaralanmışdı.
Hücum Beyrutun Təyyunə bölgəsində baş verərkən, hadisələr xristianların yaşadığı Ayn Ər-Rumana ilə şiələrin yaşadığı Əş-Şiyah məhəllələrinin kəsişməsinə sıçramış və təxminən 5 saat davam etmişdi. Hizbullah və Amal Hərəkatı, tərəfdarlarına atəş açanların Livan Xristian Qüvvələri Partiyasına bağlı silahlıların olduğuna inanırlar.
Təşkilatlarının nümayəndələrinin dünən Beyrutun mərkəzində havaya atəş açmaları Livan xristianlarına meydan oxumaqdır və bu da qarşı tərəfin cavabını şərtləndirə bilər. Vətəndaş müharibəsi çıxacağı təqdirdə Livan sünnülərinin də xristianları dəstəkləmək ehtimalı var və Hizbullahın aparıcı şəxslərindən sayılan Haşim Səfiyuddinin dünənki çıxışında ABŞ-la yanaşı bəzi ərəb ölkələrini də günahlandırması bu ehtimaldan qaynaqlanır.
Qeyd edək ki, 6 milyon əhalisi olan Livanın əslində mono-etnik bir kimliyə malikdir. Əhalinin 93%-ni ərəblər təşkil edir. Bundan əlavə, ölkədə ermənilər (5%) və dürzilər də yaşayır. Dürzilər əsasən şiə sayılırlar, amma onların bəziləri İsrailin təsiri altındadırlar. Ermənilərin isə xristian olduqlarından çıxacağı gözlənilən vətəndaş müharibəsində Tehranın “minillik qardaş” strategiyasını alt-üst edib öz dindaşlarına dəstəkləyəcəkləri gözlənilir.
Mono-etnik xarakterinə baxmayaraq, Livanın olduqca mürəkkəb dini-məzhəbi kimliyi vətəndaş müharibəsinə zəmin hazırlayan əsas amildir. Belə ki, əhalinin 40%-ni xristian, 54%-ni isə müsəlmanlar təşkil edir. Müsəlmanların yarıya qədəri şiələrdir. Sünnilər də az deyil. Bəzi məlumatlara görə, sünnilərin sayı ölkə əhalisinin 30%-nə bərabərdir. Əhalinin 54%-nin müsəlman olduğunu nəzərə alsaq, bu nəticə ortaya çıxır: Livan müsəlmanlarının 30% sünnü, 24% şiədir.
Son zamanlar Suriyada baş verən müharibə səbəbilə ölkəyə köç edənlərin sayəsində şiələrin sayında artım müşahidə olunur. Xristianlar isə Avropa ölkələrinə köç etdiklərindən bu nisbət əsasən onların zərərinə dəyişilir. Əslində xristianların xüsusilə şiələrə nifrət etməsinin başlıca səbəblərindən biri, böyük ehtimalla, ölkənin demoqrafik xarakterinin qarşı tərəfin xeyrinə dəyişilməsi ilə bağlıdır. Çünki bu demoqrafik dəyişikliklərin yaxın gələcəkdə ənənəvi hakimiyyət bölgüsü prinsiplərinin də yenidən gözdən keçirilməsini şərtləndirə bilər. Qeyd edək ki, 1975-1990-cı illərdə baş verən I Vətəndaş Müharibəsi də məhz bu təhlükə üzündən çıxmışdı. Həmin vaxt Fələstindən Livana köçən sünni ərəblər demoqrafik dəyişikliklərə səbəb olmuşdu. Məlumata görə, həmin vaxt fələstinli qaçqınlar Livan əhalisinin 30%-nə bərabər idi. Bu da həm xristianları, həm də şiələri qorxudurdu. Nəticədə bu qorxular vətəndaş müharibəsinə yol açdı. İndi eyni proses şiələrin artımında özünü göstərir.
Sual oluna bilər: Livanlılar, xüsusilə xristian olan maronit ərəbləri demoqrafik dəyişikliklərə niyə belə həssas yanaşırlar?
Zənnimizcə, bunun səbəbi Livan hakimiyyətinin siyasi xarakteri ilə birbaşa əlaqəlidir. Məlumdur ki, Livanda hakimiyyət bölgüsü klassik qüvvələr ayrılığı prinsipinə görə yox, əhalinin say nisbətinə görə müəyyənləşdirilib. Xarici güc mərkəzlərinin Livanda tətbiq etdikləri, daha sonra isə İraqda da təcrübədən keçirdikləri bu ənənə ölkəni istədikləri zaman dini və məzhəbi əsasda vətəndaş müharibələrinə sürükləmək, milli bütövlüyün qarşısını almaq üçün düşünülüb. Belə ki, Livan qanunvericiliyinə əsasən, ölkənin prezidenti mütləq xristian, baş naziri sünni, parlament sədri isə şiələr arasından seçilməlidir. Sözsüz ki, hakimiyyətdəki təmsilçiliyin ən böyük payının - prezidentliyin xristianlara verilməsinin səbəbi onların sayca digərlərindən çox olmasından (40%) qaynaqlanır. Şiələr isə 24%-lik əhalisi ilə hakimiyyət piroqunun ən xırda dilimi – parlament sədri ilə kifayətləniblər. Say nisbətinin onların xeyrinə dəyişməsi istər-istəməz yeni iddialara düşməsinə yol aça bilər. Görünür, Livan xristianları bu perspektivi status-kvonun dəyişilməsinə səbəb olacağından çəkindiklərindən təhlükəni beşikdə boğmaqda maraqlıdırlar. Eyni təhlükənin sünnülər üçün də keçərli olduğunu nəzərə alsaq, Livanda hazırlanan İkinci Vətəndaş Müharibəsində kimin hansı tərəfdə dayanacağını indidən təxmin etmək olar.
Təbii ki, Livanın növbəti vətəndaş müharibəsinə sürüklənməsi İsrailin də maraqlarına cavab verir. Nədən ki, Suriya müharibəsinə qatılan Hizbullah çox ciddi hərbi qənimətlər əldə edib öz qüdrətini xeyli artırıb. Hətta İsrail hərbi ekspertləri də Hizbullahın bu ölkə üçün hər zamankından daha ciddi təhlükə mənbəyinə çevrildiyini etiraf edirlər. İsrail parlamentinin (Knesset) Təhlükəsizlik və Xarici əlaqələr Komissiyasının sabiq rəhbəri Avi Diçterin 2017-ci dilə gətirdiyi aşağıdakı fikirlər də Tel-əvivin əndişəsini açıq şəkildə göstərir:
“Hizbullah artıq kiçik qrup deyil, hərbi hissə və batalyonlara sahib, hava və artilleriya imkanları əldə edən silahlı qüvvədir. Yüksək həssaslıq gücünə malik silahları geniş şəkildə istifadə etməyi bacarır, Suriya, Rusiya və İran ordusuyla əməkdaşlıqlar qurur”.
Avi Diçter həmçinin qeyd etmişdi ki, Suriya, Rusiya, İranın Hizbullahla ortaq mənfəətləri var və bu çox “narahatedici” faktordur: “Çünki bütün bu hadisələr İsrailə çox yaxın bölgədə meydana gəlməkdədir. Bu görə də İsrail və ona bağlı təhlükəsizlik təşkilatları həm rutin, həm də fövqəladə bütün hallara hazır olmalıdır”.
Avi Diçterin hələ 4 il bundan əvvəl söylədiyi bu fikirlər İsrail kəşfiyyat orqanlarının və dövlətinin Hizbullah-İran təhlükəsinə qarşı tədbirlər proqramı hazırlamasını və həyata keçirməsini şərtləndirirdi. Görünən budur ki, həyata keçirilən təhlükəsizlik proqramı bir neçə istiqamətdə yürüdülür. Bunlardan biri Rusiyanı İran və Hizbullahla müttəfiqlikdən uzaqlaşdırmaq, digərləri isə İranı qonşuları ilə əhatəyə almaq və Livanda vətəndaş müharibəsi çıxarmaqla Hizbullahı zəiflətmək. Son illər İran və Livan ətrafında baş verənlərə bu kontekstdən nəzərdə salanda hadisələrin əsl mahiyyətini anlamaq mümkündür.
İsrail xüsusi kəşfiyyatının adamı olduğu şübhə doğurmayan Avi Ditçerin məlum çıxışından dərhal sonra xarici basqılar səbəbilə Hizbullah Livanın Suriya sərhədlərindən çəkilmək məcburiyyətində qaldı. Həsən Nəsrullah şəxsən bunu bəyan edərək geri çəkilmələrinin səbəbini bu cür əsaslandırdı: “Livanın Suriya sərhədində artıq Hizbullaha ehtiyac qalmadı, əsgərlərimizin hamısını geri çəkməyə başlayır və bölgənin təhlükəsizliyini Livan dövlətinə buraxırıq”.
Fikrimizcə, Hizbullahın bu addımının əsas səbəbi ABŞ və Səudiyyə Ərəbistanının Livan ordusuna milyardlarla dollarlıq hərbi yardımları ilə bağlı idi. Belə ki, 2017-ci il mayın ayında ABŞ tərəfindən Livana 800 ağır hərbi texnika və 320 müxtəlif növ silah verilmişdi. Silahların təhvil verilməsi mərasimində danışan ABŞ-ın Livandakı səfiri Elizabet Riçard bu silahların Suriya sərhədində ölkənin təhlükəsizliyini təmin etmək məqsədi və şərtiylə verildiyini bildirmiş, ölkənin müdafiə gücünün tək təmsilçisinin Livan ordusu olduğunu vurğulamışdı.
Hizbullah və İranın aldığı bu ilk zərbədən az sonra ikinci zərbə Rusiya prezidentindən gəldi. 2017-cu ilin sonlarında Putin anidən İsraildə peyda oldu. İsraildən geri qayıdarkən Suriyadakı rus hərbi bazası Xmeymimdə Bəşər Əsədlə qapalı görüş keçirdi. Görüşdən az sonra Suriyadakı vəziyyət İranın əleyhinə dəyişdi. Belə ki, İsraildən qalxan təyyarələr asanlıqla Suriya hava məkanına girib İrana bağlı hərbi hissələri yerlə yeksan etməyə başladılar. Suriya hava sahəsinə nəzarət funksiyasını öz boynuna götürən Rusiyanın hava hücumlarından müdafiə sistemləri isə bu əməliyyat sırasında adətən “nasazlıqlar yaşadı”. Beləcə, İran Suriyanın mərkəzindən İraq sərhədlərinə qədər geri çəkildi.
2018-ci ildə ABŞ prezidenti Trampın qərarı ilə İran indiyə qədərki ən ağır sanksiyalara məruz qaldı. Üzərindən bir müddət keçəndən sonra İraqda İrana qarşı xalq etirazları başladı. Aylarla davam edən xalq etirazları səngiməmiş 2020-ci ilin ilk günlərində İranın xarici əməliyyatlardan məsul generalı Qasım Süleymani Bağdadda sui-qəsdə uğradı. Daha sonra koronavirus epidemiyası bu ölkəni qasıb-qovurdu. Bu ildən başlayaraq isə, İranın bir çox xarici partnyorları da ondan üz döndərməyə başladı. Nəticədə İran tam mühasirə altına düşdü və s.
Nə yazıq ki, Tehranın bəzi düşünülməmiş siyasəti də İsrailin bu planına xidmət edir. Buna ən bariz örnək kimi, İranın Azərbaycanla bağlı siyasətini göstərə bilərik. İran ətrafında baş verən hadisələrdən nəticə çıxarmadan ölkəmizin haqq işinə müdaxilə edir və açıq şəkildə ermənilərin tərəfini tutur. Tehranın strateji səhvi Azərbaycanla da onun arasında nəqliyyat əlaqələrinin tamamilə bağlanmasına gətirib çıxaracaq və İranın hər tərəfdən blokadaya alınması mərhələsi tamamlanacaq.
Üstəlik, Azərbaycan əleyhinə verdiyi bəyanatlar İranın daxilində də ciddi narazılıqlar yaradır və mövcud rejimin əleydarlarını artırır. Bu isə İran üçün əhatəyə alınma siyasətinin öz sərhədlərindən içəriyə sıçraması mənasına gəlir. Molla rejimi isə deyəsən, əsl təhlükənin fərqində deyil və hələ də öz yanlış siyasətini sürdürür.
Bütün bu hadisələrin fonunda Livanda baş verənlərə nəzər salanda həmin ölkədə çıxarılmağa çalışılan vətəndaş müharibəsinin əsl səbəbi aydınlaşır. Tel-əviv İranla gözlənilən döyüşlər zamanı onun İsrailə ən yaxın qalasını zərərsizləşdirmək istəyir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar