Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü keçirildi. Bu görüş Bakı və Tehran arasında son dövrlərdə müşahidə olunan soyuq müharibənin geridə qaldığını göstərir.
Azərbaycan və İran arasında birdəfəlik həll edilməsi mümkün görünməyən problemlər mövcuddur. Bu səbəbdən, tərəflərin biri-birinə qarşı dəyişməz “şübhəli” mövqeləri var. Ancaq, bütün fərqliliklərə baxmayaraq iki tərəfin də qazanclı çıxacağı iqtisadi və ticari kombinasiyalara imkan yaratmaq daha doğru yoldur. Qarşılıqlı iqtisadi və ticari asılılıqlar tərəflər arasında bir çox mübahisəli məsələlərin daha “münasib” və “sakit” tərzdə davam etdirilməsini şərtləndirir.
Əslində dünənki görüşü münasibətlərin yeni mərhələsindən daha çox əvvəlki periodun bərpası kimi dəyərləndirmək olar. Xatırlayırsınızsa, Azərbaycan prezidenti bir çıxışında Ruhani dövründə İranla daha yaxşı yola getdiyimizə diqqət çəkərək, Rəisi hökumətinin aqressiv mövqeyini üstüörtülü tənqid etmişdi. Həqiqətən də bəzi xırda gərginlikləri bir kənara qoysaq, Ruhani hökumətinin “fərqliliklərə rəğmən qonşularla yaxşı münasibətlər” doktrinasının xüsusilə Azərbaycan-İran əlaqələri çərçivəsində xeyli effektiv olduğunu qeyd etmək lazımdır. Ona görə də son dövrlərdə baş verənlərin geniş mənzərəsini Rəisi komandasının Bakı ilə münasibətlərdə fərqli və daha aqressiv siyasi tərzinin uğursuz sınağından sonra “Ruhani xətti”nə qayıtması kimi adlandıra bilərik. Ancaq onu da qeyd etmək lazımdır ki, Tehranın yeni hökuməti həmin aqressiv sınaq dövründə ikitərəfli münasibətlərdə inamsız və skeptik mühiti daha da dərinləşdirirdi. Dünən İran Prezidenti İbrahim Rəisinin fikrindən isə belə çıxırdı ki, Tehran da bir sıra mədəni-tarixi tellərlə bir-birinə bağlanan Azərbaycan-İran münasibətlərinin yaxınlaşdırlmasına beynəlxalq təzyiqlərlə üzləşdiyi indiki məqamda əldən qaçırılmaz fürsət kimi baxır:
“Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarixi və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər”.
İbrahim Rəisinin “başqaları” deyərkən kimi nəzərdə tutduğu aydındır. 44 günlük Vətən savaşı ərəfəsində və sonrasında dəfələrlə Azərbaycanı İrana qarşı İsraillə əməkdaşlıqda günahlandıran rəsmi Tehran iddialarını təsdiqləyə biləcək heç bir əsaslı dəlil ortaya qoya bilməmişdi. Halbuki, Tehranın Azərbaycan xalqına və dövlətinə qarşı Ermənistanı açıq-aşkar dəstəkləməsi ortada idi, bunu heç gizlətmirdi də. Bəlkə də Cənab Rəisi bu sözləri deməklə həm də Azərbaycanlı həmkarının diqqətinə İranın Ermənistanla münasibətlərini yenidən gözdən keçirəcəyini çatdırırdı.
İlk baxışdan bir çoxlarına inandırıcı gəlməyən bu iddia bir müddət əvvəl İranın atdığı bəzi addımlarla təsdiqlənir. Məlum olduğu kimi, Azərbaycanın bütün tələblərini qulaq ardına vuran Tehran rəsmi Bakının Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurmasından sonra nümayiş etdirdiyi hədə-qorxuların işə yaramadığını görüb sakitləşdi. Barışıq xətti tutmaq üçün ilk növbədə Qarabağa Azərbaycanın izni olmadan göndərdiyi yük maşınlarını dayandırdı. Ardınca isə Ermənistanın çəkdiyi dolanbaclı alternativ yollardan istifadə etməyə qərar verdi. Sözsüz ki, bu alternativ yol böyük həcmli tranzitlər üçün rantabelli və təhlükəsiz olmadığından cənub qonşumuz üçün Qərbə açılan qapı rolunu da oynaya bilməz. İran üçün ən uyğun variant Şimal-Cənub marşrturu xəttində Azərbaycan, şərq-qərb marşrutunda isə Türkiyə qapısını seçməkdir.
Təsadüfi deyil ki, bu xüsus Rəisinin həm Azərbaycan, həm də Türkiyə prezidentləri ilə görüşündə də müzakirə mövzusuna çevrilmişdi. Azərbaycan Prezidentinin rəsmi saytının yaydığı məlumata görə, iki dövlət başçısının görüşündə Azərbaycan ilə İran arasında Şimal-Cənub, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanmışdır.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın İƏT-in Türkmənistanda keçirilən son sammitində səsləndirdiyi fikirlərdə isə bu məsələ daha qabarlq şəkildə özünü büruzə verirdi: “Regionumuzda nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun canlandırılması istiqamətində səylərimiz ardı-arası kəsilmədən davam edir. Xəzərin Şərq-Qərb keçid mərkəzi dəhlizi təşəbbüsü və Türkiyənin rəhbərlik etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti dövlətimizin ən konkret təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa yol əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır. Eyni şəkildə Asiya ilə Avropanı birləşdirən Marmaray, Yavuz Sultan Səlim körpüsü, Avrasiya boru keçidi, İstanbul Hava Limanı, Mərmərə şossesi, İstanbul-İzmir şosesi tamamlayıcı layihələrimiz arasındadır. Yenə Qərb-Şərq kommunikasiya əlaqələrinə töhfə verəcək Filyos Limanı, 1915 Çanaqqala Körpüsü və Çandarlı Limanı layihələri üzərində işlərimizi davam etdiririk. İslamabad-Tehran-İstanbul avtomobil yolunun fəaliyyətə başlaması və eyni marşrut üzrə dəmir yolu xəttinin canlandırılmasını məmnuniyyətlə qarşılayırıq."
R.T.Ərdoğanın bu fikirlərindən də aydın görünür ki, Türkiyə “Bir Kəmər, Bir Yol” layihəsinin iki mümkün variantı üzərində dayanır. Bunlardan biri adına “Orta dəhliz” deyilən Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Zəngəzur dəhlizi və Gürcüstan-Türkiyə, digəri Cənub Dəhlizi adlanan Pakistan-Oman körfəzi-İran-Türkiyə xəttidir.
Qeyd edək ki, İran bu zamanadək Azərbaycanı və Türkiyəni kənarda qoyaraq, Hindistandan gələn məhsulları Ermənistan-Gürcüstan-Qara dəniz vasitəsilə həm Şimala, həm də Qərbə daşımaq istəyirdi. Tehranın üzərində durduğu bu marşrut ABŞ tərəfindən Çinə qarşı Hindistanı dəstəkləmək projesinə uyğun hazırlanmışdı. Dolayısıyla Pakistanı, Çini, yeri gələndə Rusiyanı da qane etmirdi. Üstəlik, İranın planlaşdırdığı Cənub-Şimal marşrutunun güzərgahı Gürcüstandan keçərək Rusiyaya getməyi nəzərdə tuturdu ki, əslində Tbilisi də bundan çox məmnun deyildi. Rusiya ilə aralarında yaşanan problemlər Tbilsinin bu xətti dəstəkləməsini əngəlləyirdi. Ən əsası isə sözgedən marşrutu işə salmaq üçün ilin soyuq aylarında bağlanan Lars yolu üzərində xeyli körpülər və tunellər də tikilməlidir. Halbuki, İrandan Azərbaycan vasitəsilə Rusiyaya çıxış üçün daha uyğun və təhlükəsiz marşrut var. Üstəlik, bu marşrut üzərindən hazırda fəaliyyətdə olan dəmir yolu da keçir. Bütün bunlar İranı Çinə qarşı Hindistan üzərindən qurulması düşünülən Fars körfəzi-Qara dəniz marşrutundan vaz keçirmək üçün əsaslı səbəblərdir və region dövlətlər ona “şiə hilalı” strategiyasından vaz keçib qonşularla sülhpərvər əməkdaşlıq naminə böyük lüftkarlıq nümunəsi kimi təqdim olunur. Zənnimizcə, İƏT-nın Aşqabad sammitinin əsas məqsədi də bu idi: İranı Hindistan-ABŞ müstəvisindən ayırıb Çin-Pakistan-Rusiya-Türkiyə xəttinə qoşmaq. İran prezidentinin qonşularla əməkdaşlıq cizgisinə qayıtmaqda maraqlı olduqlarına dair müsbət mesajlar verməsi də bu niyyətin baş tuta biləcəyinin müjdəçisi sayıla bilər.
Prinsipcə, İranın da keçmiş xülyalarından ayrılıb regional əməkdaşlığa üstünlük verməsi də artıq qaçılmaz hala gəlmişdi. Məlum olduğu kimi, ABŞ 2001-ci ildə Əfqanıstanı, 2003-cü ildə isə İraqı işğal edəndə ona ən ciddi dəstəyi İran vermişdi. ABŞ-ın işğalından faydalanıb hər iki düşmənini yox edəcəyini və yaranmış yeni situasiyada Yaxın Şərqin aparıcı söz sahiblərindən birinə çevriləcəyini düşünən İran regional qüvvələrin dirənişi ilə qarşılaşdı, gəlinən indiki nöqtədə keçmiş müttəfiqinin tərk etdiyi Əfqanıstanda Taliban və Pakistanla təkbaşına dayandı. Ən pisi isə odur ki, Tramp hakimiyyətə gəldikdən sonra Yaxın Şərqdə ABŞ-ın siyasəti büs-bütün dəyişdi. 2020-ci illərin əvvəlində İranın əfsanəvi generalı Qasım Qüleymaniyə İraqda sui-qəsd düzənləyən Pentaqon onu aradan qaldırmaqla Tehranla gizli müttəfiqliyə son qoyduğunu olduqca kobud şəkildə tərəf-müqabilinin diqqətinə çatdırdı. Bundan əvvəl isə ABŞ nüvə sazişindən çəkilərək İrana qarşı ən ağır sanksiyalara start vermişdi. Hazırda İran keçmiş gizli müttəfiqinin ən ciddi təhdidi altındadır. Nüvə razılığına gəlməsə onu daha ağır sanskiyalar və bəlkə də hərbi müdaxiələr gözləyir. İranı bu təhlükədən yalnız regional əməkdaşlıqlar xilas edə bilər.
Digər tərəfdən, İranın Fars körfəzi-Qara dəniz marşrutu üzərindəki digər müttəfiqləri də ABŞ-ın “Demokratiya sammiti” kimi tanınan “yeni dostları” siyahısında olduğu halda, eyni səadət Tehranın üzünə gülmədi. Dolayısıyla İran özü istəməsə belə, əks qütbə yuvarlandı. Üstəlik, bu, İranın gizli müttəfiqinin xəyanətinə uğradığı ilk hadisə də deyildi. Böyük ümidlə Qərbə yönələn Ruhani hakimiyyəti ABŞ tərəfindən aldadılaraq yarı yolda buraxılmış, nəticədə İran öz xarici siyasət dəsti-xəttini dəyişdirmək məcburiyyətində qalmışdır. Əslində Ruhaninin yerinə İbrahim Rəisinin gətirilməsi də İranın tərk edilərək başqa düşərgəyə atılmasının məntiqi nəticəsi idi.
İƏT-nın son sammitində Azərbaycan və İran prezidentlərinin qaz müqaviləsi imzalaması da iki dövlət arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi baxımından müsbət ümidlər doğurur. İlk baxışdan Transxəzər neft kəməri layihəsinin əleyhinə imzalanan bu saziş gələcəkdə İranın Xəzər dənizindəki qazının da TAP-TANAP layihəsi çərçivəsində Qərbə daşınmasının ilkin addımı ola bilər. Sirr deyil ki, ABŞ-ın sanksiyalarına məruz qalan İran öz enerji qaynaqlarını nəinki ixrac edə bilmir, hətta özünün ehtiyaclarını ödəyəcək qədər qaz çıxarmaq imkanından məhrumdur. İran yetkililərinin bildirdiyinə görə, bu ölkə öz ehtiyaclarını ödəmək üçün qaz ixrac etmək barədə düşünür. Halbuki Yaxın Şərqin ən böyük qaz ehtiyatlarına sahib ölkəsi olan İran dünyanın 2-ci qaz zənginidir. 2019-cu ilin statistik məlumatlarına görə, İran dünya qaz rezervlərinin 16.48%-ni öz əlində cəmləşdirir. Bununla belə, öz ehtiyatlarını istismar etmək üçün ona 10 milyardlarla dollar lazımdır ki, bu da İranda yoxdur. Bu qədər çətin durumda qalan İran ya xarici qaynaqlar tapmalı, ya da mövcud kəmərlər vasitəsilə qaz ixrac edərək vəziyyətdən çıxmağa çalışmalıdır. Di gəl ki, hər iki ehtimal İranın indiki siyasəti ilə düz-mütənasib deyil və ölkə ümidini qonşudakı neft zəngini ölkələrə bağlamalıdır. Bu isə, təbii ki, radikal şiəçilik ideologiyasından imtina etməklə mümkündür. Əks halda nə körfəz ölkələri onun neft və qaz yataqlarına vəsait yatırar, nə Pakistan və Əfqanıstan İranın Şərqə öz təbii sərvətlərini satmasna imkan yaradar, nə də Türkiyə onun ərazisindən keçərək Qərbə qaz nəql etməsinə razılıq verər.
Bu mənada dünən Azərbaycan-İran-Türkmənistan arasında qaz ticarəti ilə bağlı imzalanan müqavilə rəsmi Bakının son zamanlar yürütdüyü üçtərəfli əməkdaşlıq əlaqələrində yeni mərhələnin başlanğıcı da ola bilər. Məlum olduğu kimi, Azərbaycanın diplomatik xəttinin onurğa sütununu məhz bu cür üçtərəfli kombinasiyalar təşkil edir. Sirr deyil ki, Bakının özünü ən etibarlı tərəfdaş kimi göstərməyə çalışdığı və partnyorlarını da ən önəmli gördüyü kombinasiyalar məhz üçtərəfli olanlardır. Son zamanlar belə üçtərəfli müttəfiqliyi Azərbaycan-Türkiyə-Pakistan birliyində gördük və bu ittifaq ölkəmizə 44 günlük Vətən müharibəsini qazandırdı. Ardınca həm rəsmi Bakı, həm də Ankara Zəngəzur dəhlizindən istifadə üçün 3+3 formatlı kommunikasiya əlaqələrinin qurulması təklifi ilə çıxış etdilər. Başqa ifadə ilə desək, 6 tərəfli əməkdaşlıq təklifi Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran platformalarında birgə fəaliyyət ideyası üzərində qurulmuşdu. Dünən isə yeni bir formatda növbəti üçtərəfli əməkdaşlığın ilk addımları atıldı. Azərbaycan-İran-Türkmənistan əməkdaşlığını nəzərdə tutan bu müqavilə Bakının Tehranla münasibətlərin həm bərpa edilməsinə, həm də yeni müstəvilərə doğru genişləməsinə tam hazır olduğunu göstərir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar