Xəbər lenti

 
Planetimizin fövqəldövlətlərindən Yaponiya ikinci dünya müharibəsindən bəri ən böyük demoqrafik böhranı yaşamaqdadır. 2020-ci ilə qədər dünyanın ən çox əhalisi olan 10 dövlətindən biri olan Gündoğar ölkədə kəskin demoqrafik mənzərə formalaşıb. 2011-ci ildən bu yana əhalisi mütəmadi olaraq azalan ölkənin təkcə il ərzində itirdiyi insan sayı artıq yarım milyona yaxınlaşıb. Təbii artım tempi bu sürətlə davam edərsə ölkə növbəti 40 ildə əhalisinin 30%-ni itirmə riskiylə üzləşməli olacaq. 
 
Dünyanın ən böyük üçüncü iqitisadiyyatında əhali sayının azalması elə bir kritik həddə çatıb ki, artıq bir sıra ucqar rayon və kəndlərdə istifadəsiz qalmış xeyli sayda məktəb, uşaq bağçaları, təsərrüfat sahələri, iaşə obyektləri və yaşayış evləri peyda olub. Yaponiyadakı boş evlərin sayı ölkədəki bütün evlərin 13,5%-lik hissəsini təşkil edir ki, vaxtilə qeyd edilən evlərdə ümumilikdə 8 milyondan çox sakin məskunlaşıb. Hətta, şagird azlığından 2002-2017-ci illər arası 7000-dən çox məktəb də birdəfəlik bağlanma məcburiyyətində qalıb. Üstəlik, ərazisinin 75%-i dağlardan, 68%-i də meşələrdən ibarət olan Yaponiyanın mürəkkəb coğrafi relyefi də urbanizasiya prosesini gücləndirərək kənd və qəsəbələrin boşalmasına şərait yaradır. Nəticədə, dinamik, proqressiv və rəngarəng meqapolislərə paralel olaraq, tərk edilmiş “ölü əyalətlər” meydana gəlir.
 
Yaponiyadakı demoqrafik problemin kökündə sürətlə inkişaf edən texnologiya, dəyişən sosial münasibətlər və zövqlər, artan iqtisadi tələbatlar, kariyerada yüksəlmə arzusu, gərgin və uzun iş qrafiki və s. kimi sosial-iqtisadi, etno-kultural və sosial-psixoloji amillər yatır. Əlbəttə ki, sadalanan faktorlar da ölkə üzrə doğum nisbətinin sürətlə azalmasına, ümumi strukturda yaşlıların sayının artmasına və dolayısıyla, kəskin demoqrafik vəziyyətin yaranmasına səbəb olur.



 
Əhalinin demoqrafik göstərı̇cı̇lərı̇nı̇n statı̇stı̇k tədqı̇qatının nəticəsinə əsasən, qocalma və azalma bu tendesiya ilə davam edəcəyi təqdirdə XXII əsrin əvvəlində ölkə əhalisinin ümumi sayı 40 milyona düşəcək. Uzunömürlülükdə dünya lideri olan Yaponiyada hal-hazırda ölkə üzrə yaşı 65-i keçmiş fərdlər cəmiyyətin 30%-ni (hər 4 yapondan biri olmaqla) təşkil edir və növbəti 40 ildə bu rəqəmin tədricən 40%-i keçəcəyi gözlənilir. Bu da Yaponiyanı dünyanın ən çox sayda yaşlı əhaliyə sahib ölkəsi olmasına səbəb olacaq. Mövcud reqressiv yaş strukturu əhali sayının ixtisarı təhlükəsini ilbəil daha da artırır. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda yaşı 65-dən yuxarı şəxslər ümumi əhalinin 7%-ni, Türkiyədə isə 9.5% təşkil edir. Uzun müddətdir demoqrafik problemlərinin cəngində boğuşan Avropa ölkələrində belə bu rəqəm heç 20%-i keçmir.
 
Bundan başqa, sosial münasibətlərin qurulması ilə bağlı Yaponiyanın özünəməxsus xüsusiyyətləri var ki, bunlardan ən önəmlisi cavanların bir qismi nəinki evlilikdən, hətta qarşı cinslə hər hansı formada münasibət qurmaqdan çəkinmələridir. Belə ki, Yaponiya Ailə Planlama Assosasiyasının demoqraflarının açıqlamalarına əsasən, 16-24 yaş arasındakı qadınların 45%-i cinsi münasibət qurmağa maraqlı olmadıqlarını qeyd ediblər. Yaponların “sekkusu şinai şokoqun” (セックスしない症候群) adlandırdıqları, hərfi mənası “subaylıq sindromu” (celibacy syndrom) olan tendensiya ölkə hüdudları içərisində geniş vüsət alıb. Daha çox cinsi istəksizlik ilə müşayiət olunan sözüngedən anlayış, əsasən 40 yaşdan aşağı fərdlərin nəinki evlililiyə, hətta cinsi əlaqəyə belə meyl etmədikləri mənasına gəlir. Son statiskalara görə, subay kişilərin 61%-i, qadınların isə 49%-i həyatları boyu qarşı cinslə heç bir münasibət qurmayıb. Texnologiyanın inkişafı ilə onlayn pornoqrafiya, holoqram personajlar, virtual sevgili və s. kimi rəqəmsal məhsulların geniş yayılması da şəxsi və cinsi müstəvidə münasibətlərə təsir edən vacib amillərdir.


 
Ümumölkə statiskasına əsasən, Yapon əhalisinin üçdə biri evlənməyin və uşaq sahibi olmağın əhəmiyyətsiz olmasını və ya mental olaraq hələ də hazır olmadıqlarını qeyd ediblər. Evlənənlərin sayının azalması birbaşa doğulanların sayına təsir etdiyindən, artıq Yaponiyada il ərzində ölənlərin sayı doğulanların sayını üstələmiş vəziyyətdədir. Gündoğan ölkədə ümumilikdə doğum nisbəti son statistikaya görə, reproduktiv yaşda olan hər bir qadına təxminən 1,4 uşaq kimi göstərilir ki, bu da ümumdünya göstəricilərindən geri qalır. Doğum sayının azalması təkcə Yaponiyaya xas bir tendensiya olmasa da, ölkə əhalisinin sayının əvəzetmə nisbətinin təhlükəli hədlərdə olması xroniki problemə çevrilib. Qeyd edək ki, 1970-ci ildən etibarən doğum nisbətində müşahidə edilən azalma indeksi ilə Yaponiya dünya üzrə ancaq Cənubi Koreyadan geri qalır. 
 
Bütün dünyada olduğu kimi Yaponiyada da iqtisadi problemlərin dərinləşməsi, inflyasiyanın artması və dolanışıq çətinliklərinə əlavə olaraq, təxminən son 2 il ərzində koronavirus pandemiyasının doğurduğu fəsadlar ailələrdə uşaq sahibi olması və ya uşaqların sayının artması meyllərinin xeyli azalmasına səbəb olub.
 
Əhalinin yaş strukturunda cavan təbəqənin kəskin azalması və yuxarı yaş kateqoriyalarının çəkisinin dayanmadan artması ölkənin əmək bazarında işçi qüvvəsinin defisitiylə nəticələnir. Yapon insanı dünyada hər nə qədər uzunömürlülüyü ilə tanınsa da, sayları və ömürləri sürətlə artan vətəndaşların pensiya və sağlamlıq xidmətləri ilə təmini son illərdə ürəkaçan vəziyyətdə olmayan Yapon iqtisadiyatına əlavə yük gətirir. Orta ömür müddətinin yüksək olmasına, uşaq və cavanların isə cəmiyyətdə xüsusi çəkisinin azalmasına görə əmək qabiliyyəti olan əhalinin 2050-ci ildə bütün əhalinin cəmi 62%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Yaş kontingentində baş verən dramatik dəyişiklik də öz növbəsində vergi sisteminə və büdcə gəlirinin formalaşmasına mənfi təsir göstərməkdədir.


 
Qərb ölkələrindən daha fərqli korporativ mədəniyyət və iş prinsiplərinə sahib yapon ağyaxalılar standart iş saatından əlavə, hər ay orta hesabla 80 saat artıq işləməli olurlar ki, bu da ağır iş rejiminin gətirdiyi stresdən dolayı ölüm hallarının (çox işləməkdən ölmək və ya “karosi” 過労死 termini ilə ifadə olunur və əsasən, ürək tutması, özünə qəsd və insult kimi ölüm hallarıyla müşahidə edilir) artmasına səbəb olur. Şəxsi həyatını korporativ həyatına qurban verən milyonlarla gənc, ailə qurmazdan öncə sabit gəlirli kariyera qurmağa məcbur olur. Bütün bunlar da yekunda evlilik məsələsinin geri plana atılması, yeni evlənənlərin isə uşaq sahibi olmamasıyla nəticələnir.
 
Fərdlərin evlənməsini təşviq etmək və təbii artım tempini müsbətə doğru dəyişməkdən ötrü Tokio hökuməti, bir sıra radikal islahatlara start vermişdir. Misal olaraq, uşaqların məktəbəqədər təhsil haqlarının dövlət tərəfindən qarşılanması, müddəti uzadılmış ödənişli məzuniyyətlərin verilməsi, subayların kollektiv görüşünün təşkili üçün tədbirlərin keçirilməsi və s. kimi lokal müstəvidə həyata keçirilən ictimai tədbirləri qeyd etmək olar.


 
Dünyanın monoetnik dövlətlərindən olan Yaponiyanın miqrant qəbul etməsi əhalinin təbii artımına az da olsa müsbət yöndə təsir edə biləcək çarələrdən biri hesab edilir. Superdövlətlər arasında sərt miqrasiya siyasəti ilə tanınan ölkənin sabiq baş naziri Şinzo Abenin dövründə (2012-2020) miqrasiya qanunlarının yumşaldılması prosesi başlamışdır. 2019-cu ildə qəbul edilmiş proqrama əsasən, əmək bazarında işçi defisiti yaşanan sahələr üçün xaricdən 40.000 işçi qəbul edilmişdi. Hərçənd, Yaponiyada ingiliscə dil səviyyəsinin aşağı olması, o cümlədən, yaponcanın mənimsənilməsindəki çətinliklər, gizli irqçilik, uzun və ağır iş saatları kimi nüanslar gəlmələri ölkədən uzaqlaşdıran faktorlardır. Bundan savayı, yaponların əksəriyyəti, o cümlədən bəzi siyasətçilər irimiqyaslı miqrant axınına qarşı yekdil mövqe sərgiləmir
 
Konservativ və patriarxal cəmiyyət modelinə sahib ada ölkəsində qadınların əmək bölgüsündə aktiv iştirakı son dekadada hökümətin əsas prioritelərindən biri halına gəlmişdir. Üstəlik, yaşlı nəslin iqtisadiyyatdakı rolunu artırmağı, bununla yanaşı, əmək bazarındakı boşluğu doldurmaq üçün mərkəzi hökumət robotexnika və süni intellektin payını xidmət sektorundan tutmuş sənaye və təsərrüfatın müxtəlif sahələrinə qədər yaymağı planlaşdırıır. Yaxın bir neçə ildə rəsmi Tokionun, iqtisadi problemlərin həlli ilə yanaşı, kritik həddə çatmış demoqrafik problemlərin həllinə yönəlmiş irimiqyaslı sosial islahatlar aparacağı istisna edilmir.
 
Vüsal Quliyev
 Harvard Universiteti Davis Mərkəzinin Tədqiqatçısı 
 



Ana səhifəyə qayıt        Baxış: 4 991          Tarix: 5-01-2022, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma