Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Bu gün ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı danışıqlar başlayır.
Ovqat.com-un məlumatına görə, İsveçrənin Cenevrə şəhərində keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Vendi Şerman, Rusiya nümayəndə heyətinə isə olkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov rəhbərlik edəcək.
Bu danışıqlardan 2 gün sonra isə Brüsseldə NATO-Rusiya Şurasının iclası, ardınca da Vyanada ATƏT-lə məsləhətləşmələr keçiriləcək. Müasir tarixə damğasını vuracaq danışıqların əsas mövzusu Ukrayna məsələsi olacaq. Rusiya müzakirələrdə ABŞ-dan NATO-nun şərqə genişlənməməsi üçün yazılı təminat istəyəcək. Dolayısıyla Ukrayna və digər post-sovet ölkələrinin alyansa qəbulunun qarşısını almağa çalışacaq. ABŞ və NATO qüvvələri isə bu tələbi alyansın Nizamnaməsinə və məramlarına zidd hesab edirlər. Hər iki tərəfin müzakirə masasına maksimalist yanaşma ilə gəlməsi və güzəştə getmək niyyətində olmaması səbəbindən danışıqlarda hansısa uğurun əldə edilməsi gözlənilmir. Rusiyanın Qazaxıstanı işğal etməsi də müzakirələrin dalana dirənməsinə yol aça bilər. Təsadüfi deyil ki, ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken dünən CNN telekanalına verdiyi müsahibəsində Rusiyanın post-sovet məkanlarında aktivləşməsini şərh edərkən bunu Sovet İttifaqının bərpası cəhdi kimi qiymətləndirmişdi. “Düşünürəm ki, prezident Putinin məqsədlərindən biri Sovet İttifaqının bərpasıdır. Bu isə əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək cəhdidir”, - deyən Blinkenin sözlərinə görə, sözügedən tələb ABŞ üçün qəbuledilməzdir.
Blinken bundan əvvəlki açıqlamalarında da bənzər fikirlər ortaya qoyub və danışıqlarda NATO-nun şərqə doğru genişlənməməsi üzrə hər hansı öhdəlik götürməyəcəyini açıq şəkildə bildirib. O, deyib: “NATO heç vaxt yeni üzvləri qəbul etməyəcəyinə söz verməyib. Söz verə bilməz və vermək də istəməz. “Açıq qapı siyasəti” NATO-nun yarandığı 1949-cu ildən bəri Şimali Atlantika Müqaviləsinin əsas müddəalarından biridir”.
Blinkenin fikrincə, Ukraynada baş verənlər təkcə bu ölkəyə aid məsələ deyil: “Bu, bir vaxtlar Sovet hakimiyyətinin tərkib hissəsi olan ölkələrdə öz təsir dairəsini yaratmağa çalışan Moskvanın sabitliyi pozan, təhlükəli və qeyri-qanuni davranışının daha geniş modelinin bir hissəsidir. Onların tam suveren, müstəqil dövlətlər kimi demokratik istəklərini həyata keçirməsinə mane olur”, - deyən Antoni Blinken hesab edir ki, Ukrayna rus təcavüzündən qorunmaq üçün NATO-ya qəbul olunmalıdır və Rusiya bunu özü üçün təhdid hesab etməməlidir. Çünki “NATO müdafiə ittifaqıdır və o, hücum üçün deyil, müdafiə üçün mövcuddur”. Odur ki, ABŞ-ın Rusiya qarşısında Şərqə doğru genişləməmək barədə öhdəlik götürməsi mümkün deyil.
“Sizi bəri başdan əmin edə bilərəm ki, müzakirələr başa çatdıqdan sonra heç bir ciddi öhdəlik imzalanmayacaq. Biz ciddi və konkret müzakirələr gözləyirik və bu müzakirələr eksklüziv araşdırma xarakteri daşıyacaqlar. Müzakirələrin nəticələri gələn həftə Vaşinqtonda, eləcə də tərəfdaşlarımız və müttəfiqlərimizlə müzakirə olunacaq”, – adı açıqlanmayan Ağ ev yetkilisi də bu fikirlərlə Blinkenin sözlərini təsdiqləyib.
Danışıqların digər tərəfi Rusiya da öz mövqeyində israrlıdır. Rusiya nümayəndə heyətinin rəhbəri, Xarici İşlər nazirinin müavini Sergey Ryabkov müzakirələr aparmaq üçün getdiyi Cenevrəyə səfərindən əvvəl mediaya verdiyi açıqlamada NATO-nun artıq Rusiyanı Avropa və beynəlxalq siyasətdə ikinci dərəcəli rola “geri itələyə” bilməyəcəyini vurğulayıb. Diplomatın sözlərinə görə, NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasının vaxtı çatıb. “Hətta sadə adamlar da başa düşür ki, NATO-nun, necə deyərlər, ölkəmizi “geri itələməyə” və onu tabeçiliyində olmasa da, istənilən halda ikinci plana keçirməyə çalışdığı bir şəraitdə Rusiyadan güzəşt tələb etməsi Avropa və beynəlxalq siyasətdəki rolumuza zərbədir. Təhlükəsizliyimizə birbaşa ziyan vurmaqla bunu edə bilməyəcəklər. Hər şey keçmişdə qaldı”, deyən Ryabkovun sözlərinə görə, Moskva danışıqlarda israrla təhlükəsizlik zəmanətləri ilə bağlı mövqeyini dəstəkləyən arqumentlər irəli sürəcək.
Ryabkov qeyd edib ki, Rusiya Cenevrədə ABŞ-la təhlükəsizlik təminatları ilə bağlı təkliflərinin maddə-maddə təhlilini aparmağa hazırdır, lakin “Vaşinqtonun buna hazır olduğuna dair Moskvada böyük şübhələr var”.
Diplomatın fikrincə, ABŞ və NATO-nun Cenevrə danışıqlarında Moskvanın mövqeyini dərk etmək istəməməsi ehtimalı
yüksəkdir, lakin Kreml təzyiqlərə boyun əyməyəcək və güzəştə getməyəcək.
NATO-nun Baş katibi Yens Stoltenberq də Rusiya ilə kompromisə getməyin tərəfdarı deyil. O, ayın 7-də keçirilən alyans ölkələrinin xarici işlər nazirlərinin virtual görüşündən sonra bildirib ki, NATO Rusiya ilə səmərəli dialoqa sadiqdir, lakin güzəştə getməyə hazırlaşmır, xüsusən də qoşulmaq hüququ məsələsində: “Biz Rusiya ilə mənalı və səmərəli dialoqda maraqlıyıq. Amma bizim bugünkü mesajımız ondan ibarətdir ki, NATO təhlükəsizliyin əsas məqamlarında, o cümlədən ölkələrin öz yolunu seçmək hüququnda güzəştə getməyəcək”.
Hər iki tərəfin güzəştsiz mövqeyi istər-istəməz bu gün başlayacaq görüşlərin müsbət nəticələnməsini şübhə altına alır. Xüsusilə də Rusiyanın Qazaxıstanı işğal edərək danışıqlara başlaması öləziyən son ümidləri də ortadan qaldırır. Diplomatiyanın dalana dirəndiyi belə vəziyyətlər isə, sözsüz ki, müharibə şəraitinin yaranması deməkdir. Görünən budur ki, NATO ölkələri Rusiyanı Ukrayna ilə müharibənin astanasına doğru sürükləyir. Rusiya ilə Ukrayna arasında müharibə çıxarsa, Qərb ölkələri Kiyevi silah-sursatla təchiz etməklə yanaşı, Moskvaya qarşı sərt iqtisadi sanksiyalara başlayacaq. Bunun üçün də ilk növbədə Rusiyadan alınan enerji mənbələrinin tədarükünə “stop” qoyulacaq.
Qeyd edək ki, ötən illərdən fərqli olaraq, ABŞ-ın Qərbi Avropanı bu sanksiyalara cəlb etmək imkanları indi daha real görünür. Zira əvvəlki illərdən fərqli olaraq Rusiya Avropadakı dayaqlarını da itirib. Xüsusilə Qazaxıstanın işğalından sonra Avropa ölkələri Rusiyanın təcavüzkar siyasətinin heç də əfsanə olmadığını anladı. Artıq Moskvanın az qala enerji lobbiçiliyini edən Merkel hakimiyyəti də mövcud deyil. Bu isə Rusiyanın Ukraynadan yan keçərək çəkdiyi “Şimal axını-2” layihəsinin taleyini şübhə altına qoyur. Almaniyada sosial demokratların rəhbərliyi altında qurulan yeni koalisiya hakimiyyətinin Rusiyaya və onun “Şimal axını-2” layihəsinə münasibəti o qədər də müsbət deyil. Hətta Almaniyanın yeni Xarici İşlər naziri Annalena Berbok dünən rəsmi səfərə getdiyi İtaliya mediasına verdiyi açıqlamada “Şimal axını 2” qaz kəməri layihəsinin Avropa İttifaqının tələblərinə cavab vermədiyini bildirərək öz mövqeyini açıq şəkildə ortaya qoydu. Alman nazirin fikrincə, layihənin hələ də sertifikatlaşdırılmamasının əsas səbəbi budur.
“Federal hökumətimiz koalisiya sazişində açıq şəkildə qeyd edilib ki, Almaniyadakı enerji layihələri Avropanın tələblərinə uyğun olmalıdır və bu, “Şimal axını 2”yə də aiddir. Lakin hazırda layihənin şərtləri deyil, ona görə də sertifikatlaşdırma prosesi dayandırılıb”, - Almaniyanın xarici işlər naziri yanvarın 10-da İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində bildirib.
Berbokun sözlərinə görə, “Şimal axını 2”nin işə salınması məsələsi geosiyasi xarakter daşıyır. Nazir qeyd edib ki, hazırkı Almaniya hökuməti ABŞ-la birgə bəyannamədə əksini tapan yanaşmanı bölüşür və bu yanaşmaya əsasən, “Moskvanın enerjidən silah kimi istifadə edəcəyi və ya hər hansı təcavüzkar addım atacağı təqdirdə avropalı tərəfdaşlarla birlikdə Rusiyanın Ukraynadakı hərəkətlərinə qarşı effektiv sərt tədbirlər görüləcək”. Berbokun fikirlərindən də anlaşıldığı kimi, Rusiya Ukrayna məsələsində geri addım atmasa, “Şimal axını 2” layihəsindən də ümidini kəsməlidir. Bu isə Rusiyanın Avropaya qaz tədarükünün 25%-dən imtinası anlamına gəlir. Belə ki, Avropanın qaz istehlakının hardasa 40%-i tədarük edən “Qazprom” qoca qitəyə ildə 200 milyard kub metr mavi yanacaq satır. Ukraynadan qaz nəqlini “Şimal axını 2” layihəsi ilə əvəz edən Rusiya bu kəmərlə ildə 55 milyard kub metr mavi yanacaq nəql etməyi planlaşdırırdı. Hardasa 10 milyard dollara başa gələn bu layihənin indidən zibil qutusuna atıldığını güman etmək olar.
Üstəlik, Almaniyanın Rusiyanı enerji mənbələrindən strateji silah kimi istifadə etməkdə günahlandırması və bu siyasətə qarşı effektiv mübarizədən danışması “Şimal axını-1” layihəsinin taleyini də şübhə altına qoyur. “Şimal axını-1” kəməri ilə də ildə 55 milyard kub metr qaz nəql olunur. Hər iki kəmər Baltik dənizindən keçərək eyni marşrut üzrə Almaniyaya uzanır. Bu isə o deməkdir ki, Rusiyanın qida borusunun yarısı Berlinin əlindədir və yeni alman hökuməti Rusiyaya qarşı siyasətdə ABŞ-la bir yerdə olacaq.
Rusiyanın Avropaya nəql etdiyi digər qaz layihəsi “Türk axını”dır. İldə 31.5 milyard kub metr qaz nəql edən “Türk axını” da, zənnimizcə, Qazaxıstanın işğalı ilə təhlükəli vəziyyətə düşüb. Nəzərə alsaq ki Türkiyə hələ 2020-ci ildə Qarabağ məsələsində Rusiyanı ram etmək üçün ondan aldığı qaz tədarükünü böyük ölçüdə azaltmışdı, bənzər addımın Qazaxıstan üçün də atılacağı şübhə doğurmur. Ən azı ona görə ki, Rusiyanın Qazaxıstanı işğal etməsinin başlıca səbəblərindən biri Türkiyənin Turan projesinə qarşı yönəlib və sözsüz ki, Ankara bu təcavüzə adekvat cavab verməlidir. Ankaranın digər türk dövlətlərinin xarici işlər nazirlərini Qazaxıstan məsələsini müzakirə etmək üçün noyabrın 11-də müzakirəyə çağırması da bu işğal hadisəsinə laqeyd qalmadığını göstərir və sözügedən toplantının ABŞ-Rusiya görüşündən bir gün sonraya salınması alınacaq qərarların ABŞ-la koordinasiya ediləcəyindən xəbər verir. Lazım gələrsə “Türk axını” kəmərinin dayandırılması Rusiyanın qida borusunun qalan digər hissəsinin Ankara tərəfindən sıxılması effekti yarada bilər.
Fikrimizcə, Rusiya da belə bir vəziyyətlə qarşılaşacağını bilirdi. Görünür, onun ötən il Çinlə bağladığı “Sibir gücü-2” qaz kəməri layihəsi də “Şimal axını-2”nin alternativi kimi nəzərdə tutulmuşdu. Təsadüfi deyil ki, “Sibir gücü-2” layihəsi də “Şimal axını-2” kimi ildə 50 milyard kub metr qaz nəql etməyi planlaşdırır. Fəqət bu layihənin çəkilib tamamlanması ən tez halda 2025-ci ildə başa gələcək. Məhz zaman problemi Rusiyanın əl-qolunu bağlayan, Qərbin iqtisadi savaşına qarşı onu zəif duruma salan əsas amillərdən biridir.
Rusiyaya qarşı ən öldürücü iqtisadi silah isə onu SWIFT ödəmə sistemindən ayırmaqdır. Qərbin bu “silah”dan istifadə edəcəyi də istisna deyil və hətta bu məsələ Aİ-nin müvafiq orqanlarında müzakirəyə belə çıxırılıb.
Zənnimizcə, Rusiyaya qarşı iqtisadi savaş bu ayın ikinci yarısında başlaya bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar