Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Gülşən MƏMMƏDOĞLU,
AY Partiyanın Başqan müavini
1.Geosiyasi vəziyyət Rusiyanın Qazaxıstana müdaxiləsini tezləşdirdi
Məlumdur ki, SSRİ dağılandan sonra da Rusiya federativ bir dövlət kimi mövcud imperial statusunu qorumaq, parçalanmaqdan sığortalanmaq üçün postsovet məkanına həmişə özünün bufer zolağı kimi baxıb və buna uyğun siyasət həyata keçirib. Məkanı nəzarətində saxlamaq üçün ənənəvi imperiya siyasətinə sadiq olan Rusiyada Putinin rəhbərliyi dövründə bu tendensiya daha da güclənib. Müstəqil Dövlətlər Birliyinin təşkil edilməsi ilə keçmiş sovet respublikalarını öz təsir dairəsində saxlamağa çalışan Rusiya, daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adı altında hərbi-siyasi nəzarət aparatını və mexanizmini işə salıb.
Təşkilata üzv olmaqdan imtina edib qərbə, demokratik dəyərlərə inteqrasiya yolunu tutmuş Gürcüstan, Moldova, Ukrayna separatizm fonunda yaradılmış ərazi problemləri ilə üzləşərək, müəyyən qurbanlar versələr də, avtokratik sovet mirasından əl çəkən, siyasi plüralizmə, demokratik seçkili idarəetməyə söykənən bu ölkələrin tutduqları çətin yol paralel olaraq onların daxili inkişafını da şərtləndirdi. Milli-demokratik dəyərlərin əsas götürülməsi, vətəndaş hüquq və azadlıqlarının, azad iqtisadiyyatın, sosial-rifahın təmin edilməsi bu ölkələrdə vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə səbəb oldu.
Bundan fərqli olaraq, sovetdən qalma avtokratik üsul-idarə xəttinə sadiq qalan digər postsovet respublikalarında isə bu proses demək olar ki, mümkün olmadı və ya dondurulmuş vəziyyətdə qaldı.
Bu gün Qazaxıstanda baş verən hadisələrin əsas tətikçisi geosiyasi proseslər olsa da, ölkənin daxili vəziyyəti də buna lazımi şərait yaratdı. Ağıllı hakimiyyətlər vəziyyətin ümumiyyətlə o həddə çatmasına şərait yaratmamalıdır. İstənilən halda, bütün inqilabları yaradan acgöz oğru-quldur hakimiyyətlərin özləridir. Bundan istifadə edən başqaları, kənar güclər öz maraqlarından, geopolitik çıxarlarından yanaşıb həmin ölkələrdəki potensial narazılıq effektini xaotik etiraz elektroratına çevirə bilirlər. Bundan isə itirən hər dəfə zavallı xalqlar olur. Bu mənada bütün inqilab formulları aşağı-yuxarı eyni olur.
Son 1 ildə Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda qərb cəbhəsindəki perspektivlərinin sıfıra endiyini görən Rusiya əsas diqqətini Mərkəzi Asiya yönəltdi. Demək olar ki, artıq bölgə ABŞ-Qərb, Rusiya, Çin olmaqla geosiyasi rəqabətin daha aktiv nöqtəsinə çevrildi. Təbii ki, Rusiya tərəfindən bu həmlənin ilk nöqtəsinin Qazaxıstan olması da təsadüfi deyildi. Bunu şərtləndirən bir amil ölkənin Mərkəzi Asiyada Rusiya ilə yeganə quru sərhədlərinə malik olması idisə, digər əsas amil isə istər geosiyasi baxımdan, istərsə də zəngin resurslar, inkişaf göstəriciləri baxımdan bölgənin həlledici nöqtəsi, ürəyi olmasıdır.
Bu istiqamətdə Rusiyaya narahatlıq verən və müdaxiləni tezləşdirən əsas tətikləyici səbəblərdən biri də bölgədə Türkiyənin liderliyi ilə Türk Dövlətləri Təşkilatı (TDT) təsisatı altında yaxın perspektivdə yeni real hərbi-siyasi birliyin boy göstərəcəyi qorxusu idi. Bu mənada MDB ölkələrinin 28 dekabr 2021-ci ildə baş tutmuş toplantısında Orta Asiyaya girişlə bağlı başlanğıc addımı şərtləndirən qərarın verildiyi artıq inkarı olmayan bir təxmindir.
Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan hökümətinin KTMT-ni dəvət edərək hadidəsədən çıxış yolu aramasının düzgün və optimal qərar və ya əksinə bir xəyanət aktı olduğunu, əlbəttə ki, prosesin sonrakı inkişaf ardıcıllığı göstərəcək. Ortada qardaş qazax xalqının böyük itki verdiyi bir faciə yaşansa da, bu mənada indidən qəti bir qərar vermək mümkün deyil.
2.Rusiyanın Qazaxıstanda uzun müddət qalmaq perspektivi yoxdur
Bildiyimiz kimi bu gün Qazaxıstan prezidenti Tokayev onun çağırışı ilə gələn KTMT qüvvələrinin missiyyasının başa şatması və üç gün sonra yanvarın 13-dən etibarən ölkədən çıxarılacağı, prosesin 10 gün ərzində yekunlaşacağı haqda bəyanat verib. Lakin Rusiyadan müdafiə naziri Sergey Şoyqunun bu qrafiki şübhə altına alan fərqli bir bəyanatı da səsləndirilib.
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov isə “Qazaxıstanda baş verən hadisələr fonunda Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıda bilər”, – deyib və əlavə edib ki, “Daşkənd görməlidir ki, arxalanacaq başqa heç kim yoxdur”. Qeyd edək ki, bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko da “çevriliş cəhdləri ilə bağlı problemin təkcə Qazaxıstan üçün xarakterik olmadığını” bildirərək, Özbəkistanı Qazaxıstanda baş verənlərdən “dərs çıxarmağa” çağırmışdı.
Ancaq bütün bu xəbərlərlə yanaşı, bu gün 1 həftəlik müşahidədən sonra Türk Dövlətləri Təçkilatının Xarici İşlər Nazirlikləri Şurasının iclasının keçirildiyini və yekun bəyanat verildiyini də izlədik. Həm ümumi fikri ifadə edən bəyanatda, həm də ayrı-ayrı çıxışlarda türk rəsmilərinin dövlət olaraq, ikitərəfli əlaqələr və birlik çərçivəsində Qazaxıstanın yanında olduqları və lazım olan hər bir dəstəyi verəcəkləri bildirilib.
“Türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Türkiyə olaraq da proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq” deyən, əsasən Türkiyənin mövqeyini ifadə edən, hadisələrdən nəinki, kənarda durmayacaqları, sülhün qarantı, bölgənin inkişafı, xalqların təhlükəzisliyi naminə daha da fəal yön alacaqlarını bildirən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun çıxışını Rusiyaya və digər güclərə sətiraltı mesaj, eləcə də diplomatik güc nümayişi kimi də qiymətləndirmək olar.
Bu mənada Türkiyənin rəhbərliyi ilə TDT ölkələrinin Rusiyanın hər hansı bir “Qazaxıstan variantı” ilə Özbəkistana gözlənilən və açıq anons edilən müdaxiləsinə heç bir imkan verməyəci ilə bağlı fikirlərimiz qətidir. Özbəkistan və Türkiyə arasında 2021-ci ildə hərbi-siyasi əməkdaşlıqla bağlı imzalanmış müqavilə, məhz bu qarantın siyasi-hüquqi bazasını təşkil edir. Düşünürük ki, Azərbaycan da daxil olmaqla, digər Orta Asiya türk dövlətlərinin də Türkiyə ilə ayrı-ayrılıqda müqavilələr imzalaması dövrün acil tələbinə çevrildi. Düzdür, Azərbaycanla bağlı 2021-ci ilin iyununda imzalanmış “Şuşa Bəyannaməsi” ni misal göstərə bilsək də, mahiyyət etibarilə bu sənəd deklorasiyadır və onun hüquqi status alması üçün hərbi-siyasi pakt kimi reallaşdırılmasına ehtiyac var. Sözsüz ki, Qazaxıstanda baş verənlər bütün türk dövlətləri, o cümlədən Azərbaycan hakimiyyətinə dərs olmalıdır.
Vurğulamaq yerinə düşər ki, Qazaxıstan hadisəsindən sonra bir çoxlarında TDT-nın artıq “ölü doğulmuş uşaq” vəziyyətində olması, bölgənin bütünlükdə Rusiya qarmağına keçməsi haqda pessimist, ancaq hardasa əsaslı fikirlər yaranmışdı. Lakin bu gəlişmələr Qazaxıstanla, ümumən Orta Asiya ilə bağlı pessimist fikirlərə yer olmayacağını göstərdi.
Əksinə bölgədə, bəlkə də, Rusiyanın dayaqlarını sarsıdıb yox edə biləcək yeni bir platformaya start verilib. Bu ehtimalı təsdiq edən səbəblərdən biri də yeni ilin ilk ayının əvvəlində ABŞ və Qazaxıstanın müdafiə nazirlikləri arasında 2022-27-ci illəri əhatə edən geniş hərbi əməkdaşlıq barədə anlaşmanın imzalanması faktıdır. Demək olar ki, son günlər Mərkəzi Asiya bölgəsinə yeni bir oyunçu da daxil oldu. Özü də bu dəfə artıq hansısa mücərrəd dəyərlər və anlayışlarla deyil, real hərbi əməkdaşlıq planı ilə. Bu isə Mərkəzi Asiyanı geosiyasi mübarizənin qaynar nöqtəsinə çevirir.
Demək olar ki, bu proses bölgənin ümumilikdə Rusiya cəngindən qurtulması ilə sonunclana bilər. Hər bir halda, hadisələrin bu məcrasında Türkiyənin liderliyi ilə TDT-nın daha çevik təşkilinə, 2022-ci ilin ilk zəruri və təxirəsalınmaz addımı kimi təşkilat çərçivəsində ayrıca “Türk NATO-su” nun yaradılacağına ümid edirik. Çox güman ki, türk dövlətlərinin bu günkü iclasında milli və beynəlxalq çağırışlar qarşısında koordinasiyanı, əməkdaşlığı və qarşılıqlı yardımı ehtiva edən “Türk Dünyasına Baxış 2040” sənədində bu maddə 2022-ci il illə bağlı fəaliyyətdə öz əksini tapıb.
Bütün bu prosesləri, olanları və olacaqları düşünərək deyə bilərik ki, Rusiyanın nəinki Qazaxıstanda, eləcə də bölgədə heç bir perspektivi yoxdur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar