Xəbər lenti
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
3-10-2024, 18:53
3-10-2024, 17:10
3-10-2024, 15:27
3-10-2024, 14:30
3-10-2024, 13:56
(əvvəli bu linkdə: Ermənistanı ovcunda tutan zümrə: erməni oliqarxiya sistemi - ARAŞDIRMA)
Ermənistanda yaşayan oliqarxlar
Qaqik Tsarukyan
Qaqik Tsarukyan Ermənistanda keçmiş hökumətə bağlı oliqarxların ən nüfuzlusu hesab edilir. O, keçmiş Ermənistan prezidentləri Robert Koçaryanın və Serj Sarkisyanın əsas dəstəkçisi olmuşdur. Lakin, 2018-ci ildə hakimiyyət dəyişikliyi zamanı Paşinyana öz dəstəyini ifadə etmişdir. Tsarukyan Ermənistanın ən böyük siyasi partiyalarından biri olan Çiçəklənən Ermənistan siyasi partiyasının qurucusu və lideridir.
Ermənistanın ən varlı adamlarından biri olan Tsarukyan 1990-cı illərdə qida emalı sahəsində biznes karyerasına başlamış, üç onillik ərzində spirt və ərzaq istehsalı, kazinolar, hotellər, mineral hasilat, dərman sənayesi və bitkoin mədəni daxil olmaqla müxtəlif sahələrdə inhisarçı paya sahib ən böyük oliqarx olmuşdur. Tsarukyanın 1995-ci ildə qurulan “Multi Group” holdinqi hazırda 40-dan çox böyük və kiçik müəssisəni özündə birləşdirir. O, həmçinin keçmiş güləşçi kimi Ermənistanda idmana da böyük təsir göstərmiş, çox sayda idmançıya, idman mərkəzinə maddi dəstək verərək 2005-ci ildən bəri Ermənistan Olimpiya Komitəsinin rəhbəri vəzifəsində çalışmışdır. Tsarukyan siyasətdə də kifayət qədər uğurlu olmuşdur. Onun Çiçəklənən Ermənistan partiyası 2007-ci il parlament seçkilərində 15% səs toplayaraq hakim Respublika Partiyasının gənc koalisiya partnyoru kimi parlamentə daxil olmuşdur. 2012-ci ildəki seçkilərdə partiya səs payını iki dəfə artıraraq 30% -ə çatdırmışdır.
Tsarukyanın siyasi karyerasında ilk ciddi çətinlik 2012-ci il seçkilərindən sonra müşahidə edilmişdir. Belə ki, o, əvvəlki Prezident Serj Sarkisyanla açıq şəkildə toqquşma yaşamış və hakim koalisiyadan çıxmışdır. Daha sonra 2015-ci ildə o, Sarkisyanı istefaya çağırmış və tərəfdarlarını küçələrə çıxartmaqla hədələmişdir. Sarkisyan isə öz növbəsində, oliqarxı milyonları oğurlamaqda günahlandıraraq onu Milli Təhlükəsizlik Şurasından uzaqlaşdırmışdır. Lakin, onlar arasındakı konflikt Tsarukyanın kürəkəni olan o vaxtkı baş nazir Hovik Abrahamyan və erməni əsilli rusiyalı milyarder Samvel Karapetyanın vasitəçiliyi ilə görüşdən sonra sakitləşmiş və tərəflər barışmışdır. Görüşdən sonra Tsarukyan siyasətdən getdiyini, millət vəkilliyindən və öz partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlamış, 2015-ci ilin payızında isə Sarkisyan onu “ölkəsi üçün etdiyi xidmətlərə görə” medalı ilə təltif etmişdir. Ancaq, Tsarukyan 2017-ci ilin fevralında yenidən siyasətə qayıtdığını elan etmişdir. Çiçəklənən Ermənistan, Alyans partiyası və Missiya partiyasından ibarət bir seçki ittifaqı təşkil etmişdir. 2017-ci il Ermənistan parlament seçkiləri zamanı Tsarukyan Alyansı səslərin 27,35% -ni toplayaraq Ermənistan Parlamentindəki 105 deputat yerindən 31-ni qazanaraq Ermənistan Respublika Partiyasından sonra (58 deputat 49.17 % ) ikinci ən böyük parlament bloku olmuşdur. 2018-ci il parlament seçkilərində Çiçəklənən Ermənistan 8,26% səs toplamış və ikinci yeri tutmuşdur.
Tsarukyan Paşinyan hakimiyyətə gələndə ona dəstək versə də sonradan münasibətləri gərginləşmişdir. 2020-ci ilin iyunun 16-da Ermənistan parlamenti onu deputat toxunulmazlığından məhrum edib və həbsinə razılıq vermişdir. Ermənistanın ən varlı adamlarından olan Tsarukyan səs alqı-satqısı, qanunsuz biznes fəaliyyəti və saxta torpaq köçürmə sxeminin təşkili ilə əlaqədar istintaqa cəlb edilmişdir. Daha əvvəl iyunun 14-də Tsarukyanın evinə Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən basqın edilmiş və o, 10 saatdan çox dindirilmişdir. Axtarışlar Tsarukyanın partiyanın Siyasi Şurasında çıxışı zamanı hökumətin daxili işlərdən tutmuş iqtisadiyyata, Qarabağın statusu ətrafında aparılan danışıqlara, COVID-19 pandemiyasının yayılmasına qarşı mübarizəyə qədər bütün istiqamətlərdə uğursuz olduğunu bildirdikdən bir həftə sonra baş vermişdir. O, hökumətin istefa verməsini tələb etmişdir. Ermənistan hökuməti isə Tsarukyanı cəmiyyətin diqqətini özünün cinayət fəaliyyətindən yayındırmaqda ittiham etmişdir. İlk əvvəl Tsarukyana qarşı 1979-cu ildə açılan və 2001-ci ildə ləğv edilən cinayət işinin məhkəmə sənədləri mediaya sızdırılmışdır. Həmin sənədlər Tsarukyanın bir neçə nəfərlə birlikdə iki rus turistə qarşı təcavüz etdiyinə və soyğunçuluğa görə mühakimə olunduğunu göstərirdi. Bütün bunlara baxmayaraq, məhkəmə 2020-ci ilin iyun ayının 21-də Baş Prokurorluğun Tsarukyana qarşı irəli sürdüyü ittihamlarla bağlı təqdimatını təmin etməmişdir. Tsarukyanın Rusiya tərəfindən dəstəkləndiyi iddia olunur və məhkəmənin belə qərar verməsi də həmin dövrdə Paşinyanın ona gücünün çatmaması ilə əlaqələndirilir. Bundan sonra da hökumət ilə Tsarukyan arasında gərgin münasibətlər davam etmiş, 2020-ci ilin noyabr ayında Tsarukyan MTX tərəfindən həbs edilmiş və bir neçə gün sonra azadlığa buraxılmışdır.
2021-ci ildə Tsarukyanın Çiçəklənən Ermənistan partiyası növbədən kənar parlament seçkilərinə qoşulsa da zəruri həddə səs toplaya bilməmişdir. Belə ki, 2021-ci ilin iyun ayında keçirilən seçkilərdə partiyalar üçün keçid faizi 5% olsa da Tsarukyanın partiyası 3.96% səs toplayaraq parlamentdən kənarda qalmışdır. Daha sonra iyul ayında Ermənistanın Baş Naziri Paşinyan siyasi qüvvələrin liderləri ilə görüş çərçivəsində Tsarukyanı görüşə dəvət etmiş və onunla görüşmüşdür. Görüş çərçivəsində Paşinyan Çiçəklənən Ermənistan partiyasının uzun illər ərzində Ermənistanın siyasi həyatında mühüm rol oynadığını qeyd edərək mövcud problemlərin həll edilməsində milli potensialın birləşdirilməsinin vacib olduğunu vurğulamışdır. Bu Tsarukyanla hökumət arasında gərginliyin azaldığını göstərsə də, proses onun siyasi fiqur olaraq mövqeyinin zəifləməsindən sonra baş vermişdir. Buna baxmayaraq, Ermənistanın ən varlı adamlarından biri kimi Tsarukyan əsaslı təsir gücünə malik olan bir fiqur olaraq qalmaqda davam edir. Tsarukyanın rəsmi varidatı 500 milyon dollar həcmində qiymətləndirilir.
Xaçatur Sukiasyan
Ermənistanda daha çox “Grzo” ləqəbi ilə tanınan Xaçatur Sukiasyan 1961-ci ildə Yerevan şəhərində doğulmuş və 1980-1985-ci illərdə Yerevan Politexnik institutunda sistem mühəndisi ixtisası üzrə təhsil almışdır. 1985-1992-ci illərdə Ermənistanın hərbi-sənaye kompleksinin aparıcı zavodu hesab edilən Sirius (Сириус) zavodunda işləmiş daha sonra Van (Ван) zavodunun direktoru olmuşdur. 1992-1994-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsinin direktoru və nazirin məsləhətçisi olmuşdur. Sonrakı illərdə isə əsasən ailə biznesi ilə məşğul olmuşdur. Onun ailə biznesinin əsası 1987-ci ildə qoyulmuşdur. Ermənistan Sənayeçiləri və Sahibkarlar Birliyinin yaradıcılarından biridir. O, eyni zamanda 1992-1994-cü illərdə Beynəlxalq İnformatika Akademiyasına müxbir üzv seçilmişdir.
Siyasi fəaliyyətinə gəldikdə isə Sukiasyan 1999, 2003, 2007-ci illərdə Ermənistan Milli Məclisinə millət vəkili seçilmişdir. Hər üç halda Yerevanda yerləşən dairələrdən namizədliyini verərək deputat seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə maliyyə-kredit, büdcə və iqtisadi məsələlər üzrə daimi komissiyasının üzvü olmuşdur. Milli Məclisin üzvü olaraq Sukiasyan bir çox iqtisadi qanunların qəbul edilməsində fəal iştirak etmiş və 600-ə yaxın təklif vermişdir. Onun hazırladığı qanunvericilik təşəbbüsləri və təklifləri daha çox sahibkarlığın inkişafı, azad və rəqabətli iqtisadi şərtlər formalaşdırılması və vergi sisteminin sadələşdirilməsinə yönəlmişdir. Milli Məclisdə fəaliyyəti dövründə rəsmi olaraq heç bir partiyanın üzvü olmasa da Ermənistanın ilk prezidenti Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət partiyası Erməni Milli Konqresinə bağlı olmuşdur.
2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərinin qanunsuz keçirilməsi ilə bağlı Ter- Petrosyanın rəhbərliyi altında müxalifətin keçirdiyi və sonradan ölkədə böyük hərc-mərclik yaratmış etiraz aksiyalarına dəstək verdiyi üçün Sukiasyanın deputat toxunulmazlığı əlindən alınmış və onun haqqında cinayət işi açılaraq həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Sukiasyan gizləndiyindən axtarışa verilmişdir. Bundan sonra 2009-cu ildə Sukiasyana məxsus Bjni (Бжни) zavodu bağlanmış və 13 milyon dollar həcmində cərimələnmişdir. Daha sonra zavod hərraca qoyulmuşdur və digər deputat-biznesmen Ruben Ayrapetyan tərəfindən alınmışdır. Belə olan halda Sukiasyan Ermənistan hökumətinə qarşı İnsan hüquqları üzrə Avropa Məhkəməsinə 220 milyon avro kompensasiyanın ödənilməsi üçün müraciət etmişdir. 2010-cu ildə onun haqqında açılmış cinayət işinə xitam verilmişdir. Bundan sonra Sukiasyan 2010-2011-ci illərdə Almaniyada yaşamış və biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2012-ci ildə isə deputatlığa yenidən namizədliyini irəli sürsə də hökumət onun namizədliyini qeydə almamışdır.
Biznes fəaliyyətinə gəldikdə isə Sukiasyan 1994-cü ildə onun ailəsinə məxsus olan tikinti və xidmət sahəsində olan bütün bizneslərini Sil Konserni (Сил Концерн ООО ) adı altında birləşdirmişdir və 2005-ci ilə qədər özü konsernə sədrlik etmişdir. Konsernə 25 müəsisə, həmçinin 7 zavod daxildir. Bu zavodlara Çarensavanda yerləşən Bjni (Бжни) (2008-ci ilə qədər) zavodu, Masisdə yerləşən Qofrotara (Гофротара) zavodu, Yerevan Mebel zavodu, Poliplast zavodu, Sevan un zavodu və digərləri aiddir. Konserndə 8 mindən çox adam işləyir. 2005-ci ildə isə Ermənistan konstitusiyasına edilmiş dəyişikliklərə əsasən deputatların sahibkarlıq fəaliyyəti qadağan edildiyindən o Sİl Konserninin sədri vəzifəsindən getmişdir. Eyni zamanda bir neçə il ərzində Sukiasyan Ermənistana Filip Morris (Филипп Моррис) şirkətinin siqaretlərinin idxalı ilə də məşğul olmuşdur. Sukiasyan Ermənistanın müstəqilliyindən sonra ölkəyə ilk böyük investisiyanın (18 milyin ABŞ dolları) yatırılmasında əsas vasitəçi olmuşdur. Bu vəsait hesabına Ermənistanda bir çox köhnə zavodlar bərpa edimişdir.
Sukiasyan 90-cı illərdə Ter-Petrosyanın Ermənistanda hakimiyyətdə olduğu dövrdə həmin vaxt Daxili İşləri Naziri işləyən və böyük nüfuza malik olan Vano Siradeqyanın dəstəyi ilə Ermənistanda ilk oliqarxa çevrilmiş və oradakı oliqarxik sistemin əsasını qoymuşdur. Daha sonra 1998-ci ildə Ter-Petrosyan hakimiyyətdən getdikdən sonra Sukiasyan əvvəlki güzəştləri və imkanları əldə edə bilməsə də Ermənistanda olan ən varlı oliqarxlardan biri kimi fəaliyyətini davam etdirmişdir. 2010-2011-ci illərdə Almaniyada yaşadığı dövrdə də Sukiasyan biznes fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə o Ermənistandan Masuro (Ermeni dilində itburnu) markası altında itburni siropunun və reyhanın ixracı ilə məşğul olmuşdur. Bundan başqa o, Almaniyada otel xidmətləri biznesi ilə də məşğul olmuşdur.
Sukiasyanın hazırkı hökumət ilə münasibətləri yaxşıdır. O, əvvələr Paşinyanın qəzetini maliyyələşdirdiyindən Paşiyanla münasibətləri yaxşıdır. Ona görə də 2018-ci ildən sonra Sukiasyanın biznes fəaliyyəti qarşısında maneələr aradan götürülmüş və güzəştlərdən istifadə imkanı yaradılmışdır. Təsadüfi deyildir ki, Sukiasyanın sahibi olduğu SİL konserninə aid olan Sİl- Maaza (СИЛ-МААЗА) şirkətinə investisiya proqramı çərçivəsində 2019-cu ildə güzəştlər tətbiq edilmişdir. Güzəştə əsasən, şirkət 2019-cu ilin oktyabrından 2021-ci ilin sonuna qədər idxal edilən məhsullar üzrə əlavə dəyər vergisini 3 il sonra ödəməyə başlayacaqdır. Hazırda onun biznes şəbəkəsi siqaret biznesi, maye yanacaq, ticarət mərkəzlərini əhatə edir. Lakin, onu da qeyd etmək lazımdır ki, 2019-cu ildən Sukiasyan Ermənistanın digər oliqarxı və siyasətçisi Qaqik Tsarukyan ilə qudadır və onların övladlarının toy məclisində 2019-cu ildə Paşinyan da iştirak etmişdir. Sonradan, Tsarukyan ilə hökumət arasında münasibət korlanmış və onun haqqında cinayət işi açılmışdır. Ona görə də bu hadisə Sukiasyan ilə Paşinyanın münasibətlərinə pis təsir etmişdir. Bundan başqa Ermənistanda ən böyük banklardan biri olan Armekonombank-ın nəzarət payı da Sukiasyan ailəsinə məxsusdur. Avropa Yenidənqurma və İnkişaf Bankı da Armekonombank-ın bankın səhmdarlarından biridir və 25% səhmlərinə sahibdir. Xaçatur Sukiasyan eyni zamanda inLOBBY onlayn otel sifariş platformasını idarə edən inLOBBY GmbH şirkətinin də yaradıcısıdır. Sukiasyanın ümumi varidatı haqqında dəqiq məlumatlar olmasa da Forbesin 2006-cı ildə nəşr edilmiş hesabatında onun varidatı 300 milyon ABŞ dolları həcmində qiymətləndirilmişdir.
Mixail Bağdasarov
Mixail Bağdasarov 1959-cu ildə Bakıda anadan olmuş və 2020-ci ilin avqust ayının 22-də Ermənistanda vəfat etmişdir. O, “Mika” futbol klubu və “Armavia” hava yollarının sahibi olmuşdur. Bağdasarov Ermənistanda çoxsaylı yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu mükafatlara Vətənə xidmətə görə III Dərəcəli Orden, Erməni Apostol Kilsəsi ordeni və digərləri aiddir. O, 1976-1981-ci illərdə SSR Daxili İşlər Nazirliyinin Leninqrad Ali Siyasi Məktəbində təhsil almış və daha sonra Komi SSR-in daxili qoşunlarında xidmət etmişdir. Daha sonra hərbi sahəni tərk edərək bizneslə məşğul olmağa başlamışdır. 1994-cü ildə əsas fəaliyyət istiqaməti MDB ölkələrində, Baltikyanı ölkələrdə, İtaliyada, Böyük Britaniyada, İsveçrədə neft məhsulları və pambıq ticarəti olan Mika Limited (Böyük Britaniya) şirkətini yaratmışdır.
Bağdasarov Ermənistana 1997-ci ildə Koçaryanın Baş nazir olduğu dövrdə gəlmişdir. O, ölkə rəhbərliyinə Rusiyanın biznes elitası ilə güclü əlaqələri olan və iki ölkə arasında əlaqələrin inkişafına imkan yarada biləcək şəxs kimi təqdim edilmişdir. Ermənistana gələndə Bağdasarov böyük kapitala malik deyildi və o dövrdə ona Serj Sarqisyan kömək etmişdir. Özünün biznes fəaliyyətinə 1998-ci ildən etibarən Ermənistanın neft məhsulları bazarında başlayan Bağdasarov Koçaryan və Sarqsyanın köməyi ilə neft bazarında nəzarətsiz olan bütün digər iştirakçıları uzaqlaşdıra bilmişdir. Bu sahəyə özünün Mika Limited şirkətini cəlb etmişdir və tezliklə şirkət Ermənistanda yanacaq idxalını həyata keçirən ən böyük şirkətə çevrilmişdir. Vazgen Sarkisyanın baş nazir olduğu dövrdə Bağdasarovun neft məhsullarının idxalı bazarında sahib olduğu monopoliya onun əlindən alınsa da, 1999-cu ilin oktyabrında terror hücumu səbəbindən Vazgenin ölməsindən sonra 2000-ci ilin sonuna qədər Bağdasorov yenidən öz mövqeyini bərpa etmişdir.
Daha sonra Bağdasarov digər sahələrdə də fəaliyyət göstərməyə başlamışdır və Razdan sement zavodunun özəlləşdirilməsində iştirak etmişdir. Özəlləşdirmə 150 min dollara başa gelmişdir. Zavodun işə başlamasından sonra dövlət sifarişi əsasında tikinti həyata keçirən bütün şirkətlər və dövlət orqanları sementi bu zavoddan almağa məcbur edilirdi. Daha sonra Bağdasarov 300 min dollara “Armsberbank”-ın özəlləşdirilməsini həyata keçirsə də bir müddət sonra onun səhmlərinin yarısını (50%-ni) Rusiyanın VTB bankına satmışdır.
Koçaryanın və S.Sarqisyanın köməyi ilə neft bazarında, o cümlədən avia yanacağın idxalında tam monopoliyanı ələ keçirən Bağdasarov məqsədli şəkildə “Ermənistan Hava Yolları” şirkətinin müflisləşməsinə imkan yaratmışdır. Halbuki, 2000-ci illərə qədər Ermənistan Hava Yolları gəlirlə fəaliyyət göstərən şirkət idi. Daha sonra avia şirkət üç hissəyə bölünsə də 2004-cü ilə qədər Bağdasarovun səhmlərinin böyük hissəsinə malik olduğu Armavia digər şirkətləri bazardan sıxışdırıb çıxartmışdır. Həyatının son dövrlərinə qədər onun varidatının təxminən 1 milyard dollardan çox olduğu məlum idi.
Ruben Hairapetyan
Ruben Hairapetyan 1963-cü ildə Yerevanda doğulmuşdur. 1988-ci ildə Yerevan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Ermənistan Parlamentinin keçmiş üzvü və “Nemets (alman) Rubo” ləqəbi ilə tanınan iş adamı Ruben Hairapetyan 2002-2018 illər arasında Ermənistan Futbol Federasiyasının prezidenti olmuşdur. 2003-2007-ci illərdə Ermənistan Parlamentinə heç bir partiyanın üzvü olmadan deputat seçilmişdir. 2007-ci ildən isə Ermənistan Respublikaçılar Partiyasına üzv seçilmişdir və həmin ildə də yenidən deputat seçilmişdir. 3 İyul 2012-ci ildə ona məxsus bir restoranda hərbi həkimin mübahisəli ölümündən sonra deputat mandatından imtina etməyə məcbur olmuşdur. 2015-ci ilin 21 oktyabrında Ruben Ermənistanı tərk etmişdir. Buna səbəb Ermənistanda müharibə veteranının döyülməsində onun günahlandırılması olmuşdur.
Hairapetyan Ermənistanda əsas “tütün kral”larından biri hesab edilir. O, Kanada-Ermənistan birgə şirkəti olan “Qrand Tobako”-nun səhmlərinin bir hissəsini almışdır. Daha sonra səhmlərin qalan hissəsini də əldə etmişdir. 90-cı illərin ortalarından fəaliyyətini dayandırmış Vanadzor trikotaj fabrikini ucuz qiymətə özəlləşdirərək təmir etdirmiş və işə salmışdır. Hazırda onun rəhbərliyi altında fabrik fəaliyyətini davam etdirir və hətta başqa ölkələrə də ixrac həyata keçirir.
O eyni zamanda tikinti materiallarının, metal məmulatlarının, su qızdırıcılarının topdan satışı ilə məşğul olan Rumava MMC, toxuculuq və parça istehsalı ilə məşğul olan XARUR MMC, dənli bitkilərin becərilməsi ilə məşğul olan Bambak ASC, idman sektorunda fəaliyyət göstərən “Pyunik Fa”, çoxsaylı restoran, bar və kafeləri özündə birləşdirən “Anait” MMC, əyləncə və ictimai iaşə sahəsində fəaliyyət göstərən “Noralusin” MMC kimi şirkətlərin, spirtli içki istehsalı ilə məşğul olan “Avan-91” kompleksinin, Pyunik Futbol Klubu ictimai təşkilatının sahibidir. Onun atasının adına olan bir çox digər şirkətlər, o cümlədən qaz yanacağının topdan satışı ilə məşğul olan şirkət də vardır.
O, biznesmen kimi ən uğurlu dövrünü Sarqisyanın prezidentliyi dövrndə yaşamışdır və həmin dövrdə “hakimiyyətin dəyənəyi” hesab edilirdi. O, həm də işğal dövründə Şuşada özünə malikanə tikdirmiş və digər oliqarxların da Şuşada ev tikdirməsi üçün çağırış etmişdir. Onun fikrincə, hamı bacardığı formada Qarabağda işğal dövründə olan qondarma rejimə dəstək olmalı və Qarabağın sakininə çevrilməlidir.
Hairapetyanın Paşinyan hökuməti ilə münasibətləri isə yaxşı deyildir. 2020-ci ildə onun özü və oğlu haqqında onlara məxsus Arsnakar restoran-hotel şəbəkəsinin menecerini oğurlatdıraraq həmin kompleksdə 22 gün saxlaması ilə bağlı cinayət işi açılmışdır və Hairapetyan axtarışa verilmişdir. Onun vəkilini iddia etdiyinə görə, bu cinayət işi əsassız şəkildə siyasi motivlər əsasında açılmışdır. Məqsəd hökumətin siyasətini qəbul etməyən nüfuzlu adamları Ermənistandan uzaqlaşdırmaqdır. Hairapetyan Paşinyanın hüquqi məsələlər üzrə köməkçisi Anna Vardapetyanı ona qarşı qaldırılan cinayət işinə müdaxilə etməkdə günahlandırmışdır. Hairapetyan həm də Rusiya vətəndaşı olduğundan Ermənistanda bu məsələ ilə bağlı ədalətli qərara verilməsə Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. 2020-ci ildə Ermənistanda Baş Prokurorluq onun digər ölkənin də vətəndaşlığına sahib olmasına baxmayaraq qanunsuz şəkildə deputat seçilməsi ilə bağlı araşdırmaya başlamışdır.
Hovik Abrahamyan
Hovik Abrahamyan 1958-ci ildə Ermənistanın Artaşat rayonunda doğulmuşdur. 1985-1990- cı illərdə Ermənistanda Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1995-1999-cu illərdə heç bir partiyanın üzvü olmadan Ermənistan Parlamentinin deputatı seçilmişdir. Daha sonra Respublika Partiyasının üzvü olmuşdur. 1996-1998-ci illərdə Artaşat şəhərinin meri, 1998-2000-ci illərdə isə Ararat regionunun qubernatoru olmuşdur. 2001-2002-2008-ci illərdə Ermənistanın Ərazi İdarəetmə naziri olmuşdur. 2007-ci ildə Ermənistanın Baş nazirinin müavini vəzifəsinə, 2008-ci ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilmiş, 2012-ci ildə isə parlamentin spikeri olmuşdur. 2014-2016-cı illərdə Serj Saqrkisyanın prezidentliyi dövründə Ermənistanın Baş naziri olmuşdur. O, Ermənistan sakinləri arasında “Siçan” ləqəbi ilə tanınır. Abrahamyan müxtəlif medallarla təltif edilmişdir. Bu medallara Anania Şirakatsi medalı, “Fritof Nansen” xatirə qızıl medalı, Müdafiə Nazirliyinin Marşal Baqramyan medalı, “Vətənə xidmətə görə” 1-ci dərəcəli medal və digərləri aiddir.
Siyasi fəaliyyəti ilə yanaşı Abrahamyan biznes fəaliyyəti ilə də məşğul olmuşdur. O, siyasi gücündən bu istiqamətdə istifadə etmişdir. Abrahamyan və onun ailəsi böyük şirkətlərə və kənd təsərrüfatına yararlı torpaqlara sahibdir. Təkcə Ararat bölgəsinin Narek kəndində Abrahamyanın arvadının adına 120 hektar torpaq sahəsi vardır ki, onun da 100 hektarı üzümçülük üçün, 20 hektarı isə biçənək kimi istifadə edilir. Ailənin sahib olduğu üzümçülük sahələri onların şərab istehsal edən zavodlarını xammal ilə təmin edir. Səhmləri Abrahamyanın oğullarına məxsus olan və Ararat rayonunda yerləşən “Artaşat Vinkon” QSC spirtli içkilərin, o cümlədən şərab və konyak istehsalı ilə məşğuldur. Hovikin oğlu Ovannes Abrahamyan 2012-ci ildə erməni və kanadalı tərəfdaşların iştirakı ilə “Vikom-Lab” MMC-ni təsis etmişdir. O, və Kanadalı tərəfdaşı Stiven Brayan Ferrat şirkətin səhmlərinin 45%-nə, Laura Petrosyan isə 10%-nə sahibdir. “Vicom Lab” spirtli içkilər, o cümlədən konyak istehsalı ilə məşğuldur. Şirkətin direktoru Hovhannes Abrahamyandır. Onun digər oğlu Arqam isə Artfud MMC və ya Artaşat Konserv Zavodunun sahibidir. Şirkət Ermənistana Nataxtari limonadının və Borjomi mineral sularını idxal edir.
Bunlarla yanaşı Abrahamyanın qohumları və övladları çox sayda yanacaq doldurma məntəqələrinin sahibidirlər. Belə məntəqələri idarə edən şirkətlərdən birinin, “May-Arq” MMC-nin səhmlərinin 50%-i Abrahamyanın oğluna məxsusdur. Onun oğlu həm də “Arq-Lev Qaz” MMC-nin də 50% səhmlərinə sahibdir. 2014-cü ilin fevralında Abrahamyanın oğlu Arqam daha bir yanacaq doldurma məntəqəsi olan “Trans Qaz” MMC-ni yaratmışdır və səhmlərinin 30%-nə sahibdir.
Hovik Abrahamyanın Ermənistanın yeni hökuməti ilə münasibətləri yaxşı deyildir. Belə ki, 2018-ci ildə onun qardaşı Conik Abrahamyan və özü haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq maddələri əsasında cinayət işi açılmışdır. Araratda fəaliyyət göstərən Mədənçıxarma şirkəti “Avazaatik” QSC-nin direktorunun ifadəsi əsasında başlanmış cinayət işi çərçivəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2008-ci ildə yüksək rütbəli məmurlar onun fəaliyyətinə süni maneələr yaratmış və şirkətin 60% payını tələb etmişlər. Daha sonra şirkətin işə başladığı torpaq sahəsinin sahibi ilə bağlanmış müqavilə məhkəmənin qərarı ilə etibarsız hesab edilib. Bu məsələlərdə Abrahamovun və qardaşının birbaşa iştirak etdiyi vurğulanmışdır. 2018-ci ilin avqustunda isə Conik Abrahamyan 1 mart hadisələri (2008) ilə bağlı iş çərçivəsində qanunsuz silah əldə etmək və saxlamaqda şübhəli bilinərək həbs edilib. 2019-cu ildə isə Abrahamyan Dilican, Mxçyan və Narek icmalarına aid torpaqların qanunsuz şəkildə alınması ilə bağlı da günahlandırılırdı. 2020-ci ildə Ermənistanın XİN-in qərarı ilə Abrahamyanın diplomatik pasportu da əlindən alınmışdır.
Samvel Aleksanyan
Samvel Aleksanyan 1968-ci ildə Yerevanda doğulmuşdur. 2003-2007-ci illərdə heç bir partiyanın üzvü olmadan Ermənistan Parlamentinin deputatı seçilmişdir. 2007-ci ildə isə Respublika Partiyasının üzvü kimi yenidən deputat seçilmişdir. 2017-ci ildə bir daha deputat seçilmiş və 2021-ci ildə istefa verərək siyasi fəaliyyətini dayandırmışdır.
Onun əsas fəaliyyəti biznes sahəsində olmuşdur və “Şəkər kralı” ləqəbi ilə tanınır. Onun sahib olduğu “Aleks Qrup”u şəkər, un, kərə yağı və digər əsas ərzaq məhsullarının Ermənistana əsas idxalçısı olmuşdur. Koçaryan və Sarqisyanın hakimiyyəti illərində onlar ilə yaxın olmuşdur. Koçaryanın böyük oğlu Sedrak ilə bilrikdə Ermənistana mobil telefonların idxalı ilə də məşğul olmuşdur. Bununla yanaşı, bir neçə ərzaq mağazası şəbəkəsinin sahibidir. Bu şəbəkələrə “Yerevan-Siti”, “Lusastx”, “Kaysr” aiddir. O, həm də Şirak vilayətinin Axuryan şəhərində yerləşən çuğundur şəkəri zavodunun sahibidir. Bununla yanaşı o, Ermənistanda əczaçılıq məhsullarının idxalı ilə məşğul olan yeddi şirkətin sahibidir. Bu şirkətlərə “Natali Farm”, “Alfa Farm”, “Vaqa Farm” və digərləri aiddir. Bundan başqa, onun ailəsi “Aleks Tekstil” şirkətinin də sahibidir.
Samvel Aleksanyanın Ermənistanın hazırkı hakimiyyəti ilə münasibətləri yaxşıdır. 2018-ci ildə hökumətin dəyişməsindən sonra Paşinyanın tərəfinə keçən ilk oliqarxlardan biri olmuşdur. Həmin il ona məxsus olan “Yerevan-Siti” magazalar şəbəkəsinin 2 yeni filalı açılmışdır. 2019-cu ildə isə onun qızının sahibi olduğu “Alex Tekstil” şirkətinə idxala rüsumuna görə 2.45 milyon dollar güzəşt edilmişdir. 2018-ci ildə isə şirkətə eyni formada 1.47 milyon dollar həcmində güzəşt edilmişdir. Buna baxmayaraq, 2019-cu ildə Aleksanyana qarşı teleaparıcı Hamlet Quşyanın oğurlanması ilə bağlı cinayət işi başlanmışdır.
(ardı var)
Nağı Əhmədov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Video
Ən çox oxunanlar