Xəbər lenti
 
 
Prezident İlham Əliyevin dünən Ukraynalı həmkarı Vlodomir Zelenskinin dəvətilə Ukraynaya səfərinin təkcə regionumuzda deyil, həm də qlobal miqyasda ciddi nəticələri olacaq. Xüsusilə bu səfərin zamanlaması olduqca maraqlıdır. 
 
Məlum olduğu kimi, bütün dünya hazırda gözünü Ukrayna-Rusiya sərhədlərinə dikib hər an çıxa biləcək böyük müharibə gözləyir. ABŞ və NATO digər NATO ölkələri az qala saatlarını sayaraq gözlədikləri müharibə ərəfəsində və ya atmosferində Prezident İlham Əliyevin Kiyevə səfəri Ukraynaya verilmiş dəstək kimi qiymətləndirilə bilər. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan liderinin səsləndirdiyi fikirlər də, danışıqlar zamanı imzalanan sənədlər də Ukraynaya verilmiş açıq dəstəkdən başqa bir şey deyildi. Prezident İlham Əliyev səfərin yekunları ilə bağlı açıqlamasında Ukraynanın suverenliyini və ərazi bütünlüyünü müdafiə edərək deyib: “Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.
 
Ukrayna prezident Vlodomir Zelenski də çıxışında həmkarını təsdiqləməklə qalmamış, hətta onun fikirlərinin bəzi gizli təfərrüatlarına da aydınlıq gətirmişdir. “Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq”. Zelenski bu sözlərlə sanki həmkarının “ərazi bütövlüyü” deyərkən “beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlər”i nəzərdə tutduğunu arzusuna çatan uşaq sevinci ilə diqqətə çatdırmaq istəmişdir. 


 
Ukrayna baxımından, bu məsum sevincin əhəmiyyəti həqiqətən də böyükdür. Çünki 2014-cü ildə Krımı ilhaq edən Rusiya bu adanı özünün ərazisi sayır, xüsusilə post-sovet ölkələrindən öz təcavüzkar siyasətinə dəstək istəyir. Krım isə BMT tərəfindən Ukraynanın ərazisi kimi tanınır və bütün Qərb ölkələri Rusiyadan öz işğal siyasətinə son qoymağı tələb edir. Xüsusilə son zamanlar NATO ölkələrinin bu tələbi ardıcıl və qəti olaraq irəli sürməsi, Rusiyanın isə işğalçılıq mövqeyindən geri çəkilməməsi Krımı beynəlxalq siyasətin ən önəmli gündəm maddəsinə çevirib. Belə bir məqamda Azərbaycan kimi torpağı rus “sülhməramlı”larının işğalı altında olan bir ölkənin Ukraynanın ərazi bütövlüyünə qahmar çıxması əslində ciddi fədakarlıq tələb edir və görünən budur ki, Prezident İlham Əliyev bu riski gözə almaqdan çəkinmir. 
 
Üstəlik, Azərbaycan cəmi 1 il 3 ay bundan əvvəl Rusiyanın 30 ildən bəri dəstəklədiyi, bir çox hallarda əvəzinə döyüşdüyü Ermənistan üzərində misilsiz qələbə qazanan bir ölkədir. Bu qələbə ilə əslində ermənidən çox Rusiya məğlubiyyətə uğrayıb, bununla kifayətlənilməyərək cəbhədə sıradan çıxardığı düşmən hərbi texnikaları Qənimətlər Parkında dünyaya nümayiş etdirilib, onun hərbi sənayesinin yararsızlığı, dolayısıyla düşünüldüyü qədər də qüdrətli olmadığı bütün çılpaqlığı ilə gözlər önünə sərilib. Bu baxımdan Azərbaycan ordusu II Dünya müharibəsindən sonra məğlubedilməz Rusiyanın bu imicini yerlə yeksan etmiş və Ukrayna kimi rus təcavüzünə məruz qalan ölkələrə nümunə yarada bilib. 8 ildir Rusiya təhdidi altında yaşamağa məhkum olan Ukrayna xalqı üçün Prezident İlham Əliyevin “biz də sizin yanınızdayıq” anlamına gələn mesajı böyük moral mənbəyidir və növbəti müharibə zənglərinin çalındığı indiki zamanda Azərbaycan liderinin bu addımları Ukrayna xalqını torpaqları uğrunda mübarizəyə cəsarətləndirir.
 
Maraqlıdır ki, Prezident İlham Əliyev Ukrayna səfərindən cəmi bir gün əvvəl yerli televiziya jurnalistlərinə verdiyi müsahibəsində də Rusiyaya önəmli mesajlar göndərmişdi. O, ermənilərə öz himayədarlarına çox da güvənməməyi məsləhət vermiş, əks halda yenə xəyal qırıqlığı ilə üzləşəcəyini bildirmişdi. Məlum olduğu kimi, bu sözlər əsassız da deyildi. Müsahibədən bir gün əvvəl ermənilərin Azərbaycan postlarına hücum edib bir hərbçimizi şəhid etməsinə misliylə cavab verilmiş, 2 erməni postu yerlə yeksan olunaraq 6-8 düşmən əsgəri öldürülmüş, çox sayda erməni silahlısı yaralanmışdır. 


 
Jurnalistlərə müsahibəsində İlham Əliyev həmçinin rus və erməni ittifaqına açıq şəkildə bildirmişdi ki, Azərbaycan Laçın dəhlizində yenə təxribatçı hərəkətlərlə üzləşsə, bu yolu bağlamalı olacaq. Laçın dəhlizinin rusların nəzarəti altında olmasını nəzərə alsaq, bu mesaj da ermənilərdən çox rus “sülhməramlılarına” ünvanlanmışdı. İlham Əliyevin müsahibədən dərhal sonra qalib ordunun Ali Baş Komandanı statusunda Ukraynaya səfəri və bu ölkənin ərazi bütövlüyünü tanıdığını açıq-aydın bəyan etməsisözsüz ki, psixoloji müharibənin ən gözəl örnəklərindən biri sayıla bilər və Moskvaya qonşularınla “düzgün davran, əks halda hər kəsi özünə qarşı birləşdirərsən” mesajı verir.
 
İki dövlət yetkililərinin dünən imzaladıqları sənədlər də regionda Rusiyanın nəzarətindən kənar yeni ittifaqın yaranmasına işarə idi. İmzalanan sənədlər energetika sahəsində əməkdaşlıqdan tutmuş aqrar sektora, yeni nəqiyyat dəhlizinin yaradılmasına qədər bir çox mütəffiqlik perspektivlərini ehtiva edir. “Kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır”, - Ukrayna prezidenti Zelenski dünənki görüşü şərh edən açıqlamasında belə deyib. 


 
Sənədlər arasında diqqəti ən çox cəlb edən iki əsas saziş enerji və hərbi əməkdaşlıqlarla bağlıdır. Prezident İlham Əliyevin görüşdən sonra keçirilən mətbuat konfransında bildirdiyinə görə, iki dövlət arasında bağlanan yeni müqavilələrdə “SOCAR-ın vasitəsilə Ukraynada neft və neft məhsullarının ixracı və emalı ilə bağlı əməkdaşlıqları dərinləşdirmək” nəzərdə tutulur. Bununla da kifayətlənilmir, “enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığının” da olmadığı vurğulanır. Bu isə açıq deyilməsə də Rusiyanın qaz kəsintiləri ilə imtahana çəkdiyi Ukraynanın mavi yanacaqla təchizi anlamına da gələ bilər. 
 
Qeyd edək ki, Azərbaycan prezidenti bundan əvvəlki çıxışlarında da dəfələrlə Avropanın 6 ölkəsini qazla təmin etdiyimizi, istək olarsa daha 2-3 ölkənin də təchizatını boynumuza götürə biləcəyimizi vurğulamışdı. Prezidentin bu sözlərindən doğan ilk qənaət belə idi: Rusiyanın qazını kəsdiyi Ukrayna və Moldovanın enerji təhlükəsizliyini Azərbaycan öz öhdəsinə götürə bilər. “Qazprom”un qazla sınağa çəkdiyi Polşanın qaz təchizatının isə Norveç vasitəsilə təmin olunacağı güman olunur. Təsadüfi deyil ki, “Qazprom” Polşaya hər il 9.7 milyard kub metr qaz verirdi. Norveçdən buna alternativ olaraq çəkilən “Baltik Pipe” kəməri də təxminən eyni həcmdə nəqli nəzərdə tutur – ildə 10 milyard kub metr. Zənnimizcə, həm Azərbaycanın, həm də Norveçin birinin cənubdan, digərinin şimaldan Şərqi Avropanın “cəzalandırılmış” ölkələrinə qaz nəqlinə nail olunsa, Rusiyanın regionda həyata keçirəcəyi hibrid müharibəsinin nəticələri də sıfıra endirilə bilər. Zelenskinin dünənki çıxışında “hibrid təhdidlərə qarşı birgə mübarizə aparmaq barədə razılıq əldə olunduğunu” deyərkən böyük ehtimalla bunu nəzərdə tuturdu: “Biz Ukrayna və Azərbaycan prezidentləri arasında birgə Bəyannamə imzaladıq. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində dövlətlərimizin və xalqlarımızın suverenliyinə, ərazi bütövlüyünə dəstək verməyə, hibrid təhdidlərə, sülh və sabitliyin təmin edilməsi istəyinə birgə mübarizə aparmağa hazır olduğumuzu təsdiqlədik”, - Ukrayna mediasına görə, Zelenski çıxışında belə deyib. 


 
Diqqəti cəlb edən digər məqam Qara dəniz və Xəzər hövzəsində hərbi əməkdaşlıqla əlaqədardır. Maraqlıdır ki, iki dəniz hövzəsinin təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı razılığın əldə olunduğunu da məhz Ukrayna prezidenti açıqladı: “Biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq”.
 
Sözsüz ki, indiki şəraitdə Azərbaycanla Ukraynanın xüsusilə hərbi dəniz donanması sahəsində hansısa dövlətə qarşı ittifaq qurmaq imkanları yox dərəcəsindədir. Əslində burada dəniz hövzəsi deyiləndə hərbi donanmalar arasında əməkdaşlıqdan da söhbət getmir. Azərbaycanın Xəzər hövzəsində, Ukraynanın isə Qara dənizdə yerləşdiyindən və bu bölgələrdə təhlükəsizlik sahəsində qüvvələrin birləşdirilməsindən, xüsusilə terrorizmə qarşı mübarizə sahəsində informasiya alış-verişindən bəhs olunur. Sirr deyil ki, hər iki hövzə beynəlxalq qüvvələrin maraq dairəsində olduğundan bu kimi təhdidlər mövcuddur və bəzən həmin terrorçular öz təxribat planlarını qonşu dövlətlərin ərazisində qururlar. Odur ki, dövlətlər arasındakı yaxın əlaqələr, əməkdaşlıqlar, informasiya mübadilələri bu təhdidləri aradan qaldırmaq yolunda mühüm keçid daşları rolunu oynaya bilər. Amma o da istisna olunmamalıdır ki, ilk mərhələdə terrorizmlə mübarizəyə qarşı əməkdaşlıq üzərində qurulan ittifaqların sabah daha geniş spektrli hərbi əməkdaşlıqlara da çevrilmək ehtimalları da istisna deyil. Hər halda həm Azərbaycan, həm də Ukrayna regionun əsas söz sahiblərindən sayılan Türkiyənin strateji müttəfiqləridir və sabah regional maraqlar bu 3 dövləti ortaq düşmənlərə qarşı eyni səngərdə çiyin-çiyinə dayanmağa vadar edə bilər.
 
Liderlərin görüşündə əldə olunan əsas razılaşmalardan biri və ən başlıcası, sözsüz ki, regional iqtisadi əməkdaşlıqlarla bağlıdır. Prezidentlərin çıxışından belə aydın olur ki, onlar 25 il bundan əvvəl yaradılsa da, ciddi fəaliyyət ortaya qoya bilməyən GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan Moldova) təşkilatını yenidən canlandırmaq qərarına gəliblər. Ukrayna prezidenti dünənki bəyanat-çıxışında bunu etiraf edərək bildirib: “Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq”.


 
2005-ci ildən fəaliyyətini demək olar ki, tamamilə dayandıran GUAM çərçivəsində iqtisadi əməkdaşlıqlar, xüsusilə nəqliyyat dəhlizlərinin yaradılması Xəzər-Qara dəniz hövzəsini “Bir Kəmər, Bir Yol” layihəsinə bağlaya və beləcə regionu Avropa ilə Orta Asiya və Çin arasında körpüyə çevirə bilər. Bununla da GUAM ölkələrini tamamilə Rusiyanın təsir dairəsindən çıxarılmasında önəmli rol oynayar. Bizim üçün daha vacib məqamlardan biri də İran-Ermənistan-Gürcüstan və Qara dəniz ölkələri arasında yaradılmağa çalışılan, dolayısıyla Azərbaycanı kənarda qoyan Fars köfrəzi-Qara dəniz nəqliyyat dəhliz layihəsinin də GUAM-ın canlandırılması nəticəsində tamamilə iflasa uğraması perspektividir. İran da, təbii ki, qlobal nəqliyyat dəhlizində pay almaq istəyirsə, Azərbaycan üzərindən GUAM-a bağlanmaq şansına malikdir və Tehran yəqin ki, bu barədə dərindən və bir daha düşünməli olacaq.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 859          Tarix: 15-01-2022, 14:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma