Xəbər lenti

 
ABŞ Ukraynanı silahlandırdığı kimi, Rusiyada 3 tərəfdən Ukraynanı mühasirəyə almağa çalışr.
 
Ovqat.com Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, NATO ölkələri bir neçə gün ərzində Kiyevə yüzlərlə ton silah çatdırıb. Tank əleyhinə raketlər artıq mənzilə yetişdirilib, məşhur “Stinqers” raketlərinin tədarükü də gözlənilir. 
 
Reuters agentliyi 2 gün öncə öz mənbələrinə istinadən bildirmişdi ki, ABŞ Dövlət Departamenti Latviya, Litva və Estoniyaya Amerika silahlarını Ukraynaya tədarük etməsinə icazə verib. Dövlət Departamentinin sözçüsü bu məlumatı təsdiqləyib, lakin o, hansı silah növlərindən söhbət getdiyini dəqiqləşdirməkdən imtina edib. Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, indi “Estoniya Kiyevi “Javelin” tank əleyhinə raketlərlə, Litva isə “Stinger” raketləri ilə təchiz edə biləcək”. Məlumata görə, bu ölkələr Amerika silahlarını satmaq üçün Vaşinqtondan icazə almalı idilər və bu icazə artıq verilib.
 
Böyük Britaniya da bir neçə gündür Ukraynaya silah göndərir.  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iddiasına görə, Londondan bir neçə gün ərzində Kiyevə ən azı altı uçuş həyata keçirilib. Hər təyyarənin 77,5 tona qədər yük daşıdığını nəzərə alsaq, bu, ümumilikdə 460 tona yaxın silah deməkdir.


 
Kiyev mətbuatının məlumatına görə, britaniyalılar Ukraynaya maksimum 1 km. məsafədən idarə olunan raketlərdən istifadə edən NLAW yüngül portativ tank əleyhinə sistemlər də çatdırıblar. Ukraynalı ekspertlərin fikrincə, Böyük Britaniya əsasən “FGM-148 Javelin”, tank əleyhinə idarə olunan raket (ATGM) buraxılış qurğuları tədarük edib. Bundan əvvəl 47 oxşar qurğu artıq amerikalılar tərəfindən Kiyevə təhvil verilmişdi. Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles bildirib ki, silahlarla yanaşı, Ukrayna əsgər və zabitlərinə təlim keçmək üçün bir qrup britaniyalı hərbçi də Kiyevə göndəriləcək. Kanada da Ukraynaya hərbi yardım edən NATO dövlətləri arasındadır. Bu ölkə də Ukraynaya silah-sursatla yanaşı hərbi qüvvələrini göndərib. Hazırda hər 3 ölkədən yüzlərlə hərbçinin Ukraynada rus təcavüzünün başlayacağı günü gözlədikləri iddia olunur. 
 
ABŞ Ukrayna ilə yanaşı, Baltikyanı ölkələrə də xeyli sayda silah və hərbçi göndərib. Müharibə başlayarsa bu qüvvələr ilkin müdafiə tədbirləri alacaqlar. Xarici legionerlərin xüsusi təyinatlı hərbçilərdən təşəkkül tapdığını və onların hər birinin müasir texnikalardan yüksək səviyyədə istifadə qabiliyyətinə yiyələndikləri bildirilir. Legioner Ukrayna əsgərlərinə NATO silahlarından istifadə qaydalarını öyrədəcəklər və aparılan əməliyyatlarda birbaşa nəzarət edəcəklər.
 
Bütün bu hazırlıqlar yaxın günlərdə Ukrayna-Rusiya sərhədlərində qanlı hesablaşmaların başlayacağı ehtimalını doğurur. NATO ölkələrinin Ukraynaya göndərdikləri silahların xarakteristikasına nəzər salanda görə bilərik ki, Qərb Kiyevi Rusiya ilə nizamlı ordu döyüşlərindən çox, partisan müharibəsinə hazırlayırlar. Belə ki, Ukraynaya göndərilən silahların böyük əksəriyyəti yaxın məsafədən zərbə endirmək üçün nəzərdə tutulub. Tank əleyhinə “Javelin” raketlərinin ən uzaq mənzili cəmi 4 km, yer-göy istiqamətli “FIM-92 Stinger”lərin mənzili isə 1-4.8 km-dir. Bundan əlavə Ukraynanın əlində 50-dən çox “TB-2 Bayraktar” silahlı dronları da var ki, bu silahlar əsasən hava hücumlarından müdafiə komplekslərini və ağır texnikaları zərərsizləşdirməyə yaraya bilər. Belə çıxır ki, Qərb ölkələri Ukraynanı 5 km yüksəklikdən uçan rus təyyarələri qarşısında tamamilə çarəsiz buraxır, sadəcə rus ordusunun quru qoşunlarının və alçaqdan uçan helikopterlərin vurulmasını nəzərdə tutan silahlarla təchiz edir. Bu isə Ukraynanın partisan müharibəsinə hazırlandığını təsdiqləyən ən önəmli dəlillərdəndir.


 
Rusiya nə qədər Ukraynanı işğal etmək niyyətində olmadığını bildirsə də, ABŞ və NATO qüvvələri bu fikirləri yaxına buraxmaq istəmirlər. Onların fikrincə, Moskva əgər bu fikirdə səmimidirsə, Ukrayna sərhədlərinə topladığı və Belarusa göndərdiyi əsgərlərini geri çəkməlidir. Rusiya isə bunun yalnız bir şərtlə həyata keçirilə biləcəyini bildirir: NATO qüvvələri 1997-ci ildəki hərbi dislokasiya vəziyyətinə qayıtmalıdırlar. Bu isə NATO qüvvələrinin təkcə Ukraynadan deyil, həm də Baltikyanı ölkələrdən, Rumıniya, Bolqarıstan, Albaniya, Çexiya və s. kimi Şərqi Avropa coğrafiyasından çıxması mənasına gəlir. NATO nəinki bu təkliflə razılaşmır, hətta Ukrayna və Gürcüstan kimi keçmiş SSRİ ölkələrini də alyansa üzv qəbul etmək istədiyini gizlətmir.
 
ABŞ və bəzi NATO ölkələrinin bu mövqeyi Rusiyanı Ukrayna bataqlığına çəkməkdə, uzun illər boyu bu bölgədə savaşa cəlb etməkdə maraqlı olduğunu göstərir. Zənnimizcə, məhz bu amil Ukrayna savaşını qaçılmaz edir. Hətta Rusiya bunu istəməsə belə, müharibəni Ukraynanın başlaya biləcəyi ehtimalı var. Məsələ burasındadır ki, Ukranyanın ən strateji nöqtələrini – Krım və Donbassı işğal edən Rusiya yeri gələndə status-kvonun qorunmasında maraqlıdır. Ukrayna üçün isə işğal olunmuş ərazilərini azad etmək problem var və bu problem Kiyevi ölkə daxili separatçı qruplarla üz-üzə gətirə bilər. 
 
Üstəlik, Ukraynada xarici hərbi legionerlərin yerləşdirilməsi də faktiki olaraq bu ölkənin ordusuna nəzarəti Kiyevin insiativindən çıxarır. Rusiya ilə gərginlik artıqca, Ukrayna ordusu tamamilə NATO generallarının nəzarəti altına düşür. Bu isə imkan verir ki, Ukrayna hərbçiləri istəməsə belə, “legioner”lərin nəzarəti altındakı hərbçilər ölkənin ərazi bütövlüyünü təmin etmək adıyla Donbassda ilkin müdaxilələrə başlasın. Bu baş verərsə, Rusiyanın Donbassdakı prosesləri laqeydçəsinə izləmək şansı qalmayacaq. Əks halda hərbi güc olaraq tamamilə nüfuzdan düşə və tədricən yox olub gedə bilər. Proseslərə müdaxilə isə rus ordusunu Ukrayna bataqlığına sürükləyəcək. 


 
Bəs, bu savaşı kim istəyir və məqsəd nədir?
 
Zənnimizcə, ABŞ və anqlo-sakson ittifaqa bağlı NATO ölkələri Moskvanı Ukrayna ilə müharibəyə çəkməklə Avropanın digər ölkələri ilə Rusiya arasındakı iqtisadi əlaqələri dayandırmağa vadar etmək istəyirlər. Məlum olduğu kimi, bu zamanadək Avropa tərəfdaşlarını Rusiyadan qaz və digər enerji maddələri almamağa çağıran ABŞ bütün səylərinə baxmayaraq, xüsusilə Almaniya və Fransanı bunun lazımlılığına inandıra bilməmişdi. Özünün enerji tələbatını əsas götürən Avropa ölkələri qaz tələbatlarının hardasa 40%-ni Rusiyadan tədarrük edirdi.  Nəticədə Rusiya böyük pullar qazanaraq, 1990-cı illərdə qarşılaşdığı ağır böhrandan çıxır və yenidən dünya hegemonluğu eşqinə düşürdü. Bu prosesin qarşısını almaq üçün Rusiya ilə Avropa Birliyi arasında ciddi qarşıdurmaların yaranması tələb olunurdu. Ukraynanın işğalı və rus təhdidinin Avropanın başının üzərini alan kabus kimi xortlaması ABŞ-ın bu planını reallaşdırmaq üçün ən uyğun resept kimi qarşıda dayanırdı. 
 
Digər tərəfdən son zamanlar şist qazının yeni yöntəmlərlə çıxarılması sahəsində dünyanın ən böyük enerji hasilatçısına çevrilən ABŞ üçün bazar qazanmaq problemi ortaya çıxmışdı. Ən uğurlu bazar isə Rusiyanın inhisarı altına düşən Avropa ölkələri ola bilərdi. Bu rəqabətdə ABŞ-ın qiymət amilindən faydalanmaq ehtimalı çox azdır. ABŞ-ın qaz hasilatı Rusiyadan 30% baha başa gəlir və bu da satış qiymətlərinə öz təsirini göstərir. İqtisadi rəqabətdə Rusiya ilə bacara bilmədiyini anlayan ABŞ üçün Avropanı rus xofu ilə qorxudub öz qoynuna almaq lazım idi. Fikrimizcə, Ukrayna-Rusiya gərginliyi bu planın reallaşması üçün ən uyğun zəmini hazırlayır.


 
Görünən budur ki, ABŞ və tərəfdarları Rusiyanı bu tələyə sala bilib. Hətta Ukrayna-Rusiya müharibəsinin dəqiq vaxtı belə, artıq dilə gətirilir. Rus hərbi eksperti Aleksey Leonkov toqquşmanın yaddaqalan bir tarixdə, məsələn, fevralın 22-də başlaya biləcəyini istisna etmir. “Belə təxribatların təşkilatçıları gözəl tarixləri sevirlər. Məsələn, 2008-ci il avqustun 8-i (08.08.08) Gürcüstanın Cənubi Osetiyaya təcavüzünün başladığı gündür. Bu dəfə isə 02/22/2022 tarixi Ukrayna-Rusiya müharibəsinin başlanma zamanı kimi seçilə bilər".


Ana səhifəyə qayıt        Baxış: 5 994          Tarix: 22-01-2022, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma