Xəbər lenti

 
Son vaxtlar Ukrayna ətrafında baş verən hadisələr, xüsusilə Böyük Britaniya-Polşa-Ukrayna hərbi ittifaqının yaradılması istiqamətində atılan addımlar, həmçinin Şuşa Bəyannaməsinin ratifikasiyası ilə Azərbaycan-Türkiyə arasındakı hərbi-strateji əməkdaşlıqların yeni mərhələyə qədəm qoyması Moskva qədər, İrəvanda da ciddi təşviş yaradıb. Erməni analitik Qraçya Qalustyanın ““Dumanlı Albion” yeni ittifaqlar qurur: Ermənistan yenidən əlverişsiz vəziyyətdə” sərlövhəli yazısında bu tendensiyanın Böyük Britaniya-Polşa-Ukrayna- Azərbaycan-Türkiyə beşbucaqlı hərbi ittifaqının yaradılması ilə nətəcələnəcəyindən və ABŞ-ın da bu ittifaqı dəstəkləyəcəyindən ehtiyatlanılır və Ermənistanın növbəti dəfə beynəlxalq arenada təklənəcəyi bildirilir. Qalustiyanın bu əndişəsi başadüşüləndir və Rusiyaya qarşı yaradılacağı gözlənilən yeni hərbi ittifaqın yalnız 5 dövlətlə kifayətlənməyəcəyi məlumdur. Yaxın zamanlarda rus təhlükəsi altında yaşayan digər Şərqi Avropa dövlətlərinin də həmin təşəbbüsə qoşulacağı şübhə doğurmur. Bu gedişlə, yəqin ki, sözügedən hərbi koalisiya böyüdükcə Ermənistan daha çox qəm dəryasına batacaq.
 
Qalustiyanın ürək ağrısı ilə yazdığı məqaləsini Ovqat.com oxucularının diqqətinə çatdırırıq:


 
Böyük Britaniya Azərbaycan hökumətinə Qarabağda yenidənqurma işlərində iştirak etməkdə maraqlı olan şirkətlərin siyahısını təqdim edib”. Bu barədə bir neçə gün əvvəl Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib. Onun sözlərinə görə, Qarabağ Azərbaycanda “yaşıl enerji”nin inkişafı üçün ən yaxşı yerlərdən biridir.
 
“Hazırda bp bərpa olunan enerji layihələrini, daha doğrusu azad edilmiş torpaqlarda günəş elektrik stansiyalarını inkişaf etdirir. Biz çox şadıq ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə “yaşıl” enerjini inkişaf etdirir”, - deyə Şarp bildirib. Və bu bəyanat bəzi hallar olmasaydı, xüsusi diqqətə layiq sayıla bilməzdi.
 
Mən təbii ki, ondan başlayacağam ki, Şarp Artsaxı Azərbaycan dilində Qarabağ adlandırdı, bu, Britaniya tərəfinin açıq-saçıq tanış təxribatıdır. Eyni tipli təxribata Artsaxın Azərbaycana məxsus olması iddiası və ərazilərin “azad edilmiş torpaqlar” adlandırılması da daxildir. Əslində buralar “Artsaxın müvəqqəti işğal olunmuş əraziləridir” (Dırnaq işarəsi Ovqat.com-a aiddir).
 
Bəli, heç kimə sirr deyil ki, Dumanlı Albionla (Qədim romalılar İngiltərəni belə adlandırırdılar – Ovqat.com) Azərbaycan arasında münasibətlər açıq-aşkar kommersiya maraqlarına əsaslanır. Neft şirkəti BP Xəzər dənizində uzun müddətdir böyük gəlirlə “qara qızıl” hasil edir. Müvafiq olaraq, rəsmi Londonun bütün anti-erməni addımları çoxdan və şiddətli neft iyi verir. Britaniya siyasətçilərinin vicdanını neft funtları əvəz edib.


 
Amma bundan daha vacib məsələlər də var. Söhbət son tendensiyalardan gedir. Britaniyanın xarici işlər naziri Liz Trussın sözlərinə görə, yeni sanksiyalar qanun layihəsinə uyğun olaraq Rusiya şirkətlərinin Britaniyadakı aktivləri dondurula bilər. Liz Truss əlavə edib ki, Britaniya “Ukraynaya qarşı təcavüzə” cavab olaraq Rusiyaya qarşı “ən sərt sanksiyalar rejimini” hazırlayıb.
 
Onun sözlərinə görə, "gizlənmək üçün heç bir yer qalmayacaq". Və sonra, demək olar ki, dərhal başqa bir xəbər gəlir. Məhz Böyük Britaniya, Polşa və Ukrayna dövlətlər arasında yeni əməkdaşlıq formatının yaradılmasını elan etməyi planlaşdırır. Bu barədə Böyük Britaniya və Polşanın baş nazirləri Boris Conson və Mateuş Moravetskinin Kiyev səfəri zamanı məlumat veriləcək.
 
Başqa sözlə, yeni üçbucaq yaranır. Hansı ki, digər üzvlərlə doldurula bilər. Yaxın günlərdə Türkiyə ilə Ukrayna arasında da azad ticarət sazişi imzalanacaq. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın növbəti sessiyasının açılışındakı çıxışı zamanı deyib. O qeyd edib ki, hazırda güclü maliyyə siqnalı - bu iki gün ərzində Türkiyə ilə azad ticarət sazişinin imzalanması üçün hazırlıq gedir. O, razılığın əldə olunacağına əmindir.


 
Əslində Türkiyə də Ukrayna ilə bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlığı genişləndirmək istəyini və hazırlığını gizlətmir. Azərbaycan da eyni şeyi dəfələrlə bəyan edib. Rəsmi Bakı uzun müddətdir ki, Türkiyə ilə birgə hərəkət edir. Ona görə də Ukrayna-Böyük Britaniya-Polşa üçbucağını Türkiyə və Azərbaycanla da doldurmaq olar.
 
Və onların hamısı, nə qədər paradoksal səslənsə də, ABŞ tərəfindən himayə olunur. Bəli, hələ də hipotetik beşbucaqlı ölkələr arasında xeyli fikir ayrılıqları var, lakin tendensiya göz qabağındadır. Kim nə deyirsə desin, Ankara və Bakı yenidən Rusiya ilə barrikadaların əks tərəfində öz yerini alacaq. Və onların bundan böyük maliyyə və siyasi dividendlər qazanmaları üçün hər şansı olacaq.
 
Bəs Ermənistan? Biz özümüzü yenidən kənar müşahidəçi roluna salmışıq. Üstəlik Rusiya tərəfi ilə eyni barrikadada dayanaraq. Hansı ki, bu vəziyyət Ermənistana heç bir üstünlük vəd etmir. Əksinə, bu barrikadada yer alanlar ancaq gələcək itkiləri barədə düşünə bilər. Bu tendensiyanın bədəli sayı on, bəlkə də yüz milyardlarla ölçüləcək. Bu, təbii ki, Rusiya Federasiyası üçün belədir. Amma Ermənistan da hadisələrin bu cür inkişafının bəhrəsini alacaq. Bu, çox kədərli bir təsnifatlanmadır.

Tərcümə Ovqat.com-a aiddir.





Ana səhifəyə qayıt        Baxış: 6 103          Tarix: 3-02-2022, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma