Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Sevda Aydın Kərimova
sevda.aydin.k@gmail.com
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi,
AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Elmin gender bərabərliyi – Qadınların elmdə iştirakı
11 Fevral “Beynəlxalq qadın və qızların elmdə iştirakı günü”nə həsr edilir
Qadın Hüquqşünasların I Forumundakı çıxış
Ümumi hesablamalara görə Azərbaycan Respublikasında elmi fəaliyyətlə məşğul olan şəxslərin təqribi 52%-ni qadınlar təşkil edir.
Dünya göstəricilərindən təqribi 35%-dən xeyli yuxarıda duran bu göstərici konkret elmi fəaliyyətlə məşğul olan qadınlara aidir. Əgər elmlə bağlı yardımcı sahələrlə məşğul olan qadınların sayını da əlavə etsək onların kişilərlə müqayisəsi bu rəqəmi daha da yüksək faizə qaldırar.
Elmə daha çox əhəmiyyət verən, dünya elminin inkişafında xüsusi rolu olan Yaponiya, Almaniya və İngiltərədə bu göstərici 16-25% arasında dəyişir. Müqayisə üçün deyək ki, Yaponiyada elmlə məşğul olanların 16%-i qadınlardır, bizdə 52%.
Elmi tədqiqat müəssisələrində çalışan alim qadınların sayının tədrisdə daha çox olduğu məlum olur.
Maraqlıdır ki, elmi fəaliyyətin mərhələlərinin aşağı pilləsində qadınların sayı çoxluq təşkil edir, qalxdıqca kəskin şəkildə azalır. Magistraturada təhsil alanlar arasında qadınlar – qızlar çoxluq təşkil edir. Doktorantura mərhələsində olan qadınlar bir neçə faiz azalır. Fəlsəfə doktorluğu mərhələsində də qadınların sayında üstünlük var, yəni faiz hesabı yuxarıdır. Lakin elmlər doktorlarının, professorların, akademiklərin sayında kəskin olaraq kişilərin üstünlüyü hiss olunur.
Elmi tədqiqat müəssisələrinin, elmi idarələrin, ali təhsil müəssisələrinin rəhbərləri, aparıcı şəxsləri arasında qadınlar olsa da onların sayı bu sahədə çalışanların 10-12%-ni təşkil edir. Bu rəqəmlərin bu günkü dəqiqliyinə əmin olmamaqla bərabər, prinsipcə aşağı-yuxarı kişi və qadınların elmi fəaliyyətinin bu günkü münasibəti belədir.
Hətta bu rəqəmlər səviyyəsindən baxanda da Azərbaycanda alimlərin və elmi fəaliyyətlə məşğul olan şəxslərin arasında qadınların sayı kişilərin sayından çoxdur.
Hazırda tibb sahəsində fəaliyyət göstərən elmi tədqiqat institutları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) tabeliyinə verilmişdir. TƏBİB Elmi tədqiqat və təhsil departamentinin Elmi tədqiqatların koordinasiyası şöbəsinin 2022-ci ilin əvvəlinə verdiyi məlumata əsasən elmi işçilərin ümumi sayı 436-dır, onlardan 310 nəfəri qadın, 126 nəfər isə kişilər təşkil edir. Bu isə konkret TƏBİB tabeliyində səhiyyə sahəsində çalışan elmi işçilərin 71% qadın, 29% kişi olduğunu göstərir.
2020-ci ilin məlumatına görə ölkədə təbiət elmləri sahəsində fəaliyyət göstərən elmi kadrların 54%, mühəndis-texnoloji sahədə çalışanların 47%, təbiət elmləri sahəsində çalışanların 59%, tibb elmləri sahəsində çalışanların 59%, kənd təsərrüfatı elmləri ilə məşğul olanların 39%, sosial və humanitar elmlərlə məşğul olanların 58%-i qadınlardır.
Bilmək olmur, ümumilikdə 52%-ni qadın alimlərin təşkil etdiyi Azərbaycan elmini, 16%-ni qadınlar olduğu Yaponiya, 25%-ni qadınlar olduğu Almaniya ilə müqayisə edərkən sevinməliyik ya kədərlənməliyik.
Ölkəmizdə elmə və elmi tədqiqat fəaliyyətinə axının və kişilərin elm sahəsindən uzaqlaşmasının ciddi müqayisəsi edilməli, dərin analiz aparılmalıdır.
Müzakirə olunmalı faktdır ki, niyə fəlsəfə doktorluğuna qədər gələn qadınlar sonradan dərin tədqiqatlardan uzaqlaşırlar.
Kişilərdən sayca çox olan qadınların ciddi elmi konfranslarda iştirakı, məruzəsi, dünya səviyyəli jurallarda məqalələrlə çıxış etməsi kişilərlə müqayisədə dəfələrlə azdır.
Analiz olunmalıdır ki, niyə elmlə məşğul olan, ailə qayğılarından və uşaqların tərbiyəsi ilə məşğul olmaqdan daha sərbəst olan kişilərin sayı ildən ilə azalır, niyə uğurlu kişi alimlər xarici ölkələrdə işləməyə üstünlük verirlər.
Maraqlıdır ki, orta savadlı adi mütəxəssisin işlədiyi müəssisələrdə işləyən şəxslərin əmək haqqı elmlə məşğul olan alimin əmək haqqından dəfələrlə çoxdur.
Qadınların elm sahəsinə gəlməsi az maaşlı, işi az olan müəssisələrdə rahatlığın olması ilə izah oluna bilər.
Elmi fəaliyyət kişilər üçün gəlirli, prestijli, nüfuzlu fəaliyyət sahəsi hesab olunmadığı üçün qadınların orada çoxluq təşkil etməsi heç də müasir dövrdə elmi nailiyyətlərə söykənməli olan fəaliyyət sahələrinin, eləcə də bütünlüklə elmimizin inkişafında uğur sayıla bilməz.
Elmdə gender bərabərliyinin təmin edilməsi, elmi fəaliyyətlə məşğul olan qadınların əldə etdiyi elmi nəticələrin keyfiyyətinin yüksəldilməsi, tədqiqatların dərinliyinin və davamlılığının formalaşması və s. üçün ciddi sosial-siyasi, elmi-strateji, iqtisadi və mənəvi stimullaşmaya ehtiyac vardır.
Elmlə məşğul olan qadınların fəaliyyətinin təşviq etmək üçün dünya səviyyəsində UNESCO tərəfindən Fevral ayının 11-i “Beynəlxalq qadın və qızların elmdə iştirakı günü” kimi qeyd edilir. Eləcə də, hər il oktyabr ayının ikinci həftəsinin ikinci günü ümumdünya Ada Lavleys günü elan olunub. 52% alimlərinin qadın olduğu Respublikamızda bu tədbirlər lazımi səviyyədə qeyd edilmir.
Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura təhsili alan, tədqiqatla məşğul olan şəxslər 3 il ərzində hər ay maksimum 180 manat əmək haqqı və ya stipendiya alır. Qanunvericiliyə əsasən doktoranturada təhsil alan şəxslər tam ştat hər hansı iş yerində işləyə də bilməzlər. Üstəlik ölkəmizdə bəzi tədris və tədqiqat müəssisələrində təhsil haqqı ödəmək lazım olur. Beləliklə də, istedadlı, az təminatlı olan şəxslər elmdən uzaqlaşır. Xüsusilə ailənin maddi ağırlığını çəkməli olan kişilərin elmi maraqlarını və təfəkkür fəaliyyətlərini məhdudlaşdırır.
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri ümumilikdə 29 milyard 879 milyon manata bərabər olacaqdır. Müharibə şəraitində olan ölkə üçün dövlət büdcəsi xərclərindən maksimal hissənin müdafiə və milli təhlükəsizliyə ayrılması normaldır, ancaq elmə ümumilikdə təxminən 203 milyon manat ayrılması (bu demək olar ki, dövlət büdcəsinin minimum xərcini təşkil edir) hər bir halda arzuolunan deyildir.
Əgər alimlərin və bu ada iddialı olanların əmək haqqı yüksək olsa, bu əmək haqqını almaq istəyənlərin də təhsil və intellekti yüksək olacaq, rəqabət yaranacaq, elm inkişaf edəcək.
Təhsil obrazın formalaşmasıdır. Ona görə də biz müəyyənləşdirməliyik ki, bizə necə obraz lazımdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında iştirak edən 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 55,4 faizi qadın olmaqla 3187 nəfər təhsil alıb.
Qeyd edilməlidir ki, ümumilikdə 2019-cu illə müqayisədə 2020-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 15,4 faiz, elmlər doktoru proqramı üzrə isə 28,8 faiz azalma müşahidə olunmuşdur. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,8 faiz azalmışdır.
Xüsusilə vurğulamaq istəyirik ki, TƏBİB tabeliyində olan tibbi elmi tədqiqat institutlarına 2021-ci il üçün doktorantura pilləsinə qəbul üzrə 80% yerlər boş qalmışdır. Hazırda yenidən qəbul keçirilir.
Bunlarla yanaşı, elmi məsləhətçilik, ekspertlik, elmi tədqiqatların nəticələrinin istehsalata, idarə etməyə cəlb edilməsi işindəki qüsurları aradan qaldırmaq zəruridir. Elmi işçilərin əmək haqqı elmin cəmiyyətdə tutduğu yerə mütənasib olmalıdır.
Gender bərabərliyi qadınların inkişafına kömək etməklə bərabər kişilərin də elmi fəaliyyətinə təkan verməlidir. Bu bərabərlik stimullaşdırma, bütövlükdə elmi təfəkkürün inkişafına, müasir elmi-texniki tərəqqinin nailiyyətlərinin cəmiyyət həyatının bütün sahələrinə tətbiqinə, elmin inkişafına kömək etməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar