Xəbər lenti
 

Prezident İlham Əliyevin dünən Moskvaya səfəri və həmkarı Vladimir Putinlə Moskva Bəyannaməsini imzalaması bəzi çevrələrcə əndişə ilə qarşılanmış, Rusiya imperiyasına bağlanma cəhdi kimi şərh edilmişdi. Əslində bu cür qiymətləndirmədə Kremlin rolu da az olmamışdı. Səfərdən bir neçə gün əvvəl Kremldən verilən açıqlamada Azərbaycanla Rusiya prezidentləri arasında müttəfiqlik müqaviləsi imzalanacağı bildirilmiş, beləcə ictimai rəydə süni ajiotajlar yaradılmışdı. Səfərin Donetsk və Luqanskın Rusiya tərəfindən tanınması zamanına salınması da ictimai rəyi çaşdırmağa xidmət etmişdi. Hətta bəzi siyasi qüvvələr “müttəfiqlik müqaviləsi” sözündən hərəkətlə Azərbaycanın KTMT-yə və ya Aİİ-yə qoşulacağı iddiaları irəli sürürdülər. Qardaş Türkiyənin bəzi internet media qurumları daha da irəli gedərək bu müqavilədən sonra Azərbaycana “göndəriləcək” rus əsgərlərinin “dəqiq sayını” belə göstərirdilər: “30 min rus əsgəri Azərbaycana yerləşdiriləcək”.
 
Mümkündür ki, Rusiyanın adi bir çoxşaxəli əməkdaşlıq aktını “müttəfiqlik müqaviləsi” kimi təqdim etməsi və ölkəmizdəki bəzi qüvvələrin də bu fakta istinadən hələ müddəaları ortaya qoyulmayan sənəddə xəyanət izləri axtarması təsadüfi deyil, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Kremlin Türk Dünyası fobiyası Moskva Bəyannaməsinə salınan bəzi müddəalardan da açıq-aşkar görünür və yazımızda yeri gəldikcə bu xüsuslara diqqət çəkməyə çalışacağıq. Hələlik isə cəmiyyətimizi ən çox narahat edən bir suala cavab axtaraq: doğrudanmı Moskva Bəyannaməsi Rusiyanın Azərbaycan üzərində dominantlığını gücləndirən hüquqi sənəddir?
 
Zənnimizcə, bu suala cavab vermək üçün Bəyannamədə yer alan hərbi əməkdaşlıqlarla bağlı müddəaları gözdən keçirmək kifayətdir. Nədən ki, dövlətlər digər dövlətlər üzərində dominantlıqlarını əsasən hərbi üstünlükləri hesabına qururlar. Bəs sözügedən Bəyannamə Rusiyaya hansı hərbi üstünlüklər verir?


 
43 maddəlik Bəyannaməyə nəzər salsaq, onlardan 6-nın birbaşa, 4-nün isə dolayısıyla hərbi əməkdaşlıqla bağlı olduğunu görə bilərik. Birbaşa hərbi əməkdaşlıqla bağlı olan 12-cı maddədə deyilir: “Tərəflər milli maraqlara cavab verənüçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər”. Bu maddədən də göründüyü kimi, Bəyannamədə hansısa ittifaq daxilində birgə fəaliyyətdən yox, ikitərəfli əməkdaşlıqdan söhbət gedir. Deməli, sənəddə Azərbaycanın KTMT-yə üzvlüyü nəzərdə tutulmur. Sadəcə tərəflərin üzv olduqları ittifaqlardan müstəqil şəkildə hərbi-siyasi əməkdaşlıq qura biləcəkləri vurğulanır. Bu isə normal və gözlənilən prosedurdur.
 
Üstəlik, bu əməkdaşlıq üçüncü dövlətə qarşı da yönəlməməlidir. Başqa sözlə, Azərbaycan Rusiya ilə hərbi-siyasi əməkdaşlıqlığını nəinki öz strateji müttəfiqlərinə, hətta Ukrayna kimi Moskvanın hədəfə aldığı dövlətlərə qarşı da qura bilməz. Fikrimizcə, 12-ci maddədəki “üçüncü ölkələrə qarşı yönəlməyən” müddəa sırf Azərbaycanın həmin sənədə əlavəsidir. Nədən ki, indiki Ukrayna böhranı şəraitində Qərb ölkələrinə qarşı müdafiə mövqeyi seçmiş Rusiya üçün maddənin mövcud şəkli heç də qənaətbəxş deyil və böyük ehtimalla, Kreml tərəfindən də tərtib olunmayıb.
 
Hərbi-siyasi maddə kateqoriyasına aid etdiyimiz digər maddələr bunlardır: 
 
 
“13. Maddə
 
Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.
 
Göründüyü kimi, 13-cü maddədə də çoxtərəfli əlaqələrdən yox, ikitərəfli hərbi əməkdaşlıqdan söhbət gedir.


 
14. Maddə
 
Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər”.
 
“15. Maddə
Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar”.
 
“Maddə 16
 
“Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər biri beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”.
 
16-ci maddədəki “Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla bir-birinə hərbi yardım göstərmək imkanını nəzərdən keçirmək hüququ”, məsələnin qoyuluşundan da göründüyü kimi öhdəlik yox, səlahiyyətdir. Yəni Azərbaycan və ya Rusiya digər tərəfə hərbi yardım göstərmək hüququnu özündə saxlayır və uyğun görmədiyi təqdirdə bu səlahiyyətindən istifadə etməz. Azərbaycanın Rusiya qarşısında elə bir öhdəlik götürməməsi onun suverenliyinin ifadəsidir.
 
“Maddə 17.
 
“Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”.
 
Fikrimizcə, hərbi-siyasi maddələr arasında Moskvanın Azərbaycandan istədiyi və aldığı əsas öhdəliklərdər biri də məhz budur. Bildiyimiz kimi, 2021-ci il 15 iyun tarixində Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanmış və bu yaxınlarda hər iki dövlətin parlamenti tərəfində ratifikasiya olunmuşdu. Şuşa Bəyannaməsinin maddələrindən birində eynilə bu ifadələr yer alır:


 
“Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
 
Yəqin razılaşarsınız ki, Şuşa Bəyannaməsində yer alan bu müddəa Türkiyədən çox, Azərbaycanın müdafiəsini nəzərdə tutur. NATO kimi dünyanın ən güclü hərbi alyansının aparıcı üzvlərindən olan Türkiyə yeri gələndə öz müdafiə və təhlükəsizlik problemini həll edib. Özünün güclü ordusu, NATO kimi qorunma çətiri varkən, Türkiyənin Azərbaycandan umduğu yardım ancaq mənəvi dəstək ola bilər. Bu isə Azərbaycan hökumətinin iradəsi xaricindədir. Allah eləməsin, Türkiyəyə hər hansı xarici təcavüz olarsa, Azərbaycan hökuməti istəməsə belə, xalqımızın nümayəndələri dəstə-dəstə qardaş ölkəyə keçib silaha sarılaraq düşmənlərə qarşı dirəniş göstərəcəklər. Əgər bu hücum Rusiya tərəfindən edilərsə, belə bir kritik zamanda qardaş ölkənin Azərbaycandan hər hansı hərbi dəstək gözləməsinə də ehtiyac olmayacaq. Əksinə, arzulamadığımız həmin müharibə şəraitində Azərbaycanın özünü müdafiəyə ehtiyacı yaranacaq ki, bu da ölkəmizə Türkiyədən hərbi yardımların gəlməsini şərtləndirəcək. Yox, əgər Türkiyəyə hücum Rusiyadan yox, başqa dövlətdən olacaqsa, Azərbaycan Ordusunun qardaş ölkənin yardımına getməsi Moskva Bəyannaməsinə də zidd deyil.


 
Moskva Bəyannaməsi əslində Şuşa Bəyannaməsinin çox konkret şəkildə orta qoyduğu hərbi-strateji müttəfiqlik anlaşmasının təsirini azaltmağa yönəlsə də, zənnimizcə, bu iki sənəddə təsbit olunan müddəalar nəinki bir-birinin tarazlayıcısı deyil, hətta hüquqi status baxımından bir-biri arasında ciddi fərqlər var. Yuxarıdada qeyd etdiyimiz kimi, Moskva Bəyannaməsi lazım olacağı təqdirdə tərəflərin bir-birinə hərbi yardımını onların hüququ kimi ortaya qoyursa, Şuşa Bəyannaməsi bunu şərt, öhdəlik sayır. Üstəlik, tərəflərdən birinə qarşı hərəkətin təcavüz və təhdid olub-olmamasının dəyərləndirilməsi “zərərçəkən”in öz öhdəsinə buraxılır. Şuşa Bəyannaməsindəki “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə” müddəası da buna işarədir. Yəni Azərbaycan onun sərhədlərinə atılmış hər hansı mərmini özünə qarşı təhdid yaxud təcavüz sayarsa, Türkiyə də bunu mübahisəsiz qəbul edəcək və qarşılıqlı yardım barədə rəsmi Bakı ilə məsləhətləşmələrə başlayacaq. Məsləhətləşmələrin məqsədi “yardımın həcmi və forması təxirə salınmadan müəyyənləşdirməyə, birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar verilməsinə” yönələcək. Sözsüz ki, Azərbaycanın Rusiya və Türkiyə ilə imzaladığı Bəyannamələr arasında gözdən yayınmayacaq qədər ciddi fərqlər var. Bu mənada Moskva Bəyannaməsi əgər Kremlin və onun tərəfdarlarının qeyd etdiyi kimi, “müttəfiqlik müqaviləsi”dirsə, onda Şuşa Bəyannaməsini necə adlandıra bilərik?
 
Qeyd edək ki, Moskva Bəyannaməsində də əslində subyektiv yanaşmalı şərtlər daxilində “təxirəsalınmaz məsləhətləşmələrin aparılması” nəzərdə tutulur. Amma bu məsləhətləşmələr elə məsləhətləşmə çərivəsində qalır. Bəyannamənin 6-ci Maddəsində bu barədə deyilir:
 
“Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər”.


 
Ardınca da 7-ci Maddədə vurğulanır:
 
“Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar”.
 
Göründüyü kimi, 6-ci Maddədə sadəcə məsləhətləşmə ilə məhdudlaşan “müttəfiqliy”ə 7-ci Maddədə tərəflərdən birinin şübhəli davranışı ilə kölgə düşür. Daha aydın təbirlə desək, 7-ci Maddədəki “İki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər” müddəası əslində Moskvanın Şuşa Bəyannaməsini imzalayan Azərbaycana o qədər də etibar etmədiyini göstərir, məhz bu şübhələrinin qarşısını almaq üçün onu “müttəfiqliy”ə xələl gətirən hərəkətdən çəkindirməyə çalışır. 
 
Yeri gəlmişkən, “hərbi-siyası müttəfiqliy”imizin yalnız “məsləhətləşmələrlə” məhdudlaşdırılması Moskva Bəyannaməsində ortaya çıxan yenilik deyil. Azərbaycanla Rusiya arasında bu cür “müttəfiqlik” əlaqələri hələ 1993-ci ildə MDB-yə qoşularkən də formalaşmışdı. Həmin ilin 24 sentyabrında üzvü olduğumuz MDB Nizamnaməsinin 12-ci Maddəsində deyilir:
 
“Bir və ya bir neçə üzv dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükə və ya beynəlxalq sülh və təhlükəsizliyə təhdid yarandığı təqdirdə Tərəflərin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və ya kollektiv özünümüdafiə hüququndan istifadə etmək, o cümlədən sülhməramlı əməliyyatlar aparmaq və Silahlı Qüvvələrin ehtiyacından doğan digər məsələlərin həlli istiqamətində mövqeləri əlaqələndirmək və münaqişələrin aradan qaldırılması niyyətilə tədbirlər görmək üçün Üzv Dövlətlər dərhal qarşılıqlı məsləhətləşmələr mexanizmini işə salmalıdırlar”. 


 
Qeyd edək ki, MDB Nizamnaməsinin 11-ci Maddəsindən 15-ci Maddəsinə qədər müddəalar “Kollektiv təhlükəsizlik və  hərbi-siyasi əməkdaşlığ”a həsr olunub və əslində Moskva Bəyannaməsinin Tərəflər qarşısında yaratdığı öhdəliklərlər bu müddəalardan daha fərqli nəsə ortaya qoymur. Bəyannamənin preambula hissəsində və 4-ci Maddəsində də istinad edilən mənbələrdən birinin də məhz BMT Nizamnaməsi olduğuna eyham vurulur. Bütün bu faktlar bir daha göstərir ki, MDB-yə üzv olan Azərbaycanın Moskva Bəyannaməsi ilə təsbit edilən öhdəlik və səlahiyyətləri onsuz da var idi. Deməli, Moskva Bəyannaməsini imzalamağa xüsusi ehtiyac da mövcud deyildi. Elədirsə, sual olunur: Bəs Moskvanın adına “müttəfiqlik” bəyannaməsi dediyi bu deklorativ sənədə nə ehtiyacı duyulurdu?
 
Zənnimizcə, bu ehtiyac Donbassın işğalından sonra beynəlxalq təzyiqlərlə üz-üzə qalan Moskvanın dosta-düşmənə “mənim də tərəfdaşlarım var” fikrini təlqin etmək və Azərbaycanla həqiqi müttəfiqləri arasında soyuqluq yaratmaq istəyindən irəli gəlirdi. Yəni Moskva bu Bəyannamə ilə həm rus xalqına, həm də beynəlxalq ictimaiyyətə “tək deyiləm” mesajı verir və son Kiyev səfərində Ukraynanın ərazi bütövlüyünü tanıyan İlham Əliyevi və onun timsalında rəsmi Bakını çətin vəziyyətdə qoymaq istəyirdi. Həqiqətdə isə imzalanan Bəyannamə MDB Nizamnaməsi kimi tarixin tozlu arxivinə atılacaq kağız parçasından başqa bir şey deyil.
 
Məlumdur ki, müttəfiqlik əlaqələrini imzalanan hansısa sənədlər yox, geosiyasi reallıqlar və tərəflərin iqtisadi, siyasi vəziyyəti müəyyənləşdirir. Moskva istəsə belə, beynəlxalq təcridlə üzləşdiyi müasir çağımızda regionun aparıcı gücünə çevrilə bilməz. Bunun üçün ilk növbədə regiona yatırmaq üçün vəsaitə, bölgə xalqları üçün cazibə mərkəzinə çevrilən siyasi hədəflərə, beynəlxalq layihələrə ehtiyac var. Bunların heç biri isə Moskvada yoxdur və sanksiyalarla üzləşdikcə, öz iqtisadi, hərbi qüdrətini daha da itirəcək. Nəticədə ac toyuğun yuxuda gördüyü darıya bənzəyən iddiaları da yox olub gedəcək.


 
Bununla belə, dünən imzalanan Bəyannamədə yalnız bir maddə var ki, zənnimizcə, Kremlin əsas “qarın ağrısı” da elə həmin maddə üzərində cəmləşib. Söhbət 25-ci Maddədən gedir:
 
Maddə 25. 
 
Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər”.
 
Sirr deyil ki, Avropa Birliyi rus qazından asılılıqdan xilas olmaq üçün bir neçə alternativ layihələr üzərində işləyir. Bu layihələrdən biri də Azərbaycanın qitəyə qaz nəqlinin həcmini artırmasıdır. Avropa Birliyinin yetkililəri bu barədə Azərbaycan prezidenti ilə dəfələrlə görüşlər keçirib və rəsmi Bakı prinsipcə bu təkliflərlə razılaşıb. Hətta layihənin baş tutması üçün Avropa Birliyi Azərbaycana əvvəl çox gördüyü 2 milyard avro dəyərində güzəştli kredit verməyi belə, boynuna götürüb. Görünən budur ki, Rusiya bu təşəbbüsləri özünə qarşı yürüdüləcəyi gözlənilən siyasətin tərkib hissəsi kimi qəbul edir və qarşısını almağa çalışır. 25-ci Maddədə “Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinmək” müddəasının yer alması da dediklərimizi təsdiqləyir. Bəs, Azərbaycan Rusiyanın bu istəyini yerinə yetirəcəkmi? Zənnimizcə, Prezident İlham Əliyev Moskva səfərindən əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi və iki tərəf “arasında əlaqələrin uğurla inkişaf etdiyini” vurğulaması bu suala ən gözəl cavabdır...
 
Heydər Oğuz,
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 927          Tarix: 23-02-2022, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma