Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ukraynanın bütün çağırışlarına rəğmən, ABŞ ona ən çox ehtiyac duyduğu dəstəyi vermir.
Məlumdur ki, ABŞ-ın Ukraynaya verdiyi hava hücumundan müdafiə silahı «Stingers» raket qurğusudur. Beldən atılan bu silahın mənzili cəmi 4.5 km-dir. Bununla isə ancaq vertolyot «ovlana» bilər. 5 km yüksəkdən uçan təyyarələrə isə bu silahların çatması mümkün deyil və qırıcı təyyarələr daha yüksəkdən uçurlar. Şübhəsiz ki, bu durumda Ukrayna səmaları tamamilə Rusiyanın hökmranlığı altındadır. Hava hökmranlığına malik olmayan heç bir hərbi qüdrət isə böyük uğura bel bağlaya bilməz.
Ukraynaya Şərqi Avropa dövlətləri tərəfindən bağışlanan sınıq-salxaq rus istehsalı təyyarələr də Rusiyanın modernizə etdiyi həmcinslərinin qarşısını almaqda aciz görünür. Üstəlik, onların həqiqətən də Ukraynaya verilib-verilmədiyi belə bəlli deyil.
ABŞ və NATO ölkələri, Zelenskinin istədiyi kimi, Ukrayna səmasını ucuza yasaq zona elan etmədi. Olduqca «başadüşülən» bəhanələri də vardı: Bu addım Rusiya-NATO müharibəsinə səbəb ola bilər.
Qərb ölkələrinin Rusiyanı SWIFT-dən ayırmaq tədbirlərinin də əslində «başaldadan» məhdudiyyətlər olduğu ortaya çıxdı. Məlum oldu ki, Qərb ölkələri Rusiyanın yanlız 7 bankını beynəlxalq ödəniş sistemindən ayıracaqlar. Düzdür, sanksiyalara məruz qalan banklar arasında Rusiya Mərkəzi Bankı da var və bu, Rusiyaya ən böyük maliyyə zərbəsi deməkdir. Bununla belə, Rusiyanın iki böyük bankı «Sberbank» və «Qazprombank» SWIFT sanksiyalarından kənarda tutuldu. Rusiyanın neft və qaz ixracatında əsas maliyyə köçürmələri isə sözügedən banklar vasitəsilə həyata keçirilir. Həmin banklara qarşı məhdudlaşdırıcı tədbirlərin görülməməsi ondan xəbər verir ki, Qərb Rusiyanı tamamilə dünya iqtisadiyyatından qoparmaq fikrində deyil.
Sual oluna bilər: ABŞ və digər Qərb dövlətləri niyə Rusiya ilə münasibətlərə bu cür ikili mövqedən yanaşırlar?
Zənnimcə, bunun başlıca səbəbi Avropa ölkələrinin rus qazına və neftinə asılılığından irəli gəlir. Öz qaz istehlakının 40%-ni Rusiyadan təmin edən Avropa alternativ qaynaqlar tapmadan onunla əlaqələrini tam kəsə bilməz. Potensial alternativlər isə var. Ən mühüm alternativ ABŞ-ın dondurulmuş qazıdır. Rusiyanın Qərb bazarındakı böyük payını əldə etmək istəyən ABŞ Ukrayna gərginiliyinin artmasında maraqlıdır. Məhz bu səbəbdən Ukraynaya lazımi dəstək vermək də onun işinə gəlmir. Nə qədər ki, Rusiya Ukrayna üzərində aqressiv siyasətini davam etdirəcəksə, bir o qədər ABŞ-ın əlinə oynayacaq. Avropa ölkələri rus aqressiyasını görüb ABŞ-a qaha çox bağlanacaq. ABŞ da öz növbəsində onlara qaz və neft məhsulları ixrac etməklə qalmayacaq, həm də silahlarını daha baha qiymətə satacaq. Yəni bir oxla iki quş vuracaq.
Məsələ bununla da bitmir. Rusiya-Ukrayna münaqişəsinin dərinləşməsi ABŞ-ın ən ciddi rəqibi saydığı Çinə qarşı siyasətinə də uyğundur. Hərçənd, bəziləri hesab edirlər ki, Rusiyaya qarşı bu cür aqressiv siyasət onu Çinin qucağına ata bilər. Mənim fikrimcə isə, bu mülahizə qətiyyən doğru deyil. Əvvəla, ona görə ki, qus qazından asılı vəziyyətdə qalan Avropanın başına gələnlər Çin üçün ciddi dərsdir. Rusiyanın sövdəsi baş tutmayan kimi qazdan strateji silah kimi istifadə etməsi təkcə Avropada deyil, Çində də Moskvaya etibarı ciddi şəkildə sarsıdıb. Ağlı olan dövlət onun ipinin üstünə odun yığmaz.
İkinci ona görə ki, Çin Rusiyaya özünün ən ciddi rəqiblərindən biri kimi baxır və onun torpaqlarında gözü var. Rusiyanın Qərblə rəqabətdə zəifləməsi perspektiv planda Çinin də maraqlarına uyğundur.
Üstəlik, Avropa dövlətlərinin qapılarını üzünə bağladığı Rusiya Çin üçün «Bir Kəmər, Bir Yol» layihəsində də arzuolunmaz tərəfdaşa çevrilir. Çinə Avropa ilə kommunikasiya əlaqələri açıq olan tranzit xətti lazımdır. Rusiyanın isə Avropa ilə dəniz və hava yolları bağlanıb. Ukrayna münaqişəsinin davam etməsi, yaxud bu ölkənin tamamilə işğalı Rusiya-Avropa arasındakı quru yollarının da rəsmən bağlanmasına səbəb olacaq. Belə bir Rusiya Çinin nəyinə lazımdır?
Məlum olduğu kimi, Çinin «Bir Yol, Bir Kəmər» layihəsində 3 quru dəhlizi nəzərdə tutulur. Bunlardan biri Pakistan üzərindən İrana və ordan Türkiyə vasitəsilə Avropaya uzanan Güney dəhlizidir. Digəri Çindən Orta Asiyaya, Xəzər dənizi ilə Azərbaycana, daha sonra Zəngəzur dəhlizi ilə Türkiyəyə bağlanan Orta dəhlizdir. Sonuncusu isə Çin-Rusiya-Şimali Avropa xəttidir və bu xətt Şimal dəhlizi adlanır. Ukrayna böhranı ilə faktiki olaraq Şimal dəhlizi bağlandı. Orta dəhlizin Xəzər və Zəngəzur dəhlizi kimi problemli bölgələrdən keçməsi bu marşrutu da təhlükə altına atır. Çünki hər iki problemli sahə Rusiyanın nəzarətindədir və Şimal dəhlizi əlindən alınan Rusiyanın Orta dəhlizin işləməsinə razı olacağı inandırıcı görünmür.
Belə bir vəziyyətdə Cənub dəhlizi «Bir Yol, Bir Kəmər» layihəsinin ən mümkün marşrutu kimi görünür, amma bu xətdə də istənilən anda ciddi problem yaradıla bilər. Söhbət İranla Yaxın Şərq ölkələri arasında münaqişənin qızışdırılmasından və hətta tərəfləri müharibəyə cəlb etmək ehtimalından gedir. Yaxın Şərqlə İran arasında gərginlik yaratmağın ən qısa yolu isə məzhəb müharibəsi çıxarmaqdır. Təəssüf ki, İran şiə islamçılığını, körfəz ölkələri isə sünnülüyü özlərinin dövlət siyasətinə çevirdiklərindən regionu bu cür təxribatlara açıq hala gətiriblər. Zənnimcə, Çinin böyüməsinin qarşısını almaq və «Bir Yol, Bir Kəmər» layihəsinin iflasa uğraması xətrinə onsuz da hər an partlamağa hazır vəziyyətdə gözləyən bu ssenarı rahatlıqla həyata keçirilə bilər. Bir sözlə, Rusiya-Ukrayna müharibəsinin ardından İran-Ərəb müharibəsinin baş verməsi istisna edilməməlidir.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar