Xəbər lenti

 
Rusiya Şimal Hərbi Donanmasının Barens dənizi hövzəsindən “qovduğunu” bəyan etdiyi NATO gəmiləri barədə yeni məlumatlar gəlməkdədir.
 
Ovqat.com-un məlumatına görə, ABŞ-ın USS Ross raket destroyerinin rəhbərliyi altında NATO hərbi donanmasının dünən - sentyabrın 8-də Barens dənizi hövzəsinə daxil olduğu xəbər verilir.

Şimal dənizində gərginlik: Ruslar NATO donanmasını geri çəkilməyə məcbur edib
 
Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi bildirib ki, NATO donanmasına rəhbərlik edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Ross” destroyeri “Tomahavk” balistik raketləri və Aegis raket əleyhinə müdafiə sistemi ilə təchiz olunub. Donanmaya həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Donald Cook”, “USS Roosevelt” və “USS Porter” gəmiləri də daxildir.


USS Ross” destroyeri

 
Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin bu gün yaydığı məlumata görə isə, NATO-nun sözügedən donanması artıq həmin ərazidən “qovulub”. Fəqət o da etiraf edilir ki, donanma Norveçin ərazi sularına qayıdaraq, gözləmə mövqeyinə çəkilib. Bu isə iki super hərbi qüdrət arasında yaşana biləcək toqquşma təhlükəsinin tam savuşmadığını göstərir.
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın ən güclü və gizli sualtı gəmisi “USS Seavolf” ("Sivulf") də Norveç sahillərində üzə çıxaraq Rusiyaya mesaj ünvanlamışdı. Atom sualtı qayığının bu özününümayişi Rusiyanın Şimal və Barens dənizində izləndiyinə işarə idi və Moskva tərəfindən əndişə ilə qarşılanmışdı. Eyni ərazidə bir neçə gündən sonra NATO hərbi donanmasının hərəkətə keçməsi ABŞ-ın Şimal dairəsi hesablaşmasında xeyli ciddi olduğundan xəbər verir.
 


Məlumata görə, Norveç sahillərinə çəkilən NATO donanmasına aid gəmilər Polşa və Rumıniyada “Pro Aegis” yerüstü bazaları ilə birlikdə Avropa raket əleyhinə müdafiə sisteminin mərhələli şəkildə yaradılması proqramının komponentləridir. Bu isə Rusiya-NATO arasında ortaya çıxan yeni sürtüşmədə məsələni xeyli qəlizləşdirə bilər. Zira “Pro Aegis” müdafiə sistemləri Avropanı raket hücumlarından qorumağı qarşısına məqsəd qoyub. Odur ki, NATO-nun bu sistemi tamamlamaqdan vaz keçməsi qeyri-mümkün görünür. 
 
Üstəlik, Barens dənizi təkcə Rusiyanın ərazi suları da deyil. Bu coğrafiyada yerləşən Norveçin də Barens dənizində iddiaları və maraqları var. İki dövlət arasında bu dənizə iddialar uzun illərdən bəri davam edir və zaman-zaman ciddi sürtüşmələrə yol açır.


 
Norveçin NATO-nun qurucu üzvlərindən olduğunu nəzərə alsaq, Alyansın rus əngəlinə laqeyd qalacağını gözləmək əbəsdir. Təsadüfi deyil ki, hələ 2 il əvvəl NATO qüvvələri Norveçdə “Soyuq savaş”dan bu yana ən böyük hərbi təlimlərini keçirmiş və təlimlərə 50 min hərbi qulluqçu, 250 təyyarə, 65 gəmi və 10 min nəqliyyat vasitəsi qatılmışdı. "Trident Juncture” adlanan bu təlimlər NATO-nun Rusiyaya ən ciddi güc nümayişi kimi yadda qalmış və onun Barens dənizinə açılacağına dair verilmiş ən ciddi siqnal kimi qəbul olunmuşdu. İki ildən sonra Rusiyanın “Şimal dənizinə yol” elan etdiyi ərazidə NATO gəmilərinin hərəkətinə yaratdığı maneələr iki super hərbi qüdrət arasında ciddi insidentlərə yol aça bilər.
 
Məsələ burasındadır ki, Rusiyanın Şimal dənizinə qapısı bağlansa, bu, Baltik dənizini də itirməsi mənasına gəlir. Çünki Rusiya Hərbi Dəniz Donanmasının Şimal Dairəsinin əsas bazası Barensdə yerləşir və lazım gələndə bu qüvvələr Baltik dənizinə hərbi dəstək kimi göndərilir. Başqa sözlə desək, Barens dənizi Rusiya baxımında həm də Baltik dənizinin əsas “təchizat anbarı”dır. Şimal dənizi yolu ilə Rusiya həm də Şimali Avropa ölkələrinə çıxa bilir. Deməli, bu yol həm də ticari əhəmiyyət daşıyır.


 
Onu da vurğulayaq ki, Arktikada ciddi neft və qaz yataqları kəşf olunub. Hətta bu yataqların həcmi o qədər böyükdür ki, istismara başlayacağı təqdirdə dünyanın enerji mərkəzinin Yaxın Şərqdən Arktikaya keçəcəyi bildirilir. Maraqlı burasıdır ki, Alyaskadan bu bölgəyə çıxışı olmasına baxmayaraq, ABŞ uzun illər Arktikada tətqiqatlara əhəmiyyət verməmiş və bölgə tamamilə Rusiyanın ixtiyarına keçmişdi. Rusiyanın Şimali Buzlu okeanında tətqiqat işləri bu gün də intensiv şəkildə davam etdirilir. Görünən budur ki, gələcəyin əsas enerji bazası olmağa iddialı bölgə uğrunda mübarizə indi daha da qızışıb və ABŞ-ın Norveç sahillərinə “təşrif buyurması”nın əsas səbəbi Avropanın təhülkəsizliyi də deyil. Vaşintqon nəyin bahasına olursa olsun, Rusiyanın Arktikanın təkbaşına istismarına yol vermək istəmir. Barens dənizində ortaya çıxan hərbi gərginliyin əsas səbəbi də bu amildə axtarılmalıdır.
 
Heydər Oğuz, 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 045          Tarix: 9-09-2020, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma