Xəbər lenti

 
Məlum olduğu kimi, ABŞ Rusiyadan aldığı neft və neft məhsullarının idxalını tamamilə dayandırdı. Ardınca da Böyük Britaniya bənzər qərar qəbul edərək, 2022-ci ilə qədər Rusiyadan neft alışlarını dayandırmağı plandırdığını açıqladı. İki dövlətin birlikdə Rusiyadan aldığı neft şimal qonşumuzun ümumi ixracının 3%-dən belə azdır: ABŞ – 1.5%, Böyük Britaniya – 1.3%. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, Rusiya ötən il neft və neft məhsullarının ixracından 180 milyard dollar pul qazanmışdı. Bu da onu göstərir ki, ABŞ və Böyük Britaniyanın Rusiyadan neft idxalını dayandırması onun “qara qızıl”dan əldə etdiyi müəzzəm gəlirlərə ciddi təsir etməyəcək. Vacibdir ki, Avropa da eyni addımı atsın.
 
Avropa isə enerji sahəsində Rusiyadan asılı vəziyyətdədir. Nəticədə özü-özünü neft və qazla təmin edən ABŞ qədər bu sahədə cəsarətli deyil. Bununla belə, Avropa İttifaqı da artıq Rusiyaya çox bel bağlamır və onun asılılığından xilas olmağın yolunu axtarır. 
 
Üstəlik, qazdan fərqli olaraq, neft idxalını dayandırmaq məsələsində Aİ-nin şansı daha böyükdür. Belə ki, ittifaqın Rusiyadan aldığı neft ümumi idxalın 30%-ə yaxındır. Qaz idxalında isə bu rəqəm 40%-ə qədər yüksəlir. Digər tərəfdən, dünyada neft hasilatçıları daha çoxdur və Aİ-nın bu sahədə tədarükü şəxaləndirməsi daha rahatdır. Deməli, onun əsas problemi Rusiyadan aldığı qazı necə minumizə etməkdir ki, Aİ bu istiqamətdə də müəyyən planlar hazırlayır.


 
Ovqat.com-un məlumatına görə, Avropa Komissiyası dünən Rusiya qazının idxalını kəskin şəkildə azaltmaq planını dərc edib. Komissiyasının Daha Əlverişli, Daha Təhlükəsiz və Davamlı Enerji üçün Birgə Avropa Fəaliyyəti Proqramı adlanan sənəddə onilliyin sonuna qədər Rusiya qazından imtina nəzərdə tutulur.
 
“Aİ istənilən ssenariyə hazır olmalıdır. Aİ onilliyin sonuna qədər Rusiya qazından müstəqilliyə nail ola bilər. Biz tədarüklərimizi nə qədər sürətlə və qətiyyətlə şaxələndirsək, yaşıl enerji texnologiyalarından istifadəni sürətləndirsək və enerji istehlakını azaldsaq, Rusiya qazını bir o qədər tez kompensasiya edə bilərik. Bu plan elektrik enerjisi bazarına əhəmiyyətli dərəcədə təsir edən və qlobal bazarın daha az likvid olduğu yerlərdə yaşıl enerji istehsalının artırılması, təklifin şaxələndirilməsi və tələbin azaldılması üzrə tədbirlərimizi müəyyənləşdirir. Rusiya nefti və kömüründən asılılığı azaltmaq üçün tədbirlər genişləndirilməlidir”, - sənəddə belə deyilir.
 
Avropa Komissiyasının təqdim etdiyi proqram iki hissəyə bölünür. Birinci hissə qazın qiymətləri və ehtiyatlarına həsr olunub. İkinci hissədə isə Rusiya yanacağının istehlakını azaltmaq üçün konkret tədbirlər nəzərdə tutulur.


 
Rekord qaz qiymətləri ilə mübarizə aparmaq üçün Avropa Komissiyası Aİ-yə üzv dövlətlərə pərakəndə satış qiymətlərinin artımını məhdudlaşdırmağa və istehlakçıları dəstəkləməyə icazə verilməsini məsləhət görür. Məsələn, Brüssel enerji istehlakçıları üçün müvəqqəti vergi endirimlərini və Avropa hökumətlərinin yerli enerji şirkətlərinin gözlənilməz mənfəətlərindən vəsait ala biləcəyi subsidiyaları dəstəkləməyi vəd edir. Avropa Komissiyası Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinad edərək bildirir ki, bu yolla Aİ ölkələri 2022-ci ildə 200 milyard dollara qədər vəsait əldə edə bilər.
 
Yanacaq ehtiyatlarına gəldikdə, Brüssel anbar operatorlarını oktyabrın 1-dək yeraltı qaz anbarlarının ən azı 90% dolu olmasını təmin etmək məcburiyyəti gətirən qanunvericilik təklifini irəli sürür. Avropa Komissiyası (AK) yeraltı qaz anbarlarını müvafiq öhdəlikləri olan kritik Aİ infrastrukturu kimi tanıyacağını vəd edir ki, sahibləri ilə heç bir problem olmasın. Bundan əlavə, AK “qeyri-rus” qazının alınması və Aİ-yə üzv dövlətlərin birgə alışlarının həyata keçirilməsi üçün öz zəmanətlərini təklif edir. Sənəddə eyni zamanda Avropa Komissiyası qaz bazarındakı mövcud vəziyyəti araşdırmağa davam edəcəyini bildirən bənd də salınıb.
 
Sənəddə Avropa Komissiyası hələlik yalnız qazla bağlı müəyyən planlar qurur: LNG, biometan, hidrogenin payının artırılması, enerji qənaəti və yaşıl enerjinin artırılması. Belə ki, Brüssel artıq 2022-ci ildə LNG tədarükünün artımının 50 milyard kubmetrə çatdırmağı, Əlcəzair, Azərbaycan və Norveçdən gələn boru kəmərləri ilə isə 10 milyard kubmetr qaz almağı planlaşdırır. Sənəddə həmçinin 3,5 milyard kubmetr bioqaz istehsalı, enerji qənaəti və yaşıl enerji hesabına təbii qazdan istifadənin 38 milyard kubmetr azaldılması nəzərdə tutulur. 


 
Qaz qənaəti tədbirlərinə istilik mövsümündə evlərdə temperatur 1 dərəcə aşağı düşürülməsi, elektrik enerjisi istehlakının könüllü şəkildə azaldılması da daxildir. Plana görə, 2022-ci ildə ən böyük qaz qənaəti yaşıl enerjinin artımından əldə edilməli və bu da toplam 20 milyard kubmetr istifadəni əvəz etməlidir.
 
Bəzi ekspertlərin fikrincə isə, Avropa Komissiyasının qaz planı əslində Beynəlxalq Enerji Agentliyinin (IEA) “10 addım” hesabatının surətidir, lakin ondan daha da iddialıdır. Belə ki, Aİ plana əsasən, Brüssel 2022-ci ildə Rusiya qazının istehlakını birdən-birə üçdə ikisini - 100 milyard kubmetrdən çox hissəsini azaltmağı planlaşdırır. IEA hesabatında isə qeyd olunur ki, avropalı istehlakçıların “Qazprom” qarşısında illik müqavilə öhdəlikləri var və bu ilin sonuna qədər onlar cəmi 15 milyard kubmetr azalda bilərlər, bunun da 10 milyard kubmetri Polşanın payına düşər. IEA hesabatında əlavə 50 milyard kubmetr LNG qazından danışılır, ancaq real olaraq bu həcm cəmi 20 milyard kubmetrə qədər artırıldı.
 
Beynəlxalq Enerji Agentliyi Aİ-yə müvəqqəti olaraq yaşıl planlardan imtina etməyi məsləhət görür: kömürlə işləyən elektrik stansiyalarının, istilik elektrik stansiyalarının mazut bloklarının və atom elektrik stansiyalarının istismardan çıxarılmasının gecikdirilməsi təxirə salınmalıdır. Brüsselin layihəsində nədənsə bu məqam tamamilə gözdən qaçırılıb. Mümkündür ki, bu məqamın etiraf olunmasının Avropa vətəndaşlarının təpkilərinə yol açacağı düşünülüb və ictimailəşdirilməsi sonrakı mərhələlərə saxlanılıb. Amma fakt budur ki, Avropa Rusiyanın enerji asılılığından daha tez xilas olmaq üçün müvəqqəti də olsa çirkli enerji mənbələrindən istifadəyə qayıtmalıdır və bu, Rusiyanın təhdidləri altında yaşamaqdan daha qorxunc deyil.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 135          Tarix: 9-03-2022, 23:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma