Xəbər lenti

 
Ukrayna xalqı bu vaxta qədər NATO-nun açıq qapı siyasəti barədə eşidib bu alyansa qəbul oluna biləcəyini düşünürdü, indi isə fərqli sözlər eşidirik. Eşidirik ki, ora daxil ola bilmərik, insanlar bunu anlamağa və yalnız özlərinə güvənməyə başlayırlar”.
 
Ovqat.com-un məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün video-konfrans vasitəsilə qatıldığı Birləşmiş Ekspedisiya Qüvvələrinin dövlət rəhbərlərinin sammitində çıxışı zamanı belə deyib.
 
Londonda keçirilən sammitdəki çıxışı zamanı Ukrayna prezidenti NATO üzvlərinin bu mövqeyini başa düşdüklərini bildirib və alyansa üzv olmaq barədə artıq düşünmədiklərini deyib. O, həmçinin əlavə edib ki, Ukrayna hazırda NATO müqaviləsinin 5-ci maddəsini aktivləşdirmək iddiasında deyil.
 
Sual oluna bilər: NATO-nun üz çevirdiyi Ukrayna kollektiv müdafiə və təhlükəsizlik problemini hansı ittifaqda davam etdirmək niyyətindədir?
 
Zənnimizcə, bu suala Ukrayna məsələsinin Birləşmiş Ekspedisiya Qüvvələrinin London sammitində müzakirə olunması aydınlıq gətirir. Belə anlaşılır ki, NATO-nun bir çox ölkələrindən, xüsusilə Almaniya və Fransadan arzuladığı dəstəyi ala bilməyən rəsmi Kiyev ümidlərini Birləşmiş Ekspedisiya Qüvvələrinə bağlaya bilər. Təsadüfi deyil ki, NATO-dan fərqli olaraq bu qurum Ukrayna probleminə daha həssas yanaşmağa çalışır. Məlumata görə, Böyük Britaniya rəhbərliyinin Hərbi Birgə Ekspedisiya Qüvvələrinə (JEF) daxil olan ölkə liderləri ilə görüşündə Ukraynanı ən çox müdafiə edən Estoniya Baş naziri Kaja Kallas olub. Kallas ittifaqa daxil olan ölkələri Rusiya ilə qarşıdurmada Ukraynaya hər cür yardım göstərməyə çağırıb.


 
Estoniya kanslerinin mətbuat açıqlamasına görə, görüşdə iştirak edən digər dövlətlər də Ukrayna məsələsinə laqeyd qalmayıblar. Sammitdə Ukraynanı dəstəkləmək üçün əlavə yol axtarışları, həmçinin JEF-in Şimali Baltik regionunun təhlükəsizliyinə daha tez töhfə vermək imkanları müzakirə olunub.
 
“Ukraynaya hərbi yardım hələ də böyük əhəmiyyət kəsb edir, lakin dərman, qida və içməli su da daxil olmaqla humanitar yardımlar da mühüm hala gəlir”, - Kallas belə deyib.
 
Onun sözlərinə görə, Estoniya artıq Ukraynaya 220 milyon avrodan çox hərbi və digər yardımlar göstərib və gələcəkdə də göstərəcək.
 
Kallas JEF üzvlərinin Rusiya rəhbərliyinə təzyiqləri artıracağını da gizlətməyib: “Məqsədimiz Putini tam təcrid etməkdir”. Eston liderin fikrincə, Qərb ölkələrinin birliyi Moskva və Minsk üçün “xoşagəlməz sürprizə” çevrilib və bu birlikdəlik davam etdirilməlidir.


 
Kallas deyib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları Avropada təhlükəsizlik vəziyyətini həmişəlik dəyişdirib və yeni reallıq NATO ölkələrindən tez uyğunlaşma və müdafiə investisiyalarını artırmağı tələb edir.
 
Qeyd edək ki, Birləşmiş Ekspedisiya Qüvvələri 2014-cü ilin 5 sentyabrında yaradılıb. Estoniya, Latviya, Litva, Böyük Britaniya, Danimarka, Norveç və Hollandiya NATO-nun Uels sammiti zamanı bu ittifaqı yaratmaq niyyəti haqqında saziş imzalayıblar. 2014-cü il sammitində müttəfiqlər Böyük Britaniyanın təşəbbüsü ilə yeni ordu yaratmaq barədə qərar qəbul ediblər. Qərara əsasən, yeni ordu NATO-nun yeddi üzvünün quru, dəniz və hava qüvvələri bölmələrindən ibarət olacaq. Onun məqsədi istənilən NATO üzvünə qarşı hərbi təhdidlərə, həmçinin təbii fəlakətlərə və humanitar böhranlara operativ reaksiya verməkdir.
 
Daha sonra İsveç, Finlandiya kimi NATO üzvü olmayan ölkələr də onlara qoşulmuşdu. İslandiyanın da qoşulması ilə JEF üzvlərinin sayı 10-a yüksəlmişdi.


 
NATO-nun 7 ölkəsi tərəfindən yaradılan, daha sonra İsveç və Finlandiya kimi bitərəf ölkələrin qatılımı ilə cərgəsi genişlənən, xüsusilə də Avropanın şimalını əhatə edən bu ittifaqın Ukraynanın Rusiya tərəfindən işğalından sonra təsis olunması diqqət çəkir. Hərçənd Norveç Müdafiə Nazirliyi təsis günü yaydığı bəyanatında da bu ehtimalı inkar edərək bildirmişdi ki, NATO üzvlərinin bu təşəbbüsü Ukraynanın şərqində vəziyyətin gərginləşməsinə cavab deyil. Bununla belə, Krımın və Donbassın işğalından sonra Rusiyanın Baltik və Norveç dənizinə yönələ biləcəyi qorxusunun region dövlətlərini bir araya gətirdiyi açıq-aydın ortada idi.
 
Maraqlıdır ki, Rusiyanın ən çox təhdid etdiyi Polşa Birləşmiş Ekspedisiya Qüvvələri sırasında yer almayıb. Bu da NATO üzvü olmasına baxmayaraq, Varşavanın Moskva ilə münasibətləri pozmaq istəməməsindən xəbər verir. Ukrayna-Rusiya gərginliyində ABŞ və Böyük Britaniyanın Kiyevə rus təyyarələri vermə məsuliyyətini Polşanın çiyninə qoyması bu mənada təsadüfi olmaya bilər. Mümkündür ki, anqlo-sakson ittifaqı Polşanı təhlükəsizlik qayğıları ilə imtahana çəkərək yeni ittifaqa cəlb etmək istəyir.


 
İddialara inansaq, NATO-dakı anqlo-sakson ittifaqı şimal-şərqi Avropanı öz tərəfinə çəkməklə Almaniya və Fransa ilə yollarını ayırmağa hazırlaşır. Qərbi Avropa ilə Rusiya arasında bufer zona rolunu oynayan bu coğrafiyada cənib-şərqi Avropa isə Türkiyənin himayəsi altına girə bilər. Fransa və Almaniyanın NATO çərçivəsində fəaliyyətə çox da isti baxmaması, xüsusilə Ukrayna savaşından əvvəl Rusiya ilə ticari əlaqələri qorumağa çalışması və bunu açıq-aşkar dilə gətirməsi həmin ölkələrin təcrid olunmasının başlıca səbəbi kimi görünür. Məsələyə bu aspektdən yanaşanda NATO-nun yaxın zamanlarda ciddi struktur dəyişikliyinə gedəcəyi, daha doğrusu aparıcı ittifaq üzvlərinin veto hüququndan istifadə edib böyük planları pozanlarla yolları ayıracağı istisna deyil. Bu dəyişiklik qarşısında Polşanın da öz mövqeyini seçməsi ümumi işin xeyrinə olardı. Almaniyadan çıxarılan ABŞ qoşunlarına öz ölkəsində yer ayırmaq istəyən Polşa da yəqin ki, yaxın zamanlarda JEF sıralarına qoşulacaq.
 
Ukrayna böhranı ilə gərginləşən geosiyasi münasibətlər Qərbdə yeni hərbi ittifaqın yaranmasına hamilədir. Xüsusilə rus qorxusu Baltikətrafı və Şimal dənizi ölkələrini bir araya gətirir, beləcə, Rusiyanın dünyaya açılan əsas dəniz yollarından biri onun üzünə bağlanır. Bu prosesin ciddi qarşıdurmalara da zəmin hazırlaya bilər. Ən əsası isə Ukrayna məsələsinə daha həssas yanaşan yeni hərbi ittifaqın onu ən müxtəlif vasitələrlə müdafiə edəcəyi gözlənilir.

Ovqat.com






Ana səhifəyə qayıt        Baxış: 6 255          Tarix: 15-03-2022, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma