Xəbər lenti
 

“İrəvan Azərbaycanla problemlərin real həllinə nail olmağa çalışmaqdansa, demoqogiya ilə məşğuldur. Bu isə Azərbaycanın ərazi bütövlüyü məsələsini sülh yolu ilə həllini çətinləşdirir və rəsmi Bakını yenidən digər vasitələrə əl atmağa vadar edir”. 
 
Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.
 
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Azərbaycan XİN-in təklifinə cavabını şərh edən partiya sədri vurğulayıb ki, rəsmi İrəvanın mövqeyi sülhə xidmət etmir və prosesləri yenidən qarşıdurmalara sürükləyir.


 
Haşiyə
 
Xatırladaq ki, Azərbaycan XİN Ermənistana 5 maddədən ibarət təklif ünvanlamışdı. Təkliflərdən biri də tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan Xarici İşlər naziri isə cavabında bildirib ki, irəli sürülən bu  prinsiplər aktual deyil. Çünki hər iki dövlət hələ 1991-ci il dekabrın 8-də “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” sazişi imzalayaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb və bir-birlərinə qarşı ərazi iddialarının olmadığını qəbul edib. “Təklifdə qeyd olunan məqamlar mövcud problemlərin bütün gündəliyini tam əks etdirmir. Erməni tərəfi üçün Arsax ermənilərinin hüquq və azadlıqlarının aydın təminatları, Dağlıq Qarabağın statusunun yekun dəqiqləşdirilməsi prinsip və əsasdır”, - Mirzoyan “Armenpress”ə müsahibəsində bildirmişdi.
 

İlyas İsmayılov isə Mirzoyana cavabında qeyd edib ki, əvvəla, Azərbaycan Prezidenti 07 iyul 2021 tarixli Fərmanında Qarabağın hüquqi statusunu artıq müəyyənləşdirib: “Fərmanın 1.6. maddəsində bu bölgə Qarabağ iqtisadi rayonu adlandırılıb. Konstitusiyamızın 7. maddəsinin I bəndinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Unitar dövlət olduğumuzdan ölkə ərazisindəki heç bir rayona, o cümlədən Qarabağa xüsusi status verilə bilməz. Hətta Azərbaycan hakimiyyəti istəsə belə, bu addımı atmaq hüququna malik deyil. Çünki Konstitusiyamızın 155-ci maddəsinə görə, referenduma çıxarılması mümkün olmayan maddələrdən biri də 7-ci maddədir:
 
“Maddə 155. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
 
Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”. 
 
Yəni Qarabağa hansısa status verilməsi perspektivi yoxdur və ermənilər boş xəyallarından vaz keçib reallıqla razılaşmalıdırlar”.


 


O ki qaldı dövlətlərin bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıması məsələsinə, İlyas İsmayılovun fikrincə, əgər belədirsə, Azərbaycan Ermənistandan dərhal eksklavlarımızı boşaltmağı tələb etməlidir: “Bilirsiniz ki, Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də erməni işğalı altındadır. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyırsa, onda dərhal həmin əraziləri tərk etməlidir. Bundan imtina edərsə, Azərbaycan beynəlxalq hüquq normalarını əsas götürüb işğalçıları öz ərazisindən qovmalıdır. Necə ki, 44 günlük müharibədə bunu etdi”.
 
İlyas İsmayılovun fikrincə, Rusiyanın Ukraynanı ələ keçirmək cəhdindən sonra yeni geosiyasi reallıq yaranıb və bütün beynəlxalq ictimaiyyət işğalçılıq siyasətinə sərt reaksiya verməyə başlayıb: “Artıq dünyanın demək olar ki, bütün mütərəqqi dövlətləri Rusiya ilə iqtisadi əlaqələrini kəsib və onu işğalçılıq siyasətinə son qoymağa çağırır. Hesab edirəm ki, dünyanın işğalçılığa olduqca həssas yanaşdığı bir dövrdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək səyləri də anlayışla qarşılanacaq. Zənnimcə, Azərbaycan üçün tarixi fürsət meydana gəlib və belə fürsətlər hər zaman ələ düşmür. Üstəlik, ermənilərin ən güclü havadarlarının da başı Ukrayna probleminə qarışıb və Qərb ölkələri Rusiyadan aldıqları neft və qazdan imtina etdikdən sonra alternativ enerji mənbələrindən biri kimi Azərbaycanı görür. Məntiqlə, bizim ərazi bütövlüyümüzü hərbi yolla bərpa etmək səylərimizi də dəstəkləməlidirlər. Dəstəkləməsələr belə, buna göz yummağa, səbrlə yanaşmağa məcburdurlar. Rəsmi Bakı bu fürsətdən mütləq yararlanıb öz haqqını almağa çalışmalıdır”.


 
Partiya sədri onu da əlavə etdi ki, İranla bağladığımız Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumundan sonra 10 noyabr Bəyannaməsinin bir sıra maddələri öz əhəmiyyətini itirib: “Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan bu Bəyannamənin 9-cu maddəsinə görə, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır və Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”. Azərbaycan bunun müqabilində isə Laçın dəhlizini açır. Faktiki olaraq indiyədək ermənilər müxtəlif bəhanələrlə öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmədilər. Biz də məcbur olub Zəngəzur dəhlizinə alternativ yol barədə İranla müqavilə bağladıq. Artıq Zəngəzur dəhlizinə ehtiyacımız qalmadı. Odur ki, rəsmi Bakı Ermənistanın 10 noyabr Bəyanatının tələblərini yerinə yetirmədiyini əsas gətirib Laçın dəhlizini bağlamalıdır və bunun üçün hüquqi əsasımız da var”.
 
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 7 232          Tarix: 16-03-2022, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma