Xəbər lenti

 
ABŞ Prezidenti Co Baydenlə Çinli həmkarı Si Cinpinq arasında dünən baş tutan telefon danışığında tərəflər ortaq fikrə gələ bilməyiblər.
 
Ovqat.com-un məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” nəşri bildirib.
 
 Bildirilir ki, ABŞ prezidenti Pekinin Kremlə hərbi yardım göstərməsinin “nəticələri” barədə xəbərdarlıq edərkən, Çin lideri isə qərbin Rusiyaya qarşı tətbiq etdiyi “geniş və ayrıseçkiliksiz” sanksiyaları tənqid edib.
 
İki lider arasında keçirilən telefon söhbəti iki saat davam edib. Vaşinqton Çinin Ukraynada irəliləyişində böyük ölçüdə məqsədinə çatdığını düşündüyü Rusiya ordusuna kömək edəcəyinə dair qorxularını aradan qaldırmaq üçün Pekinlə telefon söhbətinə ehtiyac duyub. Bayden söhbət  zamanı Vaşinqtonun narahatlıqlarını dilə gətirib və "Çinin Rusiyaya maddi dəstək göstərməsinin mümkün nəticələrini" qarşı tərəfin diqqətinə çatdırıb.
 
Pekinin yaydığı rəsmi məlumatda Çin prezidenti ABŞ və müttəfiqlərinin rus işğalına cavab olaraq tətbiq etdiyi iqtisadi cəzanı tənqid edib və sözügedən sanksiyaların Moskvanın yanında yer alacağı gözlənilən digər ölkələrə, o cümlədən Çinə də şamil oluna biləcəyini söyləyib.
 
“Heç bir ayrıseçkilik aparılmadan tətbiq edilən sanksiyalar yalnız xalqı əziyyətə salacaq. Əgər bu sanksiyalar daha da artarsa, onlar qlobal iqtisadiyyat, ticarət, maliyyə, enerji, qida, sənaye və təchizat zəncirlərində ciddi böhranlara səbəb ola, onsuz da zəifləyən dünya iqtisadiyyatını sarsıda və dönməz itkilərə səbəb ola bilər”, - deyə Cinpinq telefon söhbəti ilə əlaqədar mətbuata verdiyi açıqlamasında bildirib.
 
Məlumata görə, Çin lideri həmkarından münaqişəyə “sərin və rasional” ağılla yanaşmağı tələb edib. O vurğulayıb ki, “Ukrayna böhranı Çinin görmək istəmədiyi hadisədir” və ABŞ-la Çin “beynəlxalq məsuliyyəti birgə daşımal, dünya sülhü və əmin-amanlığı üçün çalışmalıdır”.
 
ABŞ prezidentinin bu narahatlığı təsadüfi deyil. Bir müddət əvvəl dünya mediası Moskvanın Pekindən bir neçə silah növü, o cümlədən pilotsuz təyyarələr tələb etmişdi. Bayden də görünür, bu məlumatların fonunda Çin liderinə zəng edib və iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənməyə çalışıb. Ağ ev danışıqlar zamanı Çinin bu iddiaları qəbul edib-etmədiyinə aydınlıq gətirməyiblər.
 
 
Lakin Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-ın ixtiyarında sanksiyalar da daxil olmaqla bir sıra “alətlər”in olduğunu və qərbin potensial cavabının çox güman ki, Bayden gələn həftə NATO, Aİ, NATO və G7 liderləri ilə görüşmək üçün Avropaya səfəri zamanı müzakirə ediləcəyini söyləyib.
 
“Financial Times” xatırladıq ki, Çin həm işğal ərəfəsində, həm də münaqişənin ilk həftələrində Putinin ən mühüm dəstəkçisi olub.
 
Ovqat.com-un fikrincə, Çinin Rusiyanı dəstəkləməsinin əsas səbəblərindən biri beynəlxalq güc mərkəzlərinin Ukrayna-Rusiya müharibəsindən faydalanaraq həyata keçirdikləri planın  bir ucunun da Pekinə toxunmasından qaynaqlanır. Belə ki, ötən il iyun ayında İngiltərədə toplanan G-7 liderlərinin əsas müzakirə mövzuları arasında enerji dönüşümü məsələsinin də olduğu bildirilir. Bu plana əsasən, dünya ölkələri ənənəvi karbohodrogen əsaslı qaynaqlardan imtina etməli və alternativ enerji mənbələrinə keçməlidir. Bunun ən qısa yollarından biri isə neft, kömür və qazın qiymətlərinin astronomik ölçüdə bahalaşması, dolayısıyla rentabelliliyini itirməsidir. Rusiya-Ukrayna müharibəsi ilə ABŞ və tərəfdaşları buna faktiki nail ola bildilər. Çin də ənənəvi enerji mənbələri ilə çalışan makinaların həm istehsalı, həm də ən böyük istehlakçılarından biridir. Sözsüz ki, enerji dönüşümündən və karbohidrogenlərin bahalaşmasından ən çox əziyyət çəkənlərin başında Çin gələcək. Faktiki olaraq neft və qazın qiymətinin bahalaşması Çin məhsullarının maya dəyərini artıracaq və bu da qlobal bazarda onun rəqabət imkanlarına mənfi təsir göstərəcək.
 
Digər tərəfdən, Rusiyanın işğalçılıq siyasəti və Putinin müharibədən əvvəl verdiyi sərt açıqlamalar Avropa ölkələrinin soyuq savaş illərindəki rus xofunu yenidən oyandırdı. Təhlükəni aradan qaldırmaq üçün dünyanın əksər sənaye ölkələri Rusiyaya qarşı sanksiyalara qərar verdilər. Sanksiyalardan sonra faktiki olaraq Avropa ilə Rusiya arasında bütün yol-komunikasiya əlaqələri kəsilib. Bu da Çinin “Bir Yol, Bir Kəmər” projesinin Şimal dəhlizinin sıradan çıxarılması anlamına gəlir. Maraqlıdır ki, ötənilki G-7 sammitində dünya nəhənglərinin ümumi razılığa gəldikləri əsas mövzu da məhz bu idi. Sammitin bəyanatında Çin layihəsinə qarşı ABŞ-ın irəli sürdüyü “Dünyanı Daha Yaxşı İdarə Et” projesi yekdilliklə qəbul edilmiş, sadəcə bu layihənin əsas finansmanının kim olacağı məsələsində bəzi fikir ayrılıqları ortaya çıxmışdı. Çinin Avropaya uzanan marşrutlarının bağlanması bu narahatlıqları da ortadan qaldıra bilər və yəqin ki, yaxın zamanlarda “Bir Kəmər, Bir Yol”un digər dəhlizlərində də insidentlərin ortaya çıxması ilə üzləşəcəyik; xüsusilə də İranla körfəz ölkələri arasında. Son zamanlar İran-İraq cəbhəsində bəzi gərginliklərin yaşanması da bunun ilk işartıları ola bilər.
 
Bu baxımdan Çinin Rusiyaya qarşı sanksiyaların ortadan qaldırılması təşəbbüsü başadüşüləndir. Fəqət Rusiyanın Ukrayna bataqlığına saplanması və müharibənin uzanması Pekinin maraqlarına cavab vermir. Odur ki, Çin Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda başa çatmasına çalışır. ABŞ və Qərb ölkələri isə, böyük ehtimalla Ukraynaya gizli hərbi dəstəyini artırmaqla Rusiyanın bu coğrafiyada rahat qələbə qazanmağını əngəlləməyə çalışacaqları istisna edilmir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 381          Tarix: 19-03-2022, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma