Xəbər lenti

 
Bu gün səhər saatlarında keçirilən xüsusi əməliyyat zamanı Azov alayının əsgərləri düşmənin komanda məntəqəsinə və arxa komandanlıq məntəqəsinə basqın ediblər. Əməliyyatda döyüş sursatı anbarları, düşmənin zabitləri və piyada taqımı məhv edilib”.
 
Ovqat.com-un məlumatına görə, bunu Ukraynanın əfsanəvi Azov polku 19 mart 2022-ci il tarixinə olan mətbuat açıqlamasında bildirib.
 
Azov polku iddia edir ki, bugünkü döyüşlərdə günortaya qədər “düşmənin 1 tankı, 2 zirehli transportyoru və 1 yük maşını” məhv edilib.
 
Açıqlamanın Rusiya Müdafiə Nazirliyinin Mariupolu tam nəzarət altına aldığı barədə məlumatından sonra gəlməsi diqqətçəkicidir. Azov polku sanki bununla Mariupol uğrunda döyüşlərin hələ səngimədiyi mesajını verib.


 
Qeyd edək ki, Azov polku bir neçə gün əvvəl müdafiə etdiyi Mariupolun mühasirəyə alınması barədə məlumat vermiş və Ukrayna Silahlı Qüvvələrini yardıma çağırmışdı. Məlumatda Mariupol müdafiəçilərinin ərzaq, su və silah ehtiyatının tükənmək üzrə olduğu bildirilir, bu şəraitdə şəhəri yalnız 7 gün ərzində qoruya biləcəkləri vurğulanırdı. Dünən Ukrayna Prezident Aparatının sözçüsü Oleksey Aristoviç bu çağırışa polkun arzulamadığı cavabı verdi. Sözçü bildirdi ki, Ukrayna ordusunun Mariupola ən yaxın ərazidə yerləşən hərbi hissəsi bu şəhərdən 120 km uzaqdadır. Həmin ərazidən Mariupola qədər güzərgah isə “çılpaq xozanlıq”dan ibarətdir və bu da Azov polkuna köməyə gəlmək istəyən hərbi qüvvələri təhlükə altında qoya bilər. 


 
Aristoviçin açıqlamasından sonra Azov polkunun ağır hərbi texnikalarını Mariupolun ana yollarına maneə kimi düzüb şəhəri tərk etdiyi xəbəri yayıldı. Ardınca Rusiya Müdafiə Nazirliyinin yayılan xəbərində Mariupolun tamamilə ələ keçirildiyi açıqlandı. Azov polkunun son açıqlaması isə şəhərin yenidən rus işğalçılarından təmizlənəcəyinə işarə kimi başa düşülə bilər.


 
Azov polkunun 2014-cü ildə Rusiyanın ilk hücumu zamanı yaradıldığı bildirilir. Tamamilə könüllülərdən ibarət olan polk əsgərləri həmin illərdə rus işğalçılarına qarşı döyüşmək istəməyən Ukrayna ordusunu faktiki əvəz etmişdi. Xüsusilə Ukraynanın cənub-şərqi uğrunda döyüşlərdə fərqlənən bu silahlı birlik ən böyük uğurlarını isə son müharibə zamanı göstərdi. Görünən budur ki, son 8 ildə bugünkü döyüşlərə hazırlaşan Azov polku həyata keçirdiyi hərbi əməliyyatlarda onlayn savaş oyunlarını xatırladan manevrləri ilə diqqətləri öz üzərinə çəkməyi bacardı. Mürəkkəb taktiki manevrləri ilə rus hərbi texnikalarını ustalıqla sıradan çıxaran polk Rusiya hərbçilərinin əsl kabusuna çevrildi. O, tankları, zirehli texnikaları üstün ovlama taktikası ilə məhv etməklə yanaşı, rus ordusunun bəzi generallarını da məhv etmək uğurları ilə də ün qazanıb və təkcə ukraynalıları yox, dünyanın hərb mütəxəssislərini də heyrətləndirə bilib.


 
Azov polkunun qurucusu Andrey Biletski Xarkovda anadan olub. 2014-cü ildə rus işğalçılarına qarşı mübarizədə qazandığı populyarlığı nəticəsində Ukrayna Ali Radasına deputat seçilib. 2019-cu il seçkilərində isə xalqın səsini qazana bilməyən Biletski bütün gücünü qurduğu polkun döyüş qabiliyyətini artırmağa həsr edib. Müharibənin başladığı 3 həftənin yekunları onu deməyə əsas verir ki, Biletski həqiqətən də qarşıya qoyduğu hədəflərini reallaşdıra bilib. 


Şəkildə: Andrey Biletski
 
Polkun döyüşçülərinin sayı dəqiq bilinmir. ABŞ kəşfiyyatının orqanlarının 2019-cu ildə hazırladıqları bir hesabatda 2014-cü ildəki münaqişələrdən sonra 50 müxtəlif ölkədən 17 mindən çox insanın Ukraynaya gəldiyi və onların əksəriyyətinin Azov polkuna qatıldığı bildirilir. Rusiyanın son hücumu zamanı minlərlə könüllünün (böyük ehtimalla, xüsusi təyinatlıların) Ukraynaya gəldiyini nəzərə alsaq, polkun sıralarının daha da möhkəmləndiyini anlaya bilərik. Bütün bu faktların analizi göstərir ki, Rusiya Ukraynanın əksər ərazilərini işğal etməyi bacarsa belə, Azov polku təhlükəsindən yaxa qurtara bilməyəcək. Ən azı ona görə ki, bu könüllülər dəstəsi məğlubiyyətlə razılaşmır, bombardman altında qaldıqlarından tərk etməyə məcbur olduqları bölgələrə asanlıqla sıza və düşmənlərinə ağır zərbələr vura bilirlər. Üstəlik, ən müasir silahları uşaq oyuncağı kimi oynatmaq qabiliyyətinə malikdirlər və dronlarla bunun videosunu çəkib paylaşaraq qarşı tərəfin mənəvi-psixoloji durumuna sarsıdıcı zərbə vururlar. Yəni təkcə döyüş meydanında deyil, həm də ideoloji cəbhədə uğurlu performans sərgiləyə bilirlər.


 
Sözsüz ki, bu cür hibrit müharibəsi xariqəsini yaratmaq ciddi maliyyə imkanları tələb edir. Məhz bu səbəbdən də Azov polkunun maliyyə mənbəyi həmişə mübahisə mövzusu olub, indi də olmaqdadır. Bəzilərinə görə, onları Ukrayna oliqarxları maliyyələşdirir. Amma maliyyə qaynağının ABŞ xüsusi xidmət orqanları olduğunu düşünənlər də az deyil. Polkun xüsusi bacarıqları hər iki versiyanın eyni anda mümkün olacağı qənaətini yaradır. Xüsusilə ikinci versiya Rusiya üçün yaxşı gələcək vəd etmir. Son zamanlar Ukraynaya axışan minlərlə xarici legionerləri də hesaba qatsaq, ABŞ-ın bu coğrafiyanı Rusiya üçün İkinci Əfqanıstana çevirmək ehtimalı güclənir. Bu ehtimalda Rusiya Ukraynanın nə qədər geniş ərazilərə yayılarsa, bir o qədər daha çox itki verəcəyi həqiqəti istisna edilməməlidir. Odur ki, Rusiyanın Ukraynada irəliləməsi belə, problemi onun xeyrinə həll etmir, əksinə daha geniş sahəyə yayılaraq, daha çox itki verməsinin önünü açır.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 166          Tarix: 19-03-2022, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma