Xəbər lenti

 
Rusiya ilə Yaponiya arasında Kuril adaları üzərində gərginlik getdikcə böyüyür. Rəsmi Tokionun Ukraynanı dəstəkləməsindən sonra Rusiya Yaponiya ilə başlatdığı sülh danışıqlarını dayandırdığını və əldə olunan bəzi sazişlərdən çəkildiyini bəyan edib. Yaponiya isə bunun qəbuledilməz olduğunu bildirib. Bununla da nəzəri olaraq, iki ölkə arasında İkinci Dünya Müharibəsindən indiyədək sülh sazişi ilə nəticələnməyən savaş halı yenidən aktiv fazaya keçib. 
 
Məlum olduğu kimi, İkinci Dünya Müharibəsində ABŞ-ın Xirosima və Naqasakiyə atom bombaları atdığı və Tokionu kapitulyasiya aktını imzalamağa məcbur etdiyi ərəfədə sovet ordusu Kuril və Saxalin adalarına girmiş və həmin əraziləri özünə bağlamışdı. ABŞ ilə Yaponiya arasında 1951-ci ildə imzalanmış San-Fransisko müqaviləsi ilə sorun daha da mürəkkəb hal almışdı. Müqavilənin 2-ci maddəsinin C bəndində Yaponiyanın Saxalin və Kuril adalarından imtina etməsi nəzərdə tutulsa da, həmin adaların kimə aid olması məsələsinə aydınlıq gətirilməmişdi. Sadəcə 1905-ci ildə baş verən Rusiya-Yaponiya müharibəsində yaponların zəfərini təsdiqləyən Portsmut müqaviləsinin nəticələri ləğv edilmişdi.  
 
San-Fransisko müqaviləsinin 2-ci maddəsinin C bəndi
 
“(c) Yaponiya 5 sentyabr 1905-ci il tarixli Portsmut müqaviləsi nəticəsində Yaponiyanın suverenlik əldə etdiyi Kuril adalarına, Saxalin və ona bitişik adalara dair bütün hüquqlardan, mülkiyyətdən və iddialardan imtina edir”. 
 

 
Postsmut müqaviləsinin Çar Rusiyası ilə bağlandığından məntiqlə həmin adalar onun varisi Sovet hakimiyyətinin nəzarətinə keçirdi. Buna baxmayaraq, Yaponiya ABŞ qarşısında götürdüyü bu öhdəliyi Rusiya ilə sülh anlaşmalarının mövzusu ola bilməyəcəyini və Moskva ilə sülh müqaviləsi bağlamaq üçün ilkin şərt irəli sürmüşdü: Rusiya ilhaq etdiyi Kuril adalarından çəkilməlidir
 
70 ildən artıqdır ki, Rusiya və Yaponiya arasında bitmək bilməyən Kuril adaları böhranında hər iki dövlətin özlərini haqlı gördükləri arqumentləri var. Rusiyanın fikrincə, Kuril və Saxalin adaları 1905-ci il məğlubiyyətindən sonra onun əlindən çıxaraq Yaponiyanın suverenliyinə keçib. II Dünya Müharibəsinin qaliblərindən biri kimi həmin adalara məhz Rusiya sahib olmalıdır. Yaponiyanın fikrincə isə, o, Rusiyaya yox, ABŞ-a məğlub olub. Adalardan da onun xeyrinə imtina edib. Bu durumda Moskva niyə gəlib burnunu yaponların əzəli adalarına soxur?
 
Üstəlik, Saxalin və Kuril adalarının yerli xalqları da Yaponiyanın şimalındakı Hokkaido adalarında yaşayan aynulardan ibarətdir. Aynular isə Yaponiyanın etniklərindəndir. Deməli, ento-coğrafi baxımından da Yaponiyanın təbii uzantısıdır və ona aid olmalıdır.


Aynu ailəsi

İki dövlət arasında ciddi mübahisələrə yol açan Kuril adaları gərginliyi SSRİ dağıldıqdan sonra qismən səngidi. Yaponiya Rusiya ilə 1990-cı illərdə bağladığı bir sıra müqavilələrlə adalara ayaq açdı, onların iqtisadi inkişafına təkan verən investiyalar yatırdı. Tokio və Rusiya arasında yenidən başlayan dialoqlar nəticəsində adalardan hər iki ölkənin birgə yararlanması ideyası ortaya çıxdı. Beləcə, 1945-ci ildən bəri bağlanmamış qalan sülh sazişi üzərində müzakirələr başladı. Bu gün isə Rusiya sülh danışıqlarını dayandırdığını, yapon vətəndaşlarının Kuril adalarına vizasız girişini qadağan etdiyi açıqladı. Səbəb kimi isə 2014-cü ildə Rusiyanın Krımı ilhaqı ilə Yaponiyanın ona qarşı düşmən mövqeyi tutmasını göstərdi.
 
Dünyanın ən böyük torpaq sahəsini əlində cəmləşdirən Rusiyanın bir ovuc yapon adalasına göz dikməsi səbəbsiz deyil. 56 ədəd kiçik torpaq sahəsindən və xeyli sayda qayalıqlardan ibarət olan Kuril adaları Yaponiyanın şimalindan Rusiyanın Kamçatka yarımadasına qədər 1300 km ərazidə uzanır. Oxot dənizi ilə Sakit okean arasında təbii sərhəd meydana gətirir. Kuril adaları Yaponiyanın əlinə keçərsə, Rusiya şərq dəniz sərhədlərinin bir hissəsində Oxot dənizinə sıxışıb qalar. O başqa məsələdir ki, Rusiya bu dəniz qapısından hələlik yetərincə rentabelli istifadə edə bilmir. Perspektivdə isə okeanlara bu çıxış qapısı Rusiya üçün mühüm siyasi və iqtisadi dividentlər gətirə bilər.


 
Yaponiya üçün bu adaların əhəmiyyəti daha böyükdür. 126 milyonluq əhalisi ilə (Hardasa Rusiya əhalisinə yaxın) bir neçə adada məskunlaşan Yaponiyanın demoqrafik artım üçün geniş torpaqlara ehtiyacı var. Rusiya isə hələ 19-cu əsrin sonlarından onun ərazilərinə göz dikib, Saxalinlə Kuril adalarını özününküləşdirmək istəyir. 1905-cı ildə məhz bu səbəbdən Rusiya ilə müharibə edən Yaponiya onu ağır məğlubiyyətə uğradaraq, Saxalini işğaldan qurtarmışdı. II Dünya Müharibəsində uğradığı ağır məğlubiyyətdən sonra isə Saxalinlə yanaşı Kuril adalarını da itirdi. 
 
İndi Rusiyanın bütün dünyanın sanksiyalarına məruz qaldığı bir zamanda Yaponiyanın əzəli torpaqlarını geri qaytarmaq şansı doğub. Amma 1945-ci ildən bəri ordu quruculuğundan uzaq tutulması Yaponiyanı 100 il bundan əvvəli hərbi qüdrətindən məhrum edib. Odur ki, məsələnin siyasi və iqtisadi basqılarla həllinə çalışır. Rusiya isə onunla bağladığı bütün müqavilələri ləğv edərək yapon arzusunu beşikdə boğmaq yolunu seçib. Gərginliyin daha da genişləməsi Rusiyaya qarşı ikinci cəbhənin onun ən şərq sərhədində açılması ehtimalını meydana gətirir.
 
Əslində bu gərginlik isti hesablaşmalara çevrilməsə belə, Qərb ölkələrinə, xüsusilə də ABŞ-a da çox lazımdır. Çünki belə olacağı təqdirdə, Rusiya öz hərbi qüvvələrinin mühüm hissəsini Yaponiya ilə sərhəddə saxlamalı olacaq. Bu da öz növbəsində Ukrayna ilə müharibəyə cəlb olunan əsgər sayının xeyli azalması deməkdir.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 7 817          Tarix: 23-03-2022, 00:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma