Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
Azərbaycan hökumətinin Rusiya və Ukraynadan ölkəmizə qayıdan soydaşlarımıza qarşı laqeyd münasibətini bir neçə amillə izah etmək olar.
1. Rəsmi tətildir, dövlət orqanları işləmədiyindən vətəndaşlarımızın ölkəyə buraxılması ləngiyir.
İlk baxışdan xeyli məntiqli görünən bu arqumenti çürüdən bəzi faktlar var. Söhbətləşdiyim insanlardan biri ayın 11-dən Dağıstanda qaldığını bildirir. Deməli, vətəndaşlarımızın Azərbaycan keçişləri qarşısında yaradılan əngəllərin əsl səbəbi iş təqvimi ilə bağlı deyil. Əgər belə olsaydı, bayram günlərindən əvvəl sərhədlərə toplanan insanlar zamanında ölkə ərazisinə qəbul olunardılar.
Yeri gəlmişkən, haqqında bəhs etdiyimiz şikayətçi gənc xanımdır və şükür edir ki, Dağıstanda uzaq qohumu yaşayır. Onlara sığınan xanımın pulu qurtardığından digər marşrutları nəzərdən keçirə bilmir. Anasının dediyinə görə, Rusiyadakı banklar fəaliyyətini dondurduğundan qızlarına pul da göndərə bilmirlər.
2. Rusiyadan qaçıb ölkəmizə gəlmək istəyənlər arasında həmin dövlətə agentura şəbəkəsinə bağlı təxribatçılar da ola bilər və yəqin ki, vardır da.
Fəqət Rusiya əgər öz diversantlarını Azərbaycana göndərmək istəsə, bunu hava yolları vasitəsilə də həyata keçirmək imkanına sahibdir və fikrimcə, bunu edib də. Azərbaycan dövlət qurumları əsl təhlükəni təyyarə ilə ölkəmizə göndərilənlər arasında axtarsalar daha doğru olar.
3. Vətəndaşların çətin vəziyyətindən faydalanan AZAL və himayədarları problemi fürsətə dönüşdürmək üçün süni maneələr yaradır.
Sərhəddə çətin vəziyyətdə qalan insanların dedikləri də bu ehtimalı qüvvətləndirir. İddialara görə, təyyarələrə yalnız biznesklass biletləri satılır. Daha doğrusu, biletlər biznesklass adı ilə satılır. Hətta bir biletin 5000 manata satılması hallarına da rast gəlinir.
Bu zaman isə belə bir sual ortaya çıxır: Azərbaycan Sərhəd Xidməti və Diaspora üzrə Dövlət Komitəsi niyə vətəndaşların ağır durumu üzərində qurulan biznesə biganə yanaşırlar, bunun qarşısını almırlar?
4. Koronavirus daşıma ehtimalı
İddialara inansaq, vətəndaşların bir çoxuna məhz bu amil əsas gətirilib Azərbaycana keçişləri əngəllənib. Zənnimizcə, bu əsaslandırma gerçək amil yox, bəhanədir.
5 İqtisadi amil
Zənnimizcə, əsas və əsl səbəblərdən biri budur. Rusiyadan və Ukraynadan Azərbaycana kütləvi axışların iqtisadiyyatımızda mənfi tendensiyalar yaradacağına şübhə yoxdur. Əsas zərbəni isə 2 istiqamətdə ala bilərik:
a) Əmlak bazarı.
Sözsüz ki, Rusiyada iqtisadi tənəzzülün uzun müddətli və qalıcı olacağı ehtimalı yüzminlərlə vətəndaşın ölkəmizə axışına səbəb olacaq. Geri qayıdanlar isə Azərbaycanda yaşayış məkanları tapmalı, mənzil almalıdırlar. Bu da əmlak bazarında ciddi qıtlıq yaradacaq və qiymətlərin artmasına təkan verəcək.
b) Əmək bazarında böhranın dərinləşməsi.
Sirr deyil ki, adam başına düşən milli gəliri 4.5 min-5 min dollar civarında olan ölkəmizdə iş yeri tapmaq böyük müşküldür. Zatən Rusiyaya və Ukraynaya gedən vətəndaşlarımızın əksəriyyəti də məhz bir tikə çörək pulu qazanmaq xətrinə qürbət yolunu tutmuşdular. Onların ölkəyə qayıtması istər-istəməz əmək bazarında rəqabəti gücləndirəcək, bu da maaşların azalmasına və işsizlər ordusunun artmasına səbəb olacaq.
Üstəlik, iş miqrantları Rusiya və Ukraynadan qazandıqları pullardan ölkəmizdə yaşayan ailələrinə, yaxınlarına da yardım edirdilər. Bu da bizim ÜDM-nin artmasına şərait yaradırdı. İndi o pullar da gəlməyəcək və adam başına düşən milli gəlirlərimiz də azalacaq.
Nəzərə alsaq ki, Rusiyada işləyən insanlarımız Azərbaycanda istehsal olunan bir çox məhsulların satışı ilə məşğul idilər, indi bu sahədə də ciddi sıxıntılar yaşanacaq. Rəsmi statistikaya görə, 2021-ci ildə Rusiya-Azərbaycan arasındakı ticarət dövriyyəsi 3 milyard dollar olmuşdu. Bunun 2.1 milyardı Rusiyanın, 0.9 milyardı isə bizim ixracatımızın payına düşürdü. Nəticədə istehsal müəssisələrimiz ildə 1 milyard, ticarət sektorumuz isə 2 milyard dollar itirəcək. Azərbaycan İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi (ixracatımızın böyük əksəriyyətini aqrar məhsullar təşkil edirdi) təcili alternativ bazar axtarmalıdır.
6. Sosial və kriminogen vəziyyət
Yuxarıda da qeyd etdiyimiz iqtisadi amilər vətəndaşların sosial vəziyyətinə də ciddi təsir göstərəcək. Rusiyada bazar münasibətlərində kriminal elementlərin ağırlıq təşkil etməsi əmək miqrantlarının geri qayıdışları ilə bənzər problemlərin Azərbaycana daşınmasına da yol açacaq. Görünür, hakimiyyət bu problemləri nəzarətdə saxlamaq üçün vətəndaşlarımızın kütləvi qəbulundan çəkinir. Amma bu cür ehtiyat tədbirləri vətəndaşlarımızın xarici dövlətlərin ərazisində daha çox əzilməsinə və dövlətimizin imicinin korlanmasına yol açır. Odur ki, daha qalıcı tədbirlərə əl atmaq daha doğru olardı.
Bəs bu tədbirlər nə ola bilər?
İlk növbədə Azərbaycanda biznes mühiti yaxşılaşdırılmalı, əmək bazarını gücləndirmək üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bunun yolu isə bəllidir: məhkəmə-hüquq islahatları aparılmalı, inhisarçılığın qarşısı kəsilməli, maliyyə amnistiyası verilməli, oliqarxların xaric banklarda toplanan pullarının Azərbaycana axışına şərait yaradılmalı və s.
Azərbaycan indiki şəraitdən istifadə edib Rusiya və Çindən qaçan xarici investorları da ölkəmizə yatırım qoymağa həvəsləndirməlidir. Yeri gəlmişkən, bunun üçün çox ciddi əsaslarımız da var. İlk növbədə Ukrayna böhranı bitdikdən sonra özünə gəlməyə başlayacaq Rusiya bazarına yaxınıq.
İkincisi, xarici sərmayələrin ən çox axtardığı ucuz işçi qüvvəsi sahəsində Çini və Rusiyanı qabaqlayırıq. Rusiya və Çinin adam başına düşən gəlirləri 10 min dollardırsa, Azərbaycanda bu rəqəm 2 dəfə aşağıdır. Üstəlik, xüsusilə Çinlə müqayisədə Avropa bazarına daha yaxınıq və bunu həyata keçirmək üçün yol-kommunikasiya əlaqələrimiz qurulu vəziyyətdədir. Ukrayna böhranından sonra “Bir Kəmər, Bir Yol” layihəsinin şimal dəhlizi bağlandığından və digər dəhlizləri də təhlükə altına düşdüyündən Çindəki qlobal sərmayənin yeni coğrafiyalar axtaracağı da şəkksizdir. Bu coğrafiyalar isə Türkiyə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ola bilər. Ermənistanın kommunikasiya əlaqələri sual altında olduğundan Cənubi Qafqazda bu potensiala malik iki ölkə qalır: Azərbaycan və Gürcüstan. Bizim Gürcüstandan üstün tərəflərimiz olduğu kimi, mənfi cəhətlərimiz də var. Başlıca mənfi cəhətimiz ölkəmizin demokratik və hüquqi vəziyyətidir. Hakimiyyət Azərbaycanın bu naqis tərəflərini ortadan qaldırmaqla əmək bazarında yaranacaq ucuzlaşmanı iqtisadi dividentə çevirə bilər.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar