Xəbər lenti


 
Son bir ayda İsraildə silsilə silahlı hücumlar müşahidə olunur. Mart ayı boyunca davam edən hücumlarda 11 nəfər həyatını itirib. Dünən də paytaxt Tel-Əvivdə baş vermiş hücumlarda azı 2 nəfər öldürülüb, xeyli sayda insan yaralanıb. 
 
Dünənki hücumun təşkilatçısı hələ ki, məlum olmasa da, bundan öncəki 3 böyük hücumun 2-nin məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü. İsrailə hücumlar İŞİD-in ənənəvi strategiyasına uyğun gəlmədiyi üçün yeni hücum dalğası xüsusi diqqət çəkir. 
 
Məlum olduğu kimi qlobal cihadçı ekolda 2 fərqli strategiya ciddi müzakirə mövzusu olub: “yaxın düşmən” və “uzaq düşmən”. 
 
“Yaxın düşmən” strategiyasını müdafiə edənlər “İslam dövləti”nə gedən yolda ilk növbədə müsəlman ölkələrindəki “tağuti”, yəni qeyri-İslami rejimlərin (yaxın düşmən) devrilməsini, bundan sonra “uzaq düşmən” olan ABŞ və İsraillə mübarizə aparılmasını istəyirlər. 
 
“Uzaq düşmən” strategiyasını müdafiə edənlər isə müsəlman ölkələrindəki qeyri-İslami rejimlərin arxasında ABŞ və İsrailin durduğunu, bu səbəbdən “uzaq düşmən”in regiona təsir imkanının azaldılmasının onların dəstəklədiyi qeyri-İslami rejimləri çökdürəcəyini iddia edirlər. 
 
Cihadçılığın yaxın tarixinə baxdıqda Əl-Qaidənin “uzaq düşmən”, İŞİD-in isə “yaxın düşmən” strategiyasını daha çox izlədiyini görürük. Bu səbəbdən İŞİD-in “uzaq düşmən” İsrailə silsilə hücumlar təşkil etməsi strategiya dəyişikliyi kimi oxuna bilər. Düşünürəm ki, bu strategiya dəyişikliyinin də müəyyən arxaplanı var. 
 
Fevral ayında İŞİD lideri Əbu İbrahim Həşiminin öldürülməsindən sonra martın əvvəllərində qruplaşma yeni lider kimi Əbu əl-Həsən Haşimini elan etdi. Əbu əl-Həsənin gəlişindən sonra İsrailin hədəf seçilməyə başlanılması illərdir müsəlman ölkələrinə hücumları səbəbilə İslam dünyasının geniş kəsimlərində İŞİD-ə qarşı formalaşmış neqativ imici düzəltmək cəhdi kimi görünə bilər. Təsadüfi deyil ki, İsrailə hücumlar həm Fələstin əhalisində, həm İŞİD-lə düşmən münasibətdə olan qruplar tərəfindən məmnuniyyətlə qarşılandı. HƏMAS, Əl-Qaidəyə bağlı qruplar, hətta Fələstində fəaliyyətdə olan İran dəstəkli İslami Cihad Hərəkatı ad çəkmədən İŞİD-in hücumlarını təqdir edən açıqlamalar yaydılar.  
 
Buradakı digər önəmli məqam, İŞİD-in digər qruplaşmalardan fərqli olaraq İsraildə aktiv fəaliyyət göstərə bildiyini nümayiş etdirməsi, bununla da Fələstin və İsraildə populyarlaşmağa çalışmasıdır. Təsadüfi deyil ki, İŞİD-in məsuliyyətini öz üzərinə götürdüyü hücumlarda həm israilli ərəb, həm də fələstinli silahlılar yer almışdı. Bu da onu göstərir ki, İŞİD regiondakı passivliyə qarşı özünü aktiv göstərərək, sıralarına daha çox döyüşçü cəlb etməyə çalışır.
 
Bu məsələlər arasında isə son vaxtlarda İsrailin bir sıra ərəb ölkələri və Türkiyə ilə normallaşması daha çox diqqət çəkir. İŞİD-in hücumları Fələstin və İsrail arasında yeni bir müharibəni alovlandırmağa hesablanır kimi görünür, təbii ki, bu da müsəlman ölkələri və İsrail arasında normallaşma prosesinin önünə keçilməsi kimi oxuna bilər. Bu məsələ ilə bağlı bir sıra versiyalar irəli sürülə bilər. Məsələn, İsrail-Ərəb monarxları-Türkiyə normallaşmasından narahat olan qüvvələr bu məsələdə maraqlı ola bilər… Hansısa versiyanı istisna etmək də doğru olmazdı…. 
 
Ancaq əlimizdə olan görünən məlumatlara əsaslansaq, İŞİD-in Fələstində yaranmış narazılıq və güc boşluğundan istifadə edərək, Qəzza Zolağı və Qərb sahilləri ərazisində genişləməyə çalışdığını iddia etmək olar. Düşünürəm ki, İŞİD-in bu aktivliyi qarşısında öz gücünün və sıralarının zəifləməsini istəməyən bölgədəki digər qruplaşmalar da aktiv şəkildə fəaliyyətə keçməyə çalışacaq. Bu da yaxın vaxtlarda regionun önəmli dərəcədə qaynaya biləcəyinə işarə edir.
 
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz



Ana səhifəyə qayıt        Baxış: 4 358          Tarix: 8-04-2022, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma