Xəbər lenti

 
Sabah Fransada prezident seçkiləri keçiriləcək. Son anket sorğuları Makron və Le Penin ikinci tura keçəcəyini, qalibin növbəti turda bu iki namizədin mübarizəsi ilə müəyyən olunacağını göstərir. 
 
Düzünü desəm, siyasi tarix həvəskarı kimi, Makron və Conson nəzdində 3 ildir davam edən bir Avropa klassikası Fransa və Britaniya rəqabətindən xeyli həzz aldım. Jersey adası problemi başda olmaqla, qarşılıqlı kəskin çıxışlarla müşahidə olunan balıqçılıq haqları ilə bağlı münaqişə və Avstraliya sualtı qayıq böhranı, miqrant anlaşmazlıqları kimi açıq müstəvidə aparılan mübarizələrlə yanaşı, Şərqi Aralıq, Qafqaz, Şərqi Avropa və digər regionlarda üstüörtülü aparılan maraq mübarizələri yenilənmiş tarixi rəqabətdə əsas başlıqlar kimi görünür. Belə hesab edirəm ki, ABŞ-ın “Qoca Qitə” üzərindəki de-fakto hakimiyyəti bu iki ölkə arasındakı mübarizənin daha da kəskinləşməsini məhdudlaşdırır, əgər ABŞ Avropada başlıca söz sahibi olmasaydı, kim bilir indi daha nələr izləyirdik…
 
Bəzi ingilis mətbuatında “əldəqayırma Napoleon” kimi adlandırılan Makronun Merkeldən sonra Avropaya liderlikdə yaranmış boşluğu doldurmaq ambisiyasında olduğu heç kimə sirr deyil. Bu mənada Makronun ikinci dəfə seçilməsinin “Brexit” sonrasında kontinental Avropa ilə rəqabətdə maraqlı olan Britaniyanın Parislə açıq mübarizəsini daha da alovlandırması şübhəsizdir. Sağ cəbhəni təmsil edən Le Penin isə Avropa mərkəzli xarici siyasət yerinə, Fransa mərkəzli baxışda daha maraqlı olduğu məlumdur. 
 
Qafqaz siyasətində daha praqmatik davranan Makronun yerinə regiona erməni-mərkəzli baxışda olan Le Penin seçilməsi Azərbaycanın maraqlarına da ciddi təhdidlər vəd edir. 
 
Son rəy sorğuları seçkilərdən sürpriz nəticə çıxa biləcəyinə işarə edir. Aprelin 7-8-ə olan göstəricilər, ikinci turda iki namizəd arasında (Makron 51%- Le Pen 49%) cüzi fərq olacağını göstərir.
 
Həqiqətən də siyasətin xeyli qəribəlikləri var. Nə vaxtsa Makrona azerkeşlik edəcəyimi heç düşünməzdim. 
 
ŞƏRQƏ BAXIŞ
 


Ana səhifəyə qayıt        Baxış: 5 468          Tarix: 9-04-2022, 22:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma