Xəbər lenti

 
ABŞ prezidenti Co Baydenin Ukraynaya hərbi yardımları bürokratik əngəllərə ilişmədən sürətləndirmək üçün “lend-lease” (lend-liz) aktını imzalaması Rusiya-Ukrayna müharibəsinin önəmli qırılma nöqtəsi kimi dəyərləndirilir.
 
Sonuncu dəfə ABŞ prezidenti tərəfindən eyni aktı II Dünya Müharibəsində (1941) müttəfiq ölkələri Almaniyaya qarşı dəstəkləmək üçün imzalanmışdı. Dünya müharibəsindən sonrakı dövrlərdə ortaya çıxan Koreya və Vyetnam kimi böyük müharibələrdə ABŞ birbaşa tərəf olduğu üçün bu akt gündəmə gəlməmişdi. Sovet İttifaqına qarşı Əfqan cihadının dəstəklənməsi əl altından gizli aparıldığı üçün də “lend-lease”-ə ehtiyac olmamışdı.
 
“Lend-lease” Ukrayna Aktı hələ bu ilin yanvarında ABŞ senatorları tərəfindən təklif olunmuşdu. Rusiya tərəfi “lend-lease” aktını ABŞ-ın Ukraynada proksi-müharibə aparması kimi dəyərləndirir. 
 
Yeni imzalanan “lend-lease”-in ilk maddəsi Ukrayna və Şərqi Avropa ölkələrinə silah-sursatın sürətlə çatdırılmasını nəzərdə tutur. Aktın üçüncü maddəsindəki şərtdə isə Ukraynaya göndərilən hərbi dəstəyin geri ödənmə ilə bağlı prosedurlara tabe olduğu vurğulanır.


 
ABŞ Konqresinin bu gün qəbul etdiyi 40 milyard $-lıq yardım paketinin 15 milyard $-ı Ukraynaya birbaşa hərbi yardımları nəzərdə tutur. 
 
ABŞ Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə sabiq direktoru, Amerikan ordusu zabiti Vindmanın “Foreign Affairs”də yayımlanan bugünkü yazısında son hərbi yardım paketinin hovitzerlər, Sovet dövrü helikopterlər, taktiki zirehli maşınlar, zirehli heyət daşıyıcılar, insansız sahil qayıqları, hərbi və kəşfiyyat dronları nəzərdə tutduğu bildirilir. Vindmanın sözlərinə görə, bu yardım sadəcə Ukraynanın indiyə kimi itirdiyi gücünü bərpa etmək xarakterlidir. Rusiyanı məğlub etmək və işğal olunmuş əraziləri geri qaytarmaq üçün daha təkmil hərbi texnologiya dəstəyinə ehtiyac var
 
Əslində burdan belə bir şərh ortaya çıxır ki, Vaşinqton müharibənin uzanması və Rusiyanın meydanda mümkün qədər daha çox aktiv qalması niyyətindədir. Bir sözlə, Rusiyanın özünü daha çox tükətməsi istənilir. Fikrimcə, “lend-lease”in indi qüvvəyə minməsi həm də Rusiyanın yenidən toparlanmaq üçün müəyyən fasilə götürmək ehtimalını mümkünsüzləşdirmək məqsədi daşıyır. Hər hansısa bir fasilə Ukraynanın da sürətli silahlandırılmasına gətirib çıxaracaq. Amerikanlar 40 ildə bir “qarmağa düşən” balığı mümkün qədər daha çox yormağa çalışır. 
 
ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz


Ana səhifəyə qayıt        Baxış: 5 658          Tarix: 12-05-2022, 00:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma