Xəbər lenti
 
 
Qazprom”, yeni sxem üzrə rublla ödənişdən imtina etdiyi üçün Hollandiyanın “GasTerra” şirkətinə qaz tədarükünü tamamilə dayandırıb.
 
Ovqat.com-un məlumatına görə, bu barədə şirkətinin Teleqram səhifəsində bildirilir. 
 
Məlumata görə, “Qazprom Export” aprel ayında “GasTerra B.V.”-dən qaz tədarükü üçün ödəniş almayıb. Nəticədə “Qazprom” Rusiya Prezidentinin 31 mart 2022-ci il tarixli 172 nömrəli Fərmanına uyğun olaraq  Hollandiyaya qaz satışını dayandırıb.
 
Qeyd olunur ki, dünən Hollandiyanın enerji şirkəti Rusiyadan mavi yanacağın tədarükü üçün rublla ödəməkdən imtina etmişdi. Bundan sonra “Qazprom” mayın 31-dən etibarən tədarükün dayandırılması barədə ona xəbərdarlıq göndərmişdi. “GasTerra”nın xəbərdarlığa heç bir reaksiya verməməsindən sonra “Qazprom” vəd etdiyi addımı atıb. Nəticədə Hollandiya hazırkı müqaviləyə əsasən, 31 oktyabra qədər Rusiyadan idxalı nəzərdə tutulan təxminən 2 milyard kubmetr qaz ala bilməyəcək.
 
Məlum olduğu kimi, Putinin dost olmayan ölkələrə qazı rublla satmaq qərarından sonra “Qazprom” yeni ödəmə sxemi hazırlamışdı. Yeni sxemə əsasən, “Qazprombank” xarici müştərilərin hesablaşmaları üçün xüsusi valyuta və rubl hesabları açır. Alıcı mavi yanacağın tədarükü üçün müqavilədə göstərilən valyutada ilk hesaba vəsait köçürür, bank onu Moskva birjasında sataraq, bundan sonra qaz alıcısının hesabına rubl krediti verir və həmin vəsait “Qazprom”a ödənilir. Avropa ölkələrinin əksəriyyəti şirkətlə bağlanan müqavilədə belə bir sxemin nəzərdə tutulmadığını əsas gətirib ödəmələrdən imtina etdilər. Nəticədə “Qazprom” onlara qaz satışlarına “stop” qoymağa başladı.


 
Aprelin sonunda “Qazprom” ödəniş edilmədiyi üçün Bolqarıstan və Polşaya yanacaq tədarükünü dayandırdı. Mayın 21-dən Finlandiya da bundan nəsibini aldı. Bu gün isə Hollandiya.
 
Faktiki olaraq, “Qazprom” bu addımı ilə təkcə Avropa ölkələrini deyil, sanki özünü də cəzalandırır. Hətta zənnimizcə, Kremlin bu qərarı ondan qaz tədarükünü dayandırmaq istəyən ölkələrin işinə yarayır. Çünki bu ölkələrdən bəziləri zatən Rusiya ilə bağladıqları müqavilənin müddəti bitincə qaz alışlarını dayandıracaqlarını bəyan etmişdilər. Müqavilənin müddəti bitmədən bu addımı atmaları Rusiyanın onları beynəlxalq məhkəmələrə verməsinə yol aça bilərdi. İndisə Rusiya yeni ödəmə sistemi gətirincə, günah onlardan çıxmış sayılır və həmin ölkələr müqavilə şərtlərinin pozulmasını əsas gətirib ödəmədən yayınır, beləcə, öz istəklərinə vaxtından əvvəl nail olurlar. Bu baxımdan Putinin və “Qazprom”un həmin qərarlarını Rusiyanın öz ayağına güllə sıxmaq kimi də dəyərləndirmək mümkündür.
 
Rusiyanın öz qaz bazarını itirməsi ölkə iqtisadiyyatına qalıcı zərər vura bilər. Zira bu addımlar Rusiyanın hazırdakı müştərilərini onun əlindən çıxarır. Neft alış-verişindən fərqli olaraq, qaz bazarında yeni müştəri tapmaq isə xeyli müşküldür. Bunun üçün ilk növbədə yeni alıcılara kəmər çəkilməlidir. Yeni kəmər çəkilişi isə illərlə davam edir. Kəmər çəkilib qurtarandan sonra Rusiyanın hansı sürprizlə qarşılaşacağı məlum deyil. Necə ki, “Qazprom” bu cür sürprizlərlə “Şimal axını-2” layihəsində qarşılaşdı. Layihə tam istifadəyə verilən anda Avropa İttifaqı ondan imtina etdi.
 
Digər tərəfdən, dünyanın aparıcı dövlətləri gələcək 10 il ərzində təbii qazı enerji mənbəyi kimi tamamilə sıradan çıxarmağı planlaşdırırlar. Gələcəyin enerjisi alternativ qaynaqlardan təşəkkül tapacaq. Belə bir vəziyyətdə “Qazprom”un Çinə və Hindistana yeni qaz kəmərləri çəkməsi səmərəsiz israfçılığa səbəb ola bilər.


 
Qaz nəqlinin digər üsulu onun LNG şəklində ixracıdır. Bunun üçün isə qazı maye halına gətirən böyük təsisatlar, anbarlar tikilməlidir. Ağır maliyyə sanksiyalarına məruz qalan və Ukrayna ilə müharibəyə girişən Rusiyada isə ciddi vəsait qıtlığı yaşanır. Ən əsası, Aİ-nin yeni sanksiyaları Rusiyanın yeni təsisatlar qurmaq üçün tələb olunan avadanlıqları xaricdən almasına da imkan vermir.
 
Üstəlik, LNG qazının nəqli üçün böyük tanker gəmilərinə də ehtiyac var. 6-cı sanksiyalar paketində rus gəmilərinə ağır sanksiyalar nəzərdə tutulur. Bu məhdudlaşdırıcı tədbirlər yaxın gələcəkdə Rusiya ilə ticarət aparan gəmiçilik şirkətlərinə də tətbiq oluna bilər və əslində indidən tətbiq olunur da.
 
Bir sözlə, Rusiyanın yeni qaz müştəriləri tapmaq sahəsində vəziyyəti daha kritikdir. 
 
Bəs, Rusiyanın indiyədək Avropa İttifaqı ölkələri ilə qaz nəqlini dayandırması qarşı tərəfə hansı zərərləri vura bilər?
 
İndiyədək qazı dayandırılan ölkələr arasında ən çətin vəziyyətdə olan Bolqarıstandır. Bolqarıstan keçən il Rusiyadan 3,3 milyard kubmetr təbii qaz idxal etmişdi. Sözsü ki, bu il də təxminən eyni həcmdə qaza ehtiyacı var. Rəsmi statistikaya görə, Bolqarıstan qaz ehtiyacının 90%-ni Rusiyadan alır. Ən təhlükəsi isə odur ki, Rusiya qaz nəqlini kəsərkən Bolqarıstanın qaz anbarlarında cəmi 18% ehtiyatı qalmışdı. Rəsmi Sofiya isə bütün bu çatışmazlıqlara rəğmən, “Rusiyanın basqılarına boyun əymək niyyətində olmadığını” bildirdi. Bolqarıstan Baş nazirinin müavini Asen Vasilev bəyan etdi ki, Rusiya ilə müqavilənin yenilənməsi üçün heç bir danışıqlar aparılmayacaq. 


 
Bolqarıstan Energetika naziri Aleksandr Nikolov ölkəsinin Türkiyə və Yunanıstan üzərindən LNG idxal etməyə hazır olduğunu və Azərbaycandan aldığı qazın həcmini artırmaq istədiklərini bildirdi
 
Bolqarıstan Azərbaycan qazını Yunanıstan ərazisindən keçən “İnterkonnektor” boru kəməri ilə alır. Yunanıstanla əldə olunan razılığa əsasən, ölkə bu boru kəməri ilə 1 milyard kubmetr (bcm) Azərbaycan qazı ala bilər. Bu isə Bolqarıstanın qaz ehtiyacının 33%-nın qarşılanması deməkdir. Lakin boru kəmərinin tikintisində gecikmələr səbəbindən Bolqarıstan hələ də sözügedən xətlə bu miqdarda qaz almaq iqtidarında deyil. Görünür, Rusiya ilə münasibətləri pisləşdikdən sonra bolqarlar kəmərin çəkilişini sürətləndirəcəklər.
 
Bolqarıstanın qazla təminatında Azərbaycanın da boynuna böyük məsuliyyətlər düşür. Ölkəmiz həm öz qaz hasilatını artırmalı, həm də Türkmənistan və Qazaxıstandan nəql olunan mavi yanacağı Avropaya daha güvənli nəqli barədə düşünməlidir.
 
Bolqarıstanın digər ümidi Türkiyə üzərindən bu ölkəyə nəql olunacağı gözlənən qaz ola bilər. Böyük ehtimalla bu problem İsrail qazı ilə həll ediləcək. İsrail qazının Türkiyəyə nəqli üçün cəmi 500-600 km. uzunluğunda kəmər çəkilməlidir ki, Tel-əviv üçün bu o qədər çətin məsələ deyil.
 
Polşanın qaz tədarükündəki vəziyyəti Bolqarıstanla müqayisədə daha ümidvericidir. Hərçənd ki, Polşa öz qaz ehtiyacının 53%-ni Rusiyadan idxal olunan mavi yanacaqla təmin edir. Bu da Bolqarıstanla müqayisədə 3 dəfə çox qaz idxalı deməkdir. Statistik məlumatlara görə, Polşanın illik qaz istehlakı 21 milayrd kub metrdir. Onun yarısı isə isə 10-11 milyard kub metr edir. 


 
Buna baxmayaraq, Polşa rəsmiləri indiki böhrana illərdir hazırlaşırdılar. Varşavanın planına görə, yaz-yay mövsümü başa çatana qədər Norveçdən “Baltik kəməri” layihəsini tamamlanacaq. Oktaybrda istifadəyə veriləcəyi düşünülən kəmərlə ildə 10 milyard kub metr mavi yanacağın nəqli nəzərdə tutulur ki, bu da Polşanın Rusiyadan aldığı qaz həcminə bərabərdir.
 
Bundan əlavə Polşada mayın 1-dən etibarən Litva ilə yeni boru kəmərini istismara verilib. Nəticədə Varşavanın ABŞ-dan və Qətərdən Avropaya göndəriləcək LNG qazını almaq imkanları yaranıb. Bu mənada “Qazprom”un qaz axınını kəsməsi Polşadakı istehlakçılara təsir etməyəcək.
 
Polşanın qışa qədər qaz ehtiyatı da var. Rəsmi statistikaya görə, ölkənin mövcud qaz anbarları 80% doludur. Bu da qazın az istifadə olunduğu yaz-yay mövsümü üçün kifayət edər.
 
Qazı kəsilən Finlandiyaya gəlincə, ölkənin enerji tələbatının ödənilməsində qazın rolu yox deyiləcək qədər aşağıdır - 5%. Finlandiya Rusiyadan aldığı qazı enerji daşıyıcısı kimi yox, xammal kimi istifadə edir. Xüsusilə gübrələrin hazırlanmasında istifadə olunan qazı Finlandiya alternativ tədarükçülərdən rahatlıqla ala bilər.


 
Hollandiyaya gəlincə, Beynəlxalq Enerji Agentliyinin iddialarına inansaq, bu ölkə də öz qaz tələbatının cəmi 5%-ni Rusiyadan alır.
 
Göründüyü kimi, Rusiyanın indiyədək qazını kəsdiyi ölkələrin heç birinin bu addımdan ciddi şəkildə təsirlənməsi gözlənilmir. Amma belə anlaşılır ki, Rusiyadan enerji asılılığı olan ölkələr vaxtında başlarının çarəsinə baxmasalar qarşıdakı dövrlərdə onların özləri pis sürprizlərlə qarşılaşacaqlar. Çünki Rusiyanın qaz kəmərləri bu gün “Qazprom”un öz aləmində embarqo tətbiq etdiyi ölkələrin ərazisindən keçir. Avropa Şurası isə digər ölkələrə rus enerjisindən asılığı tamamilə aradan qaldırmaq üçün müəyyən zaman verib. Mümkündür ki, bu möhlət başa çatandan sonra hazırda özünü qaz asılılığından xilas edən Şərqi və Şimali Avropa ölkələri öz ərazilərindən keçən kəmərlərin fəaliyyətini dayandırsın. Məhz bu zaman Orban Macarıstanı, Şolz Almaniyası kollektiv enerji təhlükəsizliyinə önəm verməməyin nə ilə nəticələnəcəyini dərindən anlaya biləcəklər.
 
Heydər Oğuz,
Ovqat.com 


Ana səhifəyə qayıt        Baxış: 7 348          Tarix: 31-05-2022, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma