Xəbər lenti

 
“Suriyanın şimal-şərqində Türkiyə silahlı pilotsuz uçuş aparatları ilə Rusiya helikopterlərinin uçuşları fonunda hər iki tərəfin quruda və havada intensiv fəaliyyəti müşahidə olunur”. 
 
Ovqat.com-un məlumatına görə, London mərkəzli ərəb nəşri “Şərqül-əvsat” bu barədə bildirib.
 
Nəşrin iddiasına görə, Türkiyə və Rusiya əsgərlərinin Hələbin şərq hissəsində birgə patrul xidməti həyata keçirməsindən qısa müddət sonra bölgənin şimalında yerləşən Rusiya bazası yaxınlığındakı Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqeləri Türkiyə PUA-ları tərəfindən bombalanıb. Maraqlıdır ki, həmin vaxt ABŞ ordusu və müttəfiq qüvvələri də eyni bölgədə hərbi patrul dövriyyəsi həyata keçirirmiş.
 
Bildirilir ki, ABŞ ordusu və beynəlxalq koalisiyanın 4 zirehli hərbi maşından ibarət patrul dəstəsi Həsəkə vilayətinin şimalında yerləşən Təl-Təmir qəsəbəsini gəzib, daha sonra son günlərdə şiddətli toqquşmaların baş verdiyi M4 beynəlxalq magistral yolu üzərindəki təmas və münaqişə xəttlərinə baş çəkib. 48 saat sürən bu patrul dövriyyəsi həmçinin “Barış Pınarı” əməliyyat bölgəsində yerləşdirilən Türkiyə qüvvələrinin və onların dəstəklədiyi Suriya silahlı qruplarının artilleriya atəşi və raketlərlə bombaladığı ərazidə də aparılıb. 


 
Yerli sakinlər və səlahiyyətli mənbələr Türkiyənin atdığı mərmilərin Rusiya bazasından cəmi bir neçə metr aralıya düşdüyünü, itkilər və maddi ziyan barədə məlumat verilmədiyini, sözügedən ərazinin hər gün bombardman edildiyini bildiriblər.
 
Qısası, nəşrin iddialarından belə çıxır ki, Türk PUA-ları və artilleriya qüvvələri ABŞ ordusunun gözü qarşısında Rusiya postlarının yaxınlığındakı kürd separatçılarının mövqeyini ağır atəşə tutur. Həm Rusiya, həm də ABŞ qüvvələri isə bu hərbi əməliyyatları seyr etməklə kifayətlənirlər. 
 
Bəs bu laqeydliyin səbəbi nə ola bilər?
 
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun suriyalı araşdırmaçı Bera Sabri “Şərkül Əvsat”a açıqlamasında Suriyanın şimalında baş verənləri Rusiyanın və ABŞ-ın Türkiyəni öz yanlarına çəkmək cəhdləri ilə əlaqələndirib.
 
“Ukraynada və Suriyanın şimal-şərqində baş verənləri bir-birindən ayırmaq olmaz. Türkiyənin təhdidləri yeni deyil, lakin bu təhdidlərin həyata keçirilməsinin ciddiliyi ilə bağlı narahatlıq doğuran məqam beynəlxalq hadisələrlə əlaqəlidir. Ukraynada bir-biri ilə döyüşən Moskva və Vaşinqton Suriyada yeni ərazilər almaq müqabilində Türkiyəni yanlarında görmək istəyirlər. İstər NATO, istərsə də Moskva ilə əldə edilməsindən asılı olmayaraq, Ukraynanın Donbass hövzəsindən Suriyanın Ayn İsa bölgəsinə qədər uzanan geniş coğrafiyada böyük razılaşmanın mümkünlüyünü istisna etmək mümkün deyil”, - deyə Sədri bildirib.


 
Suriyalı tədqiqatçı Rusiya helikopterlərinin Türk SİHA-ları qarşısında “at oynatmasını” isə kürd separatçılarına özünü göstərmələri kimi qiymətləndirib: 
 
Ancaq son zamanlar Rusiyanın hərbi aktivliyinin aşkar artmasının səbəblərindən biri özünə inam yaratmaq, digəri isə SDQ qüvvələrini öz tərəfinə çəkmək cəhdidir. Sanki bununla Rusiya kürd yaraqlılarına demək istəyir: “Sizi qoruyan bizik, Vaşinqton isə ortalıqda yoxdur”.
 
Rusiyanın Suriyada həm ABŞ, həm də Türkiyə ilə rəqabətdə olduğunu vurğulayan Səbri Moskvanın Suriyanın şimal-şərqində döyüşən qüvvələri qorxutmaq üçün hava qüvvələrini və çoxlu sayda əsgərini bu bölgəyə göndərdiyini qeyd edib: “Ruslar Suriyada öz çəkilərini göstərmək və SDQ-ni onlara qoşulmağa təşviq etmək üçün hərbi güclərini nümayiş etdirirlər”. 
 
Şərhçinin fikrincə, bu, Rusiyanın Vaşinqtonu və onun müttəfiqlərini çətin duruma düşürmək və uğursuzluğa düçar etmək siyasətinin bir hissəsidir: “SDQ və onun mülki rəhbərliyinin Dəməşq hökuməti ilə yekun razılaşması ABŞ-la Rusiyanın barışmasından və Türkiyə təhlükəsinin miqyasından asılıdır. SDQ Tehranın dəstəklədiyi Dəməşqlə kompromis əldə etməyə çalışır. Lakin Dəməşq inadkardır və Suriya daxilindəki inzibati strukturu dəyişdirməkdən imtina edir. Bu da iki tərəf arasında mümkün razılaşmanın yekun formasının və şəklinin ortaya çıxmasını çətinləşdirir”.


 
Ovqat.com-un yozumu
 
Ovqat.com-un qənaətincə isə, ağır iqtisadi sanksiyalara məruz qalan və Ukraynada varoluş mübarizəsi verən Rusiyanın başqa coğrafiyalarda hərbi əməliyyatlarını davam etdirmək imkanları tükənir. Onun Suriyadakı qüvvələrini çıxaracağı halda, bölgənin İrana bağlı qüvvələrin nəzarətinə keçmə ehtimalı artır. Bu da ilk növbədə İsrailin və ABŞ-ın maraqlarına ziddir. Odur ki, Rusiyanın nəzarətində olan bölgələrin Türkiyəyə təhvil verilməsi beynəlxalq birliyin maraqlarına daha uyğundur. 
 
Prinsipcə, Rusiya da bu tələbə qarşı çıxa bilməz. Əks halda, Türkiyə ilə münasibətləri pisləşər, nəticədə dünyaya açılan yeganə nəfəsliyinı – Qara dəniz qapısı itirər. 
 
Digər tərəfdən, Rusiyanın Suriyadan çəkilməsindən sonra ABŞ üçün də bu coğrafiyanın geosiyasi əhəmiyyəti azalır. Vaşinqton bu zamanadək İraqın və Suriyanın şimalında yaratmağı planlaşdırdığı xəyali Kürdüstan dövlətinin təbii sərvətlərini istismar etmək və onu Aralıq dənizi yolu ilə Avropaya daşımaq məqsədi güdürdü. Qərbin yeni enerji strategiyası isə tamamilə dəyişilib və 2030-cu ilə qədər alternativ  mənbələrə keçidi ehtiva edir. Bu məntiqlə, qarşıdakı 7 il ərzində çəkilib-çəkilə bilməyəcəyi belə, məlum olmayan “Kürdüstan” – Aralıq dənizi – Avropa qaz kəməri “Şimal axını-2” kimi işləmədən ömrünü tamamlaya bilər.
 
 Bundan əlavə, xəyali “Kürdüstan”ın neft və qaz resurslarının Avropaya nəqli üçün planlaşdırılan kəmərlərin çəkilməsi ciddi maliyyə tələb edir. Amma son zamanlar beynəlxalq maliyyə qurumları perspektivinə inanmadıqları səbəbindən fosil yanacaq proyektlərinə kredit ayırmır. Bu da layihənin “ölü doğulacağına” işarədir.
 
Üstəlik, həmin kəmərlərin keçəcəyi dəhliz də güvənli zəmin üzərində oturmayıb. Türkiyə, Suriya, Rusiya və hətta İranın çəkilməsinə razı olmadığı layihə vaxtaşırı böyük təhlükələrlə üz-üzə qala bilər.


 
Məhz bu kimi səbəblərdən hətta İsrail qazının Aralıq dənizi və Yunanıstan üzərindən Avropaya nəqli proyektindən vaz keçildi. Daha qısa, ucuz və optimal marşrut olaraq, İsrail qazının Türkiyə üzərindən nəqli variantı qəbul olundu. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz də bir müddət əvvəl hər iki layihəni müqayisə edərək bu məqama diqqət çəkmişdi: 
 
“(Türkiyə üzərindən keçməsi planlaşdırılan) Layihənin ümumi xətlərinə baxdıqda, təxminən 500-600 kilometrlik kəmər çəkmək tələb olunur. Digər layihədə isə bundan ən azı 2-3 dəfə çox boru kəməri çəkmək lazım idi... Gələcəkdə daha böyük həcmdə qaz nəqli gündəmə gələrsə, əlavə boru kəmərləri də çəkilə bilər... Üstəlik, enerji transferində həm qazda, həm də elektrikdə svop mexanizmləri də var, bunlardan da istifadə etmək olar. Bu o deməkdir ki, sözügedən xətdən aldığımız miqdarında digər bir xətdən qaz ixrac edə bilərik”.
 
Prinsipcə, eyni problem xəyali Kürdüstan enerji daşıyıcıları üçün də keçərlidir. Bu projeni daha ucuz və tez başa gətirmək üçün həmin qazın, yaxud neftin Türkiyəyə nəqli və buradan Avropaya ixracı daha optimal variant kimi qarşıya çıxır və Türkiyə ordusu artıq İraqın şimalında başlatdığı “Pence-Kilit” əməliyyatları ilə planlaşdırılan marşrut xətti üçün təhlükəsizlik zolağı yaradır. Yəqin ki, Suriyanın şimalında 30 km-lik təhlükəsizlik zolağı yaradıldıqdan sonra ikinci bir xətt də bu ərazilərdən keçiləcək. Bunun üçün isə, təbii ki, Suriyanın şimalındakı PKK/YPG ünsürləri təmizlənməli, onların yerinə Bərzani iqtidarına bənzər Türkiyəyə yaxınlığı ilə seçilən qüvvələr hakimiyyətə gətirilməlidir.


 
Məsələyə bu aspektdən nəzər salanda Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyması və bu addımın Alyans tərəfindən faktiki dəstəklənməsinin əsl səbəbi anlaşılır. Məlum olduğu kimi NATO Baş katibi Stoltenberq açıq şəkildə Türkiyənin narahatlıqlarında haqlı olduğuna eyham vuraraq, hər iki ölkəni Ankara ilə razılaşmağa çağırmışdı. Bənzər mövqe ABŞ rəsmiləri tərəfindən də dəstəklənir. Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında bu məsələnin Vaşinqton-Ankara arasında ikitərəfli müzakirə predmeti olmadığını xatırladaraq Türkiyə, İsveç və Finlandiyanın arasında danışıqlar yolu ilə çözüləcəyini vurğuladı. Prays həmçinin bu məsələdə yüksək rütbəli NATO rəsmiləri və NATO Baş Katibinin vasitəçilik etdiyini bildirərək deyib: “Biz Türkiyəli müttəfiqlərimizlə və əlbəttə ki, İsveç və Finlandiya tərəfdaşlarımızla  əlaqələrimizi davam etdirəcəyik”.
 
“İsveç və Finlandiya Türkiyə ilə problemi özləri həll etsinlər” mənasına gələn bu fikirlər əslində NATO-ya can atan yeni namizədləri güzəştə səsləməkdən başqa bir şey deyil. Bu isə eyni zamanda Suriyanın şimalında PKK/YPG ünsürlərinin təmizlənəcəyinə və Türkiyə ilə yaxın münasibətləri olan regional qüvvələrin hakimiyyətə gətiriləcəyinə işarə kimi də oxuna bilər.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 228          Tarix: 1-06-2022, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma