Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
Kərbəla faciəsindən bəhs edən və bu mövzuda yazılmış ən güclü əsər sayılan romanda (təəssüf ki, əsərin və müəllifinin adını unutmuşam) bir epizod var: xəlifə Müaviyə can üstə olanda oğlu Yezidi soruşur, deyirlər, ovdadır, deyir, təcili tapın, gətirin. Tapıb gətirirlər.
Yezid atasının yanına varid olanda, Müaviyə barmağından hökmdarlıq simvolu olan üzüyü çıxarıк, oğlunun barmağına taxır və deyir, oğul, vaxtım çatıb, gedirəm, bu dövlət sənə əmanət.
Bir-iki saat əvvəl veyil-veyil gəzən ovçuykən qəfildən xilafətin rəhbərinə çevrilən Yezid riqqətə gəlir, üzüyü barmağına yaxşıca oturdub deyir, ata, sənə söz verirəm ki, İslamın müqəddəs bayrağını daima ucaladacağam və...
Müaviyə oğlunun sözünü kəsib deyir, oğul, mənə də yox, vaxtında bu sözü mən də çox demişəm, insanları inandırmışam, bunları keç, hakimiyyətini qoru, düşmənlərini əz, əsas məsələ budur.
Bu söhbətin mabədini, yəni lənətullah Yezidin ata vəsiyyətinə necə riayət etdiyini bilirsiniz. Çox məsum insanların qanını tökdüklərinə görə Allah onların hər ikisinə, bonus olaraq, Şümürə də lənət eləsin...
Bu gün onların izi ilə gedənlər var, yalandan guya, islam bayrağı qaldırırlar, amma barmaqlarındakı hökmdarlıq üzüyünü rahatlayaraq onlara qulaq asanların, sadə xalqın başını tovlayırlar, islamdan siyasi motivlərlə, dövlətin möhkəmlənməsi, hakimiyyətin toxunulmaz və uzunömürlü olması üçün istifadə edirlər.
Dünyanın istənilən yerində teokratik rejimlərin mövcud olduğu ölkələrdə ilahi qüvvələrin, müqəddəs dəyələrin manipulyasiyası adi haldır. Hakim dairələr dini dəyərlər arxasında gizlənərək öz mənafelərini güdürlər, kütləni daha asan idarə etmək üçün dindən yararlanırlar. Onlara qarşı müxalif olmaq Allaha asilik, dini dəyərlərə ziddi əməl sayılır və məlum olduğu kimi, bunların da cəzası ağırdır.
Hələ 103 il əvvəl nəinki müsəlman şərqinin, eləcə də o dövrdə bütün dünyanın ən tərəqqipərvər siyasi personalarından biri olan Məhəmməd Əmin Rəsulzadə dini təmayüllü partiyaların siyasətlə məşğul olmasının, parlamentdə təmsil olunmasının yolverilməzliyi haqqında yazaraq, belə bir fikir bildirmişdi ki, həmin dini partiya parlament polemikalarında istər-istəməz, Allaha, Qurana istinad edəcək və onunla dartışan siyasi qüvvəni bu yolla susdurmağa çalışacaq.
Bu gün İranda baş verənləri də, İranın xarici siyasətini də görürük və Rəsulzadənin, eləcə də digər mütərəqqi siyasi xadimlərin nə qədər uzaqgörən olduqlarına bir daha əmin oluruq.
İranın 30 ildir ki, Azərbaycanla problemi var və bu süni, heç bir tarixi kökü olmayan problemi heç cür həll edib qurtara bilmir. Vaxtaşırı Tehran tərəfdən nəsə yeni bir təxribat baş verir və iki dövlət arasında münasibət gərginləşir. Belə olduqda İranın dini-siyasi xadimləri dərhal tanış karta əl atırlar, söhbətə dini motivlərlə girirlər: “Azərbaycanın dindar əhalisinin hüquqları pozulur; “Bakı hicabı qadağan edir, islam-şiə ölkəsində din əldən gedir”, “Azərbaycanda müqəddəs dini dəyərlər təhqir olunur” və sair və ilaxır.
İndi də stəkanda fırtına əmələ gətirilib: guya nə vaxtsa istintaq təxridxanasında Allahın ünvanına artıq-əskik nəsə deylib və bu “Müsəlman qardaşları” təşkilatının rəhbəri Taleh Bağırzadənin dini heysiyyətini təhqir edib, ona görə də o, aclıq aksiyası keçirir və İranın dini-siyasi qüvvələri onu müdafiə etmək qərarına gəlib.
Olduqca gülünc ittihamdır və bunun bəhanə xarakteri daşıdığı açıq-aydın ortadadır.
İran Taleh Bağırzadənin və onunla yanaşı digər adamlarının azadlığa buraxılmasına nail olmaq istəyirdi, 28 May – İstiqlal günü ilə bağlı imzalanan əfv fərmanında onların adı çıxmadığına görə Tehranda düyməyə basıblar və bu yolla Azərbaycan hökumətinə təzyiq göstərmək istəyirlər. Ortada başqa söhbət yoxdur.
2020-ci ildən etibarən, konkret olaraq 44 günlük müharibədən sonra İranın ölkəmizdə fəaliyyət göstərən casus şəbəkəsi artıq əvvəlki kimi effektiv işləyə bilmir, İranın ölkə möminlərinə təsiri günbəgün azalır və rəsmi Tehran əvvəlki status-kvonu bərpa etmək istəyir.
Bu isə ona görə alınmayacaq ki, ölkəmizin siyasi qüvvələrinin və ziyalılar kəsiminin mühüm hissəsi İrana münasibətlərini artıq formalaşdırıblar, bu dövlətin ölkəmizə qarşı silsiləvi təxribatçı addımlarını lazım olduğu kimi qiymətləndirirlər. İran bu ölkədə böyük ölçüdə gözdən düşmüş, etibarını itirmiş bir dövlətə çevrilib və bu qənaətin formalaşması üçün çox “işlər görüb”.
Məsələn, illər öncə İran casuslarının ikinci partiyası ifşa olunub həbsə atılanda İran dövləti Azərbaycandan poeziya festivalında iştirak etmək üçün ölkəyə dəvət etdiyi iki gənc şairi (Fərid Hüseyn və Şəhriyar Del Gerani) həbs etmiş, onlara qarşı qurama casusluq ittamı sürmüşdülər və tez-tez xəbər yayırdılar ki, İran qanunlarına görə gənc şairləri edam hökmü gözləyir. Məqsəd gerçək xasuslarla “kvazi-casuslar” dəyişmək, bu xüsusda sazişə gəlmək idi. Ancaq ortada heç bir sübut olmadığına görə İran şairləri azad etməli oldu – fəqət 6 ay zindanda psixoloji işgəncəyə məruz qoyduqdan sonra.
Bu hadisəni incəliyinə qədər bilən Azərbaycan vətəndaşlarında İrana sevgi yaranardımı?
Hələ çox təkrar olunduğu üçün bəlkə də yenidən uazmağa ehtiyac yox idi, ancaq özünü “dünya şiələrinin pasibanı və himayədarı” kimi göstərən İranın qəsbkar Ermənistanla isti münasibətini necə qeyd etməyək? 1 milyon şiəni öz yurdundan didərgin salan, onların evlərini yağmalayan, yandıran, minlərlə şiəni qətlə yetirən, şiə məscidlərində donuz saxlayan Ermənistanın cinayətlərinə göz yuman İranın bu tövrü göstərir ki, məsələ heç də İslamın bayrağını uca tutmaq deyil. Bu, dövlət maraqlarını prioritetə çevrilməsidir.
Yoxsa İran və Azərbaycan din, dil, tarix, mədəniyyət, incəsənət, mentalitet baxımından bir-birinə ən yaxın, qardaş ölkələrdir. Fəqət bu yaxınlıq, vahidlik siyasi müstəvidə deyil. İran Azərbaycanı özünə siyasi baxımdan təhlükəli sayır. Problemin qaynağı budur. Bir ara bu problemin yaranma səbəbini mərhum prezident Elçibəyin üstünə yıxırdılar. Elçibəyin hakimiyyətdən getdiyi 29 il olub, bəs münasibətlər niyə normallaşmır?
Ona görə də hər şeyi öz adı ilə çağırmaq, adlandırmaq yaxşıdır. Əgər İranın Azərbaycana qarşı siyasi, diplomatik, qanunu və əsaslı iradları varsa, bunu açıq şəkildə ifadə etməlidir. Yoxsa hər dəfə din məsələlərinin arxasına gizlənmək dini gözdən salır.
Tarixdən məlumdur ki, Yezid İslamın bayrağını göylərə qaldırmadı, əksinə, dindən öz hakimiyyəti üçün sui-istifadə edərək, İslama böyük zərbə vurdu. Bu gün ona hamıdan çox lənət oxuyanlar o tarixi səhvi təkrar etdəcəksə, nəticə yenə eyni olacaq.
Xalid Kazımlı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar