Xəbər lenti

 
Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman Türkiyəyə rəsmi ziyarətə gəlib.
 
Ovqat.com-un məlumatına görə, vəliəhd-şahzadəni xüsusi təmtəraqla qarşılayan Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan daha sonra onunla təkbətək görüşüb.
 
Tərəflərin hansı məsələlər ətrafında fikir mübadiləsi apardıqları bəlli deyil. Amma Məhəmməd bin Salmanın Türkiyəyə gəlməmişdən əvvəl Misirə və İordaniyaya səfəri Ankara ziyarətinin əsas səbəbi barədə də ipucları verir.
 
Məlum olduğu kimi, 2008-ci ildə çəkilməsi planlaşdırılan Ərəb Təbii Qaz Kəmərinin Səudiyyə vəliəhdinin son 3 gündə ard-arda ziyarət etdiyi ölkələrdən keçməsi planlaşdırılırdı. Misir qazının Avropaya nəqlini nəzərdə tutan bu proje reallaşsaydı, həm rəsmi Qahirə öz təbii sərvətlərinin ixracını iki dəfə artıra biləcək, həm də Avropa ölkələri rus enerji resurslarına bağlılıqdan böyük ölçüdə qurtulacaqdı. Hətta məlumatlara görə, Misirin qaz ehtiyatları Rusiyanın Avropaya nəql etdiyindən xeyli çoxdur və Avropa bu imkana qovuşsaydı, bu gün rus qazından daha rahat imtina edə bilərdi. Bundan əlavə, Qətərdən son hissəsi eyni marşrutdan keçən qaz kəmərinin çəkilməsi də planlaşdırılırdı.


 
Həmin vaxt Dəməşqin bu planı rədd etməsi Suriyada 11 ildir davam edən vətəndaş müharibəsinə yol açmış və həmin müharibə Rusiya və İranın müdaxilələri ilə bu günə qədər davam etməkdədir. Hazırda başı Ukrayna ilə müharibələrə qarışan Rusiyanın yaxın zamanlarda Suriyadan çəkiləcəyinin gündəmə gəldiyi bir zamanda sözügedən layihə yenidən aktuallaşmağa başlayıb. Gələn ay Səudiyyə Ərəbistanına səfəri gözlənilən ABŞ prezidentinin qovluğundakı əsas mövzunun da bu olacağı söylənilir. Baydenin bu səfər çərçivəsində Misirdə daxil olmaqla digər ərəb ölkələrinin liderləri ilə görüşəcəyi gözlənilir. Bu təxminlərin fonunda Səudiyyə vəliəhdinin Misir və İordaniyadan sonra Türkiyəyə səfər etməsi təsadüfi görünmür. 
 
Qeyd edək ki, 3 gün əvvəl İsrail prezidenti İsaaq Hersoq da Türkiyəyə gəlmiş və Ərdoğanla görüşmüşdü. Türkiyə Prezident Administirasiyanın Mətbuat Xidmətinin (Cumhurbaşkanlığı İletişim Başkanlığı) yaydığı məlumata görə, görüşdə Türkiyə-İsrail əlaqələri ilə yanaşı regional məsələlər müzakirə də edilmişdi.
 
“Prezident Ərdoğan və İsrail Prezidenti Hersoq iki ölkə və regionlararasında əlaqələr, o cümlədən terrorizmlə mübarizə və təhlükəsizlik, sülh və sabitlik naminə əməkdaşlığı davam etdirmək mövzusunda dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. İsrail prezidenti Hersoq Türkiyənin terrorla mübarizə səylərinə görə prezident Ərdoğana təşəkkür edib”, - rəsmi məlumatda belə deyilirdi.


 
Nəzərə alsaq ki, Türkiyə hazırda terrorla mübarizə çərçivəsində Şimali Suriyada hərbi əməliyyatlara hazırlaşır, İsrail prezidentinin Türkiyəli həmkarına niyə təşəkkür etdiyini anlaya bilərik. Görünən budur ki, Rusiyanın Suriyadan çəkilməsindən sonra həm Türkiyə, həm də İsrail rus əsgərlərinin boşaldacağı bölgəni İranın ixtiyarına buraxmaq istəmirlər. Bunun üçün isə Suriyanın cənubuna İsrailin, şimalına isə Türkiyənin nəzarət etməsi ən optimal variant ola bilər. Nəzarət altına alınmış Suriya isə Ərəb Təbii Qaz Kəmərinin çəkilməsi üçün böyük əhəmiyyət kəsb edir. 
 
Məsələyə bu aspektdən nəzər salanda sözügedən projenin tamamlanmamış sahəsi üzərində regional dövlətlərin ortaq məxrəcə gəlməyə çalışdıqları, Səudiyyə vəliəhdinin Türkiyəyə səfərinin də bu məqsədi daşıya biləcəyi ehtimalı ortaya çıxır. Belə anlaşılır ki, vəliəhd Məhəmməd Bin Salman ərəb liderləri ilə Türkiyə arasında körpü salmaq missiyasını həyata keçirir. 
 
Projenin həyata keçirilməsi üzərində yaranmış ən ciddi maneələrdən biri də başda Səudiyyə Ərəbistanı olmaqla, ərəb ölkələrinin ABŞ prezidenti Co Baydenin onlara və Türkiyəyə qarşı mövqeyidir. Zənnimizcə, bu mövqe həmin ölkələri nəzarətdə saxlamaq istəyindən irəli gəlir və yəqin ki, Baydenin gələn ay ər-Riyada səfəri zamanı bu məsələlərə də aydınlıq gətiriləcək.


 
Türkiyənin bu projedən ən böyük qazancı təkcə maddi gəlirlə ifadə olunmur. Qardaş ölkə öz təhlükəsizliyi qarşısında böyük problemə çevrilən PKK-YPG məsələsini də Suriyanın şimalına nəzarət fürsətindən yararlanaraq həll edə biləcək.

Ukrayna məsələsinin ciddi müzakirə olunacağı NATO-nun Madrid sammiti ərəfəsində Suriya məsələsinin gündəmə gəlməsi də təsadüfə oxşamır. Məlum olduğu kimi, iyunun 28-30-da keçirilməsi planlaşdırılan sammitdə Ukraynaya ağır silahların verilməsi qərara bağlanacaq. Bu qərardan sonra rus ordusunun Ukraynada daha ağır zərbələrlə üzləşməsi qaçılmazdır. Böyük ehtimalla, gələn aydan etibarən Rusiyanın bütün silahlı qüvvələrinin bu müharibəyə cəlb olunması Suriyadakı vəziyyəti də Türkiyənin xeyrinə dəyişdirəcək və Ərəb Təbii Qaz Kəmərinin reallaşması daha mümkün hala gələcək.
 
Yeri gəlmişkən, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sabah Bakıya gəlməsinin əsas səbəbi də bundan qaynaqlana bilər. Sirr deyil ki, Rusiya Türkiyə ilə təkcə Suriyada deyil, həm də Cənubi Qafqazda rəqabətdədir. Kreml isə heç nə qoparmadan Suriyadan çəkilmək niyyətində deyil. Türkiyəyə son səfəri zamanı Lavrovun qardaş ölkəni Suriya məsələsini Astana sammiti çərçivəsində çözməyə çağırması, dolayısı ilə İranı da bu prosesə qoşmaq istəməsi təsadüfi olmaya bilər. Son zamanlar İrana bağlı qüvvələrin Azərbaycanda fəallaşması da şimal və cənub qonşularımızın ölkəmizə qarşı birgə fəaliyyətə keçməsindən xəbər verir.


 
Görünür, Suriyada Türkiyəyə cavab verməkdən çəkinən qüvvələr, xüsusilə Rusiya ona Azərbaycan üzərindən təzyiq göstərmək istəyir. Təsadüfi deyil ki, bu ayın əvvəlində Türkiyədən geri qayıdarkən Lavrov İrəvana baş çəkmiş və oradan Azərbaycanın sinir sistemi ilə oynayan açıqlamalar vermişdi. O, açıqlamasında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesinə Ağdamın Fərrux yüksəkliyini də əlavə etməklə sanki Qarabağı erməni torpağı kimi görə biləcəklərinə eyham vurmuşdu. Bu isə qəsdən yol verilmiş səhvdən, dil sürüşməsindən daha çox, Azərbaycana göndərilmiş mesaj kimi qiymətləndirilmişdi.
 
Mümkündür ki, Lavrov sabah Azərbaycana səfərində də rəsmi Bakını Türkiyə ilə münasibətlərdən və ən əsası, Trans-Xəzər enerji layihələrindən uzaqlaşdırmağa çalışacaq.
 
Heydər Oğuz,
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 6 563          Tarix: 22-06-2022, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma