Xəbər lenti


Rəşad Bayramov: “Həddinizi bilin, hədd bilmək yaxşı şeydir”

Əslində bu məsələyə uzun-uzadı münasibət bildirmək fikrində deyildim, lakin son bir neçə gündür ki, olmayan bir şeyin dezonformasiya xarakterli məlumata istinadən gündəmdə saxlanılmasına edilən cəhdlər, eləcə də bu məsələdən istifadə edərək özünü gündəmə gətirmək istəyən bir qism adamların həddini aşan açıqlamaları məni baş verənlərə münasibət bildirməyə məcbur etdi.

Giriş

Beləliklə əslində nə baş verib. Elektron informasiya vasitələrindən biri heç bir fakt və əsas olmadan Etibar Məmmədovun guya ki, aktiv siyasi fəaliyyətə qayıdacağı və yeni siyasi birlik formalaşdıracağı ilə bağlı məlumat yayır və həmin birlikdə faəliyyət göstərəcək bir neçə partiyanın adını çəkir. Birdən-birə belə bir məlumatın verilməsi ilk baxışdan həmin saytın və ya jurnalistin sensasiya yaratmaq xətrinə atdığı addım kimi qiymətləndirilsə də ayrı-ayrı saytlar vasitəsilə də məlumatın tez bir zamanda tirajlanması, internet televiziyaların məsələni gündəmə gətirərək müzakirəyə çıxarması baş verənlərin təsadüf olmadığını, kampaniya xarakterli olduğunu və sifariş əsasında həyata keçirildiyini deməyə əsas verir.  

Baş verənlərin təsadüf olmadığını görmək üçün hadisələrin xronologiyasına diqqət yetirmək kifayətdir. Məlum yazı AMİP-in Qurucu Lideri Etibar Məmmədovun “Musavat TV”-nin efirindəki müsahibəsindən bir gün sonraya təsadüf edir. Həmin müsahibədə Etibar Məmmədov şimal və cənub qonşularımızdan gələn təhlükələrdən, hakimiyyətin ayrı-ayrı qollarının fəaliyyətsizliyindən danışaraq partiyalara fəal olmaqla, hakimiyyətə isə real dialoq aparmasının vacibliyi ilə bağlı çağırış etdi. Başqa sözlə desək Etibar bəy bir müsahibəsi ilə Rusiyaya xidmət edən ayrı-ayrı qrupların, şüarımız “Təbriz Azərbaycandır” olmalıdır deyərək İran və onun ölkəmizdəki şəbəkəsinin, eləcə də real siyasi münasibətlərin və islahatların həyata keçirilməsinə mane olan hakimiyyət daxilindəki ayrı-ayrı qrupların maraqlarına toxundu. 

Hədəf

Sadaladığım bu məqamlar isə həm Rusiya, həm İrana bağlı olan və eləcə də hələdə hakimiyyətin ayrı-ayrı qollarında təmsil olunan 5-ci kalonun hərəkətə keçməsinə səbəb oldu və kampaniyaya start verildi. Bu baxımdan yazının sifariş xarakterli olduğuna da hər hansı bir şübhə yeri qalmır. Əgər belə olmasaydı yazı müəllifləri həmin məlumatı tirajlayarkən Etibar Məmmədovun özündən və ya ən azından həmin yazıda adı çəkilən ayrı-ayrı partiya sədrlərindən açıqlama alar və obyektiv yazı ortaya qoyardılar. Amma bu baş vermədi. Həmin məlumat yayıldıqdan dərhal sonra həm AMİP sədri Arzuxan Əlizadənin, həm Mərkəzi Şura sədri olaraq mənim, həm də ayrı-ayrı partiya rəsmilərinin təkzib açıqlamaları olmasına baxmayaraq mövzu davam etdirildi və siyasi gündəmin bir nömrəli mövzusuna çevrildi. Çünki məqsəd ictimaiyyətin diqqətini daha çox bu məsələyə cəmləməkdən ibarət idi və ona da nail olundu. Sifarişin məqsədi diqqətləri Etibar Məmmədovun haqqında danışdığı xarici təhdidlərdən və real dialoqun vacibliyi ilə bağlı çağırışlardan yayındırmaq idi. 

Lakin bu dediklərim məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi bu məsələdən istifadə edərək ya sifarişlə, ya da özünü gündəmə gətirmək xətrinə bəzi siyasi partiya sədrlərinin verdiyi açıqlamadır. Belə ki, Etibar Məmmədov ünvanına həddini aşaraq açılama verən İqbal Ağazadə həmin açıqlamanı verərkən yaxşı bilirdi ki, bunun cavabı olacaq. Cavab isə sadədir. “Sən 2003-cü il prezident seçkilərindən sonra istintaq dövründə televiziya ekranlarından müttəfiqin olan İsa Qəmbərin əleyhinə verdiyin açıqlamalarla bitmisən, siyasi meyidsən və artıq tarixdə qalmısan. Yox, tarixdə qalmaq düzgün ifadə olmadı. Çünki tarixdə qalmaq üçün nəsə bir rolun olmalıdır. Sənin isə Azərbaycanın siyasi tarixində rolun ancaq yuxarıda qeyd etdiyim məqamla bağlıdır. Odur ki, sən ən yaxşı halda arxivdə qala bilərsən”.

Nəticə

Nəticə etibarilə nə oldu? Kampaniyaya başlayan tərəflər 1) Diqqətləri Etibar Məmmədovun Azərbaycan qarşı təhdidlərlə bağlı dediklərindən yayındırmaqla gündəmi başqa istiqamətdə yönəltməyə nail oldular. 2) Müxalifət partiyaları arasında münasibətləri gərginləşdirmklə hakimiyyətə olan real islahatların və real dialoqun vacibliy ilə bağlı çağırışları arxa plana atdılar. Başqa sözlə istənilən konfiqurasiyada sifarişçi tərəflər özünə lider deyən bəzi hədd biməzlərin də dəstəyi ilə istəklərinə nail oldular. 

Son söz əvəzi

Etibar Məmmədov Azərbaycanın şanlı tarixidir. Təkcə Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, dünya birliyi tərəfindən tanınması, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən biri olması, ordu quruculuğundakı xidmətləri, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının müəlliflərindən biri olması ilə o artıq adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Etibar Məmmədov liderdir. 18 ildir aktiv siyasi fəaliyyətdən ayrılsa da, il ərzində cəmi bir iki müsahibəsi kifayət edir ki, bütün cəmiyyət onun dediklərini müzakirə etsin. Və hər gün efirlərdə eyni şeyləri təkrar edən siyasilər isə Etibar Məmmədovun aktiv siyasi fəaliyyətə qayıtmasından bu qədər narahat olmaqdansa onun partiya sədrliyindən çəkilməsindən keçən dövr ərzində siyasi partiyaların mövcud vəziyyətinə baxsalar daha yaxşı olar. Sual olunur keçən bu 18 il ərzində nəyə nail olmusuz? Nəyi dəyişmisiz? Heç bir şeyi. Bəli bu gün Etibar bəyin nə aktiv siyasi fəaliyyətə qayıtmaq nə də hər hansı birlik yatarmaq fikri yoxdur. Amma əmin olun ki, belə fikri olacaqsa kimin nə deməsindən asılı olmayaraq qayıdacaq və üstəlik öz ətrafında güclü siyasi birlik də formalaşdıracaq. Bundan isə həm cəmiyyət, həm dövlət, həm də elə sizlər udacaqsınız. Odur ki, narahat olmayın, amma həddinizi də aşmayın. Hədd bilmək gözəl şeydir.  

Rəşad Bayramov, 

AMİP Mərkəzi Şurasının sədri





Ana səhifəyə qayıt        Baxış: 8 184          Tarix: 31-07-2022, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma