Cənubi Qafqaz (CQ) ölkələrinin xarici siyasətləri bir-birindən hissolunan dərəcədə fərqlənir. Bu fakt ABŞ-ın regiona münasibətdə vahid strategiya formalaşdırmasına mane olur. Regiona balanslı yanaşma cəhdləri isə strategiyaya əlavə çaşqınlıq və səhv hesablamalar gətirir.
ABŞ-ın CQ ilə bağlı siyasətinə 3 əsas faktor təsir göstərir: praqmatik maraqlar, ideoloji dəyərlər və lobbiçilik. Bu üç faktorun keyfiyyətcə bir-birindən fərqlənməsi xarici siyasət strategiyasını situativ edir.
Azərbaycana praqmatik yanaşmanın əsasında ölkəmizin transatlantik məkanın enerji təhlükəsizliyində rolu, geostrateji yerləşməsi, İsraillə münasibətləri, Azərbaycanın vacib diplomatik meydança olması və Mərkəzi Asiyanın açarı olması dayanır.
Rusiya ilə qlobal geosiyasi rəqabət neft-qaz qiymətlərini spekulyativ sürətdə artırır. Qiymət artımı, Avropanın Rusiya qazından asılılığı isə siyasi mövqelərin zəifləməsinə səbəb olur. Belə şəraitdə C.Baydenin dediyi kimi “Azərbaycan regional və qlobal bazarların sabitləşdirilməsində həlledici rol” oynayır. Enerjinin silaha çevrildiyi dövrdə İsrail-Rusiya arasında mürəkkəb münasibətlər Tel-Əvivin və onunla birlikdə ABŞ-ın Yaxın Şərqdə mövqelərini zəiflədə bilər. Azərbaycanın isə son illər ixrac qüdrətini artıraraq İsrailə daha çox neft daşıması ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə müsbət töhfə verir.
Asiyanı Avropa ilə bağlayan ticarət yolları Azərbaycan, İran və ya Rusiya ərazilərindən keçməlidir. Amma ABŞ-ın İranı terroçu dövlət elan etməsi, Rusiya ilə isə münasibətləri minimuma endirməsi, son iki ölkənin ərazisini tranzit üçün mümkünsüz etmir. Nəticə etibarı ilə Şərq-Qərb istiqaməti üzrə yeganə təhlükəsiz marşrut Azərbaycan üzərindən keçir. Azərbaycan Qərb və Mərkəzi Asiya arasında təhlükəsiz qapıdır. Azərbaycanın trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik olmasını ABŞ prezidenti 1 iyun tarixli məktubunda da xüsusi vurğulamışdır.
Son illər Azərbaycan vacib diplomatik haba çevrilib. Xatırladaq ki, Ukrayna prezidenti V. Zelenski də Rusiya ilə danışıqlar üçün məqbul şəhərlər içərisində Bakının adını çəkmişdir.
Gürcüstana praqmatik yanaşmanın əsasında onun etibarlı tərəfdaş olması və geostrateji məkanda yerləşməsi çıxış edir. 2008-ci ildə Rusiya ilə müharibə vəziyyətinə rəğmən, Gürcüstan İraqda ABŞ-dan sonra ən böyük hərbi kontingentə malik idi. Qara dəniz ölkəsi kimi Gürcüstan öz logistik imkanlarını Əfqanıstan kampaniyası zamanı NATO qüvvələrinə təklif etmişdir və 2000-dən artıq hərbçisini Helmand və Qəndəhar kimi ölümcül yerlərə xidmətə göndərmişdir. Həmçinin unutmayaq ki, CQ-dan Qərbə gedən bütün enerji və nəqliyyat xətləri Gürcüstan ərazisindən keçir.
Ermənistana praqmatik yanaşmanın əsasında ölkənin coğrafi yerləşməsi dayanır. ABŞ-ın İraqdan sonra ikinci ən böyük səfirliyinin Ermənistanda yerləşməsi, Rusiya və İranda böyük erməni icmasının fəaliyyət göstərməsi Ermənistanı Moskva və Tehrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün münasib məkana çevirir. Digər tərəfdən Ermənistanın Türkiyə və Azərbaycan arasında yerləşməsi Avrasiya məkanında Xəzərdən Aralıq dənizinə uzanan yeni geosiyasi faktorun yaranmasına mane olur.
ABŞ Dövlət Departamentinin Azərbaycan ilə bağlı 2022-ci il strategiyasında bildirilir ki, Azərbaycan Türkiyə, Rusiya və İranın regional təsirlərini genişləndirmək səylərini balanslaşdırmalıdır. Son dövrdə ABŞ-ın xarici siyasətində praqmatik yanaşma üstünlük təşkil etsə də, CQ-a münasibətdə o hələ də qənaətbəxş deyil. ABŞ Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına lazımı dərəcədə dəyər vermir, Dövlət Departamentinin adı çəkilən sənədində “Dağlıq Qarabağ münaqişəsinin” hələ də həllini tapmaması qeyd edilir, geosiyasi rəqibləri olan Çin və İranın Mərkəzi Asiyada mövqelərini zəiflədə bilən Türk Dövlətləri Təşkilatına qarşı ABŞ biganədir, Azərbaycana qarşı qəbul edilən 907-ci düzəliş isə hələ də ləğv edilməyib.
Praqmatik yanaşmanın tam qələbəsinə xarici siyasəti müəyyən edən digər iki faktor (ideologiya və lobbiçilik) mane olur. Onlar haqqında gələn hissələrdə...
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: