Müstəqilliyini bərpa edəndən ABŞ-ın Azərbaycana münasibəti birmənalı olmayıb. Müstəqilliyinin ilk illərində ərazi bütövlüyünü qorumaq istəyən, demokratik inkişaf yolunu seçən, qərbə inteqrasiyaya üstünlük verən Azərbaycana qarşı sanksiya tətbiq edildi. 1992-ci ildə ABŞ konqresi “Azadlığa dəstək” aktını qəbul edib. Onda erməni lobbisinin təşəbbüsü ilə sənədə “907-ci düzəliş” əlavə olundu. Bu, yeni müstəqil olan Azərbaycana qarşı ABŞ-ın bütün yardımlarından məhrum olunması demək idi. Sanksiya azmış kimi “düzəliş”də Azərbaycan “işğalçılıq”da da ittiham edilirdi.
Həmin vaxt bu “düzəliş”in əsas təşəbbüskarlarından biri Ağ Evin indiki yiyəsi, o vaxtkı senator Cozef Bayden idi.
ATƏT-in keçmiş Minsk Qrupunun həmsədr ölkələrindən biri ABŞ olub. Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdikləri vəhşiliyə və qanunsuz əməllərə o biri həmsədr dövlətlər kimi Birləşmiş Ştatlar da qarşı çıxmamışdı. Ermənistanın işğal etdiyi torpaqları minalamasına da ABŞ göz yumub.
Dövlət Departamenti Ermənistanın beynəlxalq hüququ pozaraq Azərbaycana qarşı qanunsuz fəaliyyətinə heç vaxt sanksiya tətbiq etməyib.
Prezident Cozef Bayden Prezident İlham Əliyevə ünvanladığı məktublarda Azərbaycanı ABŞ-ın etibarlı tərəfdaşı olaraq vurğulayıb: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir”.
Ancaq təəssüf ki, ABŞ Dövlət Departamenti bu kimi əsas faktorları unudaraq, yaxud görməzdən gələrək “Azərbaycanı terror təhlükəsi və sabitliyin kifayət qədər təmin olunmadığı ölkələrin sırasına” daxil edib.
Departamentin yaydığı məlumatda Respublikaya qarşı qərəzli mövqe nümayiş etdirilərək ikili standartlardan yanaşılıb. Qurum bildirib ki, guya respublikanın turizm zonalarının, nəqliyyat qovşaqlarının, ticarət obyektlərinin, restoranların, parkların, yerli icra hakimiyyəti orqanlarının binalarının, mədəni və idman tədbirlərinin hər an terrorçu qrupların hücumuna məruz qala bilər.
Beləliklə, Departament öz vətəndaşlarına yalan və saxta məlumat verməklə məsuliyyət daşıyır. Bununla ABŞ-ın bu dövlət qurumu əsassız olaraq insanlar arasında çaşqınlığa şərait yaradıb.
Dövlət Departamentinin Azərbaycana bu qərəzli mövqeyinin arxasında heç şübhəsiz erməni və onun ABŞ-da havadarı rolunda çıxış edən, Cənub Qafqazdan, Azərbaycanın harada yerləşməsindən belə xəbərləri olmayan konqresmenlər, lobbi dayanır. Rəsmi Bakı ilə İrəvan arasında sülhlə bağlı məsələlərin intensiv müzakirə olunduğu, regionda əməkdaşlığın və təhlükəsizliyin güclənməsi üçün fəaliyyətin artdığı bir zamanda Azərbaycana qarşı böhtan atılması həm də ABŞ-ın danışıqlar prosesinə dəstəyini şübhə altına alır. Depratmentin yaydığı “məlumat”ın qərəzli olması Azərbaycanın Qarabağ bölgəsinin “Dağlıq Qarabağ” adı altında təqdim olunmasıdır. Beynəlxalq qaydalara əsasən, dövlət öz ərazisini necə adlandırırsa, başqaları da o şəkildə öz dillərinə uyğunlaşdırırlar. Bu baxımdan Departament kimi nüfuzlu dövlət qurumunun bu məsələyə diqqət etməməsi qərəzdən xəbər verir.
Yeri gəlmişkən, Brüssel sülh gündəliyi çərçivəsində Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən görüşlərdə, sənədlərdə “Dağlıq Qarabağ” ifadəsi işlədilmədiyi halda bu “məlumatda” Qarabağ bölgəsinin “Dağlıq Qarabağ” adı ilə təqdim olunması təxribat xarakterlidir.
Belə bir “məlumatın” yayılması dünya ictimaiyyətində Azərbaycana qarşı neqativ fikirlərin yaranmasına, beynəlxalq aləmdə ölkənin qazandığı müsbət imicə zərbə vurulmasına və ölkəmizin turizm potensialının zəiflədilməsinə səbəb olur. Eləcə də bu, respublikanın həm siyasi, həm də iqtisadi nüfuzuna mənfi təsir göstərir.
Belə addımların atılması Azərbaycanın regionda yaratdığı yeni reallıqların bir sıra xarici dairələr tərəfindən həzm edilə bilinməməsi qənaətinə gəlməyə əsas verir. Ştatların Bakıdakı səfirinin işğaldan azad olunmuş ərazilərə səfər etməkdən heç bir əsaslı səbəb göstərilmədən çəkinməsi də ABŞ-ın Azərbaycanın qazandığı uğurlara, geosiyasi müstəvidə və iqtisadi sferada əsas oyunçulardan birinə çevrilməsinə birmənalı münasibət göstərməməsindən doğur və 30 il ərzində yürütdüyü tərəfkeşlik siyasətinin davamı kimi başa düşülür.
Heç şübhəsiz reallığı əks etdirməyən bu sayaq məlumatların yayımlanması ilə Azərbaycana qarşı yönələn belə qarayaxma kampaniyalarını aparanlar onun artan nüfuzu qarşısında iflasa uğrayacaqlar.
Dövlət Departamentinin yaydığı bəhs etdiyimiz “məlumat” ABŞ-ın regional maraqlarına, onun Cənubi Qafqazda həyata keçirdiyi strategiyaya zərbə vurur. Belə çıxır ki, Departament erməni lobbisinin, yaxud Ştatların maraqlarından kənarda olanların sifarişini yerinə yetirir.
Bu sövdələşmədə Dövlət Departamenti nə qazanır və yaxud nə qədər qazanır? Bu, ABŞ-ın maraqlarının qiymətindən belə dəyərlidir? Ümid edək ki, ABŞ bu kimi suallara aydınlıq gətirəcək.
//Report
Paylaş: