Xəbər lenti

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi son genişmiqyaslı təxribatdan sonra erməni rəsmilər ənənəvi olaraq bunun günahkarını özlərindən başqa hər kəsdə axtarmağa, bütün dünyanı “yazıq və zəif Ermənistana qarşı aqressiya”nı qınamağa çağırırlar. Nə qədər qəribə olsa da, bəzi Qərb ölkələri indiyədək kimin işğalçı, kimin isə işğal və etnik təmizləmələrin qurbanı olduğunu ayırd edə bilmir və ya buna cəhd belə etmirlər.

Bunların başında duran iki ölkə - Fransa və ABŞ-dır və hər birində böyük erməni diasporu mövcuddur. ABŞ-la müqayisədə Fransanın mövqeyi birmənalı və açıqdır, Paris Türkiyənin Azərbaycana verdiyi dəstəyi, Ankaranın regionda güclənməsi və söz sahibi olmasından çox narahatdır. ABŞ isə Konqresdəki erməni lobbisinin təsirinə baxmayaraq, Ermənistan və Azərbaycanla münasibətində balans saxlamağa çalışırdı, lakin bununla belə Azərbaycana qarşı əsassız və qərəzli fikirlər də səsləndirilirdi.ABŞ-ının regionda Azərbaycan və Türkiyənin həyata keçirmək istədiyi sülh təşəbbüsünə qarşı narahatlığının göstəricisi bu dəfə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri oldu.

Regionda yaranmış gərgin vəziyyətdən istifadə edərək vəzifəsinin müddətinin başa çatmasına iki ay qalan Pelosi “erməni dostu” obrazını gücləndirmək istədi. Niyyətinin nə qədər “qətiyyətli” olduğunu, ermənidən də çox erməni olmaq istəyini nümayiş etdirən Pelosi Ermənistana özü ilə Nümayəndələr Palatasının erməni əsilli üzvü Ceki Şpeyeri də gətirib. Rəsmi görüşləri və etdiyi açıqlamalarından öncə Pelosi qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək özünü gözyaşları tökməyə məcbur edib. Bəli, düz oxudunuz, məhz məcbur edib. Əlbəttə, seçki qabağı “erməni səsləri”ni qazanmaq üçün bu yetərli ola bilər, amma regionda qurula biləcək sülh üçün bu cür addımlar yolverilməzdir. Münaqişələrin artdığı bir dünyada ABŞ-ın ən böyük “erməni dostu” olması və bundan sonra Azərbaycanı regionda vacib və əvəzolunmaz tərəfdaş adlandırması heç də səmimi səslənmir.

Digər tərəfdən isə, Pelosi Ermənistana yola düşməzdən öncə şəxsi “Twitter“ hesabında yarı açıq, yarı qapalı şəkildə İrəvanın diktatura və demokratiya arasında seçim etməli olduğunu qeyd etmişdi. Bunu, təbii ki, ilk öncə ABŞ-ın Ermənistana “Rusiyanın təsiri altından çıxmalısınız!” çağırışı kimi də qiymətləndirmək lazımdır. Amma bu cür addım Ermənistan tərəfindən həqiqətən atıla bilərmi? İrəvanda bunun nəticələrini təhlil ediblərmi?

Burada birmənalı olaraq Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasını və Ermənistanın KTMT-yə üzv ölkə olduğunu yada salmaq lazımdır. Pelosinin səfəri ilə birlikdə bu gün Ermənistanda bu bazanın Ermənistan ərazisindən çıxarılması və ölkənin KTMT-də üzvlüyünün dayandırılması ilə bağlı mitinqlər başlayır. Təbii ki, bu mitinqlər nə qədər uğurlu və genişmiqyaslı olsa da, İrəvan bu addımları atmaq iqtidarında deyil. Onilliklər boyu "müstəqil" Ermənistan Rusiyanın forpostu rolunu oynayıb və indiki gərgin vəziyyətdə, ölkənin xarici siyasət xəttini dəyişdirmək üçün heç bir resursu olmadığı halda, bu cür “tarixi” qərar verəcəyi ağlabatan deyil və sadəcə yeni baş verə biləcək təxribatların əlamətidir. Azərbaycana qarşı bu cür oyunların nə dərəcə uğursuz olduğunu Paşinyan və komandası bəlkə də anlayır, lakin əhalinin “mübarizəni davam etdirəcəyik” şüarlarını eşitmək istəklərini də nəzərə alaraq, “müqavimət göstəririk” görüntüsü yaratmaq məcburiyyətindədirlər. Digər tərəfdən isə, İrəvan ABŞ-ın ATƏT-in Minsk qrupunu yenidən "diriltmək" niyyətindən həvəslənir, bunun nə qədər reallıqdan uzaq olduğunu, bu qrupun artıq heç bir missiyasının mövcud olmadığını anlamır. Bu məqamda bir sual yaranır ki, Ermənistanda son zamanlar onlara ən çox silah satan və hətta təmənnasız şəkildə silahlandıran Rusiyaya qarşı nifrətin və ittihamların artdığı halda, cəmiyyət və siyasi elita doğrudanmı ABŞ-ın münaqişəyə tərəf qismində qatılacağına, Ermənistana silah-sursat verəcəyinə inanır? Belə təəssürat yaranır ki, Ermənistan özü bu sualın cavabını hələ də tapmayıb.

Təbii ki, Pelosinin gözyaşları və qərəzli açıqlamaları ilə “Real politics” arasında heç bir əlaqə yoxdur. ABŞ istəsə də Ermənistanın nağıllarvarı arzu və istəklərini, “Böyük Ermənistan” layihəsini reallaşdıra bilməz. Amma, görünür ki, Ermənistan nağıllar aləmindən çıxmaq niyyətində deyil. Ağ Ev isə bütün qərəzli mövqe və erməni lobbisini sakitləşdirməyə yönəlmiş keçici ittihamlarına rəğmən Azərbaycanın regiondakı rolunu və geostrateji əhəmiyyətini anlayır. Pelosinin Ermənistana səfəri daha çox ABŞ-ın regiondakı sülh prosesindən kənarda qalmağına qarşı etiraz və Rusiyaya qarşı oynadığı şahmat partiyasının növbəti bir gedişidir.

apa.az 




Ana səhifəyə qayıt        Baxış: 5 046          Tarix: 18-09-2022, 22:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma