İranın Kürdüstan ostanının Sənəndəc şəhərində etirazçılar küçədə çadırlar quraraq meydandan evlərinə qayıtmayacaqlarını bildirirlər.
Ümumiyyətlə, Kürdüstan ostanlığının bir çox şəhər və şəhristanlığında vəziyyətin İran rejiminin nəzarətindən çıxdığı barədə məlumatlar gəlməkdədir.
Kürdüstan ostanlığı bir neçə şəhristanlıqdan ibarətdir. Hardasa Ermənistan ərazisi qədər olan (28.8 min kv. km.)
İran Kürdüstanın əsas şəhər və şəhristanlıqları:
Sənəndəc,
Banə,
Bicar,
Divandərə,
Gorvə,
Merivan,
Kamyaran,
Saqqız.
Cəmi 1.6 milyon əhalisi olan İran Kürdüstanı şimaldan Qərbi Azərbaycan, şərqdən Həmədan, Zəncan, cənubdan Kirmanşah ostanlıqları, qərbdən isə Şimali İraqla həmsərhəddir. Kirmanşahın Sunqur şəhristanlığı da əsasən Azərbaycan türklərinin məskunlaşdığı yer kimi tanınır. Həmədan, Zəncan və Qərbi Azərbaycan isə zatən Azərbaycan türklərinin məskunlaşdıqları ostanlıqlardır. Dolayısıyla İran Kürdüstanı bizim gələcək qonşumuz ola bilər.
İran Kürdüstanının bu qədər fəal olmasının səbəbi Şimali İraqdan bu ostanlığa həm müstəqillik ideyasının, həm də öz məqsədlərini reallaşdırmaq üçün lazımi silah-sursatın göndərilməsi ilə izah edilir. Ostanlığın özünü müdafiə etməsi üçün kifayət qədər silaha sahib olduğu bildirilir və bu coğrafiyada kürdlərlə SEPAH qüvvələri arasında artıq əməlli-başlı savaşın getdiyi bildirilir.
Bizim üçün məsələni qəlizləşdirən əsas problemlərdən biri də bununla bağlıdır. Azərbaycan və Türkiyə “mehriban qonşuluq” prinsiplərini nəzərə alıb güneyli qardaşlarımızın gizli şəkildə silahlandırılmasına diqqət ayırmayıblar və ayırmırlar. Bizdən fərqli olaraq İraq kürdləri isə öz qardaşlarının gələcək taleyini fikirləşərək onları lazımi silah və sursatla təchiz edirlər. Nəticədə bölgədə kürdlər daha güclü vəziyyətə gəliblər. Bu isə İslam rejimi sonrası Güney Azərbaycanın bir çox əyalətlərinin təhdid altında qalması deməkdir. Zira İran kürdləri yalnız onlara verilən ərazilərlə kifayətlənmək niyyətində deyillər. Onlar Qərbi Azərbaycan, Həmədan və Zəncan kimi soydaşlarımızın yaşadıqları bölgələrə də iddialıdırlar və zaman-zaman bir çox kəndlərimizə hücum edərək insanlarımızı ordan çıxarıb özləri məskunlaşırlar.
Dərd burasındadır ki, İranın indiki rejimi də etnik qarşıdurma yaradaraq ölkə əhalisinin birgə mübarizəsinin qarşısını almaq siyasəti yürüdür və Azərbaycan türklərinin silahlanmasına imkan vermir. Bir çox hallarda kürd separatçıları Tehranın özü tərəfindən hakimiyyət orqanlarında yüksək vəzifələrə gətirilirlər. Xüsusilə polis, təhlükəsizlik və icra orqanlarında. Əslində Kürdüstan ostanlığının yaradılması da bu məqsədə qulluq edir və Pəhləvi hakimiyyəti dövründən indiyədək eyni siyasət yürüdülür. Təsəvvür edin, İran İslam Respublikası Pəhləvi sülaləsinin sözdə bütün prinsiplərindən vaz keçsə də, ölkənin şimal-qərbinin kürdləşdirilməsi siyasətindən zərrə qədər də geri çəkilməyib. Hətta hələ Səddam Hüseynin Şimali İraqda qətliamlar törətdiyi 1980-ci illərin sonlarından indiyədək öz yurd-yuvalarından qaçıb İrana sığınan kürdləri Azərbaycan türklərinə məxsus bölgələrdə yerləşdirib regionun etnik xarakterini dəyişdirməklə Pəhləvi rejimini belə kölgədə qoyub. Hələbcə qətliamı sırasında İraqdan qaçan yüz minlərlə ailənin Qərbi Azərbaycan və İran Kürdüstanında yerləşdirilməsi bəllidir.
Məhz bu cür türk düşmənçiliyi siyasətinin ağır nəticələri artıq ciddi şəkildə güney qardaşlarımızın qarşısına çıxmaqdadır. Molla rejimi zəiflədikcə, problemin daha da ağır şəkil alacağı gözlənilir. Bakı və Ankara bu tendensiyaya təkcə milli məsələ kimi baxmaqla qalmamalı, həm də sabah yaşana biləcək insanlıq dramlarının qarşısını almaq üçün indidən hərəkətə keçməlidir.
Pişəvəri təcrübəsi
Zənnimcə, rəsmi Bakı və Ankara bu məsələnin həllində Seyid Cəfər Pişəvərinin təcrübələrindən yararlanmalıdır. Bildiyimiz kimi, Seyid Cəfər Pişəvəri Güney Azərbaycanın milli hakimiyyətini qurarkən nəinki kürdlərlə qarşıdurmaya getməmiş, əksinə onları da milli azadlıq hərəkatına cəlb edərək həm Pəhləvi-fars rejiminin “parçala hökm sür” siyasətini təsirsiz hala gətirmiş, həm də eyni taleyi bölüşən iki xalqı vahid bir ideya ətrafında birləşdirməyə çalışmışdı. Təsadüfi deyil ki, 1945-ci ildə ilk kürd dövləti kimi tarixə düşən Mahabad Cümhuriyyəti Güney Azərbaycanın milli hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin təşviqi ilə təsis olunmuşdu. Tarixçilərin iddiasına görə, Mahabadın lideri Qazi Məhəmməd əslində bu dövlətin quruluşunu bəyan etməkdən çəkinir, Pişəvəri isə tarixi fürsəti dəyərləndirməsi üçün onu hərəkətə keçməyə çağırır və bunun mümkünlüyünə inandırırdı. O vaxt Mahabad Cümhuriyyəti Güney Azərbaycanın qərbində kiçik əraziyə malik idi. Cümhuriyyətin lideri Qazi Məhəmməd bir çox qərarların qəbulunda Seyid Cəfər Pişəri ilə məsləhətləşdiyindən əslində Mahabadı Güney Azərbaycanın muxtar vilayəti də saymaq olardı.
O dövrdən indiyədək cəmi 77 il zaman keçir. Amma İranın molla rejimi xaricdən köçən kürdləri qəsdən Güney Azərbaycanın Türkiyə ilə sərhədləri boyunca məskunlaşdırıb və sanki iki türk coğrafiyası arasında bufer zona yaradıb. Fikrimcə, Güney Azərbaycanlı qardaşlarımız İran rejiminin region xalqlarına qarşı qurduğu bu tələni onun özünə qarşı çevirməyi bacarmalı, ortaq dövlət quruculuğu barədə düşünməlidir. Eynilə Seyid Cəfər Pişəvərinin etdiyi kimi. Bu təkcə coğrafiyamızda mənasız qanların tökülməsinin qarşısını almaqla qalmaz, həm də İran xalqlarının vahid hədəfdə birləşməsinə əvəzsiz bir nümunə yaradar.
Ovqat.com
Paylaş: