Xəbər lenti

 

Sanksiyalar və ya təcrid olunma davam edə bilər. Əlbəttə, İran rejimi siyasətini dəyişməsə, bu sanksiyalar ölkənin tamamilə məhv olmasına gətirib çıxara bilər. Amma artıq İranı köhnə üsullarla idarə edən rejimin istifadə müddəti bitib”.

Güney azərbaycanlı milli-mədəni fəal, Kanada Vəkillər Kollegiyasının məsləhətçisi Hüseyn Türkelli belə düşünür. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Artıq bir neçə gündür İran daxilində vəziyyət gərgin olaraq qalır. Sizcə, vəziyyətin gözlənilmədən qarışmasının səbəbi nə idi?

- İranda baş verən etirazlar sosial-iqtisadi problemlər və insan haqlarının pozulması ilə bağlıdır. Hazırkı rejim 40 ildir beynəlxalq terrorizmə dəstək vermək və nüvə proqramını genişləndirmək üçün xalqın boğazından kəsir. Neftdən gələn gəlirləri, xalqa çatası pulları terrorizmi dəstəkləməyə, şiə ideologiyasını, xomeyniçiliyi yaymağa xərcləyir. Bunun yaratdığı problemlər və ağırlıqlar da xalqın çiyinlərinə düşür. Təsəvvür edin ki, Təbrizdə dükanlarda insanlara çörəyin dörddə biri satılır. Əvvəllər çörək problemi yox idi, indi isə insanlar çörəyin yarısını ala bilir. Bu o deməkdir ki, İranda sosial-iqtisadi vəziyyət həddən artıq ağırdır.

Digər yandan, İranın milli valyutası da dəyərdən düşüb, az qala bu pulun dollar qarşısındakı dəyəri sıfıra bərabərdir. Hazırda İranda 1 ABŞ dolları 11-12 min tüməndir. İranın milli valyutası son 20 ildə ən kəskin formada ucuzlaşıb. Nəticədə insanlar öz həyatlarını təmin edə bilmirlər, işsiz qalırlar. İranda işsizliyin səviyyəsi kəskin şəkildə artıb. Narkomaniya geniş yayılıb, insanlar müflis vəziyyətdədir, cəmiyyət durğun haldadır. Rəsmi statistikaya görə, hazırda İranda 25 milyon ailə yaşayır. Bundan 18 milyon ailəyə təqaüdlə yanaşı, talonlarla müxtəlif ərzaq məhsulları verilir. Ölkə islam inqilabının ilkin dövrlərinə qayıdıb. Təsəvvür edin ki, insanlar talonla un, çörək, düyü, yağ alır. Benzinin qiymətlərinin 3 dəfə artırılması da bu problemlərin üstünə gəldi. Bu artım digər sahələrdə də 4-5 dəfə bahalaşmaya gətirib çıxardı. Hökumətin bu qərarı bıçağı sümüyə dirədi və insanlar buna dözmədilər, nəticədə belə bir partlayış baş verdi.

- Meydanlara, əsasən, hansı təbəqənin nümayəndələri çıxdı?

- İranda orta və aşağı təbəqə anlayışı tamamilə sıradan çıxıb. Aşağı təbəqə küçələrdədir, çünki onların indən belə itirəcəyi bir şeyləri yoxdur. Etiraz aksiyalarının əsas tələbi budur ki, rejim hakimiyyətdən getməlidir. Bilirsiniz ki, İranda insan və milli haqlarla bağlı ciddi problemlər var. İnsanlar fürsət düşən kimi 40 ildir bu rejimə qarşı yığılıb qalmış kin və nifrəti püskürür. Bütün etirazların əsas səbəbi də budur.

İran rejimi bu etirazları xarici ölkələrə və ya qüvvələrə bağlamağa cəhd edir. Amma bunların səbəblərini İsrail, ABŞ, Səudiyyə Ərəbistanında yox, İranın özündə, hazırkı rejimin siyasətində axtarmaq lazımdır. İnsanlar aclıq və səfalətə dözə bilmir, buna görə də öz etirazını ortaya qoyur.

- Digər yandan Blucistan, kürdlərin və ərəblərin yaşadığı bölgələrdə də fəallıq hiss olunur. Bundan əvvəl tez-tez bəluc və kürd qruplaşmaları ilə SEPAH arasında silahlı qarşıdurmalar baş verirdi. Yəni gərginlik etnik müstəviyə keçə bilərmi?

- İran rejimi etniklərə qarşı həddən artıq aqressiv siyasət yürüdür. Azərbaycan türklərinə, qaşqaylara, kürdlərə, ərəblərə, bəluclara qarşı çox aqressiv davranış sərgiləyirlər. Rejim 40 ildir bu millətlərin mədəni haqlarını, öz ana dillərində təhsil almaq hüquqlarını tapdalayır, görməzdən gəlir. Ümumiyyətlə, Bəlucistan və Kürdüstanda son 40 ildə silahlı qarşıdurmalar səngiməyib. Son zamanlarda da bu qarşıdurmalar davam edir. Əlbəttə, son kütləvi nümayişlər İranda milli zəmində gərginliyin artmasına şərait yarada bilər. İran rejiminin bu etirazların qarşısını qanlı metodlarla almağa başının qarışdığı bir vaxtda etniklərin yaşadığı bölgələrdə gərginliyin ciddi xarakter alması mümkündür. Bu, tamamilə gözləniləndir.

İranda sosial-iqtisadi tələblərlə yanaşı, etniklərin rejimdən ciddi hüquqi tələbləri də var. Əlbəttə, bu tələblərin hamısı yerinə yetirilməlidir. 40 ildir bu tələblərin heç biri yerinə yetirilmir və etniklərə boş vədlər verilir.

Baxmayaraq ki, Azərbaycan türkləri əhali arasında üstünlük təşkil edir, amma bizim 40 ildir öz ana dilimizdə məktəbimiz yoxdur. Biz 40 ildir bu və digər haqlarımız uğrunda dinc mübarizə aparırıq. Bizim mübarizə bəlucların və kürdlərin mübarizəsindən tamamilə fərqlidir, biz silaha əl atmırıq. Dinc şəkildə öz haqlarımızın yerinə yetirilməsini tələb edirik, amma 40 ildir bunların heç biri təmin olunmur. Bir neçə ay əvvəl ajiotaj yarandı ki, guya Güney Azərbaycan məktəblərində ana dilimizdə dərslər keçiriləcək, amma sonradan bunun yalan olduğu üzə çıxdı. Hələ də bununla bağlı layihə həyata keçirilməyib. Bu barədə Urmiyanın İran parlamentindəki deputatı Nadir Qazipur da bildirdi ki, hökumət verdiyi vədini yerinə yetirməyib.

40 ildə ən adi bir tələb yerinə yetirilmirsə, o zaman üsyandan başqa yol qalmır. İnsanlarımız üsyan qaldıracaq və öz hüquqlarını təmin edəcək. Digər millətlərin də atacağı addım bu olacaq.

- Xarici qüvvələr gərginlikdən istifadə edərək, İran ətrafındakı blokadanı bir qədər də dərinləşdirə bilərmi?

- Əlbəttə, İranda baş verən son etirazların səbəblərindən biri də Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardır. İran rejimi nə qədər iddia etsə də ki, bu sanksiyaların iqtisadiyyata təsiri olmayıb, yalan deyir. Mümkündür ki, bu sanksiyalar Xameneyi və ətrafındakı adamlara, hakimiyyət nümayəndələrinə təsir etməyib, çünki bütün ölkənin resursları onların əlindədir, amma əhalinin 95 faizi bu sanksiyalardan əziyyət çəkir. İran iqtisadiyyatı yox səviyyəsindədir. İran ildə neftdən 50-60 milyard dollar gəlir əldə edirdi, amma bu göstərici son illərdə kəskin formada aşağı düşüb. Rejim də vergiləri artırmaq, benzini bahalaşdırmaq kimi üsullarla büdcədəki kəsiri doldurmağa çalışır. Əlbəttə, cəmiyyətin belə bir kəskin bahalaşmaya gücü yoxdur.

Şübhəsiz ki, xarici qüvvələr bundan istifadə etməyə çalışır, amma məsələnin kökü İran rejiminin apardığı siyasətdədir. Təsəvvür edin ki, bu rejim Livan, Suriya, İraq və Yaxın Şərqin digər ölkələrində şiəliyin, xomeyniçiliyin və fars dilinin yayılması üçün milyardlarla dollar həcmində pul xərcləyir. Görürsünüz ki, onlar xomeyniçilik düşüncəsinin Azərbaycanda yayılması üçün də böyük məbləğlər xərcləyirlər. Əslində isə bütün bu pullar insanların rifahına xərclənməli idi. Eyni zamanda, nüvə silahı əldə etmək istəyirlər və bunun üçün də ciddi büdcə ayırıblar. Təsəvvür edin ki, Rusiya Buşəhirdə atom stansiyası tikdi. Bu stansiya 3-4 milyard dollara başa gələ bilərdi, amma Rusiya İran rejimindən 70-80 milyard dollar vəsait aldı. Halbuki həmin stansiyanın özü də normal işləmir.

Bütün bunlar rejimin dağıdıcı siyasət aparmasından xəbər verir. Rejim xalqı düşünmür. Bölgədə söz sahibi olmaq, öz ideologiyasını yaymaq üçün milləti acından öldürür. İran Kubaya oxşayır. Təsəvvür edin ki, kubalılar 70 ilin avtomobillərini, at arabaları sürürlər, amma Kuba hakimiyyətində təmsil olunanlar yüksək səviyyədə təmin olunub.

Sanksiyalar və ya təcrid olunma davam edə bilər. Əlbəttə, İran rejimi siyasətini dəyişməsə, bu sanksiyalar ölkənin tamamilə məhv olmasına gətirib çıxara bilər. Amma artıq ölkəni köhnə üsullarla idarə edən rejimin istifadə müddəti bitib. Rejim indən belə bütün gücünü ölkədə yaşayan etnikləri və bütün insanları öz nəzarətində saxlamağa sərf edəcək, region və beynəlxalq arenadakı yerini və rolunu da itirəcək. Amerikanın və digər qüvvələrin də əsas hədəfi bu idi ki, İran rejiminin başı özünə qarışsın, region ölkələrinə müdaxilələrdən əl çəksin.

- Bəs Güney Azərbaycanın baş verən olaylarla münasibəti necədir?

- Digər millətlər kimi, güney azərbaycanlılar da İran vətəndaşlarıdır. Başqa bölgələrlə müqayisədə Güney Azərbaycanda sosial-iqtisadi vəziyyətin ağır olması səbəbindən güneyli soydaşlarımız bu böhrandan daha çox əziyyət çəkir. Güney Azərbaycan xarici ölkələrə nəqliyyat qovşağının üzərində yerləşir, soydaşlarımızın əsas gəlirlərini də bu nəqliyyat təşkil edir – Türkiyə, Azərbaycan və digər ölkələrə. Digər yandan isə Güney Azərbaycanda vergi yükü həddən artıq ağırdır. İranda yığılan verginin əsas hissəsi Güney Azərbaycanın payına düşür. Güney Şiraz, İsfahan kimi bölgələrlə müqayisədə dövlətə daha çox vergi ödəyir.

Amma məsələn, Şiraz və İsfahana dövlət büdcəsindən ayrılan vəsait Güney Azərbaycan üçün nəzərdə tutulan büdcədən bir neçə dəfə çoxdur. Bu, üç yüzdə bir paydır. Onlar 40 ildir Azərbaycanı yox etməyə çalışırlar. Hesab edirlər ki, Azərbaycan qalmayacaq və buna görə də bu bölgəyə heç bir investisiya yatırmırlar. Azərbaycan insanının etiraz gücünü əlindən almaq üçün bu bölgəni aclıq və səfalət içində saxlamağa çalışırlar. Güney azərbaycanlılar sosial-iqtisadi tələblərlə yanaşı, həm də şah dövründən bu yana tapdalanan milli haqlarını əldə etmək istəyir, öz gələcək müqəddəratını təyin etmək və müstəqillik uğrunda mübarizə aparır. Buna görə də Güney Azərbaycanın bu etirazlara qoşulmasını müsbət qarşılayıram.

Ərdəbildə, Təbrizdə, Qoşaçayda, Zəncanda və Azərbaycanın bütün bölgələrində etirazlar davam edir, rejim bunun qarşısını almağa cəhd etsə də, hələ də etirazlar gedir. İnsanlar sosial-iqtisadi məsələlərlə yanaşı, öz milli haqlarını tələb edir və bu mübarizə dəstəklənməlidir. Buna təkcə xaricdə yaşayan mühacirlər tərəfindən yox, Türkiyə və Azərbaycandan da dəstək verilməlidir. Təəssüf ki, Güney Azərbaycanda baş verən olaylar mediada geniş işıqlandırılmır. Hətta Türkiyə mediası bu məsələyə Doğu Perinçek yönündən baxır, guya ki, İranı Amerika Mərkəzi Kəşfiyyat İdarəsi qarışdırıb. Amma onlar anlamalıdır ki, bu milləti yox etməyə çalışırlar, 40 ildir bunun qarşısını almaq üçün mübarizə aparılır. Bıçaq sümüyə dirənəndən sonra da Güney Azərbaycan istənilən mübarizə metoduna əl ata bilər. Bu da Azərbaycan xalqının hüququdur.

- Digər ehtimal isə İranla bölgədə rəqabətdə olan xarici dövlətlərin Güney Azərbaycan məsələsindən Tehrana təzyiq vasitəsi kimi istifadə edəcəyi ilə bağlıdır. Bu, mümkündürmü?

- Bu, Güney Azərbaycanın gələcək müqəddəratını müəyyən etmək uğrunda aparılan bir mübarizə , milli azadlıq hərəkatıdır. Güney Azərbaycan hərəkatı tamamilə müstəqildir və heç bir qüvvəyə bağlı deyil. Nə Amerikaya, nə Qərbə, nə regional güclərə, hətta nə Azərbaycan, nə də Türkiyəyə bağlı deyilik. Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Türkiyə və Azərbaycana sevgisi var, amma bu iki dövlətdən orada gedən hərəkata dəstək verilmir. Bu müstəqil hərəkatın hədəfləri bəllidir.

Güney Azərbaycanın düşmənləri kimi dostları da ola bilər. İstənilən xarici qüvvə bundan fürsət kimi istifadə edə bilər, amma Güney Azərbaycan bir addım da geri çəkilməyib. İndiyədək bu hərəkatdan sui-istifadə hallarına imkan verilməyib, verilməyəcək də. Əlbəttə bu işdə dostlarımız da ola bilər ki, onlar vəziyyət ciddiləşdikdən sonra dəstək verə bilərlər. Bu dəstəyi də qiymətləndirmək Güneyin hüququdur. Amma bu hərəkata liderlik edən insanları tanıdığım üçün deyə bilərəm ki, Güney Azərbaycan kiminsə siyasi alətinə çevrilən deyil. Amma hələ ki, ortada bizə dəstək verən qüvvə yoxdur.

- İranın bölgələrində kütləvi nümayişlər başladıqdan sonra güneylilərə təzyiqlərin artması xəbərləri gəlir, bu nə dərəcədə həqiqəti əks etdirir? Son proseslərə qədər isə milli-mədəni fəal Abbas Lisani məhkəmənin qərarı ilə həbs olundu, cəzası da kifayət qədər ağırdır. Bu həbsin səbəbi nə idi, onun azad edilməsi üçün hansı işlər görülür?

- Bilirsiniz ki, hərəkata liderlik edən şəxsləri həbs ediblər, o cümlədən çox sayda milli fəal azadlıqdan məhrum olunub. Onlardan biri də doktor Lətif Həsənidir. O, 8 ildir Tehranda həbsdədir, 10 il azadlıqdan məhrum edilib. O cümlədən hərəkat liderlərimizdən biri Abbas Lisani həbsdədir. Lisaniyə verilən 8 illik həbs cəzasının dəyişdirilərək 16 ilə qaldırılması kimi bir haqsızlığın şahidi olduq. Abbas Lisani Həsən Dəmirçinin cənazə mərasimindəki çıxışına görə həbs olundu. İran rejimi iddia edir ki, Abbas Lisani çıxışında Güney Azərbaycanı silahlanmağa çağırıb. Əlbəttə, bu, əsassız ittihamdır. Təsəvvür edin ki, bundan əvvəl aşağı instansiyada prokuror olan bir şəxsin Abbas Lisaniyə tələb etdiyi 16 illik həbs cəzası verilmədi. Həmin prokuror Ərdəbil əyalətində məhkəmənin sədri olduqdan sonra məsələni yenidən qaldırdı və Abbas bəyi 16 il azadlıqdan məhrum etdi. Abbas Lisaninin apelyasiyasına o baxdı və görünməmiş bir haqsızlığa imza atdı.

Bu barədə beynəlxalq insan haqları təşkilatlarına müraciət etmişik, məsələni beynəlxalq səviyyədə qaldırmışıq. Amma bilirsiniz ki, İran rejimi BMT və digər beynəlxalq təşkilatların çağırışlarına, təzyiqlərinə ciddi əhəmiyyət vermir. Çünki bu rejim özünü beynəlxalq aləmdən tamamilə təcrid edib. Rejim özünü Şimali Koreyaya oxşadır, amma dünya birliyi ona nüvə silahına sahib olmağa imkan verməməyə çalışır. Rejim isə hesab edir ki, onun gələcək varlığı nüvə silahından asılıdır. Düzdür, insanlarımız bu sanksiyalardan əziyyət çəksə də, İranın nüvə silahı planını və beynəlxalq terrorizmə dəstək məsələsini bir qədər arxa plana atıb. Rejimin bu fəaliyyətləri davam etdirməyə pulu yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 855          Tarix: 25-11-2019, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma