Xəbər lenti


Regionda və dünyada baş verən proseslər Ermənistanı seçim qarşısında qoyur: ya Azərbaycan və Türkiyə ilə sazişlər imzalayaraq regionun əməkdaşlıq meydanına çevirməsinə şərait yaratmaq, ya da sülh gündəliyindən imtina edərək Ermənistanı və regionu böyük güclərin mübarizə meydanına çevirmək.


Ermənistanın sabiq prezident L.Ter-Petrosyana görə, Qarabağ məsələsində Ermənistanın söz demək haqqı artıq yoxdur. Hətta Rusiya belə Ukrayna ilə məşğul olduğundan regionu nəzarətdə saxlamaq üçün kifayət qədər güclü deyil. Ter-Petrosyan anlayır ki, Rusiyanın resursları sürətlə məhdudlaşır, Qərblə strateji münasibətlərin formalaşdırılması isə kifayət qədər vaxt tələb edir. Azərbaycanın gündəliyini dəyişməyəcəyi və bütün mümkün yollarla onu irəli çəkməyə çalışacağına görə sağ qalmağın yeganə yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Nəticə etibarı ilə Ter-Petrosyana görə, Ermənistan mövcudluğunu qorumaq üçün Azərbaycan və Türkiyə ilə “ağrılı” sazişlər imzalamalıdır: “Bu heç kəsin xoşuna gəlməsə də buna alternativ yoxdur” və əgər sazişlər vaxtında imzalanmasa ermənilər öz dövlətlərini sıfırdan qurmalı olacaqlar.


Digər sabiq prezident R.Köçəryan xarici siyasət vektorunu dəyişməməyi vacib sayır. Köçəryana görə, anti-Rusiya mühiti formalaşdıraraq Moskvanın Bakıya qarşı kəskin tədbirlər görəcəyinə ümid etmək absurddur. Sabiq prezidentə görə, Ermənistanın siyasi vektoru indiki istiqamətdə irəliləsə Qarabağ üzrə danışıqlar formatı dəyişib, Bakı-Xankəndi və qismən Moskvanın iştirakı ilə üçtərəfli forma alacaqdır. Köçəryanın fikrincə, ABŞ-ın Türkiyəyə təsiretmə vasitələri indi Rusiyadan daha azdır. Regionda real təsir imkanları Rusiyada olduğu halda, Ermənistana Fransa, ABŞ və ya daha kiminsə kömək edəcəyini düşünmək səhvdir. Köçəryan hesab edir ki, Ermənistan “danışıqlar masası arxasında yox, onun üstündədir”, yəni İrəvan regional məsələləri müzakirə edən aktordan digər güclər tərəfindən müzakirə olunan məsələyə çevrilib. Bununla belə, Köçəryan Rusiya ilə ittifaq dövlətinin yaradılma ideyasını rədd edib, İranla hərbi əməkdaşlığın möhkəmləndirilməsini vacib sayır.

  

Ermənistan iqtidarı iki qütb arasında orta mövqe tutmağa çalışır. Bir tərəfdən Paşinyan “29,800 kv. km.” bəyanatı ilə Azərbaycanla qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması formatında sülh sazişini imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə ABŞ, Fransa və digər xarici güclərlə danışıqları intensivləşdirib, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyini bu və ya digər formada yekun sülh sazişində öz əksini tapmasına çalışır. Əsas məqsəd beynəlxalq gündəliyə çıxarmaqla Qarabağdan canını qurtarmaqdır. 


Ona görə də Ermənistan seçim qarşısındadır: ya sülh sazişi imzalayıb daha müstəqil olmaq, ya da sazişdən imtina edərək regionda eskalasiyanı artırmaq və Ermənistanı Rusiya, İran, ABŞ, Fransa timsalında böyük güclərin mübarizə meydanına çevirmək. 


Ermənistan birinci variant üzrə müəyyən fəaliyyət göstərsə də, ikinci variant üzrə də ciddi addımlar atır. Rusiyanın yüz milyonlarla dollar dəyərində vəsaitin ödənilməsinə baxmayaraq silah satışı üzrə öhdəliyini yerinə yetirməməsinin qeyd edilməsi, Paşinyanın KTMT-nin baş katibi ilə görüşdən imtina edərək BMT Assambleyası çərçivəsində NATO-nun baş katibi ilə görüşməsi, A.Qriqoryanın ABŞ-da səfərdə olarkən Mərkəzi Kəşfiyyat İdarəsində bir neçə vacib görüş keçirməsi, Ermənistanın 2023-cü il hərbi büdcəsini 47% artıraraq 1,3 milyard dolları ötəcəyini bəyan etməsi, Hindistandan 245 milyon dollar dəyərində reaktiv raket sistemləri və digər növ silah-sursat alması, İrəvanın Fransa XİN və müdafiə naziri ilə beynəlxalq müşahidə missiyasını müzakirə etməsi, erməni kokusunun Konqresə Azərbaycana qarşı yeni qətnamə təqdim etməsi ikinci variant üzrə seçimin elementləridir. 


Ermənistan rəhbərliyinin əsas səhvi gələcək addımların hesablanmasında Azərbaycan faktorunu nəzərə almamasıdır. Böyük güclərin münaqişə meydanına çevrilmək cəhdi Azərbaycanla Türkiyəni də hərəkətə gətirib qabaqlayıcı addımların atılmasına məcbur edə bilər. 


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi





Ana səhifəyə qayıt        Baxış: 6 368          Tarix: 3-10-2022, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma