Xəbər lenti


Avropa İttifaqının iki lokomotiv gücü olan Fransa və Almaniya arasında sürpriz şəkildə soyuq küləklər əsir. Qərb mətbuatı, Franko-German ittifaqının çox gərgin günlər yaşadığını iddia edir. Bir müddətdir müxtəlif bəhanələrlə bir-biriylə görüşməkdən yayınan Fransa prezidenti Makron və Almaniya kansleri Şolts nəhayət ki, dünən Parisdə görüşüblər. Amma ikitərəfli görüşdən sonra liderlərin ənənəvi ortaq mətbuat konfransı keçirilməyib. 


Fransa Almaniyanı Avropanın problemlərinə ortaq həll yolları tapmaq yerinə, öz daxili problemlərinin həllinə öncəlik verməkdə günahlandırır. Yəni, Paris Berlini “Öncə Almaniya” siyasətində günahlandırır. Fransanı narahat edən digər məqam Almaniyanın hərbi məsələlərdə Parislə olan ortaqlıqlara əvvəlki kimi önəm verməməsidir. 


Əslində ikilinin əsas geosiyasi rəqibi olan Britaniyanın böhranlı günlər yaşadığı bir periodda Franko-German ittifaqının daha məhsuldar əməkdaşlıq etməsi gözlənilən idi. Lakin qəribədir ki, Avropanın iki mərkəzi gücünün anlaşmazlıqları məhz bu məqamda qabarıb. Belə anlaşılır ki, Almaniya Fransanın ortaya qoymağa çalışdığı ortaq vizyonu, gələcək planları ciddi qəbul etmir, özünə fərqli yol çizməyə çalışır. Almaniyanın təlaşını da anlamaq olur, çünki faktiki olaraq Ukrayna münaqişəsi vasitəsilə üzərində ən çox “oynanılan” Avropa ölkəsi Almaniyadır. 


Bu məqamda iki sual ortaya çıxır: Almaniyanın yeni dövr üçün strategiyası nədən ibarətdir? Və Franko-German ittifaqındakı çat dərinləşsə Avropa İttifaqının aqibəti necə olacaq?


Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 6 692          Tarix: 27-10-2022, 06:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma