Son dövrlər Cənubi Qafqazın (CQ) ikinci Suriyaya − regional və qeyri-regional ölkələrin, terrorçu qrupların iştirakı ilə “bellum omnia contra omnes” (hamının hamıya qarşı müharibəsi) vəziyyətinə gələ biləcəyi ehtimal olunur. CQ-ın coğrafi mövqeyi münaqişə potensialının yüksək olmasını şərtləndirir. Mövcud sabitlik və inkişaf isə fövqəladə fəaliyyətin nəticəsidir.
Gərginlik amilləri
44 günlük müharibədən sonra region ölkələrinin xarici siyasət prioritetləri dəyişmədi. Bakı, Moskva və Ankaranın rolu artdı, 3+3 formatı isə xarici aktorların iştirakı olmadan regional balansın əsasını təşkil etməli idi. Lakin, Tiflisin bu formatdan imtina etməsi, İrəvanın isə son vaxtlar xarici siyasət prioritetlərini dəyişdirmə cəhdləri kənar qüvvələrin regiona gəlməsini mümkün edir.
Rusiyanın mövqeyi
Rusiya Soçi görüşündən sonra təşəbbüsün əldən getdiyini dərk etdi. Prosesin sürətlənməsi rusiyameylli qüvvələrin və İranın təxribatlarını qaçılmaz edə bilər. Moskva regiona “ya biz, ya xaos” məntiqi ilə yanaşa bilər. Lakin xaos CQ sərhədlərini aşıb Rusiyanın özünə, yəni Şimali Qafqaza da yayıla bilər. Bu yanaşma Türkiyə ilə də toqquşmaya səbəb ola bilər. Şuşa Bəyannaməsi və doktrinal sənədlərimiz ölkədə xarici hərbi bazaların mövcudluğuna icazə verməsə də, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi qüvvələrinin yerləşdirilməsinə müvəqqəti icazə verilməsini mümkün sayır.
İranın mövqeyi və mümkün addımları
İran prezidentinin CQ-ı İran sivilizasiyasının tərkib hissə kimi nəzərdən keçirməsi praktikada Rusiyanın zəifləməsi ilə regionda yaranan vakuumun İran tərəfindən doldurulmasını özündə ehtiva edir. İranın daxilində və xaricində baş verən proseslər Tehranı xarici hərbi əməliyyat keçirməyə təhrik edə bilər. Hərbi əməliyyatların 3 mümkün hədəfi və fəsadları:
CQ – Azərbaycan adekvat hərbi tədbirlər görəcək, Türkiyənin birbaşa hərbi iştirakı, Gürcüstanın logistik, Britaniya və İsrailin diplomatik və silah dəstəyi olacaq, həmsərhəd Səudiyyə Ərəbistanı və Pakistanın isə genişmiqyaslı və ya qismən hərbi-siyasi iştirakı mümkündür.
Səudiyyə Ərəbistanı – ABŞ-ın Milli Təhlükəsizlik Şurası İranın hücum edəcəyi təqdirdə cavab verməyə hazır olduğunu və “regiondakı maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etmək üçün hərəkət etməkdən çəkinməyəcəyini” bildirib.
İraq-kürdlər – digər iki hədəfdən fərqli olaraq neqativ fəsadlar o qədər də böyük olmayacaq. İranın ali lideri son çıxışlarında məhz kürd və belucilərin silahlı dəstələrinin əsas təhdid olduğunu qeyd etmişdi.
Yaxın həftələrdə Konqresdə çoxluq respublikaçılara keçə bilər. Gallup sorğu mərkəzinin 2020-ci il araşdırmasına görə, düşmənlərin müəyyən edilməsində partiya mənsubiyyətinin böyük rolu vardır: demokratlar əsas düşmən qismində Rusiyanı, respublikaçılar isə Çin və İranı görürlər. İsraildə isə 17 aydan sonra Netanyahu yenidən Knessetdə 120 yerdən 61 yeri götürməklə (koalisiya) hakimiyyətə qayıda bilər. Təcrübə göstərir ki, İran İsrail və ABŞ-ın mövqeləri üst-üstə düşdükdə daha ehtiyatlı davranışa üstünlük verir.
Rusiya üçün CQ-da İran, Azərbaycan-Türkiyə ittifaqına balans və Ermənistanın Qərbə meyl etməsini əngəlləyən faktordur. Perspektivdə Tehran Ər-Riyad arasında müharibə və körfəz boğazlarının bağlanması neft qiymətlərini artırıb, Rusiya neftinə tətbiq edilən qiymət həddini mənasız edə bilər.
Zərbənin İraq kürdlərinə endiriləcəyi daha böyük ehtimal olsa da, müasir dünyada rasionallıqdan uzaq hesablamalarla da addımlar atılır.
Nəhayət, hərbi müdaxilənin ən ağır zərbəsi İranın özünə dəyə bilər. İran ikinci Suriyaya dönə bilər. Tehranın siyasəti bu ssenarini bir çoxları üçün arzuolunan edib. Azərbaycan İrana qarşılıqlı faydalı layihələr təklif etsə də, İran Azərbaycanı silahla hədələməkdə davam edir. Bakı isə təxribatın ona qarşı çevriləcəyi təqdirdə itkilərinin qazanclarından qat-qat daha çox olacağına dair Tehrana birmənalı siqnallar ötürür.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: