Xəbər lenti


 

Putin hakimiyyətinin ən güclü fiquru hesab edilən Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev 9 noyabrda İrana səfər edib. Tehranda iranlı həmkarı Əli Şamxani ilə görüşən Patruşev, daha sonra İran prezidenti Rəisi ilə görüşüb. Verilən rəsmi açıqlamada Patruşevin Şamxaninin dəvəti ilə Tehrana səfər etdiyi və səfərin iki ölkə arasında strateji əlaqələri dərinləşdirmək məqsədi daşıdığı qeyd olunur. 

 

Qərb mənbələri isə müharibənin davam etməsinin tərəfdarı olan Patruşevin İrandan xüsusilə, ballistik raketler istəmək üçün Tehrana getdiyini iddia edir. Belə ki, raket ehtiyatlarının xeyli azalması Rusiyanı alternativlərə yönəlməyə məcbur edir. 

 

Patruşev sentyabr ayında Çinə də səfər etmişdi. Ötən günlərdə Qərb mətbuatı Patruşevin ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanla da daimi təmasda olduğunu iddia edib. 

 

Belə görünür ki, Rusiya xarici siyasəti birbaşa Patruşevin nəzarətinə keçib və onun vasitəsilə aparılır. Burdan iki nəticəyə gəlmək olar: Ukrayna ilə müharibənin əsas tərəfdarı olan Patruşevin güclənməsi Moskvada müharibəni davam etdirmək baxışının hələ də hakim olduğu göstərir. İkincisi, bu, Rusiyada real güc sahibi olan təhlükəsizlik elitasının strateji sahələri birbaşa öz əlinə alması, yəni, gücün konsodilasiyası deməkdir. Əksər hallarda gücün konsolidasiyası vəziyyət mürəkkəbləşdikdə və hakimiyyətin itirilməsi təhlükəsi hiss edildikdə baş verir

 

Rusiyanın İranla yaxınlaşması və silah tədarükündə getdikcə daha çox asılı hala düşməsi Azərbaycan üçün arzuolunmazdır. Çünki Rusiya Cənubi Qafqazda İranı limitləyən ənənəvi güc idi. Rusiyanın İrandan asılılığının artması Tehranın Cənubi Qafqazda manevr imkanlarını artıracaq.

 

Şərqə Baxış Analitik Mərkəz




Ana səhifəyə qayıt        Baxış: 6 162          Tarix: 10-11-2022, 08:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma