Son 3 aydır, Fransa hökuməti və parlamentinin Azərbaycana qarşı hədlərini aşmasının şahidi olmaqdayıq. Dünən isə bütün bunlar azmış kimi separatçı qurumun lideri Araik Arutunyan Fransaya səfərinin yekunlarına dair medianın iştirakı ilə mətbuat konfransı keçirib, eyni zamanda “France Press“ agentliyinə ayrıca müsahibə verib, “France24“ telekanalının efirinə çıxıb. Onun Fransada mətbuat konfransında iştirak edərək çıxış etməsi və müsahibəsinin media vasitəsilə yayımlanması, sözsüz ki, rəsmi Parisin Cənubi Qafqazda terrorçuluğu və separatçılığı himayə etdiyinin göstəricisidir.
İki günlük səfər zamanı Arutunyan Fransa parlamentinin bütün fraksiya rəhbərləri ilə görüşüb və daim erməni diasporunun kasasından su içən deputatlarla Cənubi Qafqazdakı məsələləri müzakirə edib. A. Arutyunyan qondarma “Artsax”ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb. Görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub.
İstisna deyil ki, Araik Arutunyanın səfərinin məqsədlərindən biri Ruben Vardanyanın kassiri kimi bu yaxınlarda Azərbaycana qarşı qətnamə qəbul edən fransız parlamentarilərə avrolar gətirmək və onları yeni anti-Azərbaycan qətnamələri və qərarları qəbul etməyə həvəsləndirmək olub.
Laçın dəhlizi ilə bağlı gizli anlaşma
Söhbət Fransa lideri Makronun, Fransadakı erməni diasporunun və Nikol Paşinyanın Laçın dəhlizi ilə bağlı birgə gizli planından gedir. Bu tezisi təsdiq edən fakt dünən Fransa qanunverici orqanının rəhbərliyi ilə görüşündə Araik Arutunyanın “Azərbaycan Artsaxı boğaraq xarici dünya ilə yeganə və son əlaqəni kəsmək istəyir. Biz Laçın dəhlizində Artsaxın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsinin təmin edilməsi üçün əlavə beynəlxalq təminatları istəyirik” bəyanatıdır. Göründüyü kimi, Fransa və Ermənistan Aİ-nin monitorinq qrupunun sərhədyanı ərazilərə gəlişi ilə Azərbaycan ordusunu durdurduqlarını düşünərək, bu dəfə oxşar missiyanı Laçın dəhlizinə yerləşdirmək iddiasına düşüblər. Beləcə, Fransa Qərbi Zəngəzurdakı presedenti Laçında təkrarlamaq niyyətini güdə bilər. Lakin istər separatçılar, istərsə də Fransa və Ermənistan bilməlidir ki, Laçın dəhlizi və Qarabağın dağlıq hissəsi BMT və bütün dünya tərəfindən tanınan Azərbaycan əraziləridir, Azərbaycan ərazisində onların planlarının həyata keçirilməsinin heç bir hüquqi mexanizmi mövcud deyil, ola da bilməz.
Sözsüz ki, rəsmi Parisin və onun erməni əlaltılarının apardığı siyasət ermənilərin qorunmasını deyil, əksinə, yeni müharibəni labüd edir.
Fransa sərhədyanı ərazilərdə həmişəlik yerləşməyi planlaşdırır
Dekabrın 6-da Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyada sual-cavab sessiyası zamanı bəyan edib ki, Aİ-nin Ermənistandakı monitorinq missiyasının mandatının uzadılması zəruridir. O bunu missiyanın sərhəddəki monitorinqinin “eskalasiya riskini azaltması” ilə izah edib.
Göründüyü kimi, rəsmi Paris öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün müxtəlif bəhanələrdən istifadəyə davam etməkdədir. Bu dəfə Fransa Avropa İttifaqının xüsusi missiyası adı altında Qafqazda xaos və anarxiya yaratmaq niyyətindədir. Fransanın qısamüddətli hədəfi müvəqqəti missiyanın mandatını uzatmaq, uzunmüddətli məqsədi isə onu daimi missiyaya çevirməkdir.
Avropa İttifaqının xüsusi missiyasının mülki adamlar adı altında Ermənistana gəlişi, sözsüz ki, Makron və Paşinyanın gizli danışıqlarında əldə edilmiş razılıqla bağlıdır. Cari ilin sentyabrında Parisdə baş tutan Makron-Paşinyan görüşündə Rusiyanı və İranı qıcıqlandırmamaq üçün xüsusi missiyanı mülki şəxslərdən ibarət olan qrup adlandıran ikili, əslində, Mehridən Şərqi Zəngəzura qədər olan strateji vacib coğrafiyanı Fransanın müəyyən strukturlarının istehkamına çevirmək niyyətindədir. Bir zamanlar Rusiyanın “forpostu” kimi yaşayan Ermənistanda Rusiyaya nifrəti ilə seçilən N. Paşinyanın hakimiyyətə gəlməsi və onun atdığı addımlar, sözsüz ki, bu dövlətin Kremli sataraq, Fransanın koloniyasına keçməyə razı olduğunun göstəricisidir.
Rusiyanın Ermənistandan çıxarılması və onun Fransanın timsalında Aİ ilə əvəzlənməsi planı bu gün Paris və İrəvanın əsas hədəfləri sırasında bəlkə də ən birincidir. Belə ki, hələ oktyabrın 20-də Nikol Paşinyan erməni mətbuatına verdiyi açıqlamada “Ehtiyac yaranarsa, Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədi yaxınlığında yerləşdirilən monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər” söyləyirdi.
Yeri gəlmişkən, bu məsələdə ən təəccüblü məqam Rusiyanın hazırkı proseslərə sakit yanaşması və eskalasiyanın yüksəlməsinə istiqamətlənən Paşinyan-Makron planı qarşısında susqunluğudur. Hərçənd, NATO-ya daxil olan Fransanın seçdiyi xüsusi qrupun Rusiya hərbçiləri və sərhədçilərinin bir neçə km-liyində yerləşən bölgəyə göndərilməsi rəsmi Moskva üçün ciddi siqnal və təhdiddir.
Digər tərəfdən, hər kəsə məlumdur ki, bu kimi missiyaların Ermənistana gəlişi bu dövlətin işğalçı siyasətinə dəstək vermək və rəsmi İrəvanı üzərinə götürmüş öhdəliklərdən yayındırmaq deməkdir.
Fransa Avropa İttifaqının Azərbaycanla bağlı kursuna zidd siyasət yürüdür
Bundan başqa, bu gün Emmanuel Makronun Azərbaycana qarşı apardığı siyasət Avropa İttifaqı daxilində də ciddi narazılıqla müşahidə edilir. Belə ki, bir çox avropalı ekspert Makronun Qafqaz siyasətini Avropa İttifaqının ümumi xarici siyasət kursuna zidd hesab edir və İttifaq daxilində ciddi ideoloji, siyasi, iqtisadi məsələlərlə bağlı fikir ixtilaflarına gətirib çıxartdığı qeyd edilir.
Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyi, enerji sahəsində cari ilin iyun ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyenin səfəri çərçivəsində tərəflər arasında Strateji Tərəfdaşlığa dair Memorandumun imzalandığı, xüsusilə Ukraynadakı müharibə fonunda ölkəmizin Qitənin enerji və nəqliyyat təhlükəsizliyində daha da artan yeri və rolu fonunda və hazırda digər aktual sənədlərin qəbul edilməsinin planlaşdırıldığı bir vaxtda Fransa liderinin atdığı addımlar Birliyin təməl prinsiplərinə Fransa tərəfindən endirilən zərbədir. Bundan başqa, Avropa İttifaqının lideri Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşlərdə əldə olunan razılıqların davamı olaraq növbəti görüşlərin keçirilməsinin Makron tərəfindən qarşısının alınması və masa arxasındakı gündəliyin dəyişdirilməsinə cəhdlər Birliyin maraqlarının Fransa tərəfindən tapdalanması deməkdir.
Beləliklə, Azərbaycan Baş prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilmiş, separatçıların lideri Araik Arutunyanın Fransa tərəfindən qəbul edilməsi, onun bu ölkəyə səfəri beynəlxalq hüququn Makron tərəfindən tapdalanmasıdır. Fransanın diqqətinə yaxın keçmişdə olan hadisəni çatdırmaq yerinə düşər. 2018-ci ildə Madridin qərarlarına tabe olmayan və Kataloniyanı müstəqil dövlət elan edən bölgənin keçmiş başçısı Karles Pucdemon bu ölkədə beynəlxalq axtarışa verilməsindən 4 gün sonra Almaniyaya səfəri zamanı həbs olunmuş və təhvil verilmişdi. Terrorçu və separatçı Araikə münasibətdə isə tamam fərqli hal yaşanır.
Bu gün Fransanın apardığı siyasət Azərbaycan və Ermənistan arasında sülh prosesinə xələl gətirir və bölgəni yeni xaosa sürükləyir. Lakin həm Ermənistan, həm Fransa, həm də separatçılar odla oynadıqlarının fərqində olmalıdır. Hadisələr Azərbaycanın dəmir yumruğunun işə düşməsini bir daha labüd edə bilər.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
Apa.az
Paylaş: