Xəbər lenti

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilmiş qanlı terror hücumundan sonra gözlənilirdi ki, Tehran özünün anti-Azərbaycan təbliğatına ara verəcək. Lakin bunun əksi müşahidə olunmaqdadır. Hələ bu azmış kimi, təbliğat, sanki, tamamilə yeni mərhələyə qədəm qoymaqdadır. 

Daha azğın mərhələyə. Belə yerdə Anadolu türkləri yaxşı deyiblər – həm suçlu, həm də güclü. Elə isə biz də Azərbaycan cəmiyyətinin anti-İran köklənişinin bir neçə fraqmentini diqqətə çatdıraq və Tehranın Bakını İsraillə yaxınlıq zəminində ittiham etməsinə yönələn fikirləri barədə öz mövqeyimizi bildirək. Təbii, digər məqamlara da toxunacağıq.  

Bəli, bu gün Azərbaycan cəmiyyəti Tehran rejimini qəbul etmir, insanlarımız səfirliyimizə silahlı hücuma, hadisəni fərqli məcraya yönəltmək, ona layiqli qiymət verilməsindən boyun qaçırmaq niyyətinə görə İranı terrorçu ölkə olaraq görür. Əslində isə, İslam dini pərdəsi altında gizlənmiş fars molla rejiminin mahiyyəti ölkəmizdə hər kəsə əvəldən də yaxşı məlum idi. Bu rejimin səmimiyyətdən uzaqlığı da, cəllad siması da, həmçinin. 

İran dövləti uzun illər ərzində Azərbaycan xalqında özünə qarşı nifrət hissi formalaşdırmaq üçün çox çalışıb. Nəyə görə? Olmazdımı cəmiyyətimiz cənub qonşumuzun simasında İslamın mütərəqqi dəyərlərinin qoruyucusunu görə idi? Görünür, olmazmış. Çünki imperiya xislətinə sadiq fars molla rejimi üçün heç bir müqəddəs dəyər yoxdur. Onun yalnız maraq və mənafeləri, özünü yüksəkdə görmə kompleksi var. Bu yerdə Volterin “din xeyirxahlığa əsaslanmalıdır, cılız teoloji boşboğazlığa yox” fikirlərini xatırlayırıq. İranın illərlə ölkəmizə din adı altında ixrac etdiyi məhz boşboğazlıq olub. İslam respublikasının ixracının bir qolunu da narkotik vasitələr, psixotrop maddələr təşkil edib. Görünür, İslamın mənəvi dünyasından baş aça bilməyən mollalar həzz yolunu həm də zərərli vərdişlərdə görürlər.

***

SSRİ zamanı başı imperiyanın Allahsızlıq və dinsizlik təbliğatı ilə doldurulmuş sadə azərbaycanlı, quruluşun səmimiyyətdən uzaq bu mahiyyətinə qarşı illərlə daxili mübarizə aparmış, İslam dini ehkamlarını qorumuş, inancını, sanki, əmanət kimi saxlayaraq, onu nəsildən-nəslə ötürmüşdür. Sovetlər Birliyi dönəminin məhşur filmində məscidə it bağlamaq səhnəsindən qeyzlənmiş babalarımız və nənələrimiz olmuşdu. Həmin quruluşun dağılmasının bir çox səbəbləri var, ancaq hesab edirik ki, bu səbəbləri ümumiləşdirib, səmimiyyətsizlik, saxtalıq faktorunun üzərində dayana bilərik. SSRİ dini danmağı ilə də səmimiyyətdən uzaq, saxta məzmun daşıyan imperiya idi. 

Nəhayət, müstəqilliyimizi qazandıq. Azərbaycan əhalisi qarşısında ölkəsi ilə 132 kilometrlik sərhəd zolağına malik İranı gördü. Müsəlman İranını. Həm də ona görə İranı gördü ki, onun ərazisində yaşayan 40 milyonluq soydaşını təsəvvür etdi. Bu gün də təsəvvüründə yetkindir. 

Bu gün də həmin 40 milyonun fars rejimi tərəfindən əzilməsinə, dilinin yasaqlanmasına, məktəbinin, qəzetinin olmamasına münasibətdə ürək sızıntısı keçirir, bu bəlaları xalqın başına açan saqqallılara nifrət bəsləyir. Azərbaycan xalqı o saqqallıları görəndə nəzərində Qarabağda dinc azərbaycanlıların qanını tökən saqqallı erməni terrorçularını yada salır, nifrəti bir qədər də artır. 

Halbuki, necə deyərlər, dinsizlər düşərgəsindən çıxmış xalqımız müstəqilliyin ilk illərində baş saqqallının – İranın dini lideri kimi titula malik Seyyid Əli Xameneinin şəxsində İslamın aliliyini təsəvvür etmişdi. Ancaq çox keçməmişdi ki, onun rəhbərlik etdiyi rejimin Azərbaycan torpaqlarının işğalını həyata keçirən Ermənistanla əlbir olduğunu gördük. İlk xəyal qırıqlığımız məhz onda yaşandı. Obrazlı desək, yağışdan çıxıb – yağmura düşmüşdük. Ölkəmizə müstəqilliyin qorxunc sınağını, təəccübünü və təəssüfünü yaşadanlardan oldu Xameneili İran. 

Uzun illər boyu İran Qarabağ münaqişəsində ədalətli mövqe tutmadı. İşğalçının – Ermənistanın tərəfini saxladı. Ölkənin Azərbaycanın müstəqilliyinin tanınması ilə bağlı ara-sıra səslənmiş bəyanatları gözdən pərdə asmaq niyyəti daşıdı. Bütün bunlar azmış kimi, Tehran rejimi terrorçu Ermənistanla birləşib işğal altındakı torpaqlarımızın talan edilməsində yaxından iştirak etdi. Vaxt gəldi, vədə yetişdi, xalqımız 44 günlük Vətən müharibəsindəki mübarək Zəfəri ilə yurd-yuvasına yenidən sahiblənməyi bacardı. 

Torpaq nisgilini, yurd həsrətini uzun illər qəlbində yaşadan xalqımız ərazilərimizin viran qalmış mənzərəsinə şahidliyin sarsıntısı ilə baş-başa qaldı. Yaşayış məntəqələrimizin xarabalıqlarında qeyri-insani, bəşəri dəyərlərə zidd bir çox meyilləri gördük. Ancaq üzləşdiyimiz bir səhnənin mənfi ovqatından hələ də qurtula bilmirik. 

Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il avqustun 26-da şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə səsləndirdiyi fikirlər daha təsirlidir: “Bu hərbi cinayətə görə təkcə Ermənistan yox, bax, o cinayətlərə göz yumanlar da məsuliyyət daşıyır. Bizim uğurlu əməliyyatlarımız buna son qoydu. Ancaq bu gün qeyd etdiyim kimi, bütün dünya erməni vəhşiliyini görür. Görür ki, ermənilər bizim məscidlərimizi dağıdıblar. 60-dan çox məscid dağıdılıb. Ermənilər bizim məscidlərimizdə inək, donuz saxlayıblar. Bu, bütün müsəlman aləminə təhqirdir. Bir daha sizin qarşınızda bütün müsəlman ölkələrinin rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın. Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib. Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir”.

Bəli, Ermənistanın çoxsaylı cinayətlərinə göz yumanlardan biri də İran rejimidir. Prezident İlham Əliyevin təsvir etdikləri isə bizə haqqında söz açdığımız filmdəki məscidə it bağlanması səhnəsini xatırlatdı. Müstəqilliyimizin ilk illərindəki İran rəğbətini, Tehranın erməni qəsbkarlığında oynadığı rolu, işğal illərinin talan siyasətində iştirakını gözlərimiz önündə canlandıraraq, xəyal qırıqlığımızı bir daha yaşadıq və belə nəticəyə gəldik ki, məscidimizdə ermənilərin saxladıqları donuzlar elə İranın ali dini rəhbərinin imiş. Axı, İran da SSRİ kimi saxtadır. Nəzərə alaq ki, İslam adı ilə saxtakarlıq Tehran rejiminin mahiyyətinə hakim kəsilmiş, onun varlığını isbatlayan bir formuldur. Çox güman, Xamenei də donuzlarını İran ərazisində saxlamaq istəmirmiş. Axı, bu heyvan dinimizdə haram buyurulub! 

Xameneinin və onun başlıca rol oynadığı fars molla teokratiyasının İslam dinində haram buyurulmuşlara meyil xislətində müsəlman aləmini parçalamaq əsas yeri tutur. Bir müsəlman dövləti yoxdur ki, Tehranla səmimi münasibətdə olsun. İran ancaq bəşəriyyətin bic doğulmuş məxluqlarına qucaq açmağı bacarır. Azərbaycan torpaqlarının illərdir ruhunu gəmirməyə çalışmış Ermənistan kimi goreşənlik simvolu ilə yaxınlıq ancaq Xamenei klerikallığının məhsulu ola bilər. 

Bəli, Yaxın Şərqi qan çanağına döndərmək də İbrahim Rəisi prezident-iblis üsul-idarəsinin anti-İslam doqmasının təzahür formasıdır. Öz ölkəsinin vətəndaşlarına olmazın zülm və iztirab yaşadan bir quruluş digərlərinə nələr etməz. Dahi Mirzə Ələkbər Sabir dinin, məhz, fars təqdimatına söykənib demişdi ki, “harda müsəlman görürəm, qorxuram”. İranın terrorçu, irticaçı rejiminin “fəaliyyətinin” nəticəsidir ki, dünya dövlətləri müsəlmanlardan, müsəlmançılıqdan qorxurlar. Qətiyyətlə demək mümkündür ki, beynəlxalq aləmdəki islamafobiya, həm də, iblisanə dindarlığa, Xamenei fundamentalizminə, mövhümata, cəhalətə söykənmiş mövcudiyyət faktorunun nəticəsidir. Bu mövcudiyyət bəşəriyyət üçün xəstəlikdir, mərəzdir.

Əminliklə onu da deyə bilərik ki, İrana qarşı mübarizə ölkədəki rejimin çürüklüyünə ünvanlanmış qlobal çağırışdır. Bu çağırış ona görə vacibdir ki, İslam respublikası adı altında qərarlaşmış rejim, bütövlükdə, İran xalqının maraqlarına ziddir. Ölkədə aylardan bəridir davam edən xalq hərəkatı da fikrimizin təsdiqidir. 

İran rejiminin daim pislədiyi İsrail Dövləti isə Azərbaycan və ərəb ölkələri üzərindən müsəlman dünyası ilə yaxınlığı özünün başlıca hədəfi kimi açıqlayır. İsrail İranda yaşayan xalqlara da qucaq açır. “Mən çox nikbinəm ki, biz ərəb-İsrail münaqişəsinin başa çatacağını görəcəyik” – deyən İsrailin Azərbaycandakı səfiri cənab Corc Dikin ötən ilin dekabrında APA-ya müsahibəsindəki fikirlər və həmin fikirlərdən irəli gələn mövqe bu mənada olduqca maraqlıdır. 

İsrailin mövqeyi İran xalqının böyüklük amilinə əsaslanır. Səfir Dik tarixə ekskurs edərək vurğulayır: “İran xalqı böyük xalqdır, hətta yəhudi xalqı ilə münasibətlərdə də zəngin və dərin tarixə malikdir. Bizim həmişə qədim dövrlərin fars hökmdarı Daraya qədər gedib çıxan qədim yaxın dostluğumuz olub. Hətta, bu gün də əslən İrandan olan, nənə-babası və ya valideynləri İrandan mühacirət edən israillilərimiz var. Onlar İsfahan, Tehran və ya digər şəhərlər barədə böyük hərarət və sevgi ilə danışırlar. Amma bu (yaxınlıq), İran İslam Respublikası tərəfindən məhv edilib”.

İranın terror, qeyri-sabitlik və zorakılığı bütün regiona yaymağa çalışdığı zərərli fəaliyyətinin qarşısını alacaq İsrail, Azərbaycan, Türkiyə, ərəb dünyası ölkələri blokunun yaradılmasının vacibliyi üzərində dayanan səfir Dik onu da vurğulayır ki, əgər dünya İran xalqına öz azadlığını, hürriyətini əldə etməyə kömək etmək istəyirsə, onun yanında olmalıdır. 

Bəli, dünya İran xalqının yanında olmalıdır. Dünya terrorçu Ermənistanın yanında durmuş, ona hər cür dəstək verən Tehran rejiminin çökməsi üçün var gücü ilə çalışmalıdır. İran saqqallı iblislərin başında dayandığı, nəinki yerli türklərə və qeyri millətlərə, ümumilikdə türk dünyasına hiddəti və qəzəbi mövcudiyyət palitrasının ideya qaynağına çevirmiş fars şovinizminin zülmündən xilasa məhkumdur. Bu, son dərəcə bəşəri missiyadır. Yaşadığımız region üçün erməni millətçiliyi nə qədər böyük təhlükədirsə, molla rejimi ondan da ciddi təhdiddir. 

Erməni millətçiliyi tarix boyu öz ideoloji çıxış nöqtəsini erməni kilsəsindən götürüb. Ermənistan dövlətçiliyi bu gün də kilsənin təsirindədir. Fars millətçiliyinə əsaslanmış İran dövlətinin rəisiləri, əhmədinecatlı prezident və digər idarəçilik institutları da yerli əhalinin “Allahın özünün şəxsən yer üzünə göndərdiyi adam” kimi məzxərə predmetinə çevirdiyi Xameneinin simasında, dinin cəhalət burulğanın girdabındadır, çirkab və şər içindədirlər. Bu mənada erməni katalikosu II Qareginlə Xamenei arasında hansısa fərq yoxdur. Onların hər ikisinin din adı ilə ortaya qoyduqları mənzərə son dərəcə iyrəncdir. 

Sonda onu da özünün felyetonları ilə məşhur olan böyük alman publisisti, tənqidçisi və şairi Henri Heyne bir qədər də satirik formalı fikrini diqqətə çatdıraq. Heyne bildirir ki, qaranlıq günlərdə xalqı din vasitəsi ilə idarə etmək vacibdir, axı, zülmətdə ancaq kor ən yaxşı bələdçi ola bilər. Arzu edək ki, İran xalqı onu qaranlıqda idarə edən korlardan qurtulacaq, tarixin zülmət mərhələsindən çıxıb işıqlığa çıxacaq, azadlığına qovuşacaqdır.  

Xalq qazeti




Ana səhifəyə qayıt        Baxış: 4 529          Tarix: 4-02-2023, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma