Xəbər verdiyimiz kimi, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünən yerli vaxtla saat 13.30 radələrində İrana məxsus bir kamikadze təyyarəsinin Hasəkədə terror təşkilatı İŞİD-ə qarşı beynəlxalq antiterror koalisiyasına aid obyektə hücum etdiyini açıqlayıb. Hadisə nəticəsində bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin açıqlamasına görə, İrana məxsus pilotsuz uçan aparatla hücuma cavab olaraq ABŞ Suriyanın şərqində İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) bağlı qrupların istifadə etdiyi obyektlərə hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi Suriyada İrana bağlı bazalara edilən hücumlara dərhal cavab veriləcəyini bildirib.
O, ABŞ qüvvələrinin Suriyada mövcudluğunun qeyri-qanuni olduğunu bildirib:
“İran terrorla mübarizə və Suriyada sabit təhlükəsizliyin bərqərar olması üçün çox çalışıb və bu ölkənin sabitliyinə xələl gətirən istənilən hərəkətə qarşı çıxacaq. Suriyada İŞİD və terrorla mübarizə məqsədilə bu ölkə hökumətinin tələbi ilə yaradılmış bazalara hücum üçün istənilən bəhanəyə dərhal cavab veriləcək".
Suriya İnsan Haqları Müşahidə Qrupunun bu gün verdiyi açıqlamada ABŞ-ın Suriyada İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı qruplara qarşı cavab hücumları nəticəsində 19 nəfərin öldüyü açıqlanıb. Hava hücumlarında ölənlərdən 3-nün Suriya əsgəri, 11-nin rejim tərəfdarı olan suriyalı, 5-nin isə rejim tərəfdarı olan əcnəbi olduğu bildirilib.
Paylaş: