Qazaxıstan rəsmiləri uzun müddət Rusiyanın Petropavlovskda Donbass tipli separatizmi qızışdıra biləcəyindən ehtiyat edirdilər. Həqiqətən də martın 19-da Qazaxıstanın şimalında, Rusiya ilə sərhəddə yerləşən Petropavlovsk şəhərində bir qrup qadın və kişi Xalq Sovetinin təsis edilməsini elan etmək üçün konfrans zalına toplaşdılar.
Sədr təmtəraqla yazılmış gündəliyi həvəssiz oxudu. Adama elə gəlirdi ki, stolun ətrafında oturanlar onu çətinliklə dinləyirdilər.
[media=https://vk.com/video-219101552_456239021]
Daha sonra başqa bir iştirakçı Qazaxıstanda özəlləşdirmənin tarixinə qarşı irad bildirərək, kollektiv aktivlərin xarici investorlara satılmasını pislədi. Petropavlovsk Xalq Sovetinin Vkontake səhifəsində yerləşdirilmiş videokadrlarda qadının səsi demək olar ki, tamamilə kondisioner səsinə bənzər uğultunun fonunda boğuq şəkildə gəlir.
Bu toplantıdan bir həftə ərzində heç kim xəbər tutmadı.
Görüşün video görüntüləri ayın sonunda internetdə yayılmağa başlayanda vəziyyət dəyişdi. Çıxışlar əsasən “quru” bürokratik məsələlərdən ibarət idi, ancaq bəzən Qərbin tənəzzülünə qarşı fikirlər də səsləndirilirdi. Sədr tərəfindən oxunan məruzə iclasda qəbul edilən və internetə yüklənən qətnamə ilə demək olar ki, eyni idi.
“Biz kişi və qadın zəhmətkeşlər, bacarıqlı və azad insanlar özümüzü idarə etdiyimizi, “Qazaxıstan Respublikası” olan milli korporasiyadan müstəqilliyimizi və suverenliyimizi elan edərək... Şimali Qazaxıstan vilayətindəki Petropavlovsk Xalq İşçi Sovetini yenidən canladırırıq ”, - rusdilli hissədə deyilir.
İlk baxışdan, bu fikirləri demək olar ki, komik, əhəmiyyətsiz sözlər kimi ciddi qəbul etmək çətindir. Ancaq bəzilərinə bu, çox tanış bir mənzərə kimi gəldi. Axı, 2014-cü ildə Rusiyanın təhrikilə Ukraynanın şərqində yaranmış separatçı hərəkatlara da ilkin olaraq sovet dövrünün ecazkar xatirələrini andiron marjinal ekssentriklər rəhbərlik edirdi.
Az keçməmiş hökumət əleyhinə güclü çıxışları ilə tanınan “BASE” YouTube hesabı Petropavlovsk Sovetinə qarşı ittihamlar irəli sürməyə başladı. “BASE” öz qəzəbini hökumətin fəaliyyətsizliyinə yönəltmişdi.
“Biz müəyyən etdik ki, bu separatçı toplantıda iştirak edənlərin heç biri hələ də cinayət və ya inzibati məsuliyyətə cəlb olunmayıb”, – “BASE” əməkdaşı Petropavlovsk qrupu haqqında videoya münasibət bildirərkən deyib: “Görünən budur ki, hakimiyyət bu hadisəyə reaksiya verməmək qərarına gəlib”.
Qıcıqlanma əsassız deyil. Qazaxıstanın hakimiyyət orqanları adətən istənilən icazəsiz siyasi fəaliyyətin qarşısını almaqda çox operativ hərəkət edirlər və dövlətin legitimliyini şübhə altına alan hər şey tamamilə qeyri-adi reaksiyaya səbəb olur.
Mühacirətdə olan hökumətin düşməni Muxtar Ablyazov tərəfindən qurulan ölkənin ən görkəmli müxalifət qrupu, Qazaxıstanın Demokratik Seçimi DVK 2018-ci ildə “ekstremist təşkilat” elan edilib az qala terror təşkilatına yaxın bir adla tövsif olunmuşdu. Həmin hərəkat və ya onunla əlaqədə şübhəli bilinən qruplar tərəfindən keçirilən hər hansı piket bir neçə dəqiqə ərzində çevik polis qüvvələrinin aqressiv təzyiqinə məruz qalmışdılar.
Ümumiyyətlə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Qazaxıstanda ən kiçik separatizm qoxusu gələn istənilən fəaliyyət sərt repressiyaya səbəb olur. Keçən il Petropavlovskdan olan ər-arvad, Rusiyanın bölgələrini mənimsəyəcəyinə ümid etdiklərinə görə 5 il həbs cəzasına məhkum edilmişdilər. Hökm çıxaran məhkəmənin mətbuat xidmətinin məlumatına görə, cinayət işi özünü “təsadüfi insanlarla görüş platforması” kimi qələmə verən ChatRoulette səhifəsində cütlüyün bir kişi ilə söhbətinə əsaslanırdı.
“BASE” növbəti videoda ittihamlarında daha da irəli getdi. “Petropavlovsk Xalq Soveti Rusiyada mövcud olan bir çox oxşar qruplarla eyni idi”, - deyərək əlavə etdi: “Və onların hamısına Rusiya təhlükəsizlik xidmətləri nəzarət edir. Ukrayna presedentinin göründüyü kimi, bu cür iddialar təsadüfi deyil”. Lakin BASE bu iddialarında konkret dəlillərə əsaslandırmırdı.
Bu iradlar ortaya çıxandan sonra martın 30-da Qazaxıstan DİN qısa bəyanat verərək bildirmişdi: “Hadisə bizimlə Şimali Qazaxıstan vilayətinin polis şöbəsində qeydə alınıb. İstintaq tədbirləri davam etdirilir”.
Sözügedən rəsmi açıqlamadan sonra millət vəkilləri və digər dövlət qurumları da mübarizəyə qoşuldular.
“Biz [Baş prokuror Berik Asılova] müraciət edirik ki, bu məsələ araşdırılsın və lazım gələrsə, təcili hüquqi tədbirlər görülsün”, – Qazaxıstan parlamentinin bir qrup deputatının yazılı bəyanatında deyilir.
Millətlərarası harmoniyaya dəstək verən orqan olan Qazaxıstan Xalqlarının Parastatal (qeyri-hökumət) Assambleyası da Petropavlovsk qrupunu sərt şəkildə qınayıb.
“Biz... bəyan edirik ki, Qazaxıstan Respublikasının ərazi bütövlüyü toxunulmazdır və daxili və beynəlxalq qanunvericiliklə təmin edilir. Biz bu hərəkətləri dövlətimizin konstitusiya əsasına, təhlükəsizliyinə, birliyinə və sabitliyinə xələl gətirən ölkənin maraqlarına xəyanət kimi qiymətləndiririk”, - deyə assambleyanın bəyanatında bildirilib: "Bu cür təxribatlar son dərəcə məsuliyyətsizdir və ciddi şəkildə yatırılmalıdır."
Bəzi media orqanları isə daha mötədil mövqe tutdular. Məsələn, “Orda” xəbər agentliyi Petropavlovsk Soveti ilə bağlı hazırladığı reportajda Qazaxıstanda belə kiçik və marjinal qrupların olduğunu iddia etdi. “Əsasən, bu cəmiyyətlər su tesisatçıları, təmizləyicilər, ustalar və s. yəni, iqtisadi cəhətdən həssas təbəqələrin nümayəndələridir”, - deyə Orda jurnalisti video reportajında öz fikrini yekunlaşdırıb.
Müxalifət hərəkatlarında fəal iştirak edən siyasi analitik Dimaş Aljanov Petropavlovsk arxasında təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsini görüb. Maraqlıdır ki, o, Rusiyanın yox, Qazaxıstanın təhlükəsizlik xidmətini bu hadisəni törətməkdə ittiham edib. Analitik, YouTube-da yayımlanan HyberBorei siyasi məsələlər kanalında verdiyi açıqlamada bildirib ki, Petropavlovsk Xalq Sovetinin sosial media paylaşımları parlament seçkilərinə cəmi bir neçə həftə qalmış yayılıb, seçkilərdə daha açıq rəqabət gözlədikləri halda xəyal qırıqlığına uğrayacaq insanların qəzəbini sakitləşdirməyə hesablanıb:
“Tokayevin ünvanına ədalətsiz seçkilər, saxtakarlıqlar və bütün buna bənzər fəaliyyətilə bağlı çoxlu tənqidlər vardı. Bəs, bu səs-küyünü necə boğmaq olardı? Təbii ki, insanlarda ərazi bütövlüyünə təhlükə ilə bağlı bu hissi yaratmaqla. Və bu vəziyyətdə, qondarma təhdidlər həqiqətən yaxşı işlədi. Biz insanların siyasi mövqeyindən asılı olmayaraq yayılan xəbərlərə necə reaksiya verdiyini gördük”.
Başqa bir videoda isə Petropavlovsk Xalq Sovetinin iki üzvü Qazaxıstandan müstəqillik elan etmək niyyətində olmadıqlarını vurğulayaraq, bir növ üzrxahlıq etdilər. Onların iddiasına görə, etirazları öz korrupsioner üsulları ilə ölkəni ələ keçirmiş oliqarxlara idi.
Polis və ya prokurorluğun hələ də məsələni araşdırıb-araşdırmadığı bəlli deyil. Petropavlovsk Xalq Soveti qalmaqalı göründüyü kimi tez bir zamanda ictimaiyyətin yadından çıxmağa üz tutub.
Eurasianet
Tərcümə etdi: Heydər Oğuz
Paylaş: