Xəbər lenti

Cənubi Qafqazda maraqları olan bütün nəhəng dövlətlər regional sülh danışıqlarına müdaxilə etməyə can atır, belə mənafe ziddiyyətləri ilə yüklənmiş prosesdəsə, müsbət nəticələr mümkün deyil... Bu baxımdan, Azərbaycan ordusu yenə də yaxın gələcək üçün regional sülh prosesini müsbət istiqamətə apara biləcək yeganə güc mərkəzi olaraq, ön plana çıxmış olur...

Vaşinqton görüşü sülh prosesinə müəyyən hərəkətlənmə gətirmiş oldu. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmin görüşündə tərəflər sülh sazişinin mətni ilə bağlı mövqelərini növbəti dəfə dəqiqləşdirdilər. Bəzi önəmli məsələlərdə prinsipial anlaşma olmasa da, gələcək sülh sazişi barədə artıq müəyyən mülahizələr mövcuddur. Və bu, Vaşinqton görüşünün müsbət istiqamətlərindən biri hesab oluna bilər.

Ancaq bütün bunlara baxmayaraq, nə vaxt nə harada imzalanacağı hələlik müəmmalı olaraq, qalmaqdadır. Qərb mərbuatının iddiasına görə, ABŞ dövlət katibi Entoni Blinken Cənubi Qafqazdakı sülh prosesində hazırda baş rolda çıxış etməyə çalışır. Onun əsas hədəfinin Azərbaycan və Ermənistan arasında anlaşmanın məhz ABŞ-ın vasitəçiliyi ilə əldə olunmasından ibarətdir. Və bundan sonra Ağ Ev yekun sülh sazişinin imzalanması mərasiminin təşkilini Avropa Birliyinin öhdəsinə buraxmaq niyyətindədir.

Belə anlaşılır ki, ABŞ Cənubi Qafqazda sülh prosesinin sənədləşdirilməsinə görə yekun məsuliyyəti tamamilə öz üzərinə götürməkdə o qədər də həvəsli deyil. Əksinə, ABŞ rəsmi dairələri bu siyasi məsuliyyəti Avropa Birliyi ilə bölüşməyi daha praqmatik yanaşma hesab edirlər. Və bu, sülh sazişinin imzalanmasından sonra baş verə biləcək silahlı toqquşmalara görə beynəlxalq iradları ABŞ-ın üzərindən uzaqlaşdırmış olacaq.

Əslində, Avropa Birliyi də ABŞ-ın bu taktikasına qətiyyən qarşı çıxmır. Çünki bu nüfuzlu beynəlxalq qurumun da Cənubi Qafqazda geopolitik, geoiqtisadi və geostrateji maraqları mövcuddur. Azərbaycan-Ermənistan sülh sazişinə vasitəçilik Avropa Birliyinə həmin maraqların icrası üçün real “siyasi pəncərə” aça bilər. Və bu səbəbdən də, Avropa Birliyi sülh prosesində növbəti mərhələnin estafetini ABŞ-dan alarkən, məmnun olduğunu qətiyyən gizlətmir.

Son məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş mayın 14-də məhz Brüsseldə keçiriləcək. Bu görüşə yenə də Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel vasitəçilik edəcək. Bu görüş ərəfəsində geopolitik məkanda müəyyən ciddi dəyişiklərin olduğu da qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında üçtərəfli anlaşmalara vasitəçilik etmiş Rusiya Cənubi Qafqazdakı sülh prosesində əsas geopoltik orbitr roluna iddialı idi. Ancaq Paşinyan hakimiyyəti Qərbdə Ermənistana yeni himayədarlar tapmaq ümidilə Rusiyanın sülh prosesindən kənarlaşdırılmasına yönəlik addımlar atdı. Nəticədə sülh danışıqlarında Brüssel prosesinin təməli atıldı.

Ancaq sonrakı mərhələdə rəsmi İrəvanın ABŞ və Qərbə olan ümidləri ardıcıl olaraq, boşa çıxmağa başladı. İndi Paşinyan hakimiyyəti ABŞ və Qərbdən ciddi şəkildə narazıdır. Çünki rəsmi İrəvan beynəlxalq hüquq normalarına istinad edilməklə, sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanması ilə bağlı Qərbin təzyiqlərinə məruz qalmaqdadır. Və beynəlxalq hüquq normaları Azərbaycanın xeyrinə olduğundan, Qərb də Ermənistanı dəstəkləmədiyindən rəsmi İrəvan yenidən “sürüşkən və xaotik” manevrlərini bərpa etməyə çalışır.

Ermənistan baş naziri Nikol Paşinyan hətta son açıqlamalarında Avropa Birliyini hədəfə almağa da çalışır. Erməni baş nazir Avropa Birliyinin Ermənistana göndərilmiş mülki müşahidə missiyasından narazılığını artıq açıq mətnlə dilə gətirməyə başlayıb. Onun iddiasına görə, Avropa Birliyinin missiyası Ermənistanın təhlükəsizlik maraqlarını təmin etməyə qadir deyil, əksinə, rəsmi İrəvanı yeni problemli çağırışlarla qarşılaşdırır. Halbuki, rəsmi İrəvan Avropa Birliyinin mülki missiyasının Ermənistana göndərilməsi üçün bütün siyasi manipulyasiyalardan istifadə etmişdi.

Belə görünür ki, vaxtilə Rusiyadan uzaqlaşmağa can atan Ermənistan indi yenidən Kremlə doğru “sürüşmə fəndləri”nə əl atmağa başlayıb. ABŞ və Qərbin Rusiyaya sanksiyalardan yayınmaqda yardım etmiş Ermənistana qarşı təzyiqlərə başlaması da rəsmi İrəvanı Kremlə möhtac buraxır. Bu baxımdan, Kremlin Rusiyaya ardıcıl şəkildə xəyanət etmiş Paşinyan hakimiyyətinə yönəlik mövqeyi Ermənistanın gələcək taleyində həlledici xarakter daşıya bilər.

Ona görə də, Brüssel görüşü ərəfəsində “9 may tədbirləri”ni fürsətə çevirib, Rusiya ilə münasibətlərini bərpa etməyə çalışan baş nazir Nikol Paşinyanın Kremldən alacağı impulsun növbəti üçtərəfli müzakirələrə təsir göstərə biləcəyi qətiyyən istisna deyil. Rəsmi İrəvan bu istiqamətdə müəyyən mesajlar verməyə başlayıb. Bu baxımdan, yaxın bir neçə həftə ərzində ard-arda keçiriləcək görüşlərin nəticələri böyük əhəmiyyət daşıyır.

Məsələ ondadır ki, Brüssel prosesindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü keçiriləcək. Halbuki, bu görüşlərin bir-birinin davamı kimi təqdim edilsə də, əslində, ziddiyyətli faktorlarla yüklənib. Hər halda, Rusiyanın Vaşinqton görüşünün və Brüssel prosesinin nəticələrinə əngəl törətməyə çalışacağı qətiyyən şübhə doğurmur.

Kremlin sülh danışıqlarında üçtərəfli anlaşmaların əsas baza kimi qəbul edilməsinin vacibliyini xüsusi olaraq, vurğulaması da qətiyyən təsadüfi deyil. Bununla Cənubi Qafqazda sülh prosesinə Rusiyanın geopolitik orbitr olduğuna və şimal nəhənginin maraqlarına zidd anlaşmaya imkan verilməyəcəyinə dolayısı ilə eyham vurulur. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, üçtərəfli anlaşmalar sülh sazişi və ya atəşkəs anlaşması deyil. Və həmin sənədlərin Azərbaycan-Ermənistan sülh danışıqlarında əsas baza kimi qəbul etmək məcburiyyəti də yoxdur.

Təbii ki, Cənubi Qafqazda sülh prosesi ətrafında yaranacaq ümumi geopolitik mənzərə Kişinyov görüşündən sonra daha aydın təsəvvür olunmağa başlayacaq. Çünki həmin görüşdə Azərbaycan və Ermənistan liderləri ilə yanaşı, Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Olaf Şolts da iştirak edəcək. Fransa prezidenti E.Makronun ermənipərəst olduğu sübuta ehtiyac duyulmayan reallıqdır.

Ancaq Almaniya kansleri Olaf Şolts bu prosesdə yeni oyunçu rolunda çıxış edir. Onun sülh danışıqlarında hansı mövqedən çıxış edəcəyi də müəyyən mənada, müəmmalı xarakter daşıyır. Çünki kansler O.Şolts mövqeyi sabit olmayan siyasətçi təsiri bağışlayır. O, Ermənistan baş naziri N.Paşinyanın Almaniya səfəri zamanı erməniləri məmnun edən açıqlamalarla diqqət çəkmişdi. Bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfəri zamanı isə kansler O.Şolts erməni baş nazirlə görüşdə dilə gətirdiyi fikirlərin bir çoxundan imtina etməli olmuşdu.

Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazdakı sülh prosesinə regionda maraqları olan hər kəsin qoşulmağa can atdığını düşünmək olar. Maraqların toqquşduğu prosesdəsə, müsbət nəticələrin əldə olunacağına, irəliyə doğru addımların atılmasının mümkün olacağına inanmaq çox çətindir. Üstəlik, Ermənistanın yenidən Rusiyanın orbitinə geri dönməyə can atdığını da nəzərə aldıqda, Kremlin sülh prosesini pozmaq şansı qazanmaq üzrə olduğunu düşünmək olar. Və bu baxımdan, Azərbaycan ordusu yenə də yaxın gələcək üçün regional sülh prosesini müsbət istiqamətə apara biləcək yeganə güc mərkəzi olaraq, ön plana çıxmış olur.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu




Ana səhifəyə qayıt        Baxış: 4 740          Tarix: 10-05-2023, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma