“Brüssel görüşünün gündəliyi əvvəl müzakirə edilən məsələlərdir. Bu, Qarabağın Azərbaycanın ərazisi olaraq tanındığı, Qarabağdakı erməni əhalisi ilə rəsmi Bakı arasında təmasların dəstəkləndiyi, sərhəd və kommunikasiyanın açılması məsələlərinin yer aldığı sülh sazişi üzərində işləməkdir. Şarl Mişelin vasitəçiliyi ilə tərəflər bunun üzərində müzakirə aparacaq. Bakının əsas tələbi İrəvanın Qarabağ iddiasından əl çəkməsindən, eləcə də Qarabağdakı erməni əhalisi ilə təmasların Ermənistanla münasibətlərə aidiyyətinin olmamasından ibarətdir”.
Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert vurğulayıb ki, görüşdən öncə iki istiqamətdə - həm sərhəddə, həm də Qarabağda təxribatların olması məhz bu gündəliyi pozmağa hesablanıb:
“Ermənistan tərəfi görüşdə Bakının Qarabağ tələbini arxa plana keçirmək, sərhəd məsələsini önə çıxarmaq istəyir. İrəvan sərhədin delimitasiyası prosesində “güzgü prinsipi”ni, yəni orduların geri çəkilməsi, müəyyənləşmə işinin bundan sonra aparılmasını təklif edir. Buna paralel olaraq, Qarabağ iddiasını da qondarma “Bakı-Xankəndi formatı” təklifi ilə davam etdirir. Sərhəddə təxribat buna hesablanıb. Paşinyan böyük ehtimalla görüşdə sərhəddə “güzgü prinspi”nin tətbiq edilməsinin vacibliyini irəli sürəcək və bunun Avropa İttifaqı missiyasının işinin səmərəliliyi baxımından da əhəmiyyətli olduğunu deyəcək. Erməni baş nazir bilir ki, Aİ missiyası Brüssel üçün regiondakı maraqları baxımından vacibdir, ona görə də təxribatlarla bu məsələləri aktuallaşdırdı. Qarabağ məsələsini isə Fransanın əsas moderatorluq edəcəyi Kişinyov görüşünə saxlayır və orada nəyəsə nail ola biləcəyini düşünür”.
Siyasi şərhçi bildirib ki, sərhədə paralel olaraq, Qarabağda da təxribatların törədilməsinin iki səbəbi var:
“Birincisi, Bakının Qarabağdakı ermənilərin reinteqrasiya ilə bağlı mövqeyini zəiflətməkdir. Təxribatlarla toqquşma yaradır, o cümlədən, separatçıların açdığı atəşi Azərbaycan tərəfinin hücumu kimi göstərir, bununla reinteqrasiyanın mümkünsüz olduğu rəyini yaratmağa çalışırlar.
İkincisi, Paşinyanın irəli sürəcəyi “Bakı-Xankəndi formatı”nın, yəni rəsmi Bakının separatçılarla danışıqlar masasına əyləşməsinin indi yaradılmasının vacibliyi arqumentini gücləndirirlər.
Ermənistanın istəyinin baş tutmayacağı bəllidir, çünki rəsmi Bakı mövqeyində qətidir və Əliyev Paşinyanın hansı oyunu oynadığını yaxşı bilir. Sadəcə olaraq, bu kimi oyunlar Brüssel görüşündə nəticə əldə ediləcəyini şübhə altına salır. Əslində Azərbaycan da artıq Ermənistanı sülhə dəvət etməyin mənasız olduğunu anlayır, Prezident İlham Əliyev də bunu ifadə edib və qeyd edib ki, bundan sonra diplomatik müstəvidən başqa addım atılmayacaq. Bu, Azərbaycanın Ermənistana qarşı yürüdəcəyi siyasətin konturlarını açır. Böyük ehtimalla rəsmi Bakı İrəvana qarşı təcrid strategiyasını genişləndirəcək və regional layihələrdən kənarda saxlamaq istiqamətində çalışacaq. Lakin işğal altındakı 8 kəndin azad olunması, o cümlədən, işğal dövründə irəli çəkilən sərhəd xəttinin tam bərpa edilməsi istiqamətində praktiki addımlar atıla bilər”.
Asif Nərimanlı qeyd edib ki, Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir və bütün dünyada separatçılığa qarşı necə mübarizə aparılırsa, rəsmi Bakı eyni mübarizə metodundan istifadə edəcək:
“Bu da suverenliyə qarşı hərəkətlərin sıradan çıxarılması, baş qaldıranların məhv edilməsindən ibarətdir. Bu baxımdan, Xankəndidəki separatçılara qarşı sosial-iqtisadi rıçaqların gücləndirilməsi və hərbi müstəvidə tədbirlərin görülməsi kimi addımlar intensivləşə bilər. O cümlədən, Qarabağın silahsızlaşdırılması məsələsi də aktualdır. Masada danışıqlar davam edə bilər, lakin Qarabağda baş verənlər daxili məsələmiz olduğu üçün rəsmi Bakı bunu təhlükəyə qarşı addımlar kimi danışıqlardan kənarlaşdırır”.
Paylaş: