Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi onlayn görüş keçirərək Şimal-Cənub dəhlizi üzrə Rəşt-Astara dəmir yolunun yaradılması haqqında saziş imzaladılar.

Razılıq Azərbaycanın beynəlxalq dəhlizlər üzrə strateji maraqlarına cavab verir, hətta rəsmi Bakının illərdir Tehrandan olan gözləntilərinin doğrulması üçün irəliyə doğru addımdır.

Danışıqların növbəti formatı Azərbaycan-Rusiya-İran üçbucağının Şimal-Cənub dəhlizi layihəsindəki müştərək maraqları çərçivəsində baş tuta bilər.

Azərbaycan illərdir ki, Rəşt-Astara yolunun 170 kilometrə yaxın hissəsində İranın dəmiryol xətti tikəcəyini gözləyir, lakin məsələ hələ də həllini tapmayıb.

Bu isə nə Rusiyanın, nə də Azərbaycanın Şimal-Cənub dəhlizindəki maraqlarına cavab verir, bu mənada İranın yeni öhdəlik götürməsi Bakı-Moskva xəttindəki müzakirələrin bəhrəsi kimi qiymətləndirilə bilər.

Ukraynadakı müharibə səbəbilə qlobal tədarük yollarında alternativ axtarışlar Rusiya üçün həyati əhəmiyyətlidir, ona görə də Şimal-Cənub marşrutu üzrə yarımçıq qalan işlər Moskva üçün məqbul deyil.

İran da beynəlxalq təcrid dalğası altında qaldıqca yeni əməkdaşlıq formatına ehtiyacı yaranır, ancaq Tehran hələ də iqtisadi sahədə müştərək maraqları olan Azərbaycana qarşı tövrünü dəyişməyib.

Azərbaycan-İran arasındakı hərbi-siyasi, diplomatik gərginliklər Rusiyanı qane etmir, Moskva indi əlində olan malların Hind okeanına “tökülməsi” üçün çalışır, daha az məsafə və effektiv yollar arayır. 

Şimal-Cənub dəhlizi regional və beynəlxalq miqyasda tranzit rabitəsini asanlaşdırır, yeni imkanlar, potensiallar vəd edir.

Azərbaycanın tranzit, nəqliyyat-logistika imkanları Şimal-Cənub vasitəsilə daha da böyüyür, inkişaf edir, çünki Rusiya ilə İranı bağlayan vasitə Azərbaycandır.

Bu, geostrateji mövqedir, Rusiya isə iqtisadi xərcləmələrini səmərəli etmək, mallarını Asiya regionuna daha tez çıxarmaq üçün Azərbaycanla İran arasındakı gərginliyi yumşaltmaq niyyətindədir.

Şimal-Cənub dəhlizinin Şərq, Qərb və Mərkəzi qolları bir-birini tamamlamalıdır, amma “Qərb cəbhəsi”nin qanadları Rəşt-Astara layihəsinin reallaşmaması səbəbindən qırılır.

Dəhlizin Qərb cinahı Qafqaz-Fars körfəzi üzrə İranın strateji maraqlarını əks etdirir, ona görə də Tehran məsələni Zəngəzur koridoru layihəsinə qarşı yönəltməyə çalışa bilər.

Azərbaycan və Rusiya isə Tehranın belə bir həmləsinin qarşısını alırlar, çünki Zəngəzur dəhlizi Bakı-Moskva əlaqələrinin koordinatlarını irəliyə doğru aparacaq sxemdir.

Buna görədir ki, Putin Rəisi ilə onlayn görüşdə Rusiyanın Baltik və Şimal dənizlərindəki limanlarını Fars körfəzi, Hind okeanı sahillərindəki İran limanları ilə birləşdirəcək nəqliyyat arteriyasından danışarkən Azərbaycanın rolunu qeyd etdi.

Putinin sitatından çıxarışlar:

Şimal-Cənub dəhlizinin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir;

- Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatması səbirsizliklə gözlənilir.

Bu, yuxarıda qeyd etdiyimiz Azərbaycan-Rusiya-İran üçtərəfli danışıqlarının siyasi üfüqlərdə yenidən zühur edəcəyi ehtimalının real perspektivini canlandırır.

Rusiya ilə İran arasında imzalanan saziş üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza təşkil edəcək, lakin bu o demək deyil ki, Azərbaycan Tehrandan gələn hədələrə səssiz qalacaq.

Dəhliz Hindistanın da regiona maraqlarını artıracaq, çünki həmin marşrutun üç əsas sütunundan biridir.

Bu mənada Prezident İlham Əliyevin Putin-Rəisi danışıqlarından sonra Hindistanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul etməsi təsadüfi deyil.

Əliyevlə səfirin Şimal-Cənub dəhlizi sahəsində əməkdaşlıq perspektivini müzakirə etməsi daha bir proqnoz çıxarmağa imkan verir.

Azərbaycan-İran, Azərbaycan-Rusiya-İran mümkün danışıqlarından sonra Bakı Hindistanla da müzakirələrə başlayacaq.

Oxu.az

Aqşin Kərimov




Ana səhifəyə qayıt        Baxış: 4 202          Tarix: 19-05-2023, 18:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma