Xəbər lenti


 

Bu sabah Rusiyanın Ukrayna ilə həmsərhəd rayonlarından yeni hücum xəbərləri gəlib. Məlumata görə, Belqorod vilayətinin Şebekino şəhəri yenidən Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Ukraynada atılan raketlərinin şəhərin mərkəzinə düşməsi səbəbindən bir neçə avtomobilin yandığı, yaşayış binalarına ziyan dəydiyi bildirilir. 

 

Xatırladaq ki, Şebekino şəhəri bundan əvvəl də hücumlara məruz qalmışdı. Şəhərə yaxın kəndlərə ağır texnikalarla hücum edən bir qrup silahlı şəxs bir neçə gün belqorodlulara çətin anlar yaşatmışdı. Hücumun məsuliyyətini Rusiya Azadlıq Ordusu adlı təşkilat öz üzərinə götürmüşdü. Rusiya tərəfi hücumun Ukrayna tərəfindən təşkil olunduğunu iddia edir, rəsmi Kiyev isə bu iddianı yaxına buraxmırdı.

 

Digər bir hücum xəbəri Krasnodar vilayətindən gəlib. Vilayət qubernatorluğunun iddiasına görə, Kuban çayı üzərində yerləşən Afipski neft emalı zavodunda yanğın baş verib. Hələ təsdiqlənməmiş ilkin məlumata əsasən, yanğın dron hücumu nəticəsində baş verib.

 

Ən müasir texnologiyalarla təchiz olunmuş Afipski neft emalı zavodu Krım yarımadasının şərqində yerləşir. Yarımadadakı rus hərbi qüvvələrini yanacaqla təchizatını həyata keçirən bu zavodun vurulması Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına ön hazırlıq mərhələsinin tələblərindən biridir. Qərb hərbi ekspertlərinin fikrincə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına iyun ayında başlayacaq. Əsas hədəf isə Krım olacaq. 

 

Krımın rus işğalından xilas olması üçün planlaşdırılan əks-hücum əməliyyatlarının iki istiqamətdə aparılması gözlənilir. İstiqamətlərdən biri şimal, digəri isə şərq cinahları ola bilər. Şimaldan Xerson istiqamətində başlaması gözlənilən hücum nəticəsində Krıma gedən yolların, həmçinin yarımadanın əsas su təchizatı mənbəyi olan Şimali Krım kanalı üzərində Ukrayna nəzarətinin bərpası planlaşdırılır. Plana görə, kanal üzərində nəzarət həm Rusiyanın logistik problemlərini daha da ağırlaşdıracaq, həm də Ukrayna artilleriyasını Krımdakı strateji obyektləri daha rahat vuracaq məsafəyə yaxınlaşdıracaq.

 

Cənub istiqamətində isə Kırımı Rusiyaya bağlayan körpünün vurulması, təchizat xətlərinin sıradan çıxarılması nəzərdə tutulur. Bu səhər vurulan Afipski neft emalı zavodu da bu logistik hədəflərdən biridir. Görünən budur ki, iyun ayı ərəfəsində çoxdan hazırlanan əks-hücum əməliyyatının ilk addımı atıldı. Yaxın günlərdə Avropanın ən uzun körpüsü (18.1 km) hesab olunan, Kerç və Taman yarımadalarını birləşdirən Krım körpüsünün vurulması xəbərlərini də eşidəcəyik. Kiyev bu əməliyyatı həyata keçirmək üçün gərəkli olan “Storm Shadow” qanadlı raketlərini belə, Böyük Britaniyadan alıb. Ukrayna hərbi qüvvələri Krım uğrunda döyüşə başlamaq üçün sadəcə Ali Baş Komandanından əmr gözləyirlər.

 

Qeyd edək ki, Krımın alınması o qədər də asan deyil. Yarımadanın əhatə olunduğu coğrafi maneələr onu təbii qalaya çevirir. Yalnız onu xatırlamaq kifayətdir ki, 1853-1856-cı illəri əhatə edən rus-türk müharibəsi zamanı Osmanlı tərəfində vuruşan İngiltərə və Fransa dövlətləri Krımı ələ keçirmək üçün 165.000 əsgərini itirmişdilər. Osmanlı və Rus imperiyalarının isə bu döyüşlərdə itkiləri isə dəfələrlə daha çox idi. Bir sözlə, Ukrayna ordusu özünün ən qanlı döyüşlərinə hazırlaşır.


Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 560          Tarix: 31-05-2023, 07:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma